Məhkəmə qərarları › İş №1(012)-1073/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1073/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1073/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Pro Bono Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Qax rayonu, İbaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, məhkum olunmamış, Qax rayonu, Qaysarlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:15-də idarə etdiyi Opel Astra markalı, 34-BL- 148 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 25-ci kilometrliyində Bakı şəhəri istiqamətli yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək hərəkəti istiqamətində yolda avtomobili sağdan birinci zolaqda dayandıraraq geriyə arxa-arxaya 10 km/saat sürtlə hərəkət etdiyi vaxt arxada həmin zolaqda yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs kəllə və üz sümüklərinin-sağ gicgah sümüyünün, ənsə sümüyünün, sağ gicgah və əsas ciblərində hemorragik yığıntılar, subdural hematoma, İ bel fəqərəsinin köndələn çıxıntısının yerdəyişməyən sınığı, üz sinirinin travmatik neyropateyası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 05 iyul 2024-cü il tarixdə saat 15:19 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 25-ci kilometrliyində idarə etdiyi özünə məxsus olan Opel Astra markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətli yolda hərəkət istiqamətinin sağ zolağında saxlamış, arxada bir nəfər piyada oğlan ona əl etdiyi üçün dayandığı yerdən avtomobili həmin zolaqda arxa-arxaya təxminən 10 km/saat sürətlə hərəkət etdirməyə başlamış, birdən avtomobilinin arxa hissəsinə nəyinsə dəydiyini hiss edib tez avtomobili saxlamış, avtomobildə tək olmuş, tez yerə düşüb arxada bir nəfər qadının yerə yıxıldığını görmüş, həmin qadın xəsarət aaldığı üçün onu avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Hadisə zamanı avtomobili texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. O, bildirmişdir ki, avtomobili arxa-arxaya idarə etdiyi vaxt sol yan güzgüdən baxmış, bu səbəbdən arxada yolu sağa doğru keçən piyadaya fikir verməmişdir. Qadın ağır xəsarət aldığı üçün onun müalicəsinə 8200 manat pul xərcləmişdir. Baş vermiş hadisə nəticəsində səmimi peşmançılıq hissi keçirdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun kənarında Bakı istiqamətli hərəkət hissəsində yolu keçərkən orta istiqamətli ayrıcı zolağı keçib dayanmış, sağdan rayon istiqamətindən Bakı şəhər istiqamətinə gələn avtomobillərə baxıb gözləmiş, avtomobillərin gəlmədiyini görüb yolu iti yerişlə keçməyə başlamış, yolu keçə-keçə avtomobil gəlib-gəlmədiyini yoxlamaq üçün sağa baxmış, avtomobil olmamış, Bakı istiqamətli yolu keçməyə az qalmış o, sol tərəfindən güclü zərbə almış, zərbənin təsirindən yerə yıxılmış, özünə gəldikdə bir neçə nəfər tanımadığı şəxsin yanında olduğunu, sağ qulağından və burnundan qan gəldiyini görmüş, həkim çağırılmasını xahiş etmiş, onu Opel markalı avtomobilə qoyub evə aparmışlar, Orada yaşlı qadın olmuş, o yenə evindəkilərə xəbər verilməsini tələb etmiş və ya onu ağrıları və qanaxması olduğu üçün onu xəstəxanaya aparmalarını xahiş etmişdir. Lakin onu xətəxanaya aparmamışlar, yoldaşı gələndən sonra xəstəxanaya getmişdir. Xəstəxanada 13-14 gün stasionar müalicə almış, əməliyyat olunmuş, sürücünü tanımamış, avtomobilin sürətini bilməmiş, hadisə zamanı avtomobil arxa-arxaya hərəkət etdiyi üçün görməmş, çatana yaxın səsindən hiss etmiş, artıq gec olmuş, avtomobil onu vurmuş, hadisə zamanı yolu tək keçmiş, hadisədən sonra müalicəsi üçün sürücü tərəfindən ona qismən maddi yardım göstərilmiş, üzündə iflic olmuş, ağzı əyilmiş, bir qulağı isə kar qalmışdır, bir sözlə ömür boyu şikaəst qalmışdır, hazırda tam sağalmamış, müalicəsi davam edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 05 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. -06 iyul 2024-cü il tarixli 2/36440 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; - 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 74 TS nömrəli ekspert rəyindən görünür ki, X2 «Avrasiya Hospital»da müayinəsi zamanı qoyulmuş diaqnoz «kəllə və üz sümüklərininsağ gicgah sümüyünün, ənsə sümüyünün sağ gicgah və əsas ciblərində hemorragik yığıntılar, subdural hematoma, İ bel fəqərəsinin köndələn çıxıntısının yerdəyişməyən sınığı, üz sinirinin travmatik, neyropateyası» bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə piyada qismində hərəkətdə olan avtomobiln onu vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1922 saylı ekspert rəyindən görünür ki, «Opel Astra» markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 05.09.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir;. - 05.09.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.1- 1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - «Opel Astra» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - «Opel Astra» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar