Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-108/2022 28.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Culfa şəhəri, Culfa rayonu, Göydərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işsiz, Culfa rayonu, Göydərə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksi, bina 4, mənzil 6-da kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21.11.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı Evlər" yaşayış kompleksində yerləşən çay evinin içərisindəki kabinetdə Təqsirləndirilən şəxs ilə tanışı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnindəki yəni, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu 40 manat məbləğində pulu qaytarmasını tələb etməsi, eləcə də Zərərçəkmiş şəxs borclu olduğu 40 manat məbləğində pulu qaytarmaqdan imtina etməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sol almacıq nahiyəsinin qançır şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə döymüşdür. Məhkəmədə cinayət qanunu ilə əməli törətmiş şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5-6 ay müddətdir tanıyır. Belə ki, o, əvvəllər qardaşları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində oyun zalı işlətmiş, Yaşar işlədikləri yerə gəlib-getmiş və aralarında tanışlıq yaranmış, sonradan onlar obyekti təhvil vermiş, Yaşarın isə onlara 40 manat borcu qalmış, o, bir neçə dəfə Yaşara borcunu qaytarmasını desə də, sonuncu borcunu qaytarmamış, həmçinin telefon zənglərinə də cavab verməmişdir. 21.11.2021-ci il tarixdə saat 23 radələrində Amil adlı tanışı ilə görüşərək Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evinə getmiş, həmçinin Rəşad adlı tanışı ilə də görüşmələrini planlaşdırmış, Rəşad isə əlaqə saxlayaraq artıq çay evində olduğunu bildirmiş, çay evinə daxil olduqda Rəşad onlara əyləşmələrini, bir nəfər şəxslə söhbət etdikdən sonra onların yanına gələcəyini demiş, o, həmin şəxsin kim olduğunu soruşmuş, Rəşad həmin şəxsin adının Yaşar olmasını demiş, o, Yaşarı tanıdığını bildirmiş, daha sonra isə Yaşarın da çay evində olmasını görmüş, Yaşarla salamlaşdıqdan sonra eyni kabinetdə, lakin ayrı masada əyləşmiş, bir qədər sonra Yaşar yaxınlaşıb onların masasında əyləşmiş, o, söhbət zamanı Yaşardan nə üçün borcunu qaytarmamasını və telefon zənglərinə cavab verməməsini soruşmuş, Yaşar pulunun olmadığını demiş, o, Yaşara pulu qaytarmasını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Yaşar bel nahiyəsindən bıçaq çıxartmış və pulunun olmadığını demiş, o, bu zaman yumruqla bir dəfə Yaşarın sifət nahiyəsindən zərbə vurmuş, Yaşarın sifətindən qan axdığından sonuncuya köməklik göstərmiş, daha sonra Yaşar bir nəfər şəxslə əlaqə saxlayıb həmin şəxsi çağırmış, həmin şəxs Yaşara 20 manat pul vermiş, Yaşar pulu alıb ona vermiş və qalan 20 manatı növbəti gün qaytaracağını demiş, daha sonra isə həmin şəxslə çıxıb getmiş, sonradan Yaşarın onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, 21.11.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evindəki kabinetin içərisində mübahisə zamanı yumruqla bir dəfə Yaşarın sifət nahiyəsindən zərbə vurmasını, aralarındakı mübahisənin təxminən 5 dəqiqə davam etməsini, həmin zaman orada Rəşad və Amil adlı tanışlarının olmasını, mübahisənin yaranma səbəbinin Yaşarın borclu olduğu pulu qaytarmaması və onun üstünə bıçaq çıxartmasının olmasını, aralarında olan mübahisə zamanı səs-küy yaranmadığını və onların olduğu kabinetə kənardan heç kəsin yaxınlaşmadığını və Yaşarın mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, amnistiya aktının tətbiq olunmasını istəmir, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir tanıyır. Belə ki, Elmin əvvəllər qardaşları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində oyun zalı işlətmiş, o da bir neçə dəfə oraya gedib-gəlmiş və Elminlə aralarında tanışlıq yaranmışdır. Onun Elmingilə 40 manat borcu qalmış, lakin imkanı olmadığından və yaşayış yerini dəyişdiyindən həmin borcu ödəyə bilməmişdir. 21.11.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evində olan zaman Elmin Rəşad və Amin adlı şəxslərlə oraya gələrək onların olduqları kabinetdə, lakin ayrı masada əyləşmiş, onun yanında olan şəxslər çay evindən çıxıb getdikdən sonra yaxınlaşıb Elmingillə eyni masada əyləşmiş, söhbət zamanı Elmin ondan nə üçün 40 manat məbləğində borcu qaytarmadığını soruşmuş, o, yaşayış yerini dəyişdiyini, buralarda olmadığını və 1-2 günə imkan edib borcunu qaytaracağını demiş, Elmin borcu həmin gün qaytarmasını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Elmin yumruqla bir dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, bu zaman orada olan Rəşad Elmini aralaşdırmış, daha sonra o, tanışı Nicatla əlaqə saxlamış, bir qədər sonra Nicat oraya yaxınlaşmış, o, Nicatdan 20 manat pul alıb Elminə vermiş və qalan 20 manatı növbəti gün qaytaracağını deyib oradan uzaqlaşmış, daha sonra isə Elmin barəsində şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Elminin 21.11.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evinin içərindəki kabinetdə mübahisə zamanı yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 2-3 dəqiqə davam etməsini, həmin zaman orada Elminin yanında olan Rəşad və Amin adlı şəxslərin olmasını, mübahisənin yaranma səbəbinin Elminin ondan borclu olduğu 40 manat məbləği tələb etməsinin olmasını, mübahisə zamanı səs-küy yaranmadığını və onların olduğu yerə kənardan heç kəsin yaxınlaşmadığını, mübahisə zamanı Elmini vurmadığını və mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır. Yaşarın şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs isə tanıyır. Belə ki, Elmin əvvəllər Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksində oyun zalı işlətmiş, o da həmin oyun zalına gedib-gəlmiş və Elminlə aralarında tanışlıq yaranmışdır. 21.11.2021-ci il tarixdə saat 23 radələrində Elminlə görüşərək Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evinə getmiş, həmçinin Rəşad adlı şəxslə də çay evində görüşmüş, çay evində Rəşad onlara Yaşar adlı şəxslə öz işi ilə bağlı söhbət etməli olduğunu demiş, Elmin Yaşarı tanıdığını demiş və onlar Yaşarla salamlaşdıqdan sonra eyni kabinetdə, ayrı masada əyləşmiş, bir qədər sonra Yaşarın yanında olan şəxslər çıxıb getdi və Yaşar yaxınlaşıb onların masasında əyləşmiş, söhbət zamanı Elmin Yaşardan nə üçün borcunu qaytarmamasını soruşmuş, Yaşar "içəridən təzə çıxdığını" və hal-hazırda pulunun olmadığını demiş, Elmin isə Yaşara pulu qaytarmalı olduğunu bildirmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Yaşar bel nahiyəsindən bıçaq çıxartmış və pulunun olmadığını demiş, bu zaman Elmin yumruqla bir dəfə Yaşarın sifət nahiyəsindən zərbə vurmuş, Yaşarın sifətindən qan axdığından su ilə əl-üzünü yuyub sonuncuya köməklik göstərmiş, daha sonra Yaşar bir nəfər şəxslə əlaqə saxlayıb həmin şəxsi çağırmış, həmin şəxs Yaşara 20 manat pul vermiş, Yaşar pulu alıb Elminə vermiş və qalan 20 manatı növbəti gün qaytaracağını demiş, daha sonra isə həmin şəxslə çıxıb getmiş, həmçinin onlar da oradan çıxıb gedərək uzaqlaşmışdır. O, əlavə olaraq Elminlə Yaşar arasında baş vermiş mübahisənin şahidi olduğunu, belə ki, Elminin 21.11.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı evlər" yaşayış kompleksində yerləşən çay evindəki kabinetin içərisində mübahisə zamanı yumruqla bir dəfə Yaşarın sifət nahiyəsindən zərbə vurmasını, mübahisənin təxminən 3-5 dəqiqə davam etməsini, həmin zaman orada özündən başqa Rəşad adlı tanışının olmasını, mübahisə zamanı səsküy yaranmadığını, oraya kənardan heç kəsin yaxınlaşmadığını, belə ki, çay evində olan şəxslərin belə dava-dalaş baş verməsindən məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da, Şahid1 ifadəsinə uyğun ifadə verməklə göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs və şikayət ərizəsində göstərdiyi Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, "Baxçalı Evlər" yaşayış kompleksində çay evi işlədir. Yaşar və Elmin tez-tez olmasa da, arada bir çay evinə gedib-gəlirlər və həmin şəxslərlə müştəri kimi tanışlığı yaranmışdır. 21.11.2021-ci il tarixdə saat 23 radələrində çay evində olmuş, lakin çay evində Elminlə Yaşar arasında dava-dalaş hadisəsinin olmasından məlumatı olmamışdır. Belə ki, çay evində olmasına baxmayaraq hər hansı səs-küy olmasını eşitməmiş, həmçinin Elminlə Yaşarın çay evindən sakit şəkildə, bir-biri ilə söhbət edə-edə oradan uzaqlaşaraq çıxıb getmələrini görmüşdür. Hadisədən bir neçə gün sonra Elmin özü ona 21.11.2021-ci il tarixdə saat 23 radələrində çay evinin kabinetində Yaşarla aralarında mübahisə olmasını bildirmiş, bundan sonra onlar arasında mübahisənin olması barədə məlumatı olmuşdur. O, mübahisənin şahidi olmadığını, Elminlə Yaşar arasında mübahisənin olmasından həmin gün ümumiyyətlə məlumatının olmadığını, yalnız hadisədən bir neçə gün sonra Elmin bu barədə ona bildirdikdə mübahisə olmasından məlumatının olmasını, çay evində olmasına baxmayaraq hər hansı səs-küy olmasını eşitmədiyini, Elminlə Yaşar ümumi zalda yox, kabinetdə əyləşdiyindən və sakit şəkildə, birbiri ilə söhbət edə-edə çay evindən çıxıb getdiyindən onlar arasında mübahisə baş verməsindən kabinetdə olanlardan başqa heç kəsin xəbərinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyi" X3 Abşeron rayon şöbəsinin 07.12.2021-ci il tarixli 2761 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sol almacıq nahiyəsinin qançır şişkinliyi – bərk-küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 21.11.2021-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və sair) təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışında göstərilir ki, Təqsirləndirilən şəxs 01.08.2014-cü ildə Naxçıvan MR Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, 22.08.2014-cü il tarixdə Naxçıvan MR Hərbi məhkəməsinin hökmü ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilərək 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Təhqiqat materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilmiş və barəsində 22.08.2014-cü il tarixdə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası seçilsə də, məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.3.2-1-ci maddələrinə əsasən ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini, lakin amnistiyanın tətbiq olunmamasını xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon Vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon Vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul, Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-108/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-108/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver