Məhkəmə qərarları › İş №1(012)-1080/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1080/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1080/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməkli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 3-cü küçə, ev 52də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə 0,765 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 18 may 2025-ci il tarixdə saat 00:10-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin yerdə saat 00:10-dan 00:18-dək üzəri yoxlanılan zaman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,765 qram çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 3-cü küçə ev 52 ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 azyaşlı oğlan övladı var, günəmuzd fəhlə işləyir. Təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 2024-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadəçisidir, ancaq asıllığı yoxdur. 17 may 2025-ci il tarixdə axşam saatlarında Zabrat qəsəbəsində əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün bir büküm psixotrop maddə olan metamfetamini 20 manata alıb münasib yerdə istifadə etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. 18 may 2025-ci il tarixdə saat 00:10 radələrində işi ilə bağlı Mehdiabad qəsəbəsinə gəlmişdir. M.Ə.Sabir küçəsində evlərin yanı ilə piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim etmiş, Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli olduğunu demiş, üzərini yoxlayacaqlarını bildirmişdirlər. Sonra polis əməkdaşları elə həmin yerdə mobil telefonla video çəkiliş edilərək üzərini yoxlamış, yoxlanılma başlamazdən əvvəl üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyii təklif edilmişdir. O, artıq cibindəki psixotrop maddənin aşkar olunacağını başa düşüb, özü şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm boş zərfə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onu Mehdiabad polis bölməsinə aparmış, orada hüquqları ona izah edilmiş, protokol tərtib edilib ucadan oxunmuş, protokolda qeyd edilənlərini doğruluğu imza edərək təsdiq etmişdir. Bundan sonra müdafiəçi dəvət edilib ona təqdim edilmiş, vəkilin iştirakı ilə olanlar barədə izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin baş əməliyyat-müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 17 may 2025-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 3-cü küçə, ev 52-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və sahə polis nəfəri X2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə qrup iştirakçıları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Sabir küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər, 18 may 2025-ci il, saat 00:10-da zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb, yaxınlaşıb, saxlamış və özlərini təqdim etmiş, xidməti vəsiqələri göstərib, narkotik vasitələrin qanunsuz satışı və istifadəsində şübhəli olduğunu bildirib üstünü yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra mobil telefon ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş. Bu zaman Rüfət, şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan kütləni təqdim etmişdir. Bükümün içərisindəki maddənin psixotrop maddə metamfetmamin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri, Zabrat qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılarla və Təqsirləndirilən şəxsla birlikdə Mehdiabad polis bölməsinə getmiş, bölmədə protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 may 2025-ci il tarixli 20/339 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 236” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddəyə bənzər kütlə..” yazısı və s. soyadlar, imzalar olan kağız paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,765 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (qalıq 0,715 qram - 0,050 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli 3787 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt ND-də (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əhmədov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Əhmədov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək cəzasının 09 ay 04 gün hissəini çəkmiş, cəzanın çəkilməmiş hissəsi isə 01 il 02 ay 22 gün təşkil edir. Abşeron rayon polis idarəsinin xx.xx.2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd Sd diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim edib həmin bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhəri, Zabrat qəsəbəsində tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini bildirməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan xx.xx.2025-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 02 ay 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00-dan xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 62 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,715 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar