Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1097/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə xeyli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,509 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşımış və üzərində saxlamış, 02 may 2025-ci il tarixdə saat 01:51-də Abşeron RPİ-nin X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz Dünyamalıyev küçəsində saxlanılıb, orada həmin gün saat 01:51-dən 01:55-ə kimi onun üstünün yoxlanılması zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibliyindən bir ədəd ağ rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə 0,509 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 2 ünvanda yaşayır. Təxminən bir il müddətdir psixotrop maddə metamfetamindən istifadə edir. 01 may 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 20 manat məbləğə öz şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. 02 may 2025-ci il tarixdə saat 01:51 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz Dünyamalıyev küçəsində piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqları bildirmişlər. Daha sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu və video çəkilişlə üstünün yoxlanılacağını bildirmilər. Polis əməkdaşlarına etiraz etməmişdir. Üstünün yoxlanılmasından əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması sorğu olunmuş, varsa təqdim etməsi təklif edilmişdir. O, da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibliyində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, özü və iştirakçılar protokolu və zərfi imzalamışlar. Bundan sonra isə üstünün yoxlanılması zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Mehdiabad polis bölməsinə aparılmışdır. Orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Üzərində saxladığı psixotrop maddə metamfetamini 01 may 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və bu səbəbdən üzərində gəzdirirmişdir. 02 may 2025-ci il tarixdə üzərinizdən aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində almış, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamış, psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki güc, zorakılıq və ya psixoloji təsir göstərilməmişdir. Sonda Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında- Vətən Müharibəsində iştirak etməsini nəzərə alaraq, əməlindən peşman olmasını bildirməklə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Mehdiabad PBnin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və PB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid3 iştirakları ilə tərəfindən 02 may 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 02 may 2025-ci il tarixdə saat 01:51 dəqiqədə özü, əməliyyat qrupunun digər iştirakçıları Şahid2 və Şahid3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz Dünyamalıyev küçəsində olan zaman orada piyada hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah edilmişdir. Həmçinin videoçəkiliş vasitəsilə üstünün yoxlanılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmetin olubolmaması soruşulmuş və təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı bir ədəd ağ kağızın içərisindəki şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd ağ rəngli kağızın içərisində olan şəffaf rəngli sellofana bükülmüş bükülüdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə içərisi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərindən aşkar olunmuş maddəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Onun narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də üstünün yoxlanılması zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etdiyi barədə məlumatı olmamış, həmçinin sonuncu tərəflərindən saxlanılan və bölmədə olan zaman ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olunmadığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron RPİ-nin X4 əməkdaşı Şahid3 və iştirak etməyən Şahid2 dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;
2. “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 02 may 2025-ci il tarixdən, saat 01:51-dən hesablanmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2025-ci il tarixli, 20/262 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdə olan 01 ədəd ağ rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,509 qram olan ağrəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,509 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,409 qramdır. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir;
4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı aparılmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edlmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir;
6. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSYdən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 iyul 2024-cü il tarixli arayışına əsasən Cabarov X5 rayon Məhkəməsinin 25 dekabr 2024-cü l tarixli, hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında 04 sentyabr 2025-ci il tarixli, 5474 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
9. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,509 qram olan psixotrop maddə — metamfetamin maddi sübut kimi tanınsın və qalıq qalmış 0,409 qram çəkidə psixotrop maddə metamfetamin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun taleyi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 02 may 2025-ci il tarixdə əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunmuş əşyalara baxış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, disklərə baxış protokolları, məhkəmə-kimyəvi ekspertizasının 02 may 2025-ci il tarixli, 20/262 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5474 nömrəli ekspert rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir;
10. Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs ona Abşeron rayon Məhkəməsinin 1(012)- 778/2024 saylı, 25 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir;
11. “Azemis” X3 vasitəsilə təqsirləndirilən şəxsin gəlir məlumatları üzrə göndərilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə görə “Müharibə veteranı” adı verilmiş və ona 80 manat məbləğində pensiya təyin edilmişdir.
12. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə, amnistiya aktı tətbiq edilməklə barəsində bəraətverici əsaslar olmadan işə xitam verilməsini xahiş etmişdir
Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 02 may 2025-ci il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdə saat 01:51 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz Dünyamalıyev küçəsində saxlanılaraq, üstü yoxlanılmış, üzərində olan ağ rəngli kağızda olan psixotrop maddəyə bənzər kütlənin ağ rəngli zərfdə qablaşdırılaraq götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətinin yaranmasına səbəb olan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ilədək müəyyən edilməklə az ağır cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və Vətən Müharibəsi iştirakçısı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.1 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 ekspert komissiyasının 04 sentyabr 2025-ci il tarixli, 5474 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,409 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunvericiliyin tələblərinə əsasən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyrimi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1 və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,409 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə 02 (iki) ədəd “DVD” formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 (iyirmi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov