Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-11/2025 11.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə vahid niyyətlə 19 noyabr 2022-ci il tarixdə saat 07:20 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 İlkin səhiyyə xidməti şöbəsinin Saray Ailə Sağlamlıq Mərkəzinin hasarına bərkidilmiş bir ədədinin dəyəri 100 (bir yüz) manat olan 4 (dörd) ədəd dəmir barmaqlığı gərib yerindən çıxararaq və dəyəri 100 (bir yüz) manat olan 1 (bir) ədəd dəmir xərəyi, həmin gün saat 08:00 radələrində Mərkəzin hasarına bərkidilmiş bir ədədinin dəyəri 100 (bir yüz) manat olan 18 (on səkkiz) ədəd dəmir barmaqlığı gərib yerindən çıxararaq həmin X7 məxsus ümumi dəyəri 2200 (iki min iki yüz) manat olan 22 (iyirmi iki) ədəd dəmir barmaqlığı və dəyəri 100 (bir yüz) manat olan 1 ədəd dəmir xərəyi xəstəxanadan gizli talayıb zərərçəkmiş şəxs “Abşeron rayonu Mərkəzi Xəstəxanası” X7 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 25 yanvar 2023-cü il tarixdə saat 03:00 radələrində Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış sahəsinin dəmir darvazasının qarşısına qoyulmuş mişar daşını götürüb kənara qoyduqdan sonra evin həyətyanı sahəsinə qanunsuz daxil olub orada yerləşən hamam otağının qapısının açıq vəziyyətdə olmasından istifadə edərək içəri keçərək divarda quraşdırılmış dəyəri 100 (bir yüz) manat olan 1 ədəd su qızdırıcını, hamam otağının yanındakı yardımçı otağın pəncərəsinin dəmir barmaqlığını sındırmaqla içəri keçərək oradan ümumi dəyəri 500 (beş yüz) manat olan 2 (iki) ədəd “Juki” markalı, dəyəri 350 (üç yüz əlli) manat olan 1 (bir) ədəd “Yamaha” markalı tikiş maşınlarını, dəyəri 150 (bir yüz əlli) manat olan 1 (bir) ədəd düyməaçan aparatını, çöl tərəfdən evin sağ tərəfindəki divara quraşdırılmış dəyəri 300 (üz yüz) manat olan 1 (bir) ədəd kombi istilik sistemini, həyətyanı sahədən ümumi dəyəri 30 (otuz) manat olan təxminən 80-90 sm uzunluğa malik dəmir boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu, zərərçəkənlərə dəyən ziyanı tam ödədiyini, onlarla barışıq əldə etdiyini bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, himayəsində 2 azyaşlı uşağı var. 2019-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmiş, Abşeron rayon məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra bir müddət müxtəlif yerlərdə fəhlə kimi işləməklə ailəsini dolandırmışdır. 19 noyabr 2022-ci il tarixdə saat 07:20 radələrində yaşadığı evdən çıxaraq siqaret almaq üçün yaxınlıqdakı köşkə getmişdir. Həmin vaxt V.Axundov adına xəstəxananın hasarının yaxınlığında sındırılmış vəziyyətdə dəmir xərəyə oxşar kiçik dəmir əşyanın olduğunu görmüşdür. Bundan sonra gedib siqaret almış və yenidən həmin yerə qayıtmışdır. Bir qədər gözləyib ətrafda hər hansı şəxsin olmadığına və dəmir xərəyin götürmədiyindən tam əmin olduqdan sonra hasara yaxınlaşaraq quraşdırılmış dəmir barmaqlıqlara toxunmuşdur. Bu zaman onların silkələndiklərini, yəni yerlərinin boş olduğunu müəyyən etmişdir. Həmin vaxt qərara gəlmişdir ki, dəmir barmaqlıqları da yerindən çıxarıb ələ keçirərək metal kimi satmaqla qazanc əldə edər. Bu məqsədlə hasarın 4 ədəd dəmir barmaqlığını yerindən oynadaraq çıxarmışdır. Daha sonra taksi avtomobili çağırmış və orada olan 4 ədəd dəmir barmaqlığı və 1 ədəd dəmir xərəyi həmin taksi avtomobili vasitəsilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq evinin yaxınlığındakı metal qəbulu məntəqəsinə aparıb 28 manat pul qarşılığında satmışdır. Bundan sonra geriyə qayıdarkən hasarın digər dəmir barmaqlıqlarının da bir hissəsini yerindən çıxarıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə elə həmin gün saat 08:00 radələrində təxminən 18 ədəd dəmir barmaqlığı eyni qayda ilə yerindən çıxararaq yaşadığı evə aparmış və onları “QAZ-51” markalı avtomobillə səyyar metal alveri ilə məşğul olan tanımadığı şəxsə 100 manat pul qarşılığında satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Dəmir barmaqlıqları və dəmir xərəyi satdığı şəxslərə onların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumat verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşu kimi təxminən 2-3 ildir tanıyır. Əvvəllər Rizvanla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün 2023-cü ilin yanvar ayında yaşadığı evdən təxminən 10 metr məsafədə yerləşən, əvvəllər Rizvanın qardaşının yaşadığı, təxminən 5-6 aydır heç kimin yaşamadığı, sadəcə Rizvanın arabir nəzarət etmək məqsədilə baş çəkdiyi yaşayış evinə daxil olub oradan oğurluq etmək və oğurladığı əşyaları sataraq pul əldə etmək qərarına gəlmişdir. Oğurluq edərkən ətrafda heç kimin onu görməməsi üçün hadisəni gecə saatlarında törətməyi planlaşdırmışdır. Təxminən 10 gün sonra, yəni 25 yanvar 2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı evin darvazası qarşısına çıxmışdır. Ətrafa boylanıb heç kimin olmadığına əmin olduqdan sonra Rizvanın həyətinin darvazasının qarşısına getmiş və darvazanın qapısının qarşısına qoyulmuş ağır çəkili mişar daşını əli ilə götürərək kənara itələmişdir. Həmin vaxt evin darvazasından heç bir qıfıl asılmamışdır. Daşı kənara qoyduqdan sonra sərbəst şəkildə həyətyanı sahəyə daxil olmuş və evlə üzbəüz istiqamətdə dayandıqda sol tərəfdə yerləşən hamam otağına yaxınlaşaraq qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. İçəri keçəndə divarda 1 ədəd “pyatiminutka” deyilən su qızdırıcının quraşdırıldığını aşkar etmişdir. Su qızdırıcını divardan söküb çıxararaq həyətin darvazasının yanına aparıb qoymuşdur. Ardınca hamam otağının yanındakı digər otağa yaxınlaşıb qapısından qıfıl asıldığını görmüşdür. Həmin otağa daxil olmaq üçün kiçikölçülü pəncərənin dəmir barmaqlığını sındırmaq fikrinə düşmüşdür. Bunu etmək məqsədilə həyətdə bir qədər gəzişib uzunluğu 70-80 sm olan dəmir boru tapmış və həmin boru vasitəsilə dəmir barmaqlıqları əyib otağa daxil olmuşdur. Həmin otaqda 4 ədəd tikiş masası və digər əşyalar olmuş, masaların 3-nün üzərində markalarını bilmədiyi tikiş maşınları, 1-nin üzərində isə düyməaçan aparat quraşdırılmışdır. Tikiş maşınlarını və düyməaçan aparatı bir-bir masaların üzərindən qaldıraraq götürüb pəncərədən həyətə tullamışdır. Bundan sonra pəncərədən keçərək otaqdan çıxmışdır. Tikiş maşınları və düyməaçan aparatı aparıb su qızdırıcının yanına qoyduqdan sonra həyətin sağ tərəfinə keçib divardan 1 ədəd kombi istilik sisteminin quraşdırıldığını görmüşdür. Həmin kombini əli ilə yerindən sökdükdən sonra oğurladığı digər əşyaların yanına qoymuşdur. Sonra hamam otağının kiçikölçülü pəncərəsinin qırdığı dəmir barmaqlıqlarını və həyətdən tapdığı uzunluğu təxminən 80-90 sm olan 2 ədəd dəmir borunu da götürərək darvazanın yanına gəlmişdir. Darvazadan çölə çıxıb küçədə heç kimin olmadığını bilərək oğurladıqlarını darvazanın qarşısına çıxararaq daşıyıb yaşadığı evin həyətyanı sahəsində heç kimin görməyəcəyi yerə yığmışdır. Oğurladığı əşyalar gecə orada qaldıqdan sonra ertəsi gün saat 12:00 radələrində arabir hər gün qəsəbəni gəzərək metal əşyaları qəbul edən açıq mavi rəngli “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil yaşadığı küçəyə gəlmişdir. O, oğurladığı əşyaları adını bilmədiyi, təxminən 45-50 yaşlarında olan, orta boylu, arıq bədən quruluşlu şəxsə göstərmişdir. Həmin şəxslə aralarındakı razılaşmaya əsasən oğurladıqlarını 115 manat pul qarşılığında həmin şəxsə satmışdır. Bundan sonra əldə etdiyi pulu evin ehtiyaclarına xərcləmişdir.Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində oğurluq hadisəsini təkbaşına törətdiyini, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat vermədiyini, heç kimin köməyindən istifadə etmədiyini, Rizvana məxsus məişət avadanlıqlarını və dəmir boruları maddi imkansızlıq səbəbindən oğurladığını, cinayət yolu ilə əldə etdiyi pulun hamısı ehtiyaclarına xərclədiyini, heç kimə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkən qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 25 yanvar 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə ünvanlanmış ərizə ona, həmin tarixdə saat 19:39-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə edilmiş müraciət isə qardaşı X2 məxsusdur. X4 rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evi vardır. Taleh həmin evdə yaşamadığından evi təxminən 10 il əvvəl qeyri-rəsmi şəkildə ona bağışlamışdır. Mütəmadi olaraq həmin ünvana gedib baş çəkmiş və bu şəkildə evdəki əşyaların yerində olubolmadığına nəzarət etmişdir. Sonuncu dəfə baş vermiş oğurluq hadisəsindən təxminən 10 gün əvvəl, yəni 2023-cü ilin yanvar ayının ortalarında həmin ünvanda olmuş, həmin vaxt hər şeyin yerli-yerində olmasını aşkarlamışdır. 25 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində nəzarət məqsədilə həmin ünvana gedib həyətyanı sahəyə daxil olduqda hamam otağının yanındakı yardımçı otağın kiçikölçülü pəncərəsinin dəmir barmaqlığının yerində olmadığını, pəncərənin açıq vəziyyətdə olmasını müəyyən etmişdir. İçəri daxil olub baxış keçirdikdə otaqdakı tikiş masalarının üzərində olan 2 ədəd “Juki” markalı, 1 ədəd “Yamaha” markalı tikiş maşınının və 1 ədəd düyməaçan aparatın oğurlandığını görmüşdür. Daha sonra hamam otağına keçmiş və divarda quraşdırılmış məişətdə “pyatiminutka” adlandırılan 1 ədəd su qızdırıcının yerində olmadığını görmüşdür. Başqa nələrin oğurlandığını yəqin etmək məqsədilə evin ətrafını dolanmışdır. Bu zaman bayır tərəfdən evin sağ divarına quraşdırılmış 1 ədəd kombi istilik sisteminin sökülüb aparıldığını aşkarlamışdır. Həmçinin evin həyətyanı sahəsini gəzərkən uzunluğu təxminən 80-90 sm olan dəmir boruların da naməlum şəxs və ya şəxslər tərəfindən götürülməsi ona məlum olmuşdur. Bundan sonra mobil telefon vasitəsilə qardaşı Talehə zəng edib hadisə barəsində məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları həmin ünvana gəlib qardaşı Talehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə etdiyi müraciətlə əlaqədar baxış keçirəcəklərini söyləmişlər. O, baxış keçirilməsində iştirak edərək sadaladığı əşyaların yerini göstərmişdir. 31 yanvar 2023-cü il tarixdə adını bilmədiyi polis əməkdaşı onunla əlaqə saxlayıb yaşayış sahəsindən oğurluğun qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir.Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsində əvvəllər nə özü, nə də qardaşı Talehlə Təqsirləndirilən şəxs arasında heç bir mübahisə, münaqişə, düşmənçilik və ya ədavət olmadığını, oğurlanmış “Juki” markalı tikiş maşınlarının hər birinin dəyərinin 250 manat, “Yamaha” markalı tikiş maşınının dəyərinin 350 manat, düyməaçan aparatın dəyərinin 150 manat, su qızdırıcının dəyərinin 100 manat, kombi istilik sisteminin dəyəri 300 manat, dəmir barmaqlıqların və boruların ümumi dəyərinin isə 30 manat olduğunu, ümumilikdə ona 1430 manat dəyərində maddi ziyan dəydiyini, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə ərizə ilə müraciət edən zaman düyməaçan aparatı səhvən tikiş maşını olaraq qeyd etdiyini və 4 ədəd tikiş maşınının oğurlandığını göstərdiyini, ancaq ilkin izahatı alınarkən bu uyğunsuzluğa aydınlıq gətirib 3 ədəd tikiş maşınının və 1 ədəd düyməaçan aparatın oğurlanması barədə məlumat verdiyini bildirmişdir. Onu da qeyd edir ki, oğurlanan əşyalar bununla bitmir, əlavə oğurlanan əşyaların siyahısını da məhkəməyə təqdim etmişdir. Sonradan zərərçəkən Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şıkayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 Saray Ailə Sağlamlıq Mərkəzinin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 İlkin səhiyyə xidməti şöbəsinin Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyir. Sonuncu dəfə 18 noyabr 2022-ci il tarixdə saat 18:00-19:00 radələrində işdən çıxıb evə getmişdir. Həmin vaxt Saray Ailə Sağlamlıq Mərkəzinin hasarına quraşdırılmış dəmir barmaqlıqların və mərkəzin həyətində olan 1 ədəd dəmir xərəyin yerində olmadığını görmüşdür. Ertəsi gün, yəni 19 noyabr 2022-ci il tarixdə saat 09:00 radələrində işə gələndə mərkəzin hasarına quraşdırılmış dəmir barmaqlıqların yerində olmadığını müəyyən etmişdir. O, Mərkəzin perimetri üzrə hasarına baxış keçirib müəyyən etmişdir ki, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 2200 manat olan 22 ədəd dəmir barmaqlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Mərkəzin inzibati binasının həyətinə baxış keçirib həyətdə saxlanılan 100 manat dəyərində 1 ədəd dəmir xərəyin də naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkarlamışdır. Oğurluq hadisəsi baş verdiyini yəqin etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət edib oğurluq edilməsi barədə məlumat vermişdir. Ailə Sağlamlıq Mərkəzinə məxsus dəmir barmaqlıqların və dəmir xərəyin oğurlanması nəticəsində Mərkəzə 2300 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 18 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Zərərçəkmiş şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 Saray Ailə Sağlamlıq Mərkəzinin direktoru S.Sadıxova ərizə ilə məhkəməyə müraciət edərək maddi zərər aradan qaldırıldığı üçün təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən metal qəbul məntəqəsini işlədir. Onun işi müxtəlif şəxslər tərəfindən məntəqəyə gətirilən metalları pul qarşılığında alıb metal emalı zavodlarına sataraq gəlir əldə etməkdən ibarətdir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Rahim mütəmadi olaraq metal tullantıları gətirərək ona satmışdır. 19 noyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs yenidən metal satmaq üçün onun yanına gəlmişdir. Rahimdən nə gətirdiyini soruşduqda Rahim ona zibilliklərin arasından tapdığı 4 ədəd dəmir barmaqlıq və 1 ədəd dəmir xərəyi gətirdiyini bildirmişdir. Bundan sonra Rahimin gətirdiyi metallara baxmış və sonuncuya gətirdiklərinin qarşılığında 28 manat pul verəcəyini bildirmişdir. Razılığa gəldikdən sonra Rahimin şəxsiyyət vəsiqəsinə baxıb təsdiq edərək gətirilənləri qəbul etmiş və qarşılığında Rahimə 28 manat pul vermişdir. Daha sonra aldığı dəmir barmaqlıqları və dəmir xərəyi tanımadığı şəxsə satmışdır. Rahim metalları gətirən zaman onları tullantı kimi tapdığını demiş, oğurlaması ilə bağlı heç nə danışmamışdır. Rahimi öncədən tanıdığından inanıb həmin metalları almışdır. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 İlkin səhiyyə xidməti şöbəsinin Saray Ailə Sağlamlıq Mərkəzinin ərazisidir. Baxış keçirilməsində iştirak edən Mərkəzin bölmə müdiri Zərərçəkmiş şəxs2 22 ədəd dəmir barmaqlığın və 1 ədəd dəmir xərəyin həmin yerdən oğurlanması nəticəsində işlədiyi Mərkəzə 2300 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən Şahid işlətdiyi metal qəbulu məntəqəsini göstərərək 19 noyabr 2022-ci il tarixdə oğurladığı 4 ədəd dəmir barmaqlığı və 1 ədəd dəmir xərəyi həmin məntəqəyə gətirib Şahid satdığını bildirmiş, baxış keçirilməsində iştirak edən sonuncu, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təsdiq etməklə dəmir barmaqlıqları və dəmir xərəyi 28 manat pul qarşılığında aldığını bildirmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsi, hamam otağı və yardımçı otaqdır. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 özünə məxsus tikiş maşınlarının, su qızdırıcının, kombi istilik sisteminin oğurlandıqları yeri ardıcıl şəkildə göstərməklə hadisə nəticəsində ona 1430 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsinin yerində yoxlanılması haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü onun özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 07:00 radələrində “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 İlkin səhiyyə xidməti şöbəsinin Saray Ailə Sağlamlıq Mərkəzinin ərazisindən dəmir barmaqlıqları və dəmir xərəyi oğurladığı yeri göstərərək törətdiyi hadisəni əyani şəkildə təsvir etmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X5 İlkin səhiyyə xidməti şöbəsinin Saray Ailə Sağlamlıq Mərkəzinidən daxil olmuş 20 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 19 noyabr 2022-ci il tarixdə Mərkəzin ərazisini əhatələyən 22 ədəd dəmir barmaqlığın hər birinin dəyəri 100 manat və 1 ədəd dəmir xərəyin isə qiyməti 100 manat olmaqla Mərkəzə 2300 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına Abşeron rayon Polis İdarəsinin 12 fevral 2023-cü il tarixli cavabından görünür ki, Abşeron rayonu Saray qəsəbəsi İ.Hüseynov küçəsi ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 07:20-08:00 radələrində “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 Saray Ailə Sağlamlıq Mərkəzinin hasarına bərkidilmiş 22 ədəd dəmir barmaqlığı və 1 ədəd xərəyi, 25 yanvar 2023-cü il tarixdə isə yaşadığı küçədə yerləşən yaşayış sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 3 ədəd tikiş maşınını, 1 ədəd düyməaçan aparatı, 1 ədəd su qızdırıcını, 1 ədəd kombi istilik sistemini və dəmir barmaqlıq və boruları oğurlamış, oğurladığı dəmir barmaqlıqlardan 4-nü həmin tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində “Yetər” şadlıq evinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu məntəqəsində Şahid, 18-ni “QAZ-51” markalı avtomobillə səyyari şəkildə fəaliyyət göstərən şəxsə, Zərərçəkmiş şəxs1 məxsus məişət avadanlıqlarını və dəmir barmaqlıq və boruları “VAZ-21011” markalı avtomobillə səyyari şəkildə fəaliyyət göstərən şəxsə satmışdır. Keçirilmiş əməliyyat tədbirləri və aparılmış söhbətlər nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini təkbaşına törətmiş, hər hansı şəxsin hadisənin törədilməsində bu və ya digər formada iştirakçılığı olmamış və hadisəni törətdikdən sonra bu barədə heç kimə məlumat verməmişdir. Həmçinin keçirilmiş tədbirlər nəticəsində oğurlanmış dəmir barmaqlıqları alan Şahid dəmir barmaqlıqların cinayət yolu ilə əldə edilmələrindən məlumatlı olmadığı, sonuncunun Təqsirləndirilən şəxsla birgə cinayətin iştirakçısı olmadığı, baş vermiş oğurluq hadisəsindən əvvəlcədən məlumatının olmadığı müəyyən edilmişdir. İşin məhkəmə baxışında təyin edilmiş məhkəmə ekspertizasının 26 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş dəmir barmaqlıqların işlənmə dərəcəsi nəzərə alınaraq onların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 185 manat müəyyən edilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərşəkənlərin və şahidin ifadəsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 11 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin materiallarında olan Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)-48/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3 maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün çıxılmış üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Həmçinin, cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)-48/2024 saylı hökmü ilə ona CM-nin 234.1 maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 25 noyabr 2024-cü il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal dəyən ziyanın ödənilməsi, zərərçəkənlərlə barışıq əldə etməsi və himayəsində iki azyaşlı uşaqlarının olmasıdır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli Qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir və hal-hazırda o, həbsdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində olan Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)-48/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət və həmçinin ona Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)-48/2024 saylı hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və həmin iş üzrə tutulduğu 02 gün müddət, cəmi 01 il 06 ay 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır və üzərində qəti cəza saxlanmalıdır. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 04 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində olan Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)- 48/2024 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılsın, ona qəti olaraq 03 il 08 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 gün müddət və həmçinin ona Abşeron rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(012)-48/2024 saylı hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və həmin iş üzrə tutulduğu 02 gün müddət, cəmi 01 il 06 ay 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində qəti cəza 02 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-11/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-11/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver