Məhkəmə qərarları › İş №1(012)-110/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-110/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-110/2020 18.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1960-cı ildə Laçın rayonu, Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Qarakeçidi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, ev 94-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2018-ci ilin yayında ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxx 2014-cü il tarixdə, ********** saylı qeydlə Şahid1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, lakin faktiki olaraq Zərərçəkmiş şəxs məxsus 1.6593 hektar torpaq sahəsinin cənub tərəfində 0,1056 hektar hissəni əhatə edən 50 metr uzunluqda, 15 metr enində və 2 metr hündürlükdə mişar daşları ilə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küçəsi, ev 94-də 1998-ci ildən yaşayır. Yaşadığı torpaq sahəsi Əmlak Komitəsinə məxsusdur, 11 sotdan ibarətdir. Həyətdə yardımçıq tikililər vardır. Təxminən 2000-ci ildə yaşadığı ərazidə kənd icra nümayəndəliyində işləyən Bahəddin adlı şəxslə tanış olmuşdur. Təxminən 2014-cü il tarixdə Bahəddin ona yaşadığı ərazini sənədləşdirmək lazım olduğunu dedikdə, ona yaşadığı torpaq sahəsinin Əmlak Komitəsinin balansında olduğunu bildirmişdir. Bahəddin sonra ona həmin torpaq sahəni özəlləşdirəcəyini, həyətdəki tövləni və əl damını sökməsini, həmin torpaq sahəsini də özəlləşdirəcəyini, sökdüyü tikililəri bərpa edəcəyini, oradan ona müəyyən torpaq payı verəcəyini demişdir. Bahəddin ondan sənədləşmə aparmaq üçün 115.000 (yüz onbeş min) manat pul istədikdə, pulu olmadığını, nə qədər düzəldə bilsə ona verəcəyini demişdir. Bundan sonra qohum və dostlarından hissə-hissə, ümümilikdə topladığı 93.000 manat pulu yaşadığı evin yaxınlığında, yadında qalmayan tarixdə Bahəddinə vermişdir. Bahəddin həbs olunmazdan əvvəl pulları ona vermişdir. Bahəddin aldığı 93.000 manat pulun az olduğunu dediyinə görə, Əmrahbankın Bakı şəhəri Nəsimi rayonundakı filialından adına kreditə 12.700 ABŞ dolları götürmüş, həmin puldan 700 ABŞ dolları öz ehtiyaclarına götürmüş, qalan 12.000 ABŞ dolları isə Bahəddinə evinin yaxınlığında vermişdir. Bahəddinə 93.000 manatı və 12.000 ABŞ dolları verdikdə yanında heç kim olmamışdır. Bir müddətdən sonra Bahəddini görə bilməmiş, Bahəddin ona verdiyi vədləri etmədiyinə görə onunla maraqlanmış, Bahəddinin başqasını aldatdığına görə həbs olunduğunu eşitmişdir. Təxminən 9 aydan sonra Bəhəddin həbsdən azad olmuş, ondan aldığı pulların müqabilində verdiyi vədləri əməl etməsini dedikdə, Bahəddin həmin torpaq sahələrinin Xızı rayon Polis Şöbəsinin rəisi Həmidin olduğunu, Xızı rayonuna gedib Həmid müəllim ilə danışmasını, ancaq onun adı olmamasını demişdir. Bundan sonra 2018-ci ildə Xızı rayonuna gedib Polis rəis Həmid ilə görüşərək məsələni olduğu kimi ona danışmışdır. Həmid müəllim onun barəsində heç bir məlumatı olmadığını, Bahəddinin onun barəsində heç nə demədiyini bildirmişdir. Həmid onun yanında Bahəddinə zəng edib, “İmamverdi kişini tanıyırsan” soruşduqda, Bahəddin cavabında tanıyıram deməsini eşitmişdir. Həmid telefonda Bahəddinə “İmamverdi kişiyə nə vəd vermisənsə yerinə yetir” demiş, Bahəddin də ona baş üstə demişdir. Bir-iki gündən sonra Bahəddinlə əlaqə saxlamış, lakin Bahəddin Həmidə verdiyi sözə əməl etməmişdir. Yenidən Xızı rayonuna gedib Həmid ilə görüşərək, Bahəddinin onun dediklərinə əməl etmədiyini dedikdə, Həmid ona verilmiş vədləri özü gəlib yerinə yetirəcəyini demişdir. Bir gündən sonra Həmid torpaq sahəsinə gəlib, əli ilə göstərdiyi istiqamətdə divarını çəkməsini deyib getmişdir. İki gündən sonra əraziyə gəlmiş Bahəddin tikintini 5 dəqiqəyə sökməsini tələb etdikdə ona, Həmidin göstərişi ilə divarı çəkdiyini demişdir. Bahəddin zəng edib, Həmid ilə danışdıqdan sonra əlini ona uzadıb “əmioğlu Allah xeyir versin” deyib, getmişdir. Bahəddindən verdiyi 93.000 manat və 12.000 ABŞ dollarını necə olacağını soruşduqda, Bahəddin ona “sən verdiyin pullar haqqında Həmidə heç nə demə, torpaq satılanda sənin pullarını artıqlaması ilə verəcəyəm, sənə aid olan torpaq sahəsini isə BTnin müdiri kirvəmdir, mənim əlim hər yerə çatır, onu da sənin adına çıxarış verib sənədləşdirəcəyəm” demişdir. Bir ildən sonra əraziyə gəlmiş Bahəddin ondan divarı sökməyi tələb etmiş, torpaq sahəsini də əlindən alacağını, ona 93.000 manat və 12.000 ABŞ dolları vermədiyini demişdir. Bu barədə Həmidə demək üçün onun işlədiyi Xızı rayon Polis Şöbəsinə getmiş, lakin Həmidə görə bilməmişdir. Həmidin göstərişi ilə torpaq sahəsində 2018-cu ilin yayında təxminən 50 metr uzunluğunda, 15 metr enində və 2 metr hündürlüyündə mişar daşları ilə tikinti işləri aparmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qohumu Şahid1 xx xxx 2014-cü il tarixdə Abşeron rayonunun Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 94 ünvanda yerləşən 16593 kv.m. torpaq sahəsi almış və bu barədə rəsmi sənədləşmə aparılmışdır. Şahid1 sonra həmin torpaq sahəsini ona satmış və torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Buna görə Şahid1 həmin torpaq sahəsi ilə əlaqədar xx xxxx 2019-cu tərixdə Bakı şəhəri 16 saylı notariat kontorunda onun adına təsdiq edilmiş 801670 saylı etibarnamə də vermişdir. Həmin torpaq sahəsinin rəsmi olaraq, Şahid1 adına olmasına baxmayaraq, torpaq sahəsi faktiki olaraq ona məxsusdur. Ondan sonra qeyd etdiyi torpaq sahəsinin Şahid1 heç bir aidiyyəti olmamışdır. Ona məxsus həmin torpaq sahəsinin 11 sotunu Təqsirləndirilən şəxs zəbt edərək, orada tikinti işləri apamağa başladığına görə ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonunun Xırdalan şəhərindəki qəbirstanlığın yaxınlığındakı ərazidə qohumlarına məxsus olan torpaq sahəsinə nəzarət etmək üçün getdiyi vaxt, orada 2014cü il tarixdə məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs qaçqın olduğuna görə onunla aralarında isti münasibət olmuşdur. Orada torpaq sahəsində qanunsuz ev tikib yaşayan İmamverdidən heç vaxt pul istəməmiş, onun üçün yaşayış və ya torpaq sahəsi ilə əlaqədar sənədləşmə aparılmasını heç vaxt vəd verməmişdir. Təqsirləndirilən şəxs 2014cü il tarixdə onun yaşadığı ərazini sənədləşdirmək lazım olduğunu deməmiş, bununla əlaqədar sənədləşmə aparılması üçün ondan 115.000 (yüz on beş min) manat pul istəməmiş, ondan 93.000 manat və ya 12.000 ABŞ dolları almamışdir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin Xızı rayon polis şöbəsinin rəisi Həmid müəllimin olduğunu, gedib Xızı rayonunda Həmid müəllim ilə görüşüb danışmasını deməmişdir. Həmid müəllim ona heç vaxt Təqsirləndirilən şəxs ilə əlaqədar zəng etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2014-cü il tarixdə Abşeron rayonunun Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 94 ünvanda yerləşən 16593 kv.m. torpaq sahəsi almış, torpaq sahəsinin mülkiyyətində olması barədə xx xxxx 2014-cü il tarixli, reyestrdə ********** saylı qeydə alınmış çıxarış, həmçinin 0,00945 hektar torpaq sahəsinə dair xx xxx 2014-cü il tarixli, ryestrdə ********** saylı qeydlə qeydiyyata alınmış çıxarış almışdır. Adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsindən 79.10 ha. sahəsi üçün xx xxx 2014-cü il tarixli seriya RX ******* saylı çıxarış verilmişdir. Sonradan həmin torpaq sahəsini X1 və onun adına xx xxxx 2019-cu tarixdə Bakı şəhəri 16 saylı notariat kontorundə təsdiq edilmiş 801670 saylı etibarnamə vermişdir. Həmin torpaq sahəsinin onun adına olmasına baxmayaraq, torpaq sahəni satdığına görə torpaq sahəsinin həqiqi sahibi Zərərçəkmiş şəxs olmaqla, onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs yaşadığı 11 sot torpaq sahəsini ondan xəbərsiz olaraq zəbt etmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi Xızı rayon Polis şöbəsinə gəlməmiş, onunla orada görüşməmiş, Bahəddindən telefonda “İmamverdi kişini tanıyırsan” soruşmamış, İmamverdinin bu barədə dedikləri yalandır. Torpaq sahəsini Zərərçəkmiş şəxs satdıqdan sonra, ora heç vaxt getməmiş, orada heç kimə tikinti aramasına icazə verməmişdir. Həmin torpaq sahənin onun adına olmasına baxmayaraq, torpaq sahəsi faktiki olaraq Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin xx xxxx 2019-cu il tarixli, **********63 saylı məktubundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən Şahid1 mülkiyyətində olan (xx.xx.2014-cü il tarixli, **********97- 06301 reyestr nömrəli) qeyri-yaşayış binasının yerləşdiyi 1.6593 ha torpaq sahəsinin 0.1056 ha hissəsi cənub tərəfdən zəbt olunaraq, yarımçıq tikili və fərdi yaşayış evi inşa edilmişdir. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 1.6593 ha torpaq sahəsi mübahisə predmetidir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirli bilinərək 550 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, yaşını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 60 saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul və məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 60 saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar