Məhkəmə qərarları › İş №1(012)-110/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-110/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-110/2021 05.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, mkr 17, bina 65, mənzil 45-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, M.F.Axundov küçəsi ev 45-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, onun Abşeron rayonu Xırdalan şəhəri A.Şəmşir küçəsində yerləşən topraq sahəsinə və fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair yalandan vəd verib aldadaraq inandırmış, 2018-ci ilin noyabr ayının ilk on günlüyündə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayonu üzrə 4 saylı ərazi idarəsinin inzibati binasının girişində 5000 (beş min) manat məbləğində və sonuncu dəfə 2019-cu ilin fevral ayının ilk on günlüyündə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Bəhlul Müseyibova məxsus “Şərur avto” mağazasında 5000 (beş min) manat məbləğində olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1997-ci ildən xx.xx.2019-cu il tarixdəkə DİO-da xidmət etmişdir. Sonuncu xidmət yeri Abşeron rayon Mühafizə idarəsində polis nəfəri vəzifəsi olmuşdur. Həmin vaxt o, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reysteri Komitəsinin Abşeron rayonu üzrə 4 saylı ərazi idarəsində mühafizəçi işləmişdir. Onun vəzifəsi həmin vaxt orada ictimai asayişin təmin edilməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayının ilk on günlüyündə özünə məxsus fərdi yaşayış evinə və torpağına Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış alınması üçün Abşeron rayonu üzrə Daışnmaz Əmlakın 4 saylı ərazi idarəsinə gələrkən həmin inzibati binanın girişində tanış olmuşdur. Söhbət əsnasında Bəhlul ondan Xırdalan şəhərində aldığı torpaq sahəsinə və üzrəində yeni inşa etdirdiyi fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət Reysterindən çıxarış almaqda köməklik etməsini xahiş etmişdir. O, Bəhlulun əlindəki sənədlərə baxıb torpağının bələdiyyə sənədi ilə olduğunu deyib bunun üçün bələdiyyəyə müraciət edib sənədləri bələdiyyə tərəfindən təqdim edilməsini bildirmişdir. Bəhlul da onunla razılaşıb bələdiyyəyə müraciət edəcəyini demişdir. Həmin vaxt Bəhlul ona bu iş üçün nə qədər pul lazım olduğunu deyəndə, o, Bəhlula ümumilikdə torpaq və fərdi evinin çıxarışının alınnması üçün 10000 manat pul lazım olduğunu demişdir. Eyni zamanda o, həmin 10000 manat pulun 5000 manatını dərhal, qalan 5000 manat pulu isə bir müddət sonra verməli olduğunu Bəhlula bildirmişdir. Bəhlul da onunla razılşıb elə oradaca ona 5000 manat pul vermişdir. Həmin vaxt Bəhlula o, 2-3 ay müddətində sənədlərin həll olacağını demişdir. 2019-cu ilin fevral ayının ilk on günlüyündə pula ehtiyacı olduğu üçün, Bəhlula zəng edərək, torpaq və fərdi evi üçün çıxarışın alınmasına görə qalan 5000 manat pulu da verməli olduğumu demişdir. Bəhlul da ona Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şəruravto” avtomobil ehtiyat hissələri mağazasına gəlməsini demişdir. O, dərhal Bəhlulun mağazasına gəldikdə, mağazada Bəhluldan başqa heç kim olmamışdır. Mağaza da Bəhlul ona 5000 manat pul vermişdir. O, həmin pulu sayıb Bəhluldan götürüb sənədlərinin demək olar ki, hazır olduğunu deyib sağollaşıb çıxıb getmişdir. Bəhluldan aldığı 10000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin pulu Bəhlula qaytarmaq istəsə də, maddi cəhətdən sıxıntıları olduğu üçün həmin pulu Bəhlula vaxtında qaytara bilməmişdir. Bəhluldan həmin pulu, yəni 10000 manatı həmin vaxtlarda pula ehtiyacı olduğu üçün Bəhlula sənədlərini düzəldəcəyini yalan deyərək almışdır. Həmin pulu Bəhluldan almasından heç kəsin məlumatı olmamışdır. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Müseyb oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Belə ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsində 9 sot torpaq sahəsi var idi. O, həmin torpaq sahəsində özünə iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş və həmin evin inşası 2018-ci ilin noyabr ayında başa çatmışdır. Bundan sonra o, 2018-ci ilin noyabr ayının ilk on günlüyündə evinə və torpağına Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış alınması üçün Abşeron rayonu üzrə Daışnmaz Əmlakın 4 saylı ərazi idarəsinə gəlmişdir. Həmin vaxt inzibati binanın girişində polis əməkdaşı kimi mühafizə fəaliyyəti göstərən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ondan nə köməklik lazım olduğunu soruşduqda, o, Fərəcə fərdi torpaq sahəsinə çıxarış və üzərində inşa etdirdiyi fərdi yaşayış evinə çıxarış almaq lazım olduğunu demişdir. Fərəc ona köməklik edə biləcəyini deyib bunun üçün 10000 manat pul verməli olduğunu demişdir. O, Fərəcə həmin pulu hansı formada verməli olduğunu deyən zaman, Fərəc ona ilkin olaraq 5000 manat, qalan 5000 manat pulu isə sənədlər hazırlanan müddətdə verə biləcəyini demişdir. Fərəc onunla eyni rayondan olduğu üçün, o, Fərəcə inanmışdır. Elə həmin günü, yəni 2018-ci ilin noyabr ayının ilk on günlüyündə təxminən saat 16 radələrində Daşınmaz əmlakın dövlət reysterinin Abşeron rayonu 4 saylı regional idarəsinin inzibati binasının girişində Fərəcə 5000 manat nəğd pulu və Dövlət reysterindən kadastr sənədi, fərdi yaşayış evinin eskiz layihəsi, Abşeron rayon İcra hakimiyyətindən fərdi yaşayış evinin tikintisinə icazəyə dair sərəncamı, Abşeron rayon Memarlıq idarəsinin tikintiyə dair rəyini, torpaq sahəsinə aid bələdiyyə sənədlərini vermişdir. Fərəc ona 02-03 ay müddətində onun torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət reysterindən çıxarışının hazır olacağını demişdir. O, Fərəcə inanıb çıxıb getmiş və 2019-cu ilin fevral ayının ilk on günlüyündə Fərəc ona zəng edərək, sənədlərinin həllinə dair qalıq olan 5000 manat pulu da verməsini demişdir. O, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Şərur Avto” ehtiyat hissələri satış mağazasına dəvət etmişdir. Mağazada o, Fərəcə torpaq sahəsi və fərdi evinə dair çıxarışların həll olunması üçün əlavə 5000 manat pulu da sayıb vermişdir. Fərəc həmin pulu sayıb ondan götürdükdən sonra sənədlərin demək olar ki, hazır olduğunu və 20 gün müddətindən sonra sənədləri götürəcəyini demişdir. Lakin, həmin vaxtdan onun sənədələri düzəlməmiş, nədə ki, 10000 manat pulunu qaytarmamışdır. O, Fərəc tərəfindən aldadıldığını başa düşüb bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 2500 (iki min beş yüz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət işinə əlavə olunmuş, xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar