Məhkəmə qərarları › İş №1(012)-110/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-110/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-110/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Füzuli şəhəri Xanlar küçəsi döngə-24, ev 4-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsindəki “Vüsal” marketin yaxınlığında istintaqa məlum olmayan “Rəşad” adlı şəxsdən 60 manat müqabilində öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş, 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, kustar üsulla hazırlanmış 0,331 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış 0,585 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış, 27 mart 2023-cü ildə saat 15 radələrində Abşeron RPİ-nin X2 əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi Nəvai küçəsində saxlanılaraq, Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əyindəki şalvarının sağ yan cibində saxladığı, həmin 01 ədəd bükümdə siqaretin gümüşü rəngli kağızı bükümündə, kustar üsulla hazırlanmış 0,331 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış 0,585 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin materiallarından görünür ki, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir əvvəldən bədənində ağrılar olduğu üçün narkotik vasitə heroindən istifadə edir. 26 mart 2023-cü il tarixdə saat təxminən 21 radələrində Xırdalan şəhəri, Nizami küçəsində «Vüsal» marketin yaxınlığında dalanda yaşayan “Rəşad” adlı şəxsin narkotik vasitə satmasını öyrənib, həmin şəxslə görüşmüş və sonuncudan şəxsi istifadəsi üçün siqaretin gümüşü rəngli kağızında bir büküm herion və sellofan kəsiyi bükümündə metanfetamin almış, Həmin 02 bükümə görə Rəşada 60 manat pul vermişdir. Aldığı narkotik vasitəni və psixotrop maddəni lazım olanda istifadə etmək üçün əynindəki şalvarının sağ yan cibinə qoymuş, 27 mart 2023-cü il tarixdə saat 15 radələrində Xırdalan şəhəri Nəvai küçəsi ilə piyada gedərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onlarla polis idarəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini bildirib, üzərində narkotik vasitə heroin və psixotrop maddə olduğunu deyib, polislərlə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra onun hüquqlarının müdafiəsi üçün Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil Sirac Əsgərov polis idarəsinə dəvət olunmuş və sonuncunun iştirakı ilə ona video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilərək hüquq və vəzifələri barədə məlumat verilmiş, həmçinin üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynindəki şalvarının sağ yan cibində saxladığı içərisində heroin olan siqaretin gümüşü rəngli kağızındakı 01 ədəd bükümü və içərisində metanfitamin olan 01 ədəd sellofan bükümünü təqdim etmiş, bundan sonra da polis əməkdaşları üstünü axtarmış, lakin qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya və predmet aşkar etməmişlər. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 02 ədəd bükümə baxış keçirmişlər. Baxış zamanı siqaret kağızındakı bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli kütlə, sellofan kəsiyi bükümündə isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristalşəkilli kütlə aşkar olunmuş, həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar həmin zərfi və protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə saat təxminən 13 radələrində iş yoldaşı əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində narkotik vasitələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq məqsədi ilə xidmətdə olarkən Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivindəki “120” adlanan ərazidə yerləşən Nəvai küçəsində bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslə söhbət etmişlər. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu hiss edib, bu barədə ondan soruşmuşlar. Təqsirləndirilən şəxs də narkotik vasitə və psixotrop maddə istifadə etdiyinə görə üzərində bir büküm metamfetamin və bir büküm heroin olduğunu bildirmişdir. Bundan sonra onlar Anara üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Abşeron RPİ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla polis idarəsinə gəlmişdir. Bundan sonra onlar bu barədə raportla idarə rəhbərliyinə məruzə edib, xidməti otaqların birində Abşeron RPİ- nin baş təhqiqatçısının və Anar Qulıiyevin hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə sonuncuya üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan onunduqdan sonra sonuncuya üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, Anar da əynindəki şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında və şəffaf sellofan kəsiyində iki bükümü çıxarıb təqdim etmiş, həmin bükümün birində narkotik maddə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri bir gün əvvəl Xırdalan şəhərindəki Texnikomun yaxınlığındakı “Vüsal” marketin yanında yaşayan Rəşad adlı şəxsdən 60 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bu sözündən sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da qanunla saxlanılması qadağan olunan hər hansı əşya və predmet tapmamışlar. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, həmin vaxtı siqaretin gümüşü rəngli kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütlə, şəffaf sellofan kəsiyində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra həmin bükümlər kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdir. O da digər iştirakçılar kimi həmin zərfi və protokolu imzalamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun qara şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan narkotik vasitə heroinə bənzər kütlə və şəffaf rəngli sellofan bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi üzrə 27 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə və şəffaf rəngli sellofan bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə və şəffaf rəngli sellofan bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütləni 26 mart 2023-cü il tarixdə saat 21 radələrində Xırdalan şəhəri, Nizami küçəsi, “Vüsal” market yaxınlığında Rəşad adlı şəxsdən 60 manata aldığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1740 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,331 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və təmiz çəkisi 0,585 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 08 aprel 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,281 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,535 qram olan ağ rəngli psixotrop maddə metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəmənin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Abşeron rayon Polis idarəsində araşdırması aparılan ********* nömrəli material xx.xx.2018-ci il tarixdə məhkəməyə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-184/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Abşeron RİHB-nın MKTİİTB-nin 5 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkün kimi Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Aqroservisin binası ünvanında yaşayır. Yaşadığı müddət ərzində 5 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. Həmçinin, Abşeron RİHB-nın MKTİİTB-nin 5 saylı MTİİTS tərəfindən verilmiş 13 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il təvəllüdlü Akşin adlı azyaşlı uşağı vardır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırılan hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki yataqxananı axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarix saat 16:30-dan şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-110/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmişdir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri ərazisində saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəmi 01 (bir) ay 09 (doqquz) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi üzrə tutulduğu 01 (bir) ay 09 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, bu qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,281 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,535 qram olan ağ rəngli psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu cəmi 01 (bir) ay 09 (doqquz) gün müddət azadlıqdan məhrum etmənin 1 (bir) gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən nəzərə alınmaqla, cəmi 02 (iki) ay 18 (on səkkiz) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yataqxanadakı yaşadığı evi axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,281 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,535 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar