Məhkəmə qərarları › İş №1(012)-1116/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1116/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1116/2024 15.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Bərdə rayonu, Piyadalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Kətəlparaq ərazi dairəsi, Piyadalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən kirayədə qaldıqları nömrəsiz fərdi yaşayış evində otaq yoldaşı Zərərçəkmiş şəxs ilə sonuncunun onu yuxudan oyadaraq evdə olan qaz sobasının açarının yerini soruşması, Təqsirləndirilən şəxs isə qaz sobasının açarının yerini bildirməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona burun sümüyünün yerdəyişməyən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən bir il müddətdir tanıyır. Anarla tanışlığı tanıdıqları ortaq şəxslər vasitəsilə yaranmışdır. Sonradan Anar bir yerdə kirayədə qalmağı təklif etmiş, o da Anarla razılaşmış və onlar 2024-cü ilin fevral ayından etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə qalmışdır. O, 12 mart 2024-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı evə gəlmiş, evə daxil olduqda Anarın artıq evdə olduğunu görmüş, bir qədər sonra “Go” spirtli içkisi içib yuxuya getmiş, daha sonra Anarın evdən çıxıb getdiyini hiss eləmişdir. Belə ki, Anar gah telefonla danışırmış, gah da tez-tez çölə çıxıb evə geri qayıdırmış. Anara sakit olmasını desə də, sonuncu onun sözünə əhəmiyyət verməmişdir. 13 mart 2024-cü il tarixdə saat 01 radələrində Anar onu yuxudan oyadaraq qaz sobasının açarının harada olmasını soruşmuş, Anarın bir neçə dəfə onu yuxudan oyatmasına əsəbiləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı əlləri ilə Anarın sinə nahiyəsindən itələmiş və Anar yerə yıxılmışdır. Anar ayağa qalxdıqdan sonra evdən çıxıb getmiş, sonradan Anarın onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisənin 13 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində kirayədə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verdiyini, mübahisələrinin təxminən 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı yaşadıqları evin içərisində Anarla özündən başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Anarın onu bir neçə dəfə yuxudan oyadaraq narahat etməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan yaxınlaşan olmadığını göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İfadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir tanıyır. Belə ki, Rüfətlə tanışlığı yaşadığı evin yaxınlığında yerləşən ət mağazasında işləyən Elgün adlı şəxsin vasitəsilə yaranmışdır. Elgün Rüfətin xalası oğlu olduğunu bildirmiş, onun Elgünlə münasibəti yaxşı olduğundan Rüfətlə də aralarında ünsiyyəti yaranmağa başlamışdır. O, 2024-cü ilin fevral ayından etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə qalmağa başlamış, bu ərəfədə Rüfət ondan harada qaldığını soruşmuş, o, Rüfətə kirayədə qaldığını demiş, Rüfət qalmağa yerinin olmadığını və onun kirayədə qaldığı evdə yer olub-olmadığını soruşmuş, o, kirayədə qaldığı evdə yer olduğunu, lakin bunun üçün əvvəlcə ev sahibi ilə danışmasını demiş, Rüfət ev sahibi ilə danışdıqdan sonra onunla birlikdə kirayədə qalmağa başlamışdır. Bu müddətdə Rüfətlə münasibətləri yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Lakin son günlərdə Rüfətin ona qarşı paxıllıq etdiyini hiss eləmişdir. O, 12 mart 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evə gəlmiş və evdə tək yemək yeyib spirtli içki qəbul etmişdir. Ondan bir neçə saat sonra Rüfət evə gəlmiş, Rüfət də haradasa spirtli içki qəbul etmiş, həmçinin evə gəldikdən sonra da “Go” spirtli içkisi içmişdir. O isə artıq yuxuya gedirmiş. 13 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində evin istiliyinin yüksək olması səbəbindən yuxudan oyanmış, buna görə də evdə olan qaz sobasının istilik dərəcəsini aşağı salmaq istəmiş, lakin qaz sobasının açarını tapa bilməmiş, bu səbəbdən Rüfətdən qaz sobasının açarının harada olmasını soruşmuş, Rüfət isə ona kobud cavab vermiş və qaz sobasının açarının yerini ona bildirməmiş, o, Rüfətə qaz sobasının istilik dərəcəsini sonuncu dəfə özünün dəyişdirdiyini və nə üçün qaz sobasının açarının yerini ona bildirmədiyini demiş, bundan sonra Rüfət onunla mübahisə etməyə başlamış, mübahisə zamanı isə yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, Rüfət bundan sonra yenə də üstünə hücum edərək onu vurmağa davam etmiş, o, Rüfətin əlindən çıxıb evdən çölə qaçmış, daha sonra isə baş vermiş hadisə barədə polisə müraciət etmişdir. O, Rüfətlə aralarındakı mübahisənin 13 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində kirayədə yaşadıqları Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində baş verdiyini, mübahisə zamanı Rüfətin yumruqla onun bir neçə dəfə sifət nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirdiyini, Rüfətlə aralarındakı mübahisənin 10 dəqiqə davam etdiyini, həmin zaman orada başqa heç kəsin olmadığını, mübahisənin yaranma səbəbinin Rüfətin evdə olan qaz sobasının açarının yerini ona bildirməməsinin olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını və oraya kənardan heç kəsin yaxınlaşmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək təqsirləndirilən şəxslə barışdığını ondan hər hansı bir şikayət və tələbinin olmadığını, odur ki, işə onun iştirakı olmadan baxıb xitam verilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüş və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 504 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – burun sümüyünün yerdəyişməyən qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və tutulması barədə” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan göünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməs haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 avqust 2024-cü i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri” seçilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirli bilinmiş, cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxsin notarial qaydada verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanı bütünlüklə ödədiyi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacakdır, onu bağışlayır və onunla barışmışdır. Xahiş edir ki, onun iştirakı olmadan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxsin ərizəsindən görünür ki, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. CM-in 72-ci madəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.(bu qanun 2017-ci ilin dekabr ayının 1-də qüvvəyə minmişdir.) Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən eyni maddə üzrə cinayət təqibinə xitam verilsə də, həmin qərar CM-in 72-ci maddəsinin qeyd hissəsinin qəbul edilməsindən öncəyə təsadüf edir, həmçinin qanunvericiliyin tələbinə görə isə şəxsin vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi var, ağırlaşdıran qanunun isə geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar