Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1119/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 16 radələrində AE 048095 nömrəli “B C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Lökbatan-Qobu yolu ilə Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkət edərək yolun Qobu qəsəbəsi, mərkəzi yolda yerləşən “Hüseyn İnşaat” adlı mağazanın qarşısından keçən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib yolu soldan sağa keçən piyada X6 avtomobilin qabaq hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyyatsızlığı sonuncunun başın sağ təpə və ənsə nahiyələrinin qançır və sıyrığı, sağ alın, təpə və ənsə nahiyələrində, sol təpə və gicgah nahiyələrində başın yumşaq örtüyü altına qansızmalar, kəllə əsası sümüyünün düzxətti sınığı, baş beyinin sərt və yumşaq qişaları altına, toxumasına qansızmalar, sağ bud-çanaq oynağı və bud nahiyələrinin qançırı, sol əlin arxa səthinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığa ağır zərər vurulmasına və kəllə əsası sümüyünün düzxətti sınığı, baş beyinin sərt və yumşaq qişaları altına, toxumasına qansızmalardan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, X10 ölməsinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, təxminən 15 il olar ki “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsi idarə edir. 22 aprel 2024-cü il tarixdə, təxminən saat 16 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkət olan zaman mərkəz yolda avtobusun arxa hissəsindən bir nəfər piyadanın yolu soldan sağa keçməsini təxminən 6-7 metr qalmış, görüb avtomobilin əyləcini sıxmış, buna bamayaraq avtomobilin qarşısı ilə həmin piyadanı vurmuşdur. Həmin vaxtı piyadanın xəsarət almasını gördükdə onu öz avtomobilinə qoyaraq, ilk olaraq Lökbatan qəsəbəsində yerləşən X19 xəstəxanasına oradan isə X20 xəstəxanasına aparmışdır. Həkimlər həmin şəxsə ilk tibbi yardım göstərsələrdə, lakin sonradan onu Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu xəstəxanasına göndərmişlər. 27 aprel 2024-cü il tarixdə X9 xəstəxanada vəfat etmişdir. Sonda Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin həyatını xilas etməyə çalışsa da, buna nail ola bilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərdi ki, mərhum 14 avqust 1994-cü il təvəllüdlü X9 onun oğlu olmuşdur. 22 aprel 2024-cü il tarixdə, təxminən saat 16 radələrində qonşululardan oğlu İlkinin maşınla vurulduğunu eşitmiş, sonradan sürücünün adının Ramil olduğunu öyrənmişdir. Ramil oğlunu avtomobillə vurduqdan sonra onu xəstəxanaya apararaq köməklik göstərmiş, xəstəxanada bir neçə gün müalicə almasına baxmayaraq 27 aprel 2024-cü il tarixdə Bakı şəhərində yerlşən Sabunçu xəstəxanasında vəfat etmişdir. Sonradan oğlu İlkini Abşeron rayonu, Qobu qəsəbəsinə yerləşən kənd qəbirsanlığında dəfn etmişdirlər. Sonda hadisə ilə bağlı sürücüdən heç bir şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin himayəsində iki uşağının olmasını və hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Sadıqov məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. 14 iyun 2019-cu il tarixli, AE seriyalı, 048095 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X21 tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 22 aprel 2024-cü il tarixli ******* saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;
3. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 22 aprel 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Lökbatan-Qobu yolu ilə istiqamətində “Hüseyn İnşaat” mağazasının qarşısında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət ikitərəfli olmaqla hərəkət hissəsinin eni 8 metrdir. Hadisə yerində əks istiqamətli nəqliyyat axınını ayıran 1.5 nişanlanma xətti vardır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;
4. “Şübhəli şəxsin tutulması” haqqında 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə, saat 12:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
5. “Şübhəli şəxsin MSY-dən azad edilməsi” haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Zalov X8 rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad olunmuşdur;
6. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 ölməsi faktı üzrə atası X7 hüquqi varis qismində tanınmışdır;
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X21nin Abşeron rayon şöbəsindən verilən 27 may 2024-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X4 meyitində - aşağıdakı xəsarətlər aşkar edilmişdir:
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X21nin Abşeron rayon şöbəsindən verilən 27 may 2024-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X4 meyitində - aşağıdakı xəsarətlər aşkar edilmişdir: 8.1. başın sağ təpə və ənsə nahiyələrinin qançır və sıyrığı, sağ alın, təpə və ənsə nahiyələrində, sol təpə və gicgah nahiyələrində başın yumşaq örtüyü altına qansızmalar, kəllə əsası sümüyünün düzxətti sınığı, baş beyinin sərt və yumşaq qişaları altına, toxumasına qansızmalar, sağ bud-çanaq oynağı və bud nahiyələrinin qançırı, sol əlin arxa səthinin, sol diz oynağı və baldır nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyati olub mərhumun X12 daxil olduğu və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 8.2. X4 ölümünə səbəb – kəllə əsası sümüyünün düzxətti sınığı, baş beyinin sərt və yumşaq qişaları altına, toxumasına qansızmalar olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə saat 03:20-də X10 baş vermişdir ki, bu vaxt ilkin meyit əlamətləri ilə təsdiq olunur. 8.3. X4 meyitində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. 8.4. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 31 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinin 03 avqust 2024-cü il tarixli məlumatına əsasən xx xxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 14 iyun 2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 048095 nömrəli, “BC” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;
11. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 10 sentyabr 2024-cü il tarixli, 8/1733 saylı rəyindən görünür ki, “VAZ 21074” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir;
12. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
13. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
14. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli qərara əsasən iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibində saxlanılması nəzərə alınmış, iş üzrə məhkəmə tibbi ekspertizasının və məhkəmə yol-nəqliyyatı hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;
15. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 mart 2010-cu il təvəllüdlü X13, 29 yanva 2013-cü il təvəllüdlü X14 və 29 yanvar 2013-cü il təvəllüdlü X15 və adlı uşaqları vardır;
16. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını və onunla barışdığını bildirmişdir;
17. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 qarşı dəymiş ziyanı ödəyərək, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yolnəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi oğlu X7 ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə kömək göstərməklə həyatını xilas etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hal kimi almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq, saxlanıldığı müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, “şəxsi axtarış və götürülmə aparılması” haqqında istintaq hərəkətini özündə əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir günü hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında, “VAZ 21074”markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov