Məhkəmə qərarları › İş №1(012)-112/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-112/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-112/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə ziyan vurub dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə qızıl zinət məmulatlarının alqı-satqısı ilə məşğul olub etibarını qazandıqdan sonra sonuncuya imkanlı müştərinin sifariş etdiyi bahalı çilçırağı alıb evində quraşdırmaqla daha çox gəlir əldə edəcəklərinə dair yalan vədlər verib inandırmış, bu məqsədlə Nuranə Tarvaerdiyevadan xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş 93» yaşayış kompleksində yerləşən gözəllik salonunun qarşısında 4000 manat, xx.xx.2022-ci il tarixdə yenidən eyni ünvanda 1000 manat pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 2021-ci ildən tanıyır və həmişə aralarında normal münasibət olmuşdur. Nuranə Tanrıverdiyeva qızıl zinət əşyalarının alışı və satışı ilə məşğul olmuşdur. Buna görə də onunla iş birliyim yaranmış, aralarında dəfələrlə qızıl zinət əşyalarının alış verişini etmiş və aralarında hər hansı bir problem olmamışdır. Bir müddət alver etdikdən sonra Nuranəyə bildirmişdir ki, qızıl alış verişində qızılları nisyə satdığı üçün əldə güclü qazanc əldə edə bilməmişdir. Buna görə də Nuranəyə təklif etmişdir ki, onunla birlikdə pul qoysun və lüstra işi ilə məşğul olsunlar. Nuranə onun bu təklifi ilə razılaşmış, təxminən 2021-ci ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsində Nuranənin işlədiyi qadın gözəllik salonununa gəlmiş və ondan lüstra alış verişi üçün 4000 manat pul almışdır. Həmin puldan üstünə 2000 manat pul da özü qoyub lüstra almış, lakin aldığı lüstranı sata bilmədiyi üçün geri qaytarmışdır. Həmin pul ona tam qaytarılmamış, belə ki, pulu ona hissə-hissə qaytarmışlar. Onun da həmin ərəfədə pula ehtiyacı olduğu üçün Nuranədən aldığı 4000 manat pulu xərcləmiş, belə ki, uşağı ağır xəstə olduğundan demək olar ki, əldə etdiyi pulu və digər tanışlarından aldığı pulları uşağının müalicəsinə sərf etmişdir. Sonradan Nuranəyə pula ehtiyacı olduğu üçün xərclədiyini və hissə-hissə qaytaracağına söz vermişdir. Lakin Nuranəyə verdiyi vədə əməl edə bilməmiş, Nuranəyə bildirmişdir ki, işə düzəlib pulunu verəcəkdir, lakin işə düzələ bilmədiyi üçün Nuranədən iş görmək adı ilə aldığı pulu ehtiyacı olduğu üçün xərcləmiş və hazırkı vaxtadək pulu geri qaytara bilməmişdir. Hazırkı dövrədək Nuranəyə vədlər verərək aldatdığını başa düşür və ondan aldığı pulu hissə-hissə qaytaracağına söz vermişdir. Nuranənin etibarından istifadə edib 4000 manat pulunu ələ keçirdiyini bilir və etdiyi əmələ görə də peşmandır. Göstərmişdir ki, Nuranədən ümumilikdə 5000 manat deyil, 4000 manat pul almış və həmin pula da aldığı 8 ədəd lüstranı müştəri bəyənmədiyi üçün geri qaytarmışdır. Belə ki, aldığı lüstranın ümumi dəyəri 8000 manat olmuş, həmin lüstra üçün 4000 manat beh ödəmiş və 8 ədəd lüstra götürmüş, lakin müştəri bəyənmədiyi üçün onları geri qaytarmışdır. Əgər müştəri ona təklif olunan lüstraları götürsəydi, ümumilikdə 2500 manat qazanc əldə edilməli idi, həmin qazancın da yarısı, yəni 1250 manatı Nuranənin payına düşməli idi. Həmçinin göstərmişdir ki, ona lüstra sifariş etmiş şəxsi konkret olaraq tanımır, sifarişçini bir neçə tanışının vasitəsi ilə tanımış və lüstra sifarişini qəbul etmiş, lakin hazırda həmin şəxslə heç bir əlaqəsi yoxdur və onu istintaqa təqdim edə bilmir. Hazırda ziyandan qismən olmaqla 1250 manat ödəmiş, qalan ziyanı hissə-hissə ödəməyə söz verir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən tanıyır və onu tanıdığı vaxtdan aralarında normal münasibəti olmuşdur. O, müntəzəm olaraq qızıl alqısatqısı ilə məşğul olmuş və Günay da onun qızıl alqı-satqısı məşğul olduğunu bilib ona iş birliyi təklif etmişdir. O da sonuncunun təklifini qəbul edib ona müntəzəm olaraq hər dəfə müəyyən miqdarda qızıl zinət əşyalarını satmaq üçün vermişdir. Günay da hər dəfə ondan götürdüyü qızılları satıb danışdığı vaxtlarda pulunu ödəmiş, bu minvalla onun Günaya etibarı yaranmış və birgə işlədiyi müddətdə daha da artıq miqdarda qızıl zinət əşyalarını ona satması üçün verməyə başlamış, hər dəfə də pullar onun tərəfindən tamlığı ilə ona ödənilmişdir. 2021-ci ilin avqust ayında Günay onun iş yerinə gəlmiş, söhbət əsnasında ona bildirmişdir ki, qızıl alverindən ona yaxşı qazanc qalmır və ona birlikdə digər qazandı işlə məşğul olmağı təklif etmişdir. Bundan sonra söhbət əsnasında Günay ona bahalı lüstra alıb tanıdığı imkanlı şəxslərə satmağı təklif etmiş, o, Günaya lüstra alış-verişini bilmədiyini və bu sahə ilə bağlı məlumatsız olduğunu desə də, Günay ona lüstra alverindən yaxşı qazanc olduğunu inandırmağa çalışmış və bütün işləri də özü görəcəyini ona bildirmişdir. Eyni zamanda ona demişdir ki, hazırda bir müştərisi vardır və ondan bahalı lüstra istəyir, 5000 manat pul ona verərsə, həmin şəxsin evinə lüstranı quraşdırıb 3000 manat qazanc əldə edə bilər və həmin qazancdan 1500 manat pul ona verəcəkdir. İş yerində bu mövzuda aralarında olan bir neçə dəqiqəlik söhbət zamanı Günaya lüstra sahəsində səriştəsinin olmadığını bildirsə də, sonuncu müxtəlif aldadıcı yollarla onu yaxşı qazanc əldə edəcəklərinə və bütün işləri özü görəcəyinə onu inandırmışdır. Belə olduqda onunla tanışlığı müddətində inamını qazandığı üçün Günaya pul verməyə razılaşmış və bildirmişdir ki, ona 5000 manat deyil, 4000 manat pul verə bilər. Günaya bu sözü dedikdə sonuncu əvvəlcə fikirləşmiş, sonra isə həmin məbləği ona verməyi bildirmişdir. 21 avqust 2021-ci il tarixdə Günayla Abşeron rayonu, Qurtuluş 93 yaşayış kompleksində olan gözəllik salonunda işdə olarkən Günay oraya gəlmiş və orada ona 4000 manat pulu ödəmiş, Günay qalan pulu özü qoyacağını bildirmiş və qısa müddət ərzində lüstranı alıb quraşdıracağını və qazanc əldə edəcəklərini deyərək çıxıb getmişdir. Lakin üstündən 3 gün keçmiş, yəni 24 avqust 2021-ci il tarixdə Günay yenidən onun iş yerinə gəlmiş və lüstra alınması üçün lazım olan əlavə 1000 manat pulu düzəldə bilmədiyini və həmin məbləği də ona verməyi xahiş etmişdir. O da sonuncunun sözlərinə inandığı üçün lüstranın harada olmasından və hansı ünvana və yaxud kimə alıb çatdıracağı barədə maraqlanmadan 1000 manat pulu da vermiş və Günay çıxıb getmişdir. Lakin üstündən bir müddət keçsə də, Günay onunla heç bir əlaqə saxlamadığı üçün narahat olub onunla telefon əlaqəsi saxlamış, Günay telefonda ona heç nə olmamış kimi pulu çatdığacağını bildirmiş və dəstəyi asmışdır. Günayın bu hərəkəti ona çox pis təsir etmiş, lakin bir neçə gün də gözləmiş, buna baxmayaraq Günay sonrakı vaxtlarda onun telefonlarına gah cavab verməmişi və cavab verdikdə isə ona müxtəlif yalan vədlər verib pulu çatdıracağını deyib aldatmağa başlamışdır. Belə olduqda başa düşmüşdür ki, Günayın məqsədi onu aldadıb pulunu ələ keçirmək olmuşdur və hər hansı bir lüstra alveri sadəcə bir bəhanə imiş. Bundan sonra bir neçə ay gözləsə də, artıq aldanıldığını başa düşdüyü üçün polisə şikayət etmək məcburiyyətində qalmışdır. Göstərmişdir ki, lüstra alverindən məlumatsız olduğunu Günay yaxşı bilmiş, sonradan başa düşmüşdür ki, Günay buna görə də onun bilmədiyi iş barədə yalan məlumat verib sadəcə qızıl alverindən daha yüksək qazanc əldə edəcəklərini vəd etməklə onu aldatmışdır. O da Günayla əvvəllər alver etdiyindən ona etibarı yaranmış, bu işdə də bütün prosesləri Günay özü həyata keçirəcəyini dediyi üçün onun vədlərinə inanmış, sonradan isə başa düşmüşdür ki, bütün bu proseslər yalnız yalan sözlər olmuş, hər hansı lüstradan söhbət getməmişdir. Günay onun lüstra alış və satışı barədə məlumatsız olduğunu yaxşı bildiyi üçün, bunu bir bəhanə kimi istifadə etmiş, sonuncunun məqsədi onun 4000 manat deyil, 5000 manat pulunu ələ keçirmək olmuşdur, həmin pulu da ona işlədiyi gözəllik salonunda 2 dəfəyə ödəmişdir, Təqsirləndirilən şəxs hazırkı günədək dəymiş ziyandan qismən olmaqla 1250 manat ödəniş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs dəfələrlə Abşeron rayon Polis idarəsinin istintaq Şöbəsinə dəvət edilmiş, həmçinin Təqsirləndirilən şəxs məcburi qaydada istintaqa gətirilməsi haqqında qərar qəbul olunmuş, toplanmış sübutların məcmusu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə ittiham elan edilməsinə əsas verdiyindən xx.xx.2022-ci il tarixdə onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar çıxarılmış, lakin Təqsirləndirilən şəxs cinayət prossesini həyata keçirən orqandan gizlənməklə istintaqdan yayındığından, ona göstərilən maddə ilə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamış və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün ifadəsi, həmçinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü Xan və xx.xx.2022-ci il təvəllüdlü Həvva adlı 2 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerinin olmaması, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan ödənilməmiş qalan 3750 manatın mülki qaydada tələb etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə dəymiş ziyandan ödənilməmiş qalan 3750 manat məbləği mülki qaydada tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar