Məhkəmə qərarları › İş №1(012)-112/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-112/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-112/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləmiş, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhəri, 119 deyilən yerdə yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, M. Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qaynaqçı sexinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin sexdən 01 ədəd 180 manat dəyərində "Korona" markalı laqonda aparatını, 01 ədəd 350 manat dəyərində "FoxWeld" markalı "Arc-On 190" modelli qaynaq aparatını və 01 metrinin qiyməti 7 manat olmaqla 12 metr uzunluğunda 84 manat dəyərində olan elektrik naqilini gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 614 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, M. Hüseynzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus qaynaqçı sexinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin sexdən 01 ədəd 70 manat dəyərində "Maekida" markalı laqonda aparatını, 01 ədəd 180 manat dəyərində drel aparatını və 01 metrinin qiyməti 7 manat olmaqla 8 metr uzunluğunda 56 manat dəyərində olan elektrik naqilini gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 306 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 15-20 ildir ki, usta olaraq malyar işi ilə məşğuldur. Belə ki, ara-sıra sifarişlə ev və ya obyektlər götürüb malyar işini görürmüş. 2023-cü ilin oktyabr ayının əvvəllərində ona malyar işini görməyi üçün sifariş gəlmişdir. O, sifarişi qəbul etsə də, həmin işi görmək üçün alətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Misir parkının qarşısında gəzən zaman üzərində “Svarka” yazısı yazılan obyekt olduğunu görmüşdür. Həmin vaxt o, düşünmüşdür ki, malyar işi zamanı istifadə olunan alətlər həmin sexdə ola bilər. Bu məqsədlə o, sexin pəncərəsinə tərəf yaxınlaşmışdır. Ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra əli ilə sexin plastik pəncərəsini təzyiqlə itələyib açmışdır. Bundan sonra o, içəriyə daxil olub ətrafa nəzər yetirmiş və içəridə bir ədəd laqonda aparatının və bir ədəd qaynaq aparatının olduğunu müəyyən etmişdir. Bundan başqa qaynaq aparatının üzərində elektrik naqili də olmuşdur. O, hər iki aparatın və elektrik naqilinin ona lazım olacağını düşünüb özü ilə götürmüş və daxil olduğu pəncərədən çıxaraq bir daha ətrafda hər hansı bir şəxsin olmadığını müəyyən edib oradan uzaqlaşmışdır. Təxminən oradan 100 metr uzaqlaşdıqdan sonra qaynaq aparatının üzərində olan elektrik naqilinin artıq olduğunu və ehtiyacı olmayacağını düşünüb zibil yeşiyinə tullamışdır. Digər alətləri isə Xırdalan şəhərində sifariş götürmüş olduğu ünvana aparıb öz şəxsi əşyası kimi orada saxlamışdır. Bundan başqa, xx.xx.2023cü il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Misir parkının qarşısında gəzən zaman üzərində “Svarka” yazısı yazılan obyekt olduğunu görmüşdür. Həmin vaxt o düşünmüşdür ki, əvvəl etdiyi oğurluq kimi, yenə də girib həmin sexdən oğurluq etsin. Bu məqsədlə o, sexin pəncərəsinə tərəf yaxınlaşmışdır. Ətrafda hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra əli ilə sexin plastik pəncərəsini təzyiqlə itələyib açmışdır. Bundan sonra o, içəriyə daxil olub ətrafa nəzər yetirmiş və içəridə bir ədəd laqonda aparatının və bir ədəd drel aparatının olduğunu müəyyən etmişdir. Bundan başqa sexdə qaynaq aparatının elektrik naqili də olmuşdur. O, hər iki aparatın və elektrik naqilinin ona lazım olacağını düşünüb onları özü ilə götürmüş və daxil olduğu pəncərədən çıxaraq bir daha ətrafda hər hansı bir şəxsin olmadığını müəyyən edib oradan uzaqlaşmışdır. Həmin oğurladığı alətləri də aparıb 13 oktyabr 2023-cü il tarixdə oğurlayıb aparıb əşyaları yığdığı yerə yığmışdır. Həmin yerdə də oğurladığı elektrik naqilini qaynaq aparatına quraşdırmaq istəmiş, lakin yenə alındıra bilməmişdir. Ona görə də həmin elektrik naqilini tullamışdır. Alətləri isə saxlamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində yerləşən Misir parkının yaxınlığında qaynaq sexi vardır. O, həmin sexdə qapı və dəmir reşotkaların təmiri və hazırlanması ilə məşğuldur. 12 oktyabr 2023-cü il tarixdə sexdə işlərini bitirdikdən sonra axşam saat 22 radələrində sexin qapısını kilidləyib evə getmişdir. 13 oktyabr 2023-cü il tarixdə səhər saat 08:30 radələrində işə gələn zaman qapının kilidini açıb içəri daxil olmuşdur. O, içəri daxil olan kimi qaynaq aparatına qoşulan elektrik naqilinin yerində olmadığını görmüşdür. Bundan sonra çevrilib arxaya baxdıqda sexin pəncərəsinin də açıq olduğunu müəyyən etmiş və həmin vaxt içəriyə naməlum şəxsin daxil olduğunu başa düşmüşdür. O, sexə ətraflı baxış keçirən zaman məlum olmuşdur ki, naməlum şəxs gecə radələrində ona məxsus sexdən 01 ədəd 180 manat dəyərində Korona markalı 2100W, 6000RPM, 180mm xüsusiyyətli laqonda aparatını, 01 ədəd 350 manat dəyərində FoxWeld markalı Arc-On 190 modelli qaynaq aparatını və 01 metrinin qiyməti 7 manat olmaqla 12 metr uzunluğunda 84 manat dəyərində olan elektrik naqilini gizli yolla talayaraq ələ keçirmişdir. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermiş və polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 614 manat maddi ziyan dəymişdir. Onun Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Məhəllə, M. Hüseynzadə küçəsində yerləşən Misir parkının yaxınlığında qaynaq sexi vardır. O, həmin sexdə qapı və dəmir reşotkaların təmiri və hazırlanması ilə məşğuldur. 03 noyabr 2023-cü il tarixdə sexdə işlərini bitirdikdən sonra axşam saat 22 radələrində sexin qapısını kilidləyib evə getmiş və 04 oktyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində işə gələn zaman qapının kilidini açıb içəri daxil olmuşdur. O, içəri daxil olan kimi qaynaq aparatına qoşulan elektrik naqilinin yerində olmadığını görmüşdür. Bundan sonra çevrilib arxaya baxdıqda sexin pəncərəsinin də açıq olduğunu müəyyən etmiş və həmin vaxt içəriyə naməlum şəxsin daxil olduğunu başa düşmüşdür. O, sexə ətraflı baxış keçirən zaman məlum olmuşdur ki, naməlum şəxs gecə radələrində ona məxsus sexdən 01 ədəd 70 manat dəyərində Maekida markalı olmaqla, 900W, 1000RPM, 115mm xüsusiyyətli laqonda aparatını, 01 ədəd 180 manat dəyərində markası yadımda qalmayan drel aparatını və 01 metrinin qiyməti 7 manat olmaqla 8 metr uzunluğunda 56 manat dəyərində olan qaynaq aparatının elektrik naqilini gizli yolla talayaraq ələ keçirmişdir. Bundan sonra o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək məlumat vermiş və polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 306 manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 9/8730 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2023-cü ilin oktyabr və noyabr aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 110,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin təqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-411/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 326.2-ci maddələri ilə 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, Abşeron Rayon Məhkəməsinin 7(012)- 206/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin olunmuş cəza 01 il azaldılmış və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır Abşeron RPİ-in Mehdiabad xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdən Abşeron rayonu ərazisində saxlanılaraq, Abşeron RPİ-in MSY-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış 02 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 01 ədəd drel aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 05 ay 17 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, maddi sübut kimi tanınmış 02 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 01 ədəd drel aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalı, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 05 ay 17 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd laqonda, 01 ədəd qaynaq aparatı və 01 ədəd drel aparatı saxlanması üçün sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar