Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1122/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il sınaq müddəti təyin eilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, X7 Massivi, Alatava qəsəbəsi, ev 7/70 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə həqiqi hərbi xidmətdə olarkən tanış olduğu Zərərçəkmiş şəxs yalandan "xxxx" MMC-də bölgə müdiri işlədiyini deyib ona ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin alınmasında köməklik göstərəcəyini vəd edib aldadaraq, 27 fevral 2025-ci il tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq yaşayış massivində yerləşən evindən mobil telefon tətbiqi vasitəsilə onun 523915******4923 nömrəli kart hesabına göndərdiyi 1000 manat və 100 manat, cəmi 1100 manat pulu alıb ələ keçirmiklə dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Döyüş vaxtı başından və ayağından xəsarət almışdır, 3-cü qrup əlildir. 2019-cu ildən 2020-ci ilə qədər Azercell-də işləmişdir, sonra müharibəyə getdiyinə görə işdən çıxmışdır və hazırda işsizdir. Zərərçəkmiş şəxs ilə əsgərlikdə olarkən tanış olmuşdur. 2025-ci ilin fevral ayında tik-tok şəbəkəsində Turalla bir qədər danışıb söhbətləşmiş, Turala onun “Azercell” şirkəti ilə əlaqəsi olduğunu bildirmişdir. Bundan sonra Tural, ondan nömrə alınmasında köməklik etməsini xahiş etmiş və ***-***-**-** və ***-***-**-** saylı nömrələri saytda gördüyünü almaq istədiyini bildirmişdir. O, bununla bağlı maraqlanmış və həmin nömrələri 4200 manata ala biləcəyini Turala bildirmişdir. Tural beh olaraq onun kartına 1100 manat göndərmiş, ertəsi gün Turalla görüşmüş və o, Azercellə danışmış 6-cı gün olduğuna görə satış baş tutmamışdır. O, işin 1-ci günə qaldığını Turala bildirmiş, Tural isə razılaşmayaraq pulunu geri istəmişdir. Bundan sonra o, pulu qaytaracağı barəsində Turala söz vermiş, lakin həmin ərəfələrdə pula ehtiyacı olduğundan Turalın pulunu qaytara bilməmişdir. Bundan sonra Tural onun barəsində polisə şikayət etmiş. O, da Turala 400 manat ödəmiş, qalan 700 manatıda ödəyəcəyinə söz vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, zərərçəkmiş şəxsdən aldığı 1100 manat məbləğində pulu zərərçəkmiş şəxsə artıq tam olaraq geri qaytararaq, onunla barışıq əldə etmişdir. Törətdiyi əməldən peşman olmasını, zərəri tam şəkildə ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və müharibə iştirakçısı olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ilin yanvar ayında hərbi xidmətdə olarkən tanış olmuş, hərbi xidmətdə olarkən onunla arasında heç bir ədavət olmamışdır. 2007-ci ildə hərbi xidmət bitdikdən sonra Rəşadla əlaqələri olmamışdır. 2025-ci il fevral ayının 26-i tarixdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yerləşən evində olarkən, Tik-Tok sosial şəbəkəsində Təqsirləndirilən şəxs video və şəkilləri olan hesabı qarşına çıxmış, hal-əhval tutmaq üçün Rəşad yazmış, ***-***-**-** mobil nömrəsini götürərək vhatsapp sosial şəbəkəsində yazışmağa başlamışdır. Yazışma əsnasında Rəşaddan nə işlə məşğul olduğunu soruşduqda “Azərcell” şirkətində bölgə müdiri vəzifəsində çalışdığını bildirmiş və ona hər hansısa bir nömrə pay verəcəyini demişdir. O, ertəsi gün ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri almaq istədiyini Rəşada demiş və həmin nömrələri 5000 manata satıldığını bildirərək, ucuz qiymətə təşkil edə bilib-bilməyəcəyi ilə bağlı məlumat almışdır. Rəşad bununla bağlı şöbə rəsi olduğunu bildirdiyi Fuad adlı şəxsdən soruşub məlumat verəcəyini demiş, həmin gün axşam saatlarında Rəşad ona zəng edib guya Fuad müəllimlə danışdığını və həmin nömrə üçün 1400 manat endirim olunaraq 3600 manata ala biləcəyini bildirmişdir. O, həmin nömrəni almaq istədiyini bildirdikdə, Rəşad nömrəni satışdan çıxartmaq üçün 1600 manat göndərməyini ondan tələb etmiş. O, hal hazırda həmin məbləğdə pulunun olmadığını, 1000 manat pul göndərə biləcəyini demişdir. Rəşad razılaşdıqdan sonra ona kart hesabı göndərmiş, həmin gün Abşeron rayonu, Masazır qəsəbəsi, Yoncalıq massivində yerləşən evində olarkən son Kapital bank hesabından Rəşadın göndərdiyi 5239-1517-5886-4923 nömrəli kart hesabına 1000 manat pulu telefonunda olan Birbank tətbiqindən göndərmişdir. Bundan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs zəng edərək göndərdiyi 1000 manat pulun nömrəni satışdan çıxarmaq üçün kifayət etmədiyini bildirərək 600 manat puluda kart hesabına göndərməyini demiş və o da kartında yalnız 100 manat qaldığını bildirmişdir. Rə.ad onunla razılaşaraq 100 manatıda göndərməyini istəmişdir. O, yenidən 5243-7544-4901-5310 nömrəli Unibank kart hesabından, Rəşada məxsus olan 5239-1517-5886-4923 nömrəli kart hesabına 100 manat pulu yaşadığı evdə telefonunda olan tətbiq vasitəsi ilə göndərmişdir. Bundan sonra Rəşad nömrəni götürmək üçün ertəsi gün saat 10-da onunla əlaqə saxlamağını istəmiş. xx.xx.2025-ci il tarixdə 20 yanvar metrosunun yaxınlğında yerləşən "xxxx" ASC-nin yanında görüşmüş, oradan nömrəni götürmək üçün Azərcell şirkətinin rəsmi satış ofisinə getmək üçün taksi ilə 28 may metrosunun yaxınlığına getmişdir. Rəşad ona yaxınlıqdakı kafedə gözləməsini bildirərək, nömrə ilə bağlı işimi həll etmək üçün həmin satış ofisinə getmişdir. Bir müddət sonra Rəşad kafeyə qayıtmış və həftənin şənbə günü olması səbəbi ilə işin alınmadığını bildirmişdir. Bundan sonra Rəşad həmin həftənin 1-ci günü yenidən görüşməyi təklif etmiş, o da bu təklifini qəbul etməmiş və kart hesabına göndərdiyi 1100 manat pulu geri qaytarmasını tələb etmiş, Rəşad onunla razılaşaraq təxminən yarım saat sonra evə getdiyi zaman oradan göndərəcəyini bildirmişdir. Bundan sonra dediyi vaxtda O, Rəşada zəng etmiş və zənglərinə cavab ala bilməmişdir. xx.xx.2025-ci il tarixdə Rəşad özü ona zəng etmiş və onlar Abşeron, Gənclər şəhərciyində görüşmüşdür. Orada Rəşad həmin günü axşamı pulu göndərəcəyini bildirərək onu özünə inandırmış, bundan sonra yenə Rəşad zənglərə cavab verməmişdir. Bu müddət ərzində ara-sıra zənglərinə cavab verərək yalan vədlər vermiş və vaxt qazanmağa çalışmışdır. O, artıq aldadıldığını başa düşdükdən sonra xx.xx.2025-ci il tarixdə DİN-in 102 zəng xidmətinə zəng edərək şikayətini bildirmişdir. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1100 manat zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, tələb və şikayətinin olmadığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ə rizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.186.2.1, 29.186.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 il şərti sınaq müddəti təyin edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;
4. “Cinayət işinin icraatın dayandırılması” haqqında 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq, istintaqa təqdim olunanadək dayandırılmışdır;
5. “Axtarışda olan şəxsin tutulması” haqqında 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə Cəbrayıl rayonunun ərazisində saxlanılaraq, Abşeron RPİ-nə gətirilmiş və MSYnə təhvil verilmişdir;
6. “Cinayət işi üzrə dayandırılmış icraatının təzələnməsi və icraata götürülməsi” haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;
7. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 13 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 10 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, bank kartına göndərilmiş pulların qəbzləri, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir;
9. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur;
10. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 dekabr 2010-cu il təvəllüdlü X3 və 15 sentyabr 2020-ci il təvəllüdlü X2 adlı uşaqları vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş, bu norma artıq tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvələr də qəsdən cinayət törətməyə görə məhkum edilməsini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.186.2.1, 29.186.2.2 və 221.3cü maddələri ilə təqsirli bilinib, 03 il şərti olaraq sınaq müddəti müəyyən edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumuq müddətində, hazırda törədilməsində təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid əməli törətdiyindən onun əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 27 bəndində məhkəmələrə tövsiyə olunur ki, sınaq müddəti ərzində ehtiyatsızlıqdan və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət etmiş şəxs barəsində şərti məhkum etmənin ləğvi və ya qüvvədə saxlanılması məsələsinə baxarkən birinci və ya ikinci cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və sınaq müddəti ərzində davranışı barədə məlumatlar nəzərə alınmalıdır. Belə məlumatların aydınlaşdırılması üçün zəruri olduqda şərti məhkum edilmiş şəxsin davranışı üzərində nəzarəti həyata keçirən dövlət orqanının nümayəndəsi məhkəməyə çağrıla bilər. Şərti məhkum edilən şəxsin sınaq müddəti ərzində özünü mənfi tərəfdən səciyyələndirdiyi, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, ictimai qaydanı pozduğu və s. müəyyən edilərsə məhkəmə CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkumetməni ləvğ edə (qəbul edilmiş qərarı əsaslandırmaqla) və hökmlərin məcmusu üzrə cəza təyin edə bilər. Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, Cinayət Məcəlləsinin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də, zərərçəkmiş şəxslə barışıq əldə edərək, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ailəli olmaqla himayəsində azyaşlı övladının olmasını o cümlədən əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.186.2.1, 29.186.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 il şərti sınaq müddəti təyin eilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 21:00dan növbəti gün, saat 08:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X7 Massivi, Alatava qəsəbəsi, ev 7/70 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, tutulmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.186.2.1, 29.186.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 03 il şərti sınaq müddəti təyin eilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X7 Massivi, Alatava qəsəbəsi, ev 7/70 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov