Məhkəmə qərarları › İş №1(012)-1129/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1129/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1129/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi2 və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Hacıalılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Müdafiəçi2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Müdafiəçi2 tanışı Zərərçəkmiş şəxs Raci qızının onun işlədiyi Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Çingizxan küçəsində yerləşən “Cənub” kafesindən işdən çıxarılmasına səbəb olduğunu iddia edib, buna görə sonuncudan qisas almaq məqsədilə özünün ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonun internet tarifindən istifadə etməklə “Tik-Tok” sosial şəbəkəsində istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına yalan məlumatlar yerləşdirilmiş “@xeyal..89” adlı saxta hesab profili yaradaraq Zərərçəkmiş şəxs Raci qızına aid fotoşəkilləri sonuncunun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar yazıb 2024-cü ilin iyul ayının 16-da Abşeron rayonu Xırdalan şəhəri ərazisində kütləvi internet informasiya ehtiyatı olan “Tik-tok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyib kollektiv arasında nüfuzdan salmaqla sonuncuya böhtan atmış, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla zərərçəkmiş şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Müdafiəçi2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında Binəqədi rayonu Xocəsən qəsəbəsi Çingizxan küçəsində yerləşən “Cənub” kafesində ofisiant olaraq işləmişdir. xx.xx.2024-cü il tarixdə həmin kafedə xanəndə olaraq fəaliyyət göstərən Zərərçəkmiş şəxs ilə müştəri ilə rəftara görə aralarında söz mübahisəsi olduqdan sonra xəstəxanadan qızı Zəhra Əzizovanın vəziyyətinin pisləşməsi ilə bağlı zəng gəlmiş və bundan sonra vəfat etmiş keçmiş həyat yoldaşı Cəlalın qardaşı Namiqə əsəbi şəkildə zəng edib, Zəhranın onun da qayğısına ehtiyacı olmasını, ona hansı səbəbə görə qayğı göstərməməsini bildirərək əsəbi şəkildə ona nalayiq ifadələr işlətmişdir. Restoranın digər ofisiantı həmin restoranda xanəndə işləyən Zərərçəkmiş şəxs onun tərəfindən sonuncuya nalayiq ifadələr işlətdiyini söyləmişdir. Halbuki, həmin vaxt keçmiş həyat yoldaşı Cəlalın qardaşı ilə danışmışdır. Zərərçəkmiş şəxs ilə həmin gün söz mübahisələri olsa da, ona nalayiq söz işlətməmişdir. Həmin gün restoranın müdiriyyəti tərəfindən heç bir günahı olmadan işdən çıxarılmışdır. Bunların hamısı ona çox pis təsir etmiş və axşam evə gəldikdən sonra Zərərçəkmiş şəxs məxsus telefon nömrəsinin “whatsapp” tətbiqində onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, çünki çox əsəbi olmaqla heyif çıxmaq istəmişdir. Bir neçə gün sonra Mehribanın onu “whatsapp” tətbiqində təhqir etdiyinə görə şikayət ərizəsi ilə Abşeron RPİ-nin Qobu Polis bölməsinə müraciət etdiyini öyrənmiş və bu məsələyə görə onu bölməyə çağırmışlar, lakin polis əməkdaşlarına Qəbələ rayonunda olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Mehribanın etdiklərinə görə ondan heyif çıxmaq üçün təxmini 16 iyul tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kirayə yaşadığı evdə “tik-tok” sosial şəbəkəsində həmin gün “@xeyal..89” saxta istifadəçi adı açdığı profildə Mehribana məxsus şəkilləri üzərində təhqiredici sözlər yazaraq paylaşmışdır. Bir neçə gün sonra həmin profili silmişdir. Bu məsələ ilə bağlı Qobu PB-də izahatı alınmış və orda “@xeyal..89” saxta istifadəçi adı ilə Zərərçəkmiş şəxs məxsus şəkilləri üzərində təhqiredici sözlər yazaraq paylaşdığını etiraf etmiş və Mehribandan üzr istəmişdir. Bu etdiklərinə görə çox peşman olduğunu Zərərçəkmiş şəxs dəfələrlə bildirib üzr istəmişdir. “Tik-tok” sosial şəbəkəsindən xeyli vaxtdır istifadə etdiyindən orada edilən paylaşımların daha çox yayıldığını bildiyini, ona görə də edəcəyi paylaşımın daha çox yayılması üçün məhz həmin şəbəkədə paylaşım etdiyini, “@xeyal..89” saxta istifadəçi adını yaradarkən hər hansı şəxsi nəzərdə tutmadığını, ağlına “xəyal” adı gəlmdiyi və həmin adda istifadəçi hesabı yaratdığını qeyd etmişdir. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etsə də barışmaq mümkün olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərmişdir ki, təxmini 3 il olar ki, Binəqədi rayonu ərazisində yerləşən “Cənub" kafesində xanəndə olaraq fəaliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixdə xanəndə olaraq işlədiyi “Cənub" kafesində ofisiant olaraq fəaliyyət göstərən Şəfa adlı qadın kafenin müştərisi ilə kobud danışdığı üçün Şəfaya irad bildirmiş, o, isə iradına məhəl qoymamayaraq Mehribanı nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Şəfaya cavab qaytarmadan kafenin müdiriyyətinə bu haqda məlumat vermiş, müdiriyyət isə işin sonunda məsələni yoluna qoyacağını söyləmişdir. Mehriban həmin tarixdən işdən ayrılmışdır. xx.xx.2024-cü il tarixdə evə gəldikdən sonra Şəfa “whatsapp” tətbiqində ona yenə də nalayiq ifadələrlə təhqir mesajları yazmış, o həmin mesajları yazdıqdan sonra tətbiqdə sildiyindən mesajlar avtomatik silinmişdir. Bunlardan artıq bezib xx.xx.2024-cü il tarixdə bu məsələ ilə bağlı ərizə ilə Qobu PB-ə müraciət etmiş, Qobu PB-də izahatı alınmış, lakin Şəfa polis əməkdaşının çağırışlarına məhəl qoymadan izahatının alınması üçün bölməyə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə əvvəllər Cənub kafesində qabyuyan olaraq fəaliyyət göstərən Şəfəq adlı qadın ona zəng edərək “TİK- TOK” sosial şəbəkəsində “@xeyal..89” adı ilə qeydiyyatdan keçirilmiş profildə Mehribana məxsus şəkillərin paylaşılaraq üzərinə nalayiq ifadələr yazılıb nümayiş etdirildiyini bildirmiş, səhifəyə baxarkən özü də həmin ifadələri görmüşdür. Bununla bağlı DİN 102 xidmətinə məlumat vermiş, həmin vaxt onu Qobu PB-ə çağırmış və izahatı alınarkən “TİK-TOK" sosial şəbəkəsində ona məxsus şəkillərin nalayiq ifadələr ilə paylaşanın Şəfa olduğunu bildirmişdir. Qobu PB-nin polis əməkdaşları Şəfanı PB- nə izahatının alınması üçün dəvət etsələr də, Şəfa yenə də çağırışlara məhəl qoymamış və PB-nə gəlməmişdir. Hətta Şəfa “Mən onun nə vaxt maşınını yandırsam, ona pislik etsəm o zaman PB-ə gələcəm” deyə bildirmişdir. Qobu PB-nin əməkdaşları Şəfanın yerini müəyyən edib PB-nə gətirmiş, Şəfa əvvəl “tik-tok” sosial şəbəkəsində saxta profil açaraq onun şəkilləri üzərinə nalayiq ifadələr yazaraq paylaşdığını boynuna almasa da sonradan polis əməkdaşlarının yanında bunları özünün etdiyini etiraf etmişdir. Şəfa etdiklərinə səbəb kimi işdən ona görə çıxarılmasını göstərmişdir. Daha sonra material Abşeron rayon prokurorluğuna göndərildikdən sonra prokurorluğa da göstərdikləri barədə izahat vermiş, eyni zamanda Şəfa özü də prokurorluğa verdiyi izahatında etdiklərini etiraf etdiyini bildirmişdir. Müdafiəçi2 “@xeyal..89” istifadəçi adını özünün yaratdığını, yəni həmin hesabın digər hər hansı şəxsin hesabı olmadığını, bu barədə ona məlumat verən şəxslərdən birinin həmin kafedə işləyən Şəfəq adlı qadın olmasını, hazırda onun əlaqə vasitəsi barədə məlumatı olmadığını, digər tanışları Pərviz və Xəyal adlı şəxslərin də bu barədə ona məlumat verdiyini qeyd etmişdir. Müdafiəçi2 barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Meyvəli bazarında günəmuzd fəhlə işəməklə qazanc əldə edir. Bəzi günlərdə axşam saatlarında yaşadığı evə yaxın olan Xocəsən qəsəbəsi ərazisində yerləşən “Cənub” kafesinə yemək yemək məqsədilə getmiş, həmin kafedə müğənni kimi çıxış edən Mehriban xanımı oraya tez tez getdiyindən sonradan münasibətləri yaranmışdır. Xatırladığı qədər xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olarkən “Tiktok” sosial şəbəkəsindən istifadə edərkən, yəni orda videoməzmunlara baxarkən qarşısına “@xeyal..89” adlı hesabın paylaşımı çıxmış, həmin hesabı kimin istifadə etdiyini bilməmişdir. Hesabdakı paylaşımda Mehriban xanımın şəklini və onun üzərində qeyri-etik ifadələr yazıldığını görmüş, həmin ifadələrə misal olaraq “q*hbə”, “soska” kimi ifadələri deyə bilər. Bu paylaşımı gördükdə Mehriban xanımın ***-***-**-** mobil nömrəsinə zəng vuraraq ona bu barədə məlumat vermiş, Mehriban elə indicə bu barədə eşitdiyini, polisə müraciət edəcəyini bildirmişdir. “@xeyal..89” adlı hesabın kim tərəfindən istifadə edildiyini əvvəlcədən bilmədiyini, bu hadisədən bir neçə gün sonra Mehriban xanımdan həmin paylaşım barədə soruşduqda həmin hesabı Cənub kafesində işləyən Şəfa adlı xanımın istifadə etdiyini bildirdiyini, Şəfa adlı xanımı kafedə işləyən ofisiant kimi qiyabi tanıdığını, bu məsələdən bir neçə gün sonra Şəfanın artıq kafedəki işindən çıxdığını, Mehriban xanıma bu barədə dedikdə o özünün məlumatı olduğunu bildirdiyindən paylaşım barədə məlumatı öz telefonunda saxlamağa ehtiyac görməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli, 4/1372 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “@xeyal..89” adlı “Tik-Tok” sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan yazılar ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən söz və ifadələrdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Müdafiəçi2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun “X2 Sistemindən” əldə edilmiş tələbnamədən görünür ki, Müdafiəçi2 əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət- Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub - olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46- cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46). Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş telefonun fotoşəkillərindən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan “Samsung” markalı, “Galaxy A52” modelli mobil telefonun internet tarifindən istifadə etməklə Tik-Tok” sosial şəbəkəsində istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına yalan məlumatlar yerləşdirilmiş “@xeyal..89” adlı saxta hesab profili yaradaraq Zərərçəkmiş şəxs Raci qızına aid fotoşəkilləri sonuncunun razılığı olmadan istifadə edib, məzmununda şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab məlumatlar yazıb 2024-cü ilin iyul ayının 16-da Abşeron rayonu Xırdalan şəhəri ərazisində kütləvi internet informasiya ehtiyatı olan “Tik-tok” sosial şəbəkəsində paylaşmaqla, yəni kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyib kollektiv arasında nüfuzdan salmaqla sonuncuya böhtan atmış, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini nalayiq formada alçaltmaqla zərərçəkmiş şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə əhatəsinin və qohumlarının gözündə nüfuzdan salmaqla onu təhqir etmişdir. Bununla da, təqsirləndirilən şəxs Müdafiəçi2 CM-nin 148-1 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1 -ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM- in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Müdafiəçi2 əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Müdafiəçi2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi2 cəza təyin edərkən ilk dəfə az böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yerindən müsbət xarakteriza edilməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq təqsirləndirildiyi Cinayət Məcəlləsinin 148-1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə 190 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Müdafiəçi2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 190 manat ekspertiza xərci təqsirləndirilən şəxs Müdafiəçi2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Müdafiəçi2 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar