Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-113/2020 11.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Sumqayıt şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.2, 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 19:30 radələrində, idarə etdiyi Changan markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən, Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən sağından eyni hərəkət zolağında Bakı şəhərindən Masazır qəsəbəsi istiqamətində işıqforun həmişə açıq yaşıl işığı ilə hərəkətdə olan BYD markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilini sürücüsü Zərərçəkmiş şəxs onun hərəkət zolağına daxil olmağına iradlar bildirməsi ilə bağlı sonuncunun idarə etdiyi avtomaşını həmin küçədə, yerləşən aptekin qarşısındakı ərazidə saxladaraq, mübahisə edərək idarə etdiyi avtomaşında oturmuş Zərərçəkmiş şəxs ailə üzvləri-həyat yoldaşı Şahid1 və qızı Şahid2 gözləri qarşısında sifət nahiyyəsindən zərbə vuraraq, ona sol almacıq sümüyünün alın çıxıntısının və sol almacıq sümüyünün göz yuvasıaltı hissəsinin kompresion (basılmış) sınığı, boyun və sağ said nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi olaraq taksi sürücüsü işləyib ailəsini dolandırır. xx.xx.2019cu il tarixdə saat 19:30-da Cahqan markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri istiqamətindən Masazır qəsəbəsi istiqamətində getdiyi vaxt, Masazır körpüsünün yaxınlığında BYD markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü onun maşınını sağ tərəfinə yaxınlaşıb onu nəlayiq sözlərlə təhqir etmişdir. Həmin sürücüyə, yəni sonradan adını bildiyi Çingizə söyüş söyməməyi bildirmiş və sürüb getmişdir. Masazır qəsəbəsində müşdərinin istəyi ilə avtomobili aptekin qarşsında saxlamışdır. Avtomobildən düşmüş və yolun kənarında dayanıb siqaret çəkmişdir. Bu zaman Çingiz onun yanından keçən zaman idarə etdiyi avtomobili saxlayıb, avtomobildən düşərək ona yaxınlaşmışdır. Çingiz ona yaxınlaşan kimi yumruqla Çingizin sifətindən yumruqla vurmuşdur. Bundan sonra əli ilə Çingizin sifətindən itələmişdir. Onaları aralaşdırmışlar və öz avtomobilinə minmişdir. Mübahisə baş verməmişdən əvvəl Çingizə məxsus avtomobildə sonuncunun qızının olduğunu görmüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 19:30-da Bakı şəhəri istiqamətindən Masazır qəsəbəsi istiqamətində idarə etdiyi, BYD markalı, ** FL *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman, Masazır körpüsünün yaxınlığında sağa döndükdə, Changan markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun qarşısına sol tərəfdən çıxmış, həmin avtomobilin qarşısında olduğu vaxt avtomobili idarə edən şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs arxadan siqnal verərək onu saxlatmışdır. Həmin vaxt avtomobilləri yan-yana saxlamış, Gündüz ondan niyə yol vermədiyini soruşduqda, “mənim sağa dönüşüm boşdur, sən mənim yoluma çıxmısan” demişdir. Həmin vaxt Gündüz ona qarşı nəlayiq söyüşlər işlətmiş, sonuncunun söyüşlərinə əhəmiyyət vermədən avtomobili sürüb getmişdir. Sonra Gündüz idarə etdiyi avtomobillə onu sağ tərəfdən keçərək getmişdir. Təxminən 1 kilometr getdikdən sonra qarşıdakı ərazidə Gündüz onun avtomobilinin qarşısına çıxaraq onu saxlatmışdır. Avtomobildən düşərək, sonuncudan nə baş verdiyini soruşmuş, Gündüzün qolundan tutmuş, həmin vaxt Gündüz sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Gündüz onun ünvanına nəlayiq söyüşlər söydüyü üçün əsəbiləşərək Gündüzün sifət nahiyyəsindən kəllə ilə vurmuşdur. Sonra tanımadığı şəxslər onları ayırmış, avtomobilini sürərək yoluna davam etmişdir. Mübahisə Abşeron rayonu, Masazır qəsəbəsində aptekin qarşısında baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək, xx.xx.2019-cu il tarixdə saat 19:30 radələrində atası Çingizin idarə etdiyi BYD markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən Masazır körpüsünün yanından sağa döndükdə Changan markalı, avtomobilin sürücüsü onların yoluna çıxdığını, həmin avtomobilin sürücüsü siqnal verərək, atasını saxlatdığını, atasının həmin sürücü ilə arasında sözlə mübahisə etdiyini, təxminən bir kilometr getdikdən sonra həmin sürücü atası Çingizin avtomobilinin qarşısına çıxaraq saxlatdığını, atası Çingiz avtomobildən düşüb ona yaxınlaşdıqda həmin şəxs yumuruqla atasının sifətindən vurduğunu, özü və anası bunu gördükdə bərk qorxduqlarını bildirərək, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1119 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol almacıq sümüyünün alın çıxıntısının və sol almacıq sümüyünün göz yuvasıaltı hissəsinin kompresion (basılmış) sınığı, boyun və sağ said nahiyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi müddətdə və şəraitdə xx.xx.2019-cu il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlmlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Bakı şəhəri, Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri, Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-113/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-113/2020
11.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver