Məhkəmə qərarları › İş №1(012)-113/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-113/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-113/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır qəsəbəsi, Ordubadi küçəsi nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə sonuncunun su xəttinin kəsilməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinə bir dəfə əlində olan daş ilə qəsdən vuraraq ona sağ yanaq nahiyəsinin cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, təxminən 15 ildir ki həmin ünvanda yaşayır. Həmin vaxtdan qonşusu Zərərçəkmiş şəxs da onunla qonşuluqda yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus su xəttinin olması və həmin su xəttindən ona məxsus həyətə su axıdılmış, buna görə də həmin məsələnin aradan qaldırılması üçün bir neçə dəfə Zərərçəkmiş şəxs və onun ailəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs və onun ailəsi iştirak etdikləri toy məclisindən qayıtdıqdan sonra onlara məxsus su xəttinin kəsildiyini görmüşlər. Təxminən saat 00:30 radələrində küçədə onların ünvanına söyüş söyüldüyünü eşitmiş, bu zaman həyat yoldaşı Zabit Abıyev isə yatmışdır. O, Zabiti yuxudan oyadaraq küçədə kiminsə söyüş söydüyünü bildirmişdir. Bundan sonra Zabit onlara məxsus evin pilləkənanı çıxmış və görmüşdür ki, Türkelin və onun atası Şahid sərxoş vəziyyətdə onlara məxsus evin qarşısında Xalidəyə qarşı üzünə, ağzına nalayiq ifadələr işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs bir qədər aralıda küçədə olmuşdur. Həmin vaxt Xalidə həyat yoldaşı Zabitin yanında olmuş və Zabit də mobil telefon vasitəsi ilə hadisəni videogörüntüyə almışdır. Hadisə baş verən zaman onun vəziyyəti pisləşmiş və evin qapısının ağzında yıxılmışdır. Həyat yoldaşı onu evə aparmış və “X7” Ximdətinə müraciət etmişdir. Təxminən 30 dəqiqə sonra “X7” Xidməti gəlmiş və ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti düzəlmişdir. Xalidə özünə gələndə hamı dağılışmış, həmçinin baş vermiş hadisə ilə bağlı həyat yoldaşı Zabit DİN-in “102” xidməti zəng mərkəzinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs və Şahidlə mübahisə təxminən 15 dəqiqə davam etmiş və həmin vaxtı qonşulardan hadisəni Şakir, Famil, Etibar görmüşdür. Həmçinin Xalidə bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə heç bir daş atmamış, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Mən bildirirəm ki, Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirib. Mən ona və atasına dava-dalaş zamanı xəsarət yetirməmişəm. Ola bilsin ki, Zərərçəkmiş şəxs içkili olduğu üçün ya özü-özünə xəsarət yetirmiş, ya da yıxılaraq küçədə xəsarət almışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs, ifadəsində göstərmişdir ki, o, təxminən 2006-ci ildən ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs da təxminən onunla eyni vaxtdan orada yaşayır və onlar qonşu olmuşlar. Zərərçəkmiş şəxs ora köçdükdən sonra küçədə olan kanalizasiya xəttinə qoşulmaq üçün şəxsi hesabı ilə həmin kanalizasiya xəttindən istifadə etməyə başlamışdır. Başqa bir qonşu yaşadığı məhəlləyə köçdükdən sonra ödəniş edib həmin kanalizasiya xəttindən istifadə etməyə başlamış və həmin vaxtdan sonra qonşusu X5 da digər qonşunun verdiyi pul hesabına özünə pay istəmişdir. Həmin vaxt həyətdə olarkən Zabit Abiyev onların evinin qarşısından keçərək Türkelin atasını və digər qonşusunu təhqir etmişdir. Təxminən iki ay öncə bu hadisə baş verəndə Türkel həyətdən çıxıb qonşuların yığışdığı yerə getmiş və qonşusu Zabit, atası və qardaşı da orda olmuşlar. O yaxınlaşıb Zabitə kimə söyüş söyməsi ilə bağlı soruşmuş, Zabit isə əlində olan bel ilə söyüş söyüb onun üstünə gəlmişdir. Həmin vaxt ətrafda olan qonşular mübahisənin uzanmasının qarşısın almışlar. Həmin mübahisədən sonra onun Zabit və onun ailəsi ilə münasibəti olmamışdır. Bu hadisə baş verdikdən bir qədər sonra Zabit Abiyev onun kanalizasiya xəttini dağıdaraq içini daşlarla doldurmuş və bununla bağlı o və atası Şahid öz narazılığını qonşusu Zabit Abıyevə bildirmişdir. Amma həmin vaxt aralarında heç bir dava-dalaş olmamışdır. Bu hadisədən təxminən iki ay keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində o və atası toydan qayıtdıqdan sonra öz yaşadıqları evə gəldikdən sonra görmüşlər ki, evlərinə gələn su xətti mişarla Zabit Abiyev tərəfindən kəsilmişdir. Bundan sonra yaranmış səs-küyə o, atasının dalınca küçəyə getmiş və qonşusu Zabit Abıyev və onun həyat yoldaşı Təqsirləndirilən şəxs da küçəyə çıxmışlar. Atası Şahid baş vermiş hadisədən əsəbiləşsə də, Türkel onu sakitləşdirməyə çalışmış və həmin vaxt aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onun atasına nalayiq ifadələr işlətməyə başlamışdır. Mübahisə zamanı qonşusu Zabit isə telefonla danışmış, Təqsirləndirilən şəxs həyətdə olan daşı götürərək atası Şahid atmağa çalışmış, lakin Türkel atasına yaxın dayandığı üçün qonşusu Xalidənin atdığı daş onun sağ yanaq nahiyəsinə dəymişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs onu daşla vuranda qonşular orada olmamışlar. Onlar yalnız sonradan səs-küyü eşidib hadisə baş verən yerə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, ifadəsində göstərmişdir ki, təxminən 2006-ci ildən ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs da təxminən eyni vaxtdan orada yaşayır və onlar qonşu olmuşlar. Həmin ünvanda yaşadığı müddətdə Şahid Xalidə Əskorova ilə yaxşı qonşuluq münasibəti olmuş və hər hansı bir ədavəti olmamışdır. Təxminən bu hadisədən iki ay əvvəl qonşusu Zabit Abiyev ona məxsus kanalizasiya xəttini kəsərək yararsız hala salmışdır. Bu hadisəyə görə onların arasında mübahisə olsa da, məsələni öz aralarında həll etmişlər. Lakin bundan sonra hadisənin baş verdiyi gün, yəni xx.xx.2022-ci ildə təxminən saat 00:30 radələrində Şahid toy məclisindən gəldikdən sonra ona məxsus olan evin su xəttinin də yararsız vəziyyətə salındığını görmüşdür. Su xəttinin yararsız hala salındığına görə onun yaşadığı evin zirzəmisini su basmışdır. Şahid də su xəttinin kim tərəfindən kəsilməsini öyrənmək üçün küçəyə çıxmış və qonşusu Zabit Abiyev və onun ailə üzvləri də həmin vaxtı küçədə olmuşlar. O, içkili olduğu üçün suyu kəsənin ünvanına bir neçə nalayiq ifadələr işlətmiş, bundan sonra qonşusu Zabitin həyat yoldaşı Xalidə də onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Zabit Abıyev isə ona məxsus mobil telefon vasitəsi ilə baş verən hadisələri videogörüntüyə çəkmişdir. Bundan sonra qonşusu Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerdən daş götürərək oğlu Zərərçəkmiş şəxs atmağa başlamışdır. Bu zaman atdığı daşlardan biri oğlu Türkelin sinə nahiyəsinə dəymiş və Şahid vəziyyətin pisləşdiyinə görüb oğlu Zərərçəkmiş şəxs evə qayıtmasını demişdir. Növbəti dəfə qonşusu Xalidə onlara tərəf daş atdıqda həmin daş parçası oğlu Türkelin sağ yanaq nahiyəsinə dəymişdir. Şahid bildirmişdir ki, qonşusu Zabit Abiyev və Təqsirləndirilən şəxs ilə mübahisələri təxminən 10-15 dəqiqə davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs onun oğlunu daşla vuranda qonşular orada olmamışlar. Onlar yalnız sonradan səs-küyü eşidib hadisə baş verən yerə gəlmişlər. Bundan sonra o və oğlu Zərərçəkmiş şəxs yaşadıqları evə girmişlər. Hadisə baş verdikdən sonra xx.xx.2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatəti əsasında əlavə şahid qismində dinirilmiş Sübhan Babayev ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30 radələrində evdə yatmış, yaranmış səs-küyü eşidib küçəyə çıxmış, çölə çıxanda Zərərçəkmiş şəxs atası Şahid Zabitgilin evinə tərəf getdiyini və telefonla həmin anları qeydə aldığını görmüş, daha sonra o Zabitgilin evinə çatanda suyun kəsilməsi səbəbindən onların ünvanına nalayiq ifadələr işlətmiş, Zabitin və yoldaşı Xalidə çölə çıxmış və nəsə demiş, buna görə də Zabit yoldaşı Xalidəni evə salmışdır. O, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş parçası ilə xəsarət yetirdiyini görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatəti əsasında əlavə şahid qismində dinirilmiş X3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə evdə yatmış, yaranmış səs-küyü eşidib küçəyə çıxmış, çölə çıxanda Zərərçəkmiş şəxs atası Şahid Zabitgilin evinə tərəf getdiyini və onların ünvanına söyüşlər söymüş, Zabit Şahid nə üçün söyüş söydüyünü soruşmuş, bu zaman Təqsirləndirilən şəxs çölə çıxmış və söyüş səbəbindən halı pisləşmişdir. Zabit onu evə salmışdır. Hadisə 10-15 dəqiqə çəkmiş və hadisə nəticəsində xəsarət alan şəxs görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkili Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatəti əsasında əlavə şahid qismində dinirilmiş X5 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 00:30- radələrində evdə yatmış, yaranmış səsküyü eşidib küçəyə çıxmış, Zərərçəkmiş şəxs atası Şahid suyunun kəsildiyi üçün küçədə nalayiq ifadələr işlətmiş, o isə cavabında onun sudan qanunsuz istifadə etdiyi üçün Abşeron rayon su idarəsinə şikayət etdiyini bildirmiş, bu zaman Zərərçəkmiş şəxs də atasının yanında olmuş, o da Təqsirləndirilən şəxs və onun ailəsinə qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra onun vəziyyəti pisləşmiş və həyat yoldaşı onu öz yaşadıqları evə aparmışdır. O, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş parçası ilə xəsarət yetirməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasıın 29 iyul 2022-ci il tarixli 1695 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ yanaq nahiyəsinin cırılmış yarası bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı daş parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona ittiham elan edilməsi barədə qərarla razı olmaması və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsindən daş ilə vurmadığını bildirməsi barədə göstərdiyi xüsusatlar onun özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər olduğundan tərəfimdən vəsatət kimi qəbul edilib, şahid ifadələri, üzləşdirmə protokolları və məhkəmə tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli 1695 nömrəli rəyi və cinayət işinin içərisində olan bir sıra sübutlarla tam təkzib edilərək əsassız olduğundan tam rədd edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında, küçədə Zərərçəkmiş şəxs ilə sonuncunun su xəttinin kəsilməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinə bir dəfə əlində olan daş ilə qəsdən vuraraq ona sağ yanaq nahiyəsinin cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona, 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar