Məhkəmə qərarları › İş №1(012)-113/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-113/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-113/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 25 manat müqabilində, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, çəkisi 1,820 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cü tarixdə saat 04 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Puta-Hökməli yolunun kənarında yerləşən “Yurd” marketin yaxınlığında olarkən X8 əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, bölmənin inzibati binasında xidməti otaqda üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 1,820 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.Əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etdiyinə və oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Bədənində ağrılar olduğu üçün təxminən 4-5 il olar ki, metamfetamin adlanan narkotik vasitədən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Narkotik vasitəni əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. Narkotik vasitə və psixotrop maddəni müxtəlif ərazilərdə adətən tanımadığı şəxslərdən əldə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, kənd Binəqədi adlanan ərazidə adını xatırlamadığı bir küçədə olarkən tanımadığı bir şəxslə söhbət edən zaman həmin şəxsin psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O da həmin tanımadığı şəxsə psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxsə ona bir büküm psixotrop maddə metamfetamin təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm psixotrop maddə metamfetamini 25 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. həmin şəxslə razılaşmışdır. Həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxs cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamini çıxardıb ona vermişdir. Sonuncu da həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 25 manat verərək həmin bükümü almış və əynində olan mavi rəngli cins şalvarının sol yan cibininə qoymuşdur ki, onu istifadə etsin. Daha sonra isə həmin şəxslə sağollaşaraq yaşadığı Abşeron rayonu, Novxanı kəndinə gəlmişdir.Bir gün sonra yani xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, ərazisinə dostu ilə görüşməyə getmişdir. Bu zaman Qobu qəsəbəsində Puta-Hökməli yolunun üzərində yerləşən “Yurd” marketin yaxınlığında gəzib həmin ərazidə siqaret çəkən zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onlar ona psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Qobu PB-nə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə X9 getmişdir. Polis İdarəsində o, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə olduğunu bildirir. Daha sonra ona müdafiəçi dəvət etmişdirlər. Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Kənd Binəqədi adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 25 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, o, X8 CAŞ- nin əməliyyat müvəkkili vəzifəsində işləyir.Polis kapitanıdır. 23 may 2023-cü il tarixdə məxfi mənbədən ona Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan və hal hazırda görüş üçün Abşeron rayonu, Qobu qəsəbəsində olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Polis İdarəsinin rəisinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsindən ötrü onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Qobu PB-nin sahənin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və birgə Abşeron rayonu, Qobu qəsəbəsi, Hökməli-Puta yolunun üzərində yerləşən “Yurd” marketin yaxınlığında təxminən saat 04 radələrində Təqsirləndirilən şəxs onların tərəfindən müəyyən edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edərək, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı Məmmədxan Həsənov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Kənd Binəqədi adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarıət psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün əldə etmişdir.Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Qobu PB-də müdafiəçini iştirakı ilə baxış keçirilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Qobu PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 23 may 2023-cü il tarixli, 6/2967 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,820 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 1,820 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq -1,720 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş, ümumi qalıq çəkisi 1,720 qram olan psixotrop maddə olan metamfetamin və “şəxsi axtarış və götürmə aparılması” haqqında 23 may 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli 3221 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, istintaq zamanı Abşeron RPİ-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində 25 manata aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234-cü maddələri təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1, 67.1-ci maddələri təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə və 1800 manat cərimə cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cərimə cəzası 01 il islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8 bəndinə əsasən azad edilmişdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən 12 mart 2024-cü il tarixdə həbs qərimkan tədbiri seçilməklə axtarış elan edilmiş, X8 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,720 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,720 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar