Məhkəmə qərarları › İş №1(012)-113/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-113/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-113/2025 19.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Ucar şəhəri, Pambıq zavodu yaşayış evində qeydiyyatda olmaqla, ünvan 1 küçəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “8-ci kilometr bazarı”ndan istintaqa məlum olmayan şəxsdən 50 manat pul qarşılığında satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş çəkisi 13,06 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımış və saxlamış, 24 noyabr 2023-cü il tarixdə saat 04:40 radələrində Abşeron rayon polis idarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində “Məhəllə” marketin yaxınlığında saxlanılmaqla, Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək həmin gün saat 06:00-dan 06:06-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 13,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hal hazırda ailəsi ilə birlikdə Ucar rayonu, Ucar şəhəri, Pambıq Zavod yaşayış massivində qeydiyyatda olmaqla, ünvan 1 küçəsində nömrəsiz fərdi ev ünvanında yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki,əvvəllər məhkum olunmamışdır. Barəsində hal hazırda Sabunçu rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işinin məhkəmə icraatı aparılır. Hal hazırda heç bir yerdə işləmir. İş düşəndə bərbər kimi fəaliyyət göstərir. Bədənində ağrılar olduğu üçün təxminən 4-5 ay müddət olar ki, adətən nəşə adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Narkotik vasitə qurudulmuş marixuananı əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. Özünə iş axtarmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən 8-ci kilometr bazarına gəlmişdir. Həmin bazarda axşam olduğundan araba sürərək özünə iş axtarırımış. Həmin yerdə iş axtarakən tanımadığı şəxslə söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsin narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O da həmin şəxsə psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs də ona 50 manat müqabilində 01 büküm narkotik vasitə olan nəşə adlnanan qurudulmuş marixuana verə biləcəyini demişdir. Onunla razılaşmışdır. Daha sonra həmin şəxs ondan ayrılaraq çıxıb getmişdir. Təxminən 20 dəqiqə sonra geri qayıtmışdır. Daha sonra Ona yaxınlaşıb ona 01 büküm “nəşə” gətirdiyini bildirmişdir. O da həmin bükülüyə baxıb onun qurudulmuş marixana olduğunu görmüşdür. Daha sonra həmin şəxsə 50 manat pul vermiş və onun verdiyi şəffaf sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana olan bükümü cibinə qoymuşdur. Bir neçə saat həmin bazarda olduqdan sonra yaşadığı Qara Qarayevdə yerləşən mənzilinə qayıtmışdır. Təxminən bir gün sonra xx.xx.2023-cü il tarixdə dostu ilə görüşmək üçün Abşeron rayonu, Masazır qəsəbəsinə gəlmişdir. Bir müddət orda qaldıqdan sonra həm evə getmək həm də siqaret almaq məqsədi ilə saat 04:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində Rafiq Dünyamalıyev küçəsində olan “Məhəllə” marketin yaxınlığında dayanıb siqaret çəkirmiş. Həmin zaman onun cibində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarı adlanan ərazidə tanımadığı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuana da olmuşdur. Bu zaman ətrafdan keçib ona yaxınlaşan Post Patrul Xidməti Əməkdaşlarını görüb onlardan uzaqlaşmağa və qaçmağa başlamışıdır. Post Patrul Xidmətinin əməkdaşları ona çatıb özlərini təqdim etmişlər və ondan üzərində şəxsiyyətini təsdiq edən sənəd olub olmamasını, varsa təqdim etməsini, gecə vaxtı burda nə gəzdiyini nə üçün onları görən zaman uzaqlaşaraq qaçdığını ondan soruşmuşlar. O isə həyəcanlanaraq özünü itirmiş adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, burada dostunun evinə qonaq gəldiyini, üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olduğundan qorxub qaçdığını bildirmişdir. Daha sonra Post Patrul Xidmətinin əməkdaşları onun razılığını alıb onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə onların idarə etdiyi xidməti maşına minərək Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində o, narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirir. Daha sonra Polis idarəsində onun gətirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən raport yazılmışdır. Onu təhqiqatçı Tural Ağalarzadənin xidməti otağna gətirmişdilər. Daha sonra ona müdafiəçi dəvət etmişdirlər. O isə təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə təhqiqatçı Tural Ağalarzadənin inzibati otağında videoçəkiliş ilə oun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmadığı soruşulmuş, o, da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə narkotik vasitə olan “nəşə” adlanan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik vasitə olan qurudulmuş marixnananı xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “8-ci kilometr” bazarından ərazidən tanımadığı və şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 50 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Onun üzərinə sadəcə Abşeron RPİ-nin inzibati binasında vəkilin iştirakı ilə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən Daxili İşlər orqanlarında həmin tarixdən də Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Polis serjantı xüsusi rütbəsindədir. 24 noyabr 2023-cü il tarixdə 4768 çağırışlı avtopatrulda iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə saat 04:30- 04:40 radələrində Abşeron Rayonu, Masazır qəsəbəsində, Rafiq Dünyamalıyev küçəsində xidmətdə olan zaman “Məhəllə” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görən kimi uzaqlaşaraq gizlənmək istədyini görərək həmin şəxsi saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə həmin şəxs üzərində heç bir sənəd olmadığını bildirmişdir. Ondan özünü təqdim etməsini tələb etdikdə həmin şəxs onlara adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra həmin şəxsdən burada gecə vaxtı nə gəzdiyini soruşan zaman həmin şəxs onlara bura dostunun evində qalmaq üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs niyə onları görən kimi qaçaraq uzaqlaşdığını və gizləndiyini soruşduqda həmin şəxs verilən suallara qeyrimüəyyən cavab verməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olduğunu və ona görə də uzaqlaşdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığını alıb onu 4768 çağırışlı avtopatrulla Abşeron RPİ-nə dəvət etmişdilər. Təqsirləndirilən şəxs də onlara heç bir etiraz etməyib rayon polis idarəsinə gəlmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı Tural Ağalarzadənin inzibati otağında ona hüquqları izah olunaraq müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında təhqiqatçı Tural Ağalarzadə və müdafiəçi Sirac Əsgərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşyanın olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuana olan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxsdan üzərində aşkar olunmuş bükümün nə olduğu və həmin bükümü hardan aldığı soruşmuşlar Təqsirləndirilən şəxs isə üzərində aşkar olunmuş bükümün “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 21 radələrində şəhəri, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasnın yaxınlığında yerləşən “8-ci kilometr bazarı” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis sıravisi polis serjantı, Şahid3, oğlu ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən Daxili İşlər orqanlarında həmin tarixdən də Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Polis serjantı xüsusi rütbəsindədir. 24 noyabr 2023-cü il tarixdə 4768 çağırışlı avtopatrulda iş yoldaşları Şahid2 və Şahid1 ilə birlikdə saat 04:40 radələrində Abşeron Rayonu, Masazır qəsəbəsində, Rafiq Dünyamalıyev küçəsində xidmətdə olan zaman “Məhəllə” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görən kimi uzaqlaşaraq gizlənmək istədyini görərək həmin şəxsi saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə həmin şəxs üzərində heç bir sənəd olmadığını bildirmişdir. Ondan özünü təqdim etməsini tələb etdikdə həmin şəxs onlara adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra həmin şəxsdən burada gecə vaxtı nə gəzdiyini soruşan zaman həmin şəxs onlara bura dostunun evində qalmaq üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs niyə onları görən kimi qaçaraq uzaqlaşdığını və gizləndiyini soruşduqda həmin şəxs verilən suallara qeyri-müəyyən cavab verməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana olduğunu və ona görə də uzaqlaşdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığını alıb onu 4768 çağırışlı avtopatrulla Abşeron RPİ-nə dəvət etmişdilər. Təqsirləndirilən şəxs də onlara heç bir etiraz etməyib rayon polis idarəsinə gəlmişdir. Abşeron rayon Polis İdarəsinin inzibati binasında təhqiqatçı Tural Ağalarzadənin inzibati otağında ona hüquqları izah olunaraq müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs də təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsinin inzibati binasında təhqiqatçı Tural Ağalarzadə və müdafiəçi Sirac Əsgərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuana olan bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxsdan üzərində aşkar olunmuş bükümün nə olduğu və həmin bükümü hardan aldığı soruşmuşlar Təqsirləndirilən şəxs isə üzərində aşkar olunmuş bükümün “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 21 radələrində şəhəri, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasnın yaxınlığında yerləşən “8-ci kilometr bazarı” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis sıravisi polis serjantı, Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertiza üzrə 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1604 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 13,06 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (qalıq çəkisi 13,01 qram – 0,050 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Qurudulmuş marixuana- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 dair xx.xx.2024-cü il tarixli 461 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs KANNABOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 1(008)-958/2023 nömrəli məktubdan görsənir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hal hazırda icraatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cü il tarixli 1(103)-1341/2024 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(008)-321/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il qərarı ilə Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2024-cü il tarixli 1(103)- 1341/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 13,01 qram narkotik vasitə qurudulmuş marixuana Abşeron RPİnin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə içərisində tünd yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuana olan büküm aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 13,01 qram narkotik vasitə qurudulmuş marixuana məhv olunmalı; maddi sübut olan bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət olmaqla ümumilikdə 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 may .2024-cü il tarixdən hesablansın. İş üzrə 78 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 13,01 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar