Məhkəmə qərarları › İş №1(012)-1144/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1144/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1144/2025 30.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də avtobus sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 05:45-də sürücü işlədiyi 199 nömrəli marşrut avtobusu ilə ünvan 2 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin qarşısında dayanacaqda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafdakı şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ictimai yerdə digər şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək sonuncu ilə dalaşıb sifət nahiyəsinə yumruqla vuraraq sol göz almasının kontuziyası, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Xaliq Faiqoğlu" MMC-də ümumilikdə 3 il işləməklə hal-hazırda "xxxx" MMC-yə məxsus 199 saylı marşrut avtobusunda sürücü işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 05:45 radələrində idarə etdiyi BMC markalı **- JL-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı Mühəndislik Universitetinin qarşısında sərnişinləri götürmək üçün universitetin qarşısında yerləşən dayanacaqda onun istifadə etdiyi BMC markalı **- JL-*** dövlət qeydiyyat nişanlı avtobusu saxlamışdır. Həmin dayanacaqda növbə gözlədiyi zaman onunla birlikdə sürücü işləyən, BMC markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq niyə birinci növbəyə daxil olduğu ilə bağlı irad bildirmişdir. O isə həmin şəxsə müvəqqəti dayandığını, öz növbəsində hərəkət edəcəyini bildirmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elşən ona söyüş söydüyü üçün onlar bir-birinin yaxasından tutmuş və o, əsəblərini cilovlaya bilməyərək Elşənin sol göz nahiyyəsindən bir dəfə sağ əli ilə yumruq zərbəsi endirmişdir. Onlar bir-birinin yaxasından tutud dartmışlar. Həmin vaxt orada olan digər iş yoldaşları Tahir onları aralamışdır. Hadisə zamanı orada kənar sürücülərin də olduqları müəyyən edilmişdir. Bundan sonra əvvəlcə Zərərçəkmiş şəxs 102 zəng xidmətinə zəng etmişdir. Daha sonra isə o, hadisə yerindən kənarlaşaraq 102 zəng xidmətinə Elşənin onu təhqir etməsi barədə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Birlik MTK-7, mənzil 88-də yaşayır, "xxxx" MMC-yə məxsus 199 saylı marşrut avtobusunda 15 mart 2025-ci ildən sürücü işləyir. Təqsirləndirilən şəxs ilə əvvəldən tanışlığının olmamış,17 may 2025-ci il tarixdə, saat 05:45də xidməti istifadəsində olan BMC markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtobusla sərnişinlərin avtobusa minməsi üçün Bakı Mühəndislik Universitetinin qarşısında yerləşən dayanacaqda növbə gözlədiyi zaman onun kimi sürücü işləyən Təqsirləndirilən şəxs idarə etdiyi BMC markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı avtobusla öz sırasını gözləmədən onun idarə etdiyi avtobusun qarşısında saxlamışdır. Bu səbəbdən o, avtobusdan düşərək Təqsirləndirilən şəxs mədəni şəkildə yaxınlaşıb onun növbəsinə girməsi ilə bağlı irad bildirmiş və öz sırasını gözləməsini xahiş etmişdir. Ondan xahiş etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əksinə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Cavab verdiyi zaman Təqsirləndirilən şəxs onun üstünə doğru gələrək yaxasından tutmuşdur. O isə Namiqi özündən uzaqlaşdırmaq üçün kənara itələmişdir. Bu vaxt ətrafda olan digər sürücülər onların aralarına girərək ayırmış və Namiqi bir neçə metr kənara çəkmışlər. Mübahisə olan yerdə yerləşən skamyada 1–2 dəqiqə oturduğu vaxt Təqsirləndirilən şəxs qəflətən ona yaxınlaşaraq sağ əli ilə sol gözünə bir dəfə yumruq zərbəsi endirmişdir. Daha sonra həmin dayanacağın yaxınlığında olan sürücülər üçün nəzərdə tutulmuş yerdə kənardakı sürücülər onların yanına gələrək ayırmışlar. Bundan sonra o, dayanacağa yaxın skamyada əyləşmişdir. Ətrafda olan sürücülər Namiqi oradan uzaqlaşdırmışlar. DİN-in 102 xidmətinə döyülməsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşə şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də sürücü işləyir, BMC markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtobusu 6 ildir idarə edir. xx.xx.2025-ci il tarixdə saat 05:45-də Bakı Mühəndislik Universitetinin qarşısında olan dayanacaqda öz növbəsini gözlədiyi zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə edərək bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini görmüş, onların yanına yaxınlaşan zaman orada tanımadığı digər sürücülərin də olduqlarını görmüşdür. Onları aralayarkən tək olduğu üçün çətinlik çəkmişdir. Bundan sonra Elşəni sakitləşdirdiyi vaxt Namiq əli ilə onu itələmiş və sağ əli ilə Elşənin sol göz nahiyəsinə bir dəfə zərbə endirmişdir. Namiqin zərbəsindən dərhal sonra onları aralamışdır. Bundan sonra hər ikisi bir tərəfə dağılıb uzaqlaşmışlar. Hadisədən sonra isə Elşən DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 17 may 2025-ci il tarixli, 5611 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sol gözün küt travması – sol göz almasının kontuziyası, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qan sızma, üst dodağın selikli qişasının əzilmiş yarası- küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 17 may 2025-ci il tarixli, 1140 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 31 mart 2015-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə araşdırması aparılmış material CM-nin 40.2.2-ci maddəsinə əsasən xitam edilmişdir. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, o cümlədən onun İ Qarabağ müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59. 2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (iyirmi) faiz pul tutulmaqla, 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar