Məhkəmə qərarları › İş №1(012)-115/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-115/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-115/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Saray qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15.09.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, H.Səmədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yeri hesab edilən yardımçı tikilinin plastik pəncərəsini vintaçanla açmaq yolu ilə tikiliyə qanunsuz daxil olaraq, oradan hər bir metrinin dəyəri 4,5 manat olmaqla, ümumilikdə 54 manat dəyərində 12 metr uzunluğunda qaynaq apartının naqilini, 15 manat dəyərində 01 ədəd qaynaq aparatının tutacağını, hər bir dişinin dəyəri 3 manat olmaqla, ümumilikdə 24 manat dəyərində 08 ədəd laqonda aparatının dişlərini, 10 manat dəyərində 01 ədəd deşicini, 12 manat dəyərində 01 ədəd daşkəsən laqonda dişini, 10 manat dəyərində bir qutu elektrodu və 10 manat dəyərində 01 ədəd əl mişarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07.10.2019-cu il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsində yerləşən «xxxx-14» aptekin qarşısında park edilmiş «xxxx» apteklər şəbəkəsi MMCyə məxsus «Fiat» markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapısının və pəncərəsinin açıq olmasından istifadə edərək, həmin avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus olan 850 (səkkiz yüz əlli) manat dəyərində «Samsung Galaxy A70» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06.04.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində olan saxlanc yeri hesab edilən tövlənin dəmir tordan ibarət qapısını açmaq yolu ilə tövləyə qanunsuz daxil olaraq, oradan hər quzunun dəyəri 75 manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat dəyərində iki baş quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 20.05.2020-ci il tarixdə saat 19 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 180 manat məbləğində nəğd pul verməklə şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdyi 425,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üstündə daşıyaraq saxlamış, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 21.05.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində küçədə saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və Abşeron RPİ-nin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan bir ədəd sellofan torbada təmiz çəkisi 425,0 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi imkanı yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2019-cu ilin sentyabr ayının 15də saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivinə gəldikdən sonra, orada yarımtikili fərdi yaşayış evinin hasarını aşıb həyətə keçmişdir. Həyətdə olan köməkçi otağın plastik pəncərəsini vintaçanla açıb otağa daxil olmuşdur. Otaqda olan təxminən 3 metr uzunluğunda qara rəngli qaynaq aparatının naqilini, bir qutu elektrod, bir ədəd əl mişarı, 5-6 ədəd laqonda aparatının daşlarını, bir ədəd qaynaq aparatının başlığını və 10 ədəd deşici aləti oğurlayıb otaqdan çıxıb getmişdir. Həmin gün oğurladığı əşyaları Sumqayıt şəhərinə aparıb, orada tanımadığı bir nəfər şəxsə 30 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 07.10.2019-cu il tarixdə saat 14 radələrində tanışları «Xaqani və Ayaz» adlı şəxslərlə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «xxxx» aptekin qarşısından keçən zaman, həmin aptekin qarşısında «Fiat» markalı **-JM-*** dövlət qeydiyyat nömrəli avtomobilin dayandığını və avtomobilin qapısın açıq olduğunu görmüşdür. Yuxarıda göstərdiyi tanışları ilə birlikdə avtomobilin yanından keçib bir qədər qabağa getdikdən sonra «Xaqani və Ayaz» adlı tanışlarına yollarını davam etməsini, özünün isə başqa işi olduğunu deyib, geriyə həmin «Fiat» markalı **-JM-*** dövlət qeydiyyat nömrəli avtomobilin yanına qayıtmışdır. Avtomobilin yanında ətrafa baxıb kimsənin onu görmədiynə əmin olub, avtomobilin qabaq sol qapısın açaraq avtomobilin salonundan bir ədəd «Samsung Galaxy A70» markalı mobil telefonu götürüb avtomobildən uzaqlaşmışdır. Tanışları «Xaqani və Ayaz» adlı şəxslərə o, «Fiat» markalı **-JM- *** dövlət qeydiyyat nömrəli avtomobilin salonundan mobil telefon oğurlaması barədə bildirməmişdir. Daha sonra ona pul lazım olduğu üçün, oğurladığı «Samsung Galaxy A70» markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsində yerləşən telefon dükanında işləyən Nicat adlı şəxsə 190 manata satmışdır. Həmin telefonun oğurluq yolu ilə əldə etməsi barədə Nicat adlı şəxsə bildirməmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 06.04.2020-ci il tarixdə təxminən saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə ev axtarırmış. Həmin vaxtı məhlədə yerləşən fərdi evlərdən birinin təxminən 50 sm hündürlüyündə olan hasarından həyətə keçmiş və orada qarşısı setka ilə hasarlanmış tövlənin olduğunu görmüşdür. Tövlənin dəmir məftildən olan qapısını açıb içəri daxil olaraq, oradan 2 baş quzunu çıxarıb aparmışdır. Həmin gün səhərə yaxın 2 baş quzunu Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsə 100 manata satmışdır. Oğurladığı 2 baş quzunun oğurluq yolu ilə əldə etdiyni, həmin şəxsə bildirməmişdir. Oğurluq yolu ilə əldə etdiyi 100 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 20 may 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən tanımadığı şəxsdən 180 manat müqabilində 01 ədəd ağ sellofana bükülmüş qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün almışdır. Daha sonra həmin gecə, yəni 21.05.2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olarkən iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra, onu Abşeron RPİ-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmiş, idarədə əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi təqdim olunandan sonra, video çəkiliş aparılmaqla Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Hacıyev tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən ondan üzərində qanunsuz olaraq saxladığı hər-hansı əşyanın olub-olmadığı soruşulmuşdur. O, əlində olan paketin içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qablaşdırıldıqdan sonra, üzərində iştirakçılar və özü tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, ucadan oxunmuş özü və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, «xxxx» apteklər şəbəkəsində həmin firmaya məxsus «Fiat» markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində yerəşən «xxxx» apteklərə dərman paylayırmış. 07.10.2019-cu il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «xxxx-14» aptekə dərman verən zaman, idarə etdiyi avtomobilin qapıları və pəncərəsi açıq vəziyyətdə olmuşdur. Aptekdən avtomobilinə qayıdan zaman, avtomobilin salonunda olan özünə məxsus 850 manat dəyərində «Samsung Galaxy A70» markalı telefonun yerində olmadığını aşkar etmişdir. Telefonunun oğurlandığını başa düşdükdən sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermişdir. Başı vermiş oğurluq hadisəsi nət5icəsində ona 850 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, ünvan 3 ünvanında yaşayır. Yaşadığı evin həyətində tövlədə 20 baş qoyun quzu saxlayırmış. 05.04.2020-ci il tarixdə axşam saat 19 radələrində qoyunlarına yem verdikdən tövlənin dəmir tordan olan qapısını bağlamışdır. 06.04.2020-ci il tarixdə saat 06:30 radələrində tövləyə gəlib qoyunlarına yem verən zaman, qoyunların arasında olan iki baş quzunun olmadığını aşkar etmişdir. Həmin vaxtdan quzuları axtarmağa başlamış və tapacağını fikirləşmiş və bu səbəbdən ilikin olaraq polisə məlumat verməmişdir. Lakin quzularını axtarıb tapa bilmədiyindən, həmin heyvanların oğurlandığını düşünüb polisə müraciət etmişdir. Oğurlanmış hər bir quzunun dəyəri 75 manat olmaqla, ümumilikdə ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 elan edilmiş ifadəsindən görünür ki, onun özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikinti işləri görmək qərarına gəlmişdir. Həmin torpaq sahəsinə darvaza və tikinti üçün istifadə olunan dəmir hissələri qoymuşdur. 05.06.2019-cu il tarixdə torpaq sahəsinə baxan zaman, orada yerləşdirdiyi dəmir qapının və dəmir hissələrin yerində olmadığını görmüş və ətrafda axtarışa başlamış, lakin müsbət nəticə əldə etməmişdir. Daha sonra o, Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, 2013-cü ildə o, Abşeron rayonu, Saray qəsəbəsi, Hacıbala Hüseynov küçəsində özünə 0.03 ha torpaq sahəsi almışdır. Torpaq sahəsini mişar daşı ilə hasara alıb bir mərtəbəli fərdi yaşayış evi tikdirirmiş və bu səbəbdən də evə tikinti materialları alıb yığırmış. 12.09.2019-cu il tarixdə günorta saatlarında Saray qəsəbəsi, H.Hüseynov küçəsində inşa etdirməkdə olduğu evə gedib baş çəkən zaman, hər şey öz qaydasında olmuşdur. Növbəti dəfə 18.09.2019-cu il tarixdə saat 18 radələrində yenidən həmin evə gedib baş çəkdikdə, həmin vaxtı həyətdə olan yardımçı tikilinin plastik pəncərəsinin açıq olduğunu və orada olan 12 metr 54 manat dəyərində qaynaq aparatının naqilinin, 15 manat dəyərində qaynaq aparatının tutacağını, 08 ədəd ümumi dəyəri 24 manat olan laqonda aparatının dişlərinin, 01 ədəd 10 manat dəyərində deşicinin, 01 ədəd 10 manat dəyərində əl mişarının, 01 ədəd 12 manat dəyərində daşkəsən laqondanın dişlərinin və 10 manat dəyərində 01 qutu elektrodun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 135 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 20.05.2020-ci il tarixdə xidmətdə olan zaman, xx.xx.1987-ci ildə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Saray qəsəbəsində olacağı ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, ondan və Abşeron RPİ-nin CAŞ-nin ə/m, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gecə, yəni 21.05.2020ci il tarixdə saat 00:30 radələrində yuxarıda göstərilən yerə gələrək Rüstəmin gəlməsini gözləmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin yerdə olan zaman, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində olan sellofan paketin içərsində narkotik vasitə qurudulmuş marixuananın olmasını bildirmişdir. Bundan sonra xidməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Babək Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra videogürüntü ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşulmuş, olduğu təqədirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində olan sellofan paketi təqdim etmişdir. Həmin paketin içərsindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı 20.05.2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində tanımadağı şəxsdən 180 manata aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələrə bənzər kütlələr qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 oğlunun ifadəsindən görünür ki, 6 il olar Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar dairəsində yerləşən “Sony” adlı telefon dükanında satıcı işləyir. Həmin mağaza başqa şəxsin mülkiyyətində olsa da, o, həmin dükanda satıcı işləyir. Hər gün saat 08 radələrində dükanı açıb, 20 radələrində dükanı bağlayaraq evinə gedir. 2019-cu ilin təxminən oktyabr ayında dükanda olan zaman iki nəfər tanımadığı şəxs mağazaya gəlmişlər. Onlardan biri mağazanın qapısında çöl tərəfdə gözləmiş, digəri isə içəri girərək özünə məxsus olan “Samsung Galaxy A 70” markalı telefonu satmaq istədiyi bildirmişdir. O, telefona baxdıqdan sonra, telefonu sonradan adını bildiyi Təqsirləndirilən şəxs şəxsiyyəti vəsiqəsi əsasında 190 manata almış, pulu isə sonuncuya vermişdir. Həmin telefonu bir aydan sonra mağazaya gələn tanımadığı müştəriyə 270 manata satmışdır. Həmin telefonu Təqsirləndirilən şəxs alan zaman telefonun oğurluq olması barədə məlumatı olmamışdır. 27.11.2019-cu il tarixdə mağazada olan zaman Abşeron RPİ-nin əməkdaşları mağazaya gələrək, həmin telefonun oğurluq olduğunu bildirmişlər və bu barədə ifadə vermək üçün onu Abşeron RPİ-nə dəvət etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 7/242 nömrəli 21.05.2020-ci il tarixli, ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd sellofan torbada təmiz çəkisi 425,0 (qalıq 424,95 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələrolan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 06.08.2020-ci il tarixli, 2166 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui–istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07.01.2020-ci il tarixli qərarla Rüstəm Namiq oğlu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 19.01.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutularaq MSY-nə təhvil verilmişdir. İş amterillarında olan 21.01.2020-ci il tarixli qərarla Rüstəm Namiq oğlu MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01.02.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixli şübhəli şəxs qismində tutulmuş, 22.05.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-227/2020 saylı, 22.05.2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15.08.2020-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini baş ədliyyə müşaviri Elçin Məmmədovun qərarından görünür ki, Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cnayət işinin istintaq müddəti 02 ay-05 ayadək yəni 21.08.2020-ci il tarixdən 21.10.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-369/2020 saylı, 18.08.2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 21.10.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 02.10.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29.06.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 12.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Nizami rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respubilikası CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli Qanun tətbiq edilib Azərbaycan Respubilikası CM-nin 177.2.4-cü maddəsi ləğv edilərək cəzası 04 il 03 aya endirilib. 15.03.2019-cu il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunub. 15.04.2019-cu il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Şəxsi axtarış və götürmə protokollarına əlavə edilmiş, şəxsi axtarışı əks etdirən videogörüntülər 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Subutların qiymətləndirilməsi haqqında 16.09.2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 425 qram çəkidə olan qurudulmuş marixuana cinayətin predmeti olduğundan iş üzrə maddi sübut kimi tanınaraq və tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 424,95 qram çəkidə qurudulmuş marixuana saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslərdən iki nəfərin şikayət etməməsini onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 22.02.2021-ci tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 19.01.2020-ci il tarixdən 21.01.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, 21.05.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 ay 17 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 424,95 qram narkotik vasitə olan marixuana məhv edilməli, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 01( bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 17 (on yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla hesablansın və hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 424,95 qram narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar