Məhkəmə qərarları › İş №1(012)-115/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-115/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-115/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə 28 avqust 1988-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 4, ev 11A-da yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 2003-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 66-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 33, mənzil 15-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Lazer” salonuna plastik qapısının dəmir qıfılını dəmir parçası ilə qırmaqla qanunsuz daxil olub oradan birlikdə Zərərçəkmiş şəxs məxsus 01 ədəd 19900 (on doqquz min doqquz yüz) manat dəyərində “Quarter” markalı lazer epilyasiya apartını və 01 ədəd 500 (beş yüz) manat dəyərində “G5” markalı titrəyici masaj aparatını cəmi 20400 manat dəyərində əmlakın gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20400 (iyirmi min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyətilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Lazer” salonuna plastik qapısının dəmir qıfılını dəmir parçası ilə qırmaqla qanunsuz daxil olub oradan birlikdə Zərərçəkmiş şəxs məxsus 01 ədəd 19900 (on doqquz min doqquz yüz) manat dəyərində “Quarter” markalı lazer epilyasiya apartını və 01 ədəd 500 (beş yüz) manat dəyərində “G5” markalı titrəyici masaj aparatını cəmi 20400 manat dəyərində əmlakın gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20400 (iyirmi min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 3 aydır tanıyır. Belə ki, o, təmir-tikinti ustasıdır və 3 ay əvvəl Vüsal onun yanında tikintilərdə fəhlə işləməyə başlamışdır. Həmin vaxtdan Vüsalla aralarında yaxın münasibət yaranmışdır. Son vaxtlar işlədiyi yerlərdən pulunu ala bilmədiyi üçün maddi sıxıntısı yaranmışdır və buna görə kredit borclarını ödəyə bilməmişdir. Bir neçə gün əvvəl Vüsalla bu barədə söhbət etmişlər və borclarını qaytarmaq üçün qiymətli bir əşya oğurlamaq qərarına gəlmişlər. Buna görə internetdə elanlarda olan qiymətli əşyalarla maraqlanmışlar və elanlarda satılan əşyalardan lazer epilyasiya aparatının baha qiymətə satıldığını öyrənmişlər və həmin aparatdan oğurlayıb baha qiymətə satmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Bakı şəhəri, “Gənclik”-də yerləşən “Renta-Kar”-dan Hyundai Elantra markalı avtomobil icarəyə götürmüşlər. Həmin gün Vüsalla birlikdə Bakı şəhəri, M.Əcəmi metrostansiyası yanında olan lazer salonlarını müşahidə etmişlər, lakin orada hər yerdə kamera olduğu üçün oralardan oğurluq edə bilməyəcəklərini fikirləşib, Hyundai Elantra markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Lakin Sumqayıt şəhərində də oğurluq etmək üçün imkan olmadığından, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oradan Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişlər. Vüsal əvvəllər Saray qəsəbəsində avtoyuma yerində işlədiyi üçün orada lazer salonu olduğu yeri tanıdığını bildirmiş və onlar Saray qəsəbəsində M.Əsədov küçəsində yerləşən lazer salonunun qarşısına gəlmişlər. O, avtomobildən düşüb salonun plastik qapısına asılmış kilidi dəmir parçası ilə qırmış və plasmas qapını sıxmaqla açıb içəri daxil olmuşdur. Salonda olan bir ədəd lazer epilyasiya aparatını və bir ədəd G5 masaj aparatını götürüb Hyundai markalı avtomobilin yük yerinə qoymuş və maşını sürüb oradan Bakı şəhərinə M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığı məhəlləyə getmişlər. Oğurladıqları aparatları yaşadığı məhlədə kafeyə qoymuş və kafe işlədənə həmin əşyaların ona iş yerindən verildiyini, müştəri tapıb satacağını bildirmiş və aparatların müvəqqəti orada qalmasını xahiş etmişdir. Oğurladıqları lazer epilaysiya aparatını və masaj aparatını satmaq üçün internetdə müştəri axtarsada tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə nahar vaxtı Vüsalla birlikdə yaşadığı məhlədə kafedə yemək yeyən zaman polis əməkdaşları oraya gəlmişlər və Saray qəsəbəsində lazer salonundan aparatları oğurlamaqda şübhəli olduqlarını bildirib onları Saray polis bölməsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Saray polis bölməsinə gəlmişlər və orada oğurluq etdiklərini etiraf etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 3 aydır tanıyır. Belə ki, Samir təmir-tikinti ustası olduğu üçün 3 ay əvvəl o, Samirin yanında Bakı şəhərinin müxtəlif yerlərində tikintilərdə fəhlə işləməyə başlamışdır. Həmin vaxtdan Samirlə aralarında yaxın münasibət yaranmışdır. Son vaxtlar işlədiyi yerlərdən pullarını ala bilmədikləri üçün maddi sıxıntıları yaranmışdır. Buna görə Samir kredit borclarını ödəyə bilməmişdir. Samirlə aralarında olan söhbət zamanı maddi sıxıntılardan qurtarmaq üçün qiymətli əşya oğurlayıb satmaq qərarına gəlmişlər. Bir iki gün əvvəl internetdə olan elan saytlarında baha qiymətə satışda olan əşyalarla maraqlanmışlar və elanlarda lazer epilyasiya aparatının baha qiymətə satıldığını öyrənmişlər. Həmin aparatdan oğurlayıb baha qiymətə satmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Samir Bakı şəhəri, “Gənclik”-də yerləşən “Renta-Kar”-dan Hyundai Elantra markalı avtomobil icarəyə götürmüşdür. Həmin gün Vüsalla birlikdə Bakı şəhəri, M.Əcəmi metrostansiyası yanında olan lazer salonlarını müşahidə etmişlər, lakin orada hər yerdə kamera olduğu üçün oralardan oğurluq edə bilməyəcəklərini fikirləşib Hyundai Elantra markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Lakin Sumqayıt şəhərində də oğurluq etmək üçün imkan olmadığından, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində oradan Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişlər. O, əvvəllər Saray qəsəbəsində avtoyuma yerində işlədiyi üçün orada M.Əsədov küçəsində lazer salonu olduğunu bilmişdir. Samirə avtomobili həmin yerə sürməsini bildirmiş və onlar birlikdə oraya getmişlər. Lazer salonunun qarşısında Samir avtomobildən düşüb salonun plastik qapısının dəmir qıfılını sındırmış və qapını sıxmaqla açıb içəri daxil olmuşdur. O, da avtomobildə əyləşib gözləmişdir. Samir salondan bir ədəd lazer epilyasiya və bir ədəd masaj aparatını götürüb avtomobilin yük yerinə qoymuş və onlar oradan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinə Samirin yaşadığı məhləyə gəlmişlər və oğurladıqları aparatları məhlədə kafeyə qoymuşlar. Samir kafeni işlədən şəxsə aparatları iş yerindən verildiyini və satmaq üçün müştəri axtardığını bildirmişdir. Buna görə aparatların müvəqqəti kafedə qalmasını xahiş etmişdir. Oğurladıqları lazer epilaysiya aparatını və masaj aparatını satmaq üçün internetdə müştəri axtarsalarda tapa bilməmişlər. xx.xx.2023-cü il tarixdə nahar vaxtı Samirlə birlikdə həmin kafedə yemək yeyən zaman polis əməkdaşları oraya gəlmişlər və Saray qəsəbəsində lazer salonundan aparatları oğurlamaqda şübhəli olduqlarını bildirib onları Saray polis bölməsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Saray polis bölməsinə getmişlər və orada oğurluq etdiklərini etiraf etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində 1 otaqlı obyekt icarəyə götürüb oranı lazer epilyasiya salonu kimi işlədir. Özünə məxsus olan bir ədəd “Quartet” markalı lazer epilyasiya aparatını və bir ədəd “G5” markalı masaj aparatını həmin icarəyə götürdüyü obyektdə yerləşdirmişdim. Salonu hər gün saat 10:00-da açıb, axşam saat 19-da bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19-da salonun plastik qapısının zamokunu və dəmir qıfılla bağlayıb getmişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə evdə qonağı olduğu üçün salonu açmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğlu Şahid6 salonun yanında yerləşən mağazadan meyvə-tərəvəz almağa gedən zaman salonun qapısının qıfılının qırıldığını görmüş və bu barədə ona bildirmiş və o, dərhal salona getmişdir. Qapını açıb salona baxdıqda oradan bir ədəd 19900 manat dəyərində “Quartet” markalı lazer epilyasiya aparatını və bir ədəd 500 manat dəyərində “G5” markalı masaj aparatının oğurlandığını aşkar etmiş və bu barədə Saray polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 20400 manat maddi ziyan dəymişdir. Təqsirlənidirilən şəxslər ona dəymiş ziyan tam olaraq ödəmişlər, onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində Lazer epilyasiya salonu işlədir. xx.xx.2023-cü il tarixdə evlərində qonaq olması səbəbindən həmin gün anası Zeynəb salonu açmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində salonun yanında yerləşən meyvə-tərəvəz mağazasına gedən zaman anası Zeynəbin işlətdiyi salonun plastik qapısının qıfılının sındırıldığını görmüş və anasına zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxtı anası Zeynəb oraya gəlmiş və onlar birlikdə salona daxil olduqda orada olan bir ədəd “Quartet” markalı lazer epilyasiya aparatını və bir ədəd “G5” markalı masaj aparatının oğurlandığını aşkar etmişlər. Anası Zeynəb bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əmisi Bayramın həyat yoldaşı Zərərçəkmiş şəxs Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində Lazer epilyasiya salonu işlədir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində əmisi oğlu Əli ona zəng edib anası Zeynəbin işlətdiyi Lazer salonunun qapısının qırıldığını və oğurluq olduğunu bildirmişdir. O, dərhal həmin salona getmiş və salonun qapısının qıfılının qırıldığını və salondan iki ədəd aparatın oğurlandığını görmüşdür. Bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində icarə əsasında kafe işlədir. Təqsirləndirilən şəxs1 tanıyır, Samir kafenin yaxınlığında yaşayır, tez-tez müştəri kimi kafeyə gəlib-getmişdir. xx.xx.2023cü il tarixdə günorta saatlarında Samir yanında bir nəfər gənc oğlanla kafeyə gəlmiş və işlədiyi yerdən ona əmək haqqının müqabilində 02 ədəd aparat verildiyini və həmin aparatların kafedə qalamsını bildirib, 2 saat müddətində gəlib aparacağını demişdir. O, razılıq vermiş və Samir yanında olan oğlanla aparatları gətirib kafeyə qoymuşdur. Lakin həmin gün Samir kafeyə qoyduğu əşyaları gəlib götürməmişdir. Səhəri gün xx.xx.2023-cü il tarixdə günorta nahar vaxtı Samir yanında həmin oğlanla kafeyə gəlmiş və nahar etməyə başlamışlar. Həmin vaxtı kafeyə gələn polis əməkdaşları Samirlə yanında olan oğlanı saxlayıb kafedə olan aparatları oğurladıqlarını bildirmişlər və Samirlə yanında olan oğlan polis əməkdaşları ilə kafedən getmişlər. Polis əməkdaşları həmçinin kafedə olan aparatlarıda özləri ilə aparmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X2 adına olan, lakin özünə məxsus olan qara rəngli “Hyundai Elantra” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdürəhimov küçəsində yerləşən “Renta-Car”-a icarəyə vermişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobili Təqsirləndirilən şəxs1 1 günlük icarəyə götürmüş və xx.xx.2023-cü il tarixdə avtomobili ofisə qaytarmışdır. xx.xx.2023-cü il tarixdə həmin Samir adlı şəxsin xx.xx.2023cü il tarixdə həmin avtomobillə Saray qəsəbəsində oğurluq etdiyi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs1 şəxsən tanımamış, Təqsirləndirilən şəxs1 avtomobili icarəyə götürmüş və 1 gün sonra qaytarmışdır. Samirin oğurluq etməsini sonradan polisdən öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu, Saray qəsəbəsi, M.Araz küçəsi, ev 11-də yaşayan Zərərçəkmiş şəxs 13.101.2023cü il tarixdə DİN-in 102 zəng-mərkəzi xidmətinə və Saray polis bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən icarə əsasında işlətdiyi Lazer salonundan naməlum şəxs tərəfindən “Quarter” markalı lazer epilyasiya aparatının və “G5” markalı masaj aparatının oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şəxslər saxlanılan zaman oğurladıqları Zeynəb Hümmətovaya məxsus bir ədəd “Quarter” lazer aparatı və “G5” markalı masaj aparatı onlardan götürülmüş və Abşeron RPİ-nin istintaq şöbəsinə təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli ********* nömrəli rəyindən görünür ki, ekspertiza təqdimatına təqdim edilmiş 02 adda malların istifadədə olması nəzərə alınaraq, 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11.500 manat müəyyən edilir, o cümlədən: Sıra Bir Ümumi Ümumi №-si ədədinin Malın adı və markalanma göstəriciləri miqdarı dəyəri qiyməti (ədəd) (manat) (manat) 2022-ci il istehsal olunmuş, qara və

1. gümüşü rəngli olan Quater markalı istifadədə 1 11.000.00 11.000.00 olunmuş lazer epilyasiya aparatı 2022-ci il istehsal olunmuş ağ rəngli 50

2. olan G5 markalı istifadədə olunmuş titrəyici 1 500 0 masaj aparatı CƏMİ 11500.00

Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.4 312.1-ci maddələrinə əsasən 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd «Quarter” markalı lazer epilyasiya aparatı və «G5» markalı titrəyici masaj aparatı maddi sübut kimi tanınmış və ekspertizadan sonra qanuni sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyinə görə onlarla barışmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-in 61.1ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-in 61.1ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət, Təqsirləndirilən şəxs2 isə ilk dəfə az ağır cinayət törətməsini, cəzalarının yüngülləşdiriən halı, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd «Quarter” markalı lazer epilyasiya aparatı və «G5» markalı titrəyici masaj aparatının ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Quarter” markalı lazer epilyasiya aparatı və «G5» markalı titrəyici masaj aparatının ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar