Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1154/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun Protokola əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs onlarla birlikdə yaşayan ilk evliliyindən olan xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X1 orta məktəbə yola salmaq üçün onları oyatmadığına görə irad bildirərkən həmin səbəbdən Zərərçəkmiş şəxs ilə ailə daxili münaqişə zəmnində aralarında yaranmış narazılıqla bağlı mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əlləri ilə sonuncunun saçından tutub dartmaqla yolaraq, sifət nahiyəsinə yumruq zərbələri vuraraq, boğaz və boynundan əlləri ilə tutub sıxaraq, Zərərçəkmiş şəxs saçından dartaraq yerə yıxmaqla sonuncunun sağ ayağından xəsarət almasına da səbəb olmuş, ardınca artıq yerə yıxdığı Zərərçəkmiş şəxs kürək nahiyələrinə yumruqla, daha sonra ayağa qalxaraq ondan uzaqlaşmaq istəyən sonuncunun sifət, baş nahiyələrinə sillə və yumruqla, ayaq, bədən nahiyələrinə isə təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançırları, sol gözaltıalmacıq və sol yanaq nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol kürək, sağ bud və sağ baldır nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2023-cü il tarixdə ailə həyatı qurmuşdur. O, Zərərçəkmiş şəxs və ilk nikahından olan oğlu Nurlanla birlikdə təxminən 2024-cü ilin iyul ayının sonundan Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə kirayə yaşayırlar. Onun ilk vaxtları münasibətləri normal olsa da, son vaxtlar Fəridə ilə xasiyyətləri tutmadığına görə münasibətləri soyumuşdur. Fəridə hadisə günü, yəni 05 oktyabr 2024-cü il tarixdə təxminən səhər saat 08 radələrində oğlu Nurlanı məktəbə getmək üçün oyatmadığına görə onların aralarında sözlə mübahisə düşmüş, mübahisə vaxtı arvadı ona cavab qaytardığına və təhqir etdiyinə görə Fəridənin üzünə bir neçə dəfə sillə zərbəsi vurmuşdur. Onun vurduğu sillə zərbəsi Fəridənin üzünün sol tərəfinə dəymiş, sonuncunun onun üzərinə gəldiyini görüb sağ əli ilə onun boynunun arxasından, sol əli ilə isə sağ qolundan tutaraq sıxıb saxlamış, daha sonra onu buraxaraq yataq otağından çıxıb digər otağa keçmişdir. Bir qədər vaxt keçdikdən sonra Fəridə paltarlarını geyinib evdən çıxmışdır. Hadisə vaxtı az yaşlı övladı Nurlan dava-dalaşın səsini eşitsə də baş verənləri görməmiş, digər otaqda olmuşdur. Hadisə təxminən 2 dəqiqəyə qədər davam etmiş, mübahisə zamanı evdə iksindən və ilk evliliyindən olan az yaşlı oğlan övladı Nurlandan başqa heçkəs olmamışdır. Sonda zərərçəkmiş şəxslə aralarında barışıq əldə edə bilməsə də, əməlindən peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirməklə, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin verdiyi ifadə ilə, ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların birgə nikahdan övladları yoxdur. Təqsirləndirilən şəxs ilk evliliyindən olan övladı onlarla birlikdə yaşayırlar. Əvvəllər də aralarında müəyyən xırda mübahisələr olmuşdur. Hadisə günü, yatıb qaldığı üçün Nurlanı məktəbə yola salmaq üçün yuxudan oyatmadığına görə Rasim onunla yataq otağında mübahisə etmiş və onu nalayiq sözlərlə təhqir etmişdir. Bədəninin müxtəlif yerlərinə yumuruq və sillə zərbələri yetirmişdir. O, yerə döşəmənin üzərinə sağ tərəfi üzrə yıxıldıqda sağ dirsəyindən də xəsarət almışdır. Bundan sonra Rasim onun ağzından qan gəldiyini görüb, uzaqlaşmışdır. Hadisə Rasim ilə kirayə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində nömrəsiz fərdi yaşayış evinin yataq otağında baş vermiş, həmin vaxt evdə digər otaqda onlardan başqa Rasimin ilk evliliyindən olan azyaşlı övladı Nurlan olsa da, lakin sonuncu hadisəni görməmişdir. Hadisə təxminən 5-10 dəqiqə müddətdə davam etmiş, səs-küyə qonşuluqda yaşayan şəxslərdən heçkim gəlməmişdir. Hadisə vaxtı özü Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hadisədən sonra da Rasim onunla maraqlanmamış, bir dəfə də olsun ona baş çəkməmiş, barışmağa cəhd göstərməmişdir. Rasimin belə laqeyd yanaşması, təqsirli ola-ola bir dəfə də olsun üzürxaqlıq etməməsinə görə sonuncudan şikayətçidir və onun barəsində qanunauyğun cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmış və icraata qəbul olunaraq təhqiqatı aparılmışdır;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 2349 saylı ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının qançırları, sol gözaltı-almacıq və sol yanaq nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sol kürək, sağ bud və sağ baldır nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir;
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur;
4. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşirən, eyni zamanda həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov