Məhkəmə qərarları › İş №1(012)-1158/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1158/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1158/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Füzuli rayonunun Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, Füzuli rayonunun Kürdlər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü X6 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 06 avqust 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində Zərərçəkmiş şəxs, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, itələyib yerə yıxaraq sonuncuya boyunun orta 1/3-nin sol yan səthinin sıyrıqları, sağ dirsək nahiyəsinin qançırı kimi xəsarətlər yetirib əlindən yerə düşən içərisində 3 (üç) manat 31 (otuz bir) qəpik dəyərində balans və 45 (qırx beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 (beş yüz) manat dəyərində bir ədəd “Samsung” markalı, SM-A155/DSN (Galaxy A15) modelli (Qabur ilə birlikdə) mobil telefonu yerdən götürüb sonuncunun gözü qarşısında oradan qaçmaqla açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 548 (beş yüz qırx səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, 06 avqust 2024-cü il tarixdə, təxminən saat 11 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan qohumunun evinə qonaq getmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 Yanvar deyilən yerdə dayanmış taksi sürücüsü ilə 15 manata razılaşmışdır. O, qeyd olunan ünvana çatdıqda avtomobildən düşüb ayaq üstə sürücüyə 100 manat pul uzadaraq, 15 manatı çıxmaqla qalan hissəsini qaytarmağı demiş, lakin sürücü ona xırda pulu olmayacağını demiş, daha sonra isə pulu versin xırdanı tapıb düzəldəcəyini dedikdə o, sürücüyə inanmayıb təklif etmişdir ki, xırda qaytarası olduğu 85 manat pulu ona versin ondan sonra o, 100 manatı verəcək. Sonra qonaq getdiyi evdən 15 manat pul gətirib ona verəcəyini deyib mənzilin blokuna girmiş, lakin taksi sürücüsü ona inanmayıb avtomobildən düşüb onun ardı ilə gəlmək istəmişdir. O, bu vaxt geriyə qayıtmış, heç bir səbəb olmadan sürücü onu təhqir etməyə başlamışdır. O, möhkəm əsəbiləşərək zərərçəkmiş şəxsi itələmişdir. Taksi sürücüsü zərbədən arxaarxaya gedib arxası üstə yerə yıxılmış və əlində olan mobil telefonu yerə düşmüşdür. O da taksi sürücüsünə hirsli olduğu üçün sonuncuya məxsus, yerə düşən Samsung Galaxy markalı mobil telefonu yerdən götürüb qaçaraq uzaqlaşmışdır. Taksi sürücüsü nə qədər arxasınca gəlsə də, ondan yaşca daha yaşlı olduğu üçün çata bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, telefonu götürməklə məqsədi zərərçəkmişi çəzalandırmaq olmuş, onu vurmasının səbəbi əmkakını ələ keçirmək deyil təhqiredici ifadələrinə cavab olaraq olmuşdur. Sonradan telefonu özündə saxlamaq istəməmiş lombarda girov qoymuşdur ki, bir müddət sonra əsəbi soyuyar və sahibinə qaytarar. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində ailə üzvlərinin olmasını bildirməklə, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus olan Hyundai markalı, Accent modelli **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20 Yanvar adlanan ərazidə bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq Ceyranbatan qəsəbəsinə neçəyə apara biləcəyi barədə soruşmuş, aralarında 15 manata razılığa gəlmişlər. Beləliklə o, Hafizi Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə, oradanda sonuncunun göstərdiyi istiqamətlərlə avtomobili idarə edib bir həyətə gəlib çıxmışlar. O, avtomobili saxladıqda Hafiz avtomobildən düşərək, ayaq üstə ona tərəf 100 manat pul verəcəyini, onunda 85 manat xırda qaytarmalı olduğunu üstəllikdə onun ilk olaraq 85 manat pulu verməsini, daha sonra isə özünün 100 manatı verməsi şərtini irəli sürmüş, lakin o cibinə baxdıqda o qədər xırda pulunun olmadığını görmüşdür. Daha sonra Hafiz əlində olan telefonla guya kiminləsə danışırmış kimi “evdən yuxarıdan pul atsınlar, taksiyə yol pulu verəcək” deyə sözlərdən istifadə etmiş, lakin danışıqdan bir müddət keçməsinə baxmayaraq evdən yuxarıdan pul atan olmamışdır. Hafiz ona özünün evə qalxıb pulu götürəcəyini demiş, binanın girişinə çatmasına az qalmış, o, avtomobildən düşərək, arxasınca getmişdir ki görsün Hafiz hara gedir. Belə olan halda Hafiz geri qayıtmış onunla birlikdə iki binanın arasında olan ara yola gəlmişlər. O, Hafizin əlində 100 manat pulu bükülü şəkildə görmüşdür. Hafiz yenə də ona ilk olaraq 85 manat pul verməsini, daha sonra isə 100 manat pulu verəcəyini təklif etmiş, lakin o yenədə həmin təkliflə razılaşmamış, onun hərəkətlərinə görə pulun saxta olmasından şübhələnmişdir. Bu vaxt gözləmədiyi anda Hafiz onun üzərinə atılaraq itələmiş, o, binanın divarına arxası üstə çırpılmış, sağ dirsəyi də divara dəyib zədələnmişdir. Divara çırpıdlıqdan sonra Hafiz sol əli ilə onun boğazından tutub təpiklə ayağına vuraraq yerə yıxmış, arxası üstə uzanıqlı vəziyyətdə sol əli boğazında sıxıb, sağ əlini şalvarının cibinə salmağa çalışmışdır. Hafiz onun boğazını sıxdığı üçün o, bərk səslə qışqırmağa başlamış, bu vaxt sonuncu əlini boğazından çəkmişdir. O, yerə yıxlan zaman sol əlində saxladığı özünə məxsus 500 manat dəyərində Samsung Galaxy markalı mobil telefonu əlindən yerə düşmüş, Hafiz həmin telefonu yerdən götürərək, qaçıb oradan uzaqlaşmışdır. O, telefonu qaytarması ilə bağlı qışqırsa da, Hafiz onun sözünə məhəl qoymaraq, oradan uzaqlaşmışdır. Hadisədən sonra o, üst-başını təmizləyib avtomobilinə minib evə getmiş və 102-yə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonradan həmin ünvanda Hafizin qohumunun yaşamadığını da öyrənmişdir. O, Hafizin ünvanına nəlayiq ifadələr istifadə etməmişdir. Hafizin məqsədi onun cibində olan pulları ələ keçirmək olsa da, onun qışqırması nəticəsində kiminsə yaxınlaşdığını görüb yerə düşmüş telefonunu götürüb qaçmaqla kifayətlənmişdir. Sonda mobil telefonu lombartdan götürülərək ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxsi onun özünə görə deyil, ailəsinə və uşaqlarına görə bağışlayır. Ondan şikayətçi deyil. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, polis idarəsində verdiyi ifadəni təsdiq etdiyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, icarə əsasında Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, Netfçilər Metrostansiyasının çıxışında Elektron Lombard işlədir. İş fəaliyyəti qızıl və elektron malları girov götürüb həmin əmlakı qiymətlədirib əvəzində pul verməkdən ibarətdir. Həmin pulu da müştərilər 1 ay ərzində üstüdə faizi ilə geri qaytarırlar. Əgər şəxs 1 ayın tamamında pulu faizi ilə birlikdə qaytara bilmirsə tək faizini alıb ödənişi 1 ay artırır. 06 avqust 2024-cü il tarixdə saat 17 radələrində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Samsung Galaxy A15 markalı mobil telefon göstərib girov qoyaraq pul götürmək istədiyini demişdir. O, telefona baxış keçirib həmin telefona görə Hafizə 80 manat pul verə biləcəyini demişdir. Hafiz də onun təklifi ilə razılaşmışdır. Bundan sonra lombardın şərtlərini Hafizə başa salıb demişdir ki, 1 ay üçün 80 manata görə üstündə 15 manat əlavə faiz verməli olacaq. Hafiz də onunla razılaşmışdır. Hafiz həmin telefonun özünə məxsus olduğunu demişdir. Hafizlə tam danışıb razılığa gələndən sonra Hafizdən girov kimi mobil telefonu alıb 80 manat pulu təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması tutulması haqqında” 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:50 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;

4. Abşeron rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 4(012)-599/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

5. “Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2017-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 may 2018ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur;

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 07 avqust 2024-cü il tarixli, 1794 №-li rəyin davamına əsasən 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – boyunun orta 1/3-nin sol yan səthinin sıyrıqları, sağ dirsək nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir: qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı əl zərbələri təsirindən əmələ gələ bilərdi: sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur;

7. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 9/7438 №-li rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-A155/DSN (Galaxy A15) model (Qabur ilə birlikdə), mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən aksessuarların olmaması və istifadə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 225,00 manat (220+230 man):2 müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir;

8. “Sübutların qiymətləndirilməsi” haqqında 28 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Şahid təqdim etmiş olduğu 01 ədəd “Samsung” markalı, SM- A155/DSN (Galaxy A15) model (Qabur ilə birlikdə) mobil telefon, 777865 nömrəli girov müqaviləsi və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini kserosurəti maddi sübut kimi tanınmış, “Samsung” markalı, SM-A155/DSN (Galaxy A15) modelli (Qabur ilə birlikdə) mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması, 777865 nömrəli girov müqaviləsi ilə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini kserosurəti isə cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmaqla, qərarın təsvir hissəsində göstərilən və ittiham təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşdirmə, ifadənin yerində yoxlanılması, baxış, maddi sübut, məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1794 nömrəli rəyi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7438/2024 nömrəli rəyi və digər istintaq hərəkəti protokolları və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;

9. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə” haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona yenidən ittiham elan edilmişdir

10. Abşeron rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 4(012)-765/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün, yəni 22 noyabr 2024-cü il tarixədək uzadılmışdır;

11. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(012)-1158/2024 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır;

12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 mart 2008-ci il təvəllüdlü X2 və 10 may 2010-cu il təvəllüdlü X3 adlı uşaqları vardır;

13. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 27 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir (5-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərər çəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir (23-cü bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 avqust 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Samsung” markalı, SM-A155/DSN (Galaxy A15) modelli (Qabur ilə birlikdə) mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 777865 nömrəli girov müqaviləsi ilə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini kserosurətinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsn. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar