Məhkəmə qərarları › İş №1(012)-117/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-117/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-117/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan, Abşeron rayon, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi», 46cı blok, mənzil 26-da yaşayan, Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 31.03.2021-ci il tarixdən Ədliyyə Nazirliyinin Penidensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 15 iyun 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron raonu, Xırdalan şəhəri darəsindən Saray qəsəbəsi istiqamətində Xırdalan-Saray şosse yolunda 110 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməmiş, yəni sürücü diqqətini avtomobilin idarə etməsindən və daim dəyişən yol şəraitindən ayırmamalı, əks istiqamətli nəqliyyat axınlarını 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı, həmin nişanlanma xəttini kəsərək əks istiqamət zolağına çıxmamalı və avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu halda buna riayət etməmiş və əks istiqamətli yola daxil olaraq həmin yolda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes Benz 220D markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomaşında olmuş sərnişin Zərərçəkmiş şəxs1 travmatik hemoqoqik şok, sol tərəfli hemeparnevmatoraks (döş boşluğuna qanın və havanın toplanması), sol ağciyərin əzilməsi, daxili qanaxma ilə müşahidə olunan dalağın travmatik cırılması və sol böyrəyin əzilməsi, sol bud sümüyünün yuxarı 1\3-nin açıq sınığı, periton arxası sahənin genih ölçülü hematoması, döş qəfəsinin sol yarısının və qarın nahiyəsinin ön səthinin əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri ehtiyatsızlıqdan yetirmiş, toqquşma zamanı Zərərçəkmiş şəxs2 məxsus Mercedes Benz 220D markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə 6885 manat, Zərərçəkmiş şəxs3 məxsus Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşına 12.720 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2016-cı ildən «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. Abşeron Gənclər şəhərciyində xarici ölkə istehsalı olan avtomobillərin işlək hissələrinin təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs3 onun daimi müştərisi olduğu üçün sonuncunu hadisədən əvvəl tanımış, Zərərçəkmiş şəxs3 Kia Optima markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28 iyun 2020-ci il tarixdə saat təxminən 15 radələrində işdə olduğu zaman Zərərçəkmiş şəxs3 idarə etdiyi Kia Optima markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlədiyi sexə gəlmiş və avtomobilinin qabaq hissəsindən səs gəldiyini bildirmişdir. Belə olduqda avtomobilin hansı hissəsindən səs gəldiyini yoxlamaq məqsədi ilə Nicatla birlikdə avtomobilə əyləşmiş və Abşeron rayonu, Saray qəsəbəsi istiqamətinə çəkilmiş yeni yola çıxıb üzü Saray qəsəbəsi istiqamətində avtomobili idarə etməyə başlamışdır. Avtomobilin sürücüsü Nicat və onun dostu da avtomobilin salonunda əyləşmiş, avtomobili isə özü idarə etmişdir. Nicata məxsus avtomobili təxminən 100-110 km/saat sürətlə Saray qəsəbəsi istiqamətində hərəkət etdirərkən Saray qəsəbəsi istiqamətindən üzü Xırdalan dairəsi istiqamətində Mercedes Benz C markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüş, belə ki, həmin avtomobili gördükdə yanında əyləşmiş şəxslər həmin avtomobilin onun hərəkət yoluna daxil olduğunu demişlər, belə olduqda həmin avtomobilin həmin avtomobilin onun hərəkət yoluna meylləndiyini görüb idarə etdiyi avtomobili əks istiqamətli yola tərəf çəkmiş ki, həmin avtomobil onun sağından keçib getsin, lakin həmin Mercedes Benz markalı avtomobil yenidən öz yoluna qayıtmış, belə olduqda o idarə etdiyi avtomobili öz hərəkət yoluna doğru çəkmiş ki, hərəkətini davam etdirsin, lakin yolların orta hissəsində, yəni orta sədd xəttinin üzərində avtomobillər toqquşmuşdur. Toqquşma zamanı onun idarə etdiyi avtomobilin sol qabaq qanadı ilə Mercedes Benz markalı avtomobilin sol yan hissəsi toqquşmuş və avtomobillər yolun işlək hissəsində oynamışdır. Hadisə zamanı avtomobildə nə o, nə avtomobilin sahibi Zərərçəkmiş şəxs3 və nə də ki, onun dostu heç bir xəsarət almamışdır. İdarə etdiyi avtomobildə hər hansı ciddi nasazlığın olduğunu görməmiş, avtomobil tam işlək vəziyyətdə olmuş, Nicat avtomobilinin qarşısında gələn səsin 100 km/saatdan yuxarı sürətdən yuxarıı həddə yarandığı üçün avtomobilin sürətini 110 km/saata kimi artırmış, avtomobili hərəkət etdirdikdə Mercedes Benz markalı avtomobilin təxminən 150 metr məsafədən onun hərəkət yoluna girdiyini görmüş və həmin anda da hadisə baş verməməsi üçün həmin avtomobilin hərəkət yoluna, yəni əks istiqamətli yola daxil olmuş, lakin aralarındakı məsafə təxminən 40 metr qaldıqda Mercedes Benz markalı avtomobil öz hərəkət yoluna qayıtdığı üçün o da avtomobili öz hərəkət yoluma qaytarmış, buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və avtomobillər orta xəttin üzərində toqquşmuşlar. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atasıdır, atasının Mercedes Benz markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 28 iyun 2020-ci il tarixdə saat 16 radələrində atası Quluya məxsus Mercedes Benz markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan nənəmgildən çıxıb yaşadıqları Biləcəri qəsəbəsi hərəkət etməyə başladıq. Atası Qulu avtomobili Yeni Saray yolu ilə hərəkət etdirirdi. Avtomobildə qabaq sağ oturacaqda qardaşı Orxan, arxa oturacaqda sol tərəfdə özü, arxa oturacaqda ortada bacısı Fatimə və arxa oturacaqda sağda isə anası Reyhan əyləşmişdir. Hərəkətdə olduqları yol avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulsa da, Xırdalan şəhər istiqamətində olan hərəkət yolu təmir olduğu üçün işlək vəziyyətdə olmamış, avtomobillər Saray istiqamətində olan zolaqda iki tərəfli hərəkət etmişdir. Saray istiqamətindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olarkən o, yuxulamış, həmin vaxtı qəfildən səs gəlmiş və o, yuxudan ayılmış, lakin nə baş verdiyini bilməmiş və huşunu itirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin ərazidə əks yolla hərəkətdə olan avtomobil onların hərəkət yoluna çıxmış və atasının idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28 iyun 2020-ci il tarixdə saat 16 radələrində özünə məxsus Mercedes Benz markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan qayınanasıgildən yaşadığı Biləcəri qəsəbəsi istiqamətində, Yeni Saray yolu ilə 70 km\saat sürətlə hərəkət etmiş, avtomobilində qabaq oturacaqda oğlu Orxan, arxa oturacaqda sol tərəfdə digər oğlu Osman, arxa oturacaqda ortada qızı Fatimə və arxa oturacaqda sağda isə həyat yoldaşı Reyhan oturmuşdur. Onun hərəkətdə olduğu yol avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulsa da, Xırdalan şəhər istiqamətində olan hərəkət yolu təmir olduğu üçün işlək vəziyyətdə deyildir. Avtomobillər Saray istiqamətində olan zolaqda iki tərəfli hərəkət edirlər, o, hərəkət yolunda avtomobillə hərəkət edən zaman qarşı tərəfdən Saray istiqamətində olan yolda ağ rəngli Kia Optima markalı avtomobil onun hərəkət yoluna çıxmış, o həmin avtomobilin yenidən öz yoluna, yəni ötmə əməliyyatı etdikdən sonra hərəkət zolağına qayıdacağını düşünmüş, lakin avtomobilin öz yoluna qayıtmadığını görmüş, o hadisə baş verməməsi üçün idarə etdiyi avtomobili hərəkət zolağında sağa tərəf çəkmiş, yolun sağ hissəsində səki olduğu üçün tam kənara çıxa bilməmiş, qarşi tərəfdən, yəni əks yoldan onun hərəkət yoluna çıxan Kia Optima markalı avtomobil nəticədə onun hərəkət yolunda onun avtomobili toqquşmuş, toqquşmadan sonra avtomobili zərbədən fıralanaraq üzü Saray istiqamətində dayanmış, hadisədən sonra avtomobilində arxada solda oturan oğlu Osman xəsarət aldığı üçün orada olan yol maşınlarının birini saxlatmış və Osmanı Sumqayıt Travtomologiya xəstəxanasına aparmış, onun avtomobili ilə toqquşan avtomobildən hadisədən sonra üç nəfər şəxs düşmüş, o hadisə zamanı xəsarət almadığı üçün həkimdən keçməyə ehtiyacı yoxdur, hadisədən sonra avtomobilinə təxminən 7000 manat maddi ziyan dəymişdir. Qarşı tərəfdən onun yoluna çıxan Kia Optima markalı avtomobilin onun hərəkət yoluna çıxdığını təxminən 50-60 metr məsafədən görmüş, Kia Optima markalı avtomobil yüksək sürətlə onun hərəkət yolunda hərəkət etmiş, hadisənin qarşısını almaq üçün avtomobilini yolun sağ hissəsinə tərəf çəkmiş, lakin yolun sağ tərəfində səki olduğu üçün digər yola çıxa bilməmiş, Kia Optima markalı avtomobil sürətlə gəldiyi üçün onun avtomobilinə təxminən 10-12 metr qalmış oynamış və nəticədə onun hərəkət yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük etibarnaməsi ilə idarə etməsinə baxmayaraq həmin avtomobilin dəyərini tam ödəmişdir və avtomobil onun mülkiyyətindədir, lakin maddi imkansızlığı ilə əladədar avtomobili adına sənədləşdirməmişdir. 28 iyun 2020-ci il tarixdə saat 15 radələrində etibarnamə ilə idarə etdiyi Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq tərəfində səs olduğundan təmir etmək məqsədi ilə Abşeron rayonu, Masazır kəndi “Abşeron Gənclər Şəhərciyinə” getmiş, ustaya dostu Şahid4la birlikdə getmiş, usta Elçinə avtomobilin qabaq hissəsini o təmir etdiyini və səsin olduğunu bildirmiş, Elçin ona bildirmişdir ki, avtomobili sürərək baxmaq lazımdır. Elçin onun idarə etdiyi Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanında oturaraq avtomobili Qafqaz universitetinin qarşısından üzü Saray qəsəbəsi istiqamətində sürmüş, onlar avtomobillə üzü Saray istiqamətində getdikdə, arxada oturmuş dostu Hüseyn birdən demişdir ki, qabaqdan avtomobil gəlir. Bu vaxt Elçin avtomobilin sükanını sağa tərəf qaytaranda nəsə səs gəlmiş və onlar içərisində olduğu Elçinin idarə etdiyi avtomobil oynamağa başlamışdır. Bir neçə metr getdikdən sonra avtomobil dayanmış, avtomobildən düşdükdən sonra onlar avtomobilin Mercedes C klas marlakı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu görmüşdür. O, avtomobildə qabaq oturacaqda otursa da, həmin vaxt yola nəzər yetirməmiş, bu səbəbdən də yolun hansı istiqamətində toqquşma baş verməsini bilmər, yalnız Elçinin avtomobili idarə edən zaman Hüseynin arxadan qışqıraraq “qarşı tərəfdən avtomobil gəlir” dediyini eşitmiş, həmin anda Elçinin avtomobili əks yolla Saray istiqamətində hərəkət etdirdiyini görmüş, avtomobil yüksək sürətlə, təxminən 100-110 km\saat sürətlə hərəkət etdirilmiş, yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyun 2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Saray qəsəbəsində yaşayan nənəsigildən yaşadığı evə getmək üçün atası Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Yeni Saray yolu ilə Xırdalan şəhər istiqamətində hərəkət edirmiş. atası avtomobili təxminən 70 km saat/sürətlə həırəkət etdirmişdir. Avtomobili atası Qulu idarə etmiş, özü qabaq oturacaqda, qardaşı Osman arxa sol oturacaqda, bacısı Fatimə arxa oturacaqda ortada, anası Reyhan isə arxada sağ tərəfdə oturmuşdur. Onlar avtomobildə hərəkətdə olduqları yola əks olan yolda, yəni Saray istiqamətində ağ rəngli Kia Optima markalı avtomobilin bizim hərəkətdə olduqları yola qəfildən çıxaraq yüksək sürətlə hərəkət etdiyini görmüş, atası dərhal avtomobili yolun sağ hissəsinə çəkmiş, lakin yolun sağ hissəsində səki olduğu üçün tam kənara çıxa bilməmişlər. Qarşı tərəfdən gələn avtomobilin sol tərəfimdən keçib gedəcəyini düşünmüş, lakin həmin avtomobil onların avtomobilə təxminən 10-12 metr qalmış oynamış, nəticədə onlar olduğu yolda yol-nəqliyyat hadisəsi baş vermiş, hadisədən sonra qardaşı Osman xəsarət aldığı üçün atası onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun sinif yoldaşı olmaqla, dostudur. 28 iyun 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun idarə etdiyi Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq tərəfində səs vardır və həmin avtomobili Abşeron rayonu Masazır kəndi “Abşeron Gənclər şəhərciyində” işləyən Elçin adlı ustanın ayanına aparıb göstərmək istəyir və ondan xahiş etmişdir ki, onunla birlikdə getsin. O da Nicatla razılaşmış və Nicatın idarə etdiyi avtomobillə Elçin ustanın yanına getmiş, Elçin orada avtomobilə baxmış və avtomobili sürüb səsin haradan gəldiyini biləcəyini bildirmiş, X6 Optima markalı avtomobilində sükan arxasında oturmuş, o arxa oturacaqda, Nicat isə qabaq oturacaqda oturmuşdur. Elçin usta avtomobili Qafqaz universitetinin qarşısındakı dairədən Saray kəndi istiqamətində olan yeni yolla Saray istiqamətində hərəkət etdirmiş, onların hərəkət yolunda, qarşılarında 4-5 avtomobil Saray istiqamətində hərəkət etmiş, Elçin avtomobili yolun sol hissəsinə, yəni əks yola çıxaraq yüksək sürətlə, təxminən 130- 140 km/saat sürətlə hərəkət etdirmiş, qarşıda, onlarla eyni istiqamətdə hərəkət edən avtomobilləri keçdikdən sonra Elçin avtomobili yenidən öz hərəkət yoluna qaytarmamış, təxminən 100-150 metr qarşıdan, yəni onlara əks yoldan, Saray istiqamətindən Qafqaz dairəsi istiqaməində, öz yolu ilə Mercedes markalı avtomobilin hərəkət etdiyini görmüş və Elçinə demişdir ki, qarşıdan avtomobil gəlir. Onlar Elçinin avtomobili öz yoluna tərəf çəkəcəyini zənn etmiş, belə ki, artıq hərəkət yolları boş vəziyyətdə olmuş, lakin Elçin əks yolda hərəkətini davam etdirmiş, nəticədə Mercedes markalı avtomobilin yolunda yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra avtomobildən düşmüş, hadisə zamanı nə o, nə Elçin və nə də ki, Nicat heç bir xəsarəıt almamış, lakin Mercedes markalı avtomobildə xəsarət alan olmuşdur.Yol-nəqliyyat hadisəsi Mercedes markalı avtomobilin yolunda baş vermiş, Mercedes markalı avtomobil yolun özünə aid olan hissəsində hərəkətdə olmuş, həmin avtomobilin sürücüsü avtomobili tam sağa tərəf çəksə də, Elçin avtomobili öz yoluna qaytara bilməmiş, nəticədə yol-nəqliyyat hadisəsi Mercedes markalı avtomobilin yolunda baş vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14.09.2020-ci il tarixli 1889 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – travmatik hemoqoqik şok, sol tərəfli hemeparnevmatoraks(döş boşluğuna qanın və havanın toplanması), sol ağciyərin əzilməsi, daxili qanaxma ilə müşahidə olunan dalağın travmatik cırılması və sol böyrəyin əzilməsi, sol bud sümüyünün yuxarı 1\3-nin açıq sınığı, periton arxası sahənin genih ölçülü hematoması, döş qəfəsinin sol yarısının və qarın nahiyəsinin ön səthinin əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstiərildiyi qaydada 28.06.2019-cu il tarixdə salonda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 8/1557 saylı rəyindən görünür ki, «Kia Optima» markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 28.06.2020-ci il tarixli, 2/9657 saylı X5 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.06.2020-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 08.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron RPİ-nin DYPB-dən məktubdan görünür ki, sürücü Təqsirləndirilən şəxs AE 232862 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi vardır, sürücülük hüququnun məhdudlaşdırılması və sürücülük hüququndan məhrum edilməsi barədə məlumat yoxdur, sürücülük vəsiqəsi 20.11.2028-ci il tarixə kimi etibarlıdır. X3 Xidməti Mərkəzindən alınmış 28.07.2020-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 6885 manat təşkil edir. “X7” Mərkəzindən alınmış 31.08.2020-ci il tarixli qüsur aktından görünür ki, Kia Optima markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 12.720 manat təşkil edir. Abşeron Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron rayon Pİ-in 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə tutularaq, Abşeron rayon Pİ-in MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmək əvəzinə, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Halbuki onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərə maddi və mənəvi ziyan dəymişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin baş vermiş hadisədən sonrakı davranışını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar