Məhkəmə qərarları › İş №1(012)-1173/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1173/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1173/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 03 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə, arvadı Zərərçəkmiş şəxs ona evə gec və sərxoş vəziyyətdə gəldiyi üçün irad tutduğuna görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzünə qəsdən sillə ilə vurub başı divara dəyməklə döşəməyə yıxılaraq sonuncuya başın təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması və sol gözaltı– almacıq nahiyəsinin qançırından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Birgə nikahdan üç uşaqları vardır. Onlardan ikisi-yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Ağarəhimova Zeynəb və xx.xx.2013-cü il təvəllüdlü Ağarəhimov Nuhi himayəsindədir. xx.xx.2005-ci il təvəllüdlü Ağarəhimov Nurlan isə, hazırda hərbi xidmətdədir. O, Abşeron rayonu, Hökməli qəsəbəsində dəri sexində fəhlə işləyir. Ağır və zərərli işdə işlədiyi üçün arabir spirtli içki qəbul edir. Spirtli içki qəbul etməyi ilə bağlı həyat yoldaşı Könül ona narazılıq etmişdir. 02 iyun 2024-cü il tarixdə, axşam vaxtı tanışları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində, kafelərdən birində oturub yemək yemiş və spirtli içki qəbul etmişdir. O, kafedə olarkan həyat yoldaşı Könül ona bir neçə dəfə zəng etmiş və evə gəlməsini tələb etmişdir. Lakin o, sərxoş olduğu üçün evə gec qayıtmışdır. 03 iyun 2024-cü il tarixdə, saat 03 radələrində evə gəldikdə həyat yoldaşı Könül qazandığını kafelərdə xərcləyib evə gec gəlməsi ilə bağlı onunla mübahisə etmişdir. O, əsəbiləşib Könülün sifətinə bir dəfə şillə ilə vurmuşdur. Zərbənin təsirindən Könül yıxılmışdır. Könül yıxılarkən başı divara dəymişdir. Bundan sonra onu vurmamışdır. Könül yıxıldığı yerdən durub uşaqları da götürərək evi tərk etmişdir. Könül bacısı Əsmərin evinə gedib bir neçə gün onlarda qalmışdır. Sonra o, Könüllə barışmış və hazırda arvadı Könül onunla birlikdə kirayə qaldıqları evdə yaşayırlar. Hadisə zamanı o, Könülün sol üz nahiyəsinə şillə ilə vurub Könül yıxılarkən başı divara dəymişdir. Onun vurduğu şillə nəticəsində arvadı Könül sol gözaltı-almacıq nahiyəsindən və başının divara dəyməsi nəticəsində başının təpə nahiyəsinin sağ yarısında qançırlardan ibarət xəsarət almışdır. Həyat yoldaşı Könüllə arasında mübahisə və dalaşma hadisə zamanı kirayədə yaşadıqları Abşereon rayonu, Hökməli qəsəbəsində fərdi evdə baş vermişdir. Həmin vaxt uşaqları evin digər otağında yatmışlar, ona görə də hadisəni görməmişlər. Həmçinin hadisə gecə vaxtı evin içində baş verdiyi üçün qonşular hadisədən xəbər tutmamışlar. Könüllə aralarında olan mübahisə və münaqişə 5-10 dəqiqə müddətində baş vermişdir. Hadisə zamanı Könül onu vurmamış və onu söyməmişdir. Hazırda zərərçəkənlə barışmışlar, odur ki, iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. İstintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs ilə 2004-cü ildə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan üç övladları vardır. 02 iyun 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs zəng edib ondan evə tez gəlməsini xahiş etmişdir. lakin əri Təqsirləndirilən şəxs evə gec gəlmişdir. Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 03 radələrində yaşadığı evə gəlmiş, evə gələndən sonra ondan nə üçün evə gec gəlməsinin səbəbini soruşduqda aralarında mübahisə baş vermişdir. Əri Təqsirləndirilən şəxs tanışları ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, adını xatılmadığı kafelərin birində əyləşdiyini desədə, onun evə gec gəlməsininə görə iradını bildirmişdir. Təqsirləndirilən şəxsla aralarında olan mübahisə zamanı Ramal əli ilə bir dəfə sifət nahiyəsinə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, yıxılanda başı divara dəymişdir. Bundan sonra o, yıxıldığı yerdən qalxaraq yşadığı evi tərk etmiş və Azərbaycan Respublikası DİN-nin “102 xidmətinə” əri Ramalın onu narahat etməsi və vurması barədə məlumat vermişdir. Eyni zamanda həmin günü, yəni 03 iyun 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində yşadıqları evdə 03 iyun 2024-cü il tarixdə saat 03 radələrində baş vermiş, hadisə yerinə qonşuar və kənar şəxslər gəlməmişlər. Təqsirləndirilən şəxs sillə ilə bir dəfə üz nahiyəsinə vurmuş, zərbənin təsirindən yıxılan zaman başından xəsarət almışdır. Aralarında olan münaqişə təxminən 5- 10 dəqiqə müddətində baş vermişdir. Mübahisə evdə baş verdiyi üçün hadisə yerində kənar şəxslər olmamış, uşaqları həmin vaxt yatmışlar. “Məhkəmə-tibbi Ekstertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin verdiyi 11.06. 2024-cü il tarixli, 1126 saylı rəydən görünür ki, məhkəmə tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın təpə nahiyyəsinin iri ölçülü dərialtı hematoması, sol gözaltı-almacıq nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.06. 2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl,əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, zərərçəkənin ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar