Məhkəmə qərarları › İş №1(012)-1173/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1173/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1173/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1997-ci ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdə saat 12:42-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 13,8-ci kilometrliyində yolun sol hərəkət zolağı ilə 60 km/saat sürətlə Şamaxı rayon istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, piyada keçidi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə piyada keçidində vurmuş və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs politravma, ikitərəfli hemitoraks, döş boşluğuna qanın yığılması, baş-beyinin ocaqlı travması, beyinə qansızma, koma halı, qabırğaların ikitərəfli, çoxsaylı sınıqları, sağ qamış və incik sümüklərinin aşağı 1/3- nin qapalı sınıqları, Xİİ döş sümüyünün qapalı sınığı, çanaq sümüklərinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan, ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, 05 iyul 2025-ci il tarixdə saat 12:40-da etibarnamə əsasında idarə etdiyi «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İsmayıllı rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 13,8-ci kilometrliyində avtomobili sol zolaqda 60 km/saat sürətlə hərəkət etdirən zaman qarşıda yolun sağ tərəfindən bir nəfər piyada kişi yolu sola doğrü keçərkən idarə etdiyi avtomobilin ön sol tərəfi ilə piyadanı vurmuş, zərbədən piyada asfalt üzərinə yıxılmış, o, dərhal avtomobili saxlayıb yerə düşərək piyadaya yaxınlaşmış ağır xəsarət aldığını görmüş, hadisə yerinə toplaşan şəxslərlə birlikdə piyada kişini xəstəxanaya aparmış, hadisə vaxtı onun avtomobilində olan dörd nəfər sərnişin avtomobildən düşüb uzaqlaşmışlar. Sərnişinlərdən xəsarət alan olmamışdır. O, hadisə baş verən gündən piyadanın müalicəsinə ümumilikdə 17400 manat maddi yardım göstərmiş, buna baxmyaraq piyada ondan şikayət etmişdir. O, bildirmişdir ki, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, avtomobili yüksüz və saz vəziyyətdə olmuşdur. Əgər zərərçəkən qəbul edərsə xırda bir məbləğ də olsa yenə də maddi köməklik göstərmək niyyətindədir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə 17400 manat maddi köməklik etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhdlər etməsinə baxmayaraq, mümkün olmadığını bildirərək, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:40-da Bakı-Şamaxı-Yevlax yolunun Hökməli dairəsi adlanan dairənin yaxınlığında Şamaxı istiqamətli hərəkət hissəsinin sağ kənarından piyada keçidi zolaqlarına daxil olub sola doğru Bakı istiqamətli hərəkət hissəsinin kənarına tərəf adi yerişlə tək yolu keçməyə başlamış, bu zaman sağ zolaqla rayon istiqamətinə tərəf gələn avtomobil dayanıb onun yolu keçməyinə imkan yaratmış, o, təxminən 7-8 addım atıb yolu keçərkən gözlənilmədən soldan rayon istiqamətinə tərəf gələn ağ rəngli minik avtomobili dayanmadan piyada keçidi zolaqlarında onun sol tərəfindən vurmuş, o, zərbədən asfalt örtük üzərinə yıxılmış və huşunu itirmiş, təxminən bir həftədən sonra xəstəxanada ayılmış, hazırda müalicəsi davam edir. Əvvəllər onu vuran avtomobilin sürücüsünü tanmamış, sürücü tərəfindən onun müalicəsi üçün müəyyən yardım göstərilmiş, lakin onun sağlamlığının tam bərpası üçün çəkilən xərc tam ödənilməmişdir. Hazırda sürücü ilə barışmamış, şikayətçidir. Hələ ona çəkilən xərclərdən əlavə olaraq həyat yoldaşı ona baxmaq üçün işdən çıxmışdır ki, bu da ailənin maddi təminatının psləşməsinə səbəb olmuşdur. Sonda Zərərçəkmiş şəxs verilən suallara cavabında bildirdi ki, təqsirləndirilən şəxsin diqqətsizliyi ucbatından səhhətində yaranmış problemlərə görə Təqsirləndirilən şəxs tərəfindən ona ödənilən maddi köməklik sağalması üçün kifayət etmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi zərərlə bağlı 20000 (iyrimi min) manat əlavə ödənilsə barışıq edər. Lakin hazırda şikayətçidir və barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  xx.xx.2024-cü il tarixli, BC seriyalı, 611176 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir.  “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 iyul 2025-ci il tarixli, 4229 №-li akta əsasən Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 05 iyul 2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13,8-ci kilometrliyində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət üçtərəfli olmaqla hərəkət hissəsinin ümumi eni 12,5 metrdir.  Həmin yerdə işlək hissəsinin eni 12,5 metr, ehtiyat hissəsinin eni 1 metr, ehtiyat hissəsinin eni 1,5 metr, ayrıcı zolağın eni 0,8 metr təşkil edir. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və şinlərin izləri piyada vurulanadək aşkar edilməmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə asfalt üzərində piyada keçidi zolaqları çəkilmişdir. Zolaqlardan əvvəl yolun sağ tərəfində səkidən sağda «5.16.2-piyada» keçidi yol nişanı qoyulmuşdur;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 iyul 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 16 iyul 2025ci il tarixli məlumatına əsasən DİN-nin Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il rəvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.20234-cü il tarixədək etibarlı olan) BC 611176 nömrəli, “B1, B, C1. C” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 04 avqust 2025-ci il tarixli 8/1540 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 16 avqust 2025-ci il tarixli 68 TS nömrəli rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2025-ci il tarixdə «Mərkəzi Klinika»-ya müraciət etmiş və ona «Avtoqəza politravma, ikitərəfli hemitoraks, döş boşluğuna qanın yığılması, baş-beyinin ocaqlı travması, beyinə qansızma, koma halı, qabırğaların ikitərəfli, çoxsaylı sınıqları, sağ qamış və incik sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları, Xİİ döş sümüyünün qapalı sınığı, çanaq sümüklərinin qapalı yerdəyişən sınıqları» diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2025-ci il tarixdə piyada qismində olan zaman avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏRVURMAYA aiddirlər;  “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir;  “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 03 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;  Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, iş üzrə «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, cinayət işi üzrə məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 68 TS nömrəli və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1540 nömrəli rəylətri sübut növü kimi qiymətləndirilmişdir;  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 oktyabr 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur.  “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir; Əməlin tövsifi və digər hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa görə: nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər (50-ci maddənin İİ hissəsinin 1-ci bəndi); svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar (60-cı maddənin İİ hissəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsi isə eyni əməllərin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox sürətlə idarə edib, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verilməli olduğu halda bu tələblərə əməı etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, piyada keçidi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə piyada keçidində vurmuş və nəticədə ehtiyatsızlıqdan piyadanın sağlamlığına ağır zərər vurulmuşdur. Bununla da onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 17400 (on yeddi min dörd yüz) manat məbləğində maddi yardım göstərilməsini və barışıq əldə etmək üçün cəhd etməsini yüngülləşdirici hal hesab edir, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin dəymiş zərərlə bağlı ödəniş etməsi halı ilə yanaşı zərərçəkmiş şəxslə barışmaq üçün cəhdlər etməsini habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən baş vermiş cinayət əməlinin yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılmasl nəzərə alınmalı, həmçinin ekspertiza xərci ilə bağlı isə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ilə əlaqədar 100 (bir yüz) manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə əlavə cəzanın çəkilməsi üçün müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Hyundai İ30» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılmasl nəzərə alınsın. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar