Məhkəmə qərarları › İş №1(012)-118/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-118/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-118/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhər, Nizami rayon Məhkəməsinin 1(007)-227/2023-cü il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün çəkilməmiş cəzası olan, Zəngilan rayonunun Malatkeşin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 457 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Elit Optimal” elektrik avadanlığı satışı mağazasına, mağazanın ikinci mərtəbəsindəki pəncərədən keçməklə qanunsuz daxil olaraq oradan bir ədəd 1900 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 blue”, bir ədəd 1900 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 purple”, bir ədəd 2190 manat dəyərində 256GB yaddaş tutumlu “İphone 14 Starlight”, bir ədəd 2200 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 Plus Starlight”, bir ədəd 3000 manat dəyərində 256GB yaddaş tutumlu “İphone 14 PRO Space Black”, bir ədəd 3000 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 PRO MAX Space Black”, bir ədəd 2400 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 15 Black”, bir ədəd 2700 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 15 Plus Black” markalı, hər birinin qiyməti 740 manat olan 2 ədəd 128GB yaddaş tutumlu “Samsung Galaxy A34(A346)” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 20770,00 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, qonaq getdiyi dostu Rövşəngildən təxminən saat 00:00 radələrində çıxdıb yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Təxminən bir saat sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 457 ünvanında yerləşən “Elit Optimal” adlanan mağazanın yanından keçən oğurluq etmək qərarına gəlmiş və mağazaya bitişik daş hasarın olduğunu görüb, həmin hasarın üzərindən tullanmaqla mağazanın arxa tərəfinə keçmiş və ikinci mərtəbəsində olan pəncərəni əli ilə itələyərək açmış və oradan mağazanın birinci mərtəbəsinə düşmüşdür. O, mağazada olarkən markasına baxmadan telefonları götürüb geyindiyi gödəkçənin ciblərinə yığmış və daxil olduğu yerdən çıxaraq piyada yaşadığı ünvana doğru hərəkət etməyə başlamışdır. Abşeron rayonu, Masazır qəsəbəsinə doğru “Azər city ” adlanan dükanın qarşısı ilə hərəkət edərkən polis əməkdaşları xidməti avtomobil ilə onun yanına yaxınlaşmış, onu sorğu sual etməyə başlamışdırlar, onun təlaşlı olduğundan şübhələnərək ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş, lakin o, üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Ona görə də polis əməkdaşları onu polis idarəsinə dəvət etdikdə o, o, etiraz etməyərək idarəyə gəlmiş və növbətçi hissəsdə olarkən üzərində markalarını bilmədiyi oğurluq telefonlar olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyan tam şəkildə ödənilməklə barışıq əldə edilmiş, ona görə də mülki iddiadan imtina edilmiş, barəsində şikayət yoxdur. Nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə2 Əhmədağa oğlu ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. 16 noyabr 2023-cü il tarixdə, təxminən saat 01 radələrində “Elit Optimal” mağazasından oğurluq hadisəsi baş vermiş və mağazadan ümumi dəyəri 19289,92 manat olan bir ədəd 1899,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 blue”, bir ədəd 1899,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 purple”, bir ədəd 2189,99 manat dəyərində 256GB yaddaş tutumlu “İphone 14 Starlight”, bir ədəd 2199,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 Plus Starlight”, bir ədəd 2999,99 manat dəyərində 256GB yaddaş tutumlu “İphone 14 PRO Space Black”, bir ədəd 2999,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 14 PRO MAX Space Black”, bir ədəd 2399,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 15 Black”, bir ədəd 2699,99 manat dəyərində 128GB yaddaş tutumlu “İphone 15 Plus Black” markalı və ümumi dəyəri 1479,98 manat olan bir ədəd 739,99 manat dəyərində 128GB yaddaş tutumlu “Samsung Galaxy A34(A346) Black”, bir ədəd 739,99 manat dəyərində 128GB yaddaş tutumlu “Samsung Galaxy A34(A346) Green” markalı mobil telefon oğurlanmışdır. Mağazadan bir ədəd “Samsung Galaxy A34” markalı mobil telefon maketi oğurlansa da, həmin maketin hər hansı bir məbləğdə dəyəri olmamışdır. Oğurlanmış mobil telefonlar qaytarıldıqdan sonra müəyyən edilmişdir ki, oğurluq hadisəsi zamanı qiyməti 1899,99 manat olan 128GB yaddaş tutumlu “İphone 14 purple” markalı mobil telefon zədələndiyi üçün 570 manat, qiyməti 2399,99 manat olan 128GB yaddaş tutumlu “İphone 15 Black” markalı mobil telefon zədələndiyi üçün isə 600 manat "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Ümumilikdə “Samsung” və “İphone” markalı mobil telefonların oğurlanmasına görə "xxxx" MMC-yə 20769,90 manat, iki ədəd mobil telefonun zədələndiyinə görə isə 1170 manat maddi ziyan dəymişdir. Maddi ziyan ancaq mobil telefonların oğurlanması və zədələnməsinə görə olmuşdur. Telefonlar qaytarılmış, dəymiş maddi ziyan ödənilmişdir. Sonda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən, sonuncuya qarşı qaldırılmış mülkü iddiadan imtina edilməsi barədə məhkəməyə tərəflərindən ərizə ünvanlanmışdır. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Şahid1 şahid qismində dindirilərək, istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, 16 noyabr 2023-cü il tarixdə, təxminən gecə saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində “4768” çağrışlı avtopatrulla PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə xidmət apararkən Masazır qəsəbəsində yerləşən “Azər city” adlanan dükanın yaxınlığında bir nəfər piyadaya yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncuya şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini bildirmişlər. Həmin şəxs onlara üzərində şəxsiyyətini təsdiq edəcək hər hansı bir sənədinin olmadığını demiş və müxtəlif hərəkətləri ilə özünü şübhəli apardığından onun şəxsiyyətini müəyyənləşdirmək üçün Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxs edilən təklifə etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmiş və növbətçi hissədə üzərində oğurladığı 8 ədəd “İphone” markalı və 3 ədəd “Samsung” markalı mobil telefon olduğunu bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Şahid3 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayından "xxxx" MMCyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Elit Optimal” mağazasının Xirdalan filialının müdiri vəzifəsində işləyir. Filal müdiri olduğu “Elit Optimal” mağazası elektronika və məişət avadanlıqlarının satışını həyata keçirir. Mağaza hər gün saat 10:00-dan, saat 20:00-dək fəaliyyət göstərir. 16 noyabr 2023-cü il tarixdə saat 09 radələrində ona naməlum şəxsin mağazanın arxa tərəfində olan nərdivan vasitəsilə ikinci mərtəbəyə qalxaraq ikinci mərtəbədə olan kondisionerin matorunun üzərinə çıxmaqla pəncərinin şüşəsini açaraq mağazaya daxil olması məlum olmuşdur. Həmin şəxs mağazadan ümumi dəyəri 20630 manat olan bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 blue” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 purple” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 pro space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 plus starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 pro max space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 plus black” markalı, hər biri 800 manat olmaqla ümumi dəyəri 1600 manat olan bir ədəd yaşıl rəngli 128 gb yaddaş tutumlu “Samsung markalı SM-A346E/DSN” və bir ədəd qara rəngli 128 gb yaddaş tutumlu “Samsung markalı SM-A346E/DSN” markalı mobil telefonu oğurlamışdır. Oğurlanmış mobil telefonların ümumi dəyəri təxminən 22230 manat təşkil etmişdir. Həmin şəxs bir ədəd “Samsung SM-A346” markalı mobil telefonun maketini oğurlamış, oğurlanmış bir ədəd “Samsung SM-A346” markalı mobil telefonun maketi mobil telefona oxşasa da, həmin markalı mobil telefonun maketi olduğundan qiymətləndirilməmişdir. Mağazadan təxmini qiyməti 22230 manat olan 8 ədəd “İphone” markalı və 2 ədəd “Samsung” markalı mobil telefon oğurlanmışdır. Həmin mobil telefonlar isə maket ilə birlikdə saxlanılmasından ötrü ona qaytarılmışdır. Oğurluq hadisəsi nəticəsində mağazaya təxminən 22230 manat məbləğində maddi ziyan dəymişdir. 8 ədəd “İphone” və 2 ədəd “Samsung” markalı mobil telefonlar ilə yanaşı bir ədəd “Samsung SM- A346” markalı mobil telefonun maketidə oğurlansa da, həmin maketin hər hansı bir məbləğdə dəyəri olmamışdır. O, oğurlanmış mobil telefonların konkret qiymətləri və həmin mobil telefonlara hər hansı bir ziyanın dəyib-dəyməməsi barədə isə "xxxx" MMC tərəfindən istintaqa məktub təqdim ediləcəyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddələr ilə ********* nömrəli cinayət işi başlanmaqla, istintaq aparılması üçün icraata qəbul edilmiş və "xxxx" MMC-yə maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır;

3. “Maddi sübut hesab edilməsi” barədə 19 noyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 blue” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 purple” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 pro space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 plus starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 promax space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 plus black” markalı, bir ədəd yaşıl rəngli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN, bir ədəd qara rəgli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN markalı mobil telefon və bir ədəd “Samsung SM-A346” markalı mobil telefonun maketi cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün “Elit Optimal” mağazasının Xırdalan filialının müdürü Şahid4 təhvil verilməsi nəzərə alınmışdır;

4. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

5. Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 4(012)-905/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 noyabr 2023cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27 noyabr 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

7. Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2023cü il tarixli, 1(007)-227/2023 saylı hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 06 ay 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır;

8. “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanımaq” haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır;

9. «X1» MMC-nin 01 fevral 2024-cü il tarixli 15/1 saylı əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar olaraq qeyd olunan mobil telefonların istifadə olunmamış halda 2023-cü ilin noyabr ayında ümumi bazar qiyməti 20770,00 manat məbləğində müəyyən edilir;

10. “Təqsirləndirilən şəxə yenidən ittiham elan edilməsi” haqqında 01 fevral 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir;

11. “Sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 blue” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 purple” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 pro space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 plus starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 promax space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 plus black” markalı, bir ədəd yaşıl rəngli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN, bir ədəd qara rəgli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM- A346E/DSN markalı mobil telefon və bir ədəd “Samsung SM-A346” markalı mobil telefonun maketi cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün “Elit Optimal” mağazasının Xırdalan filialının müdürü Şahid4 təhvil verilməsi nəzərə alınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokol, maddi sübutlar iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir;

12. Sumqayıt şəhər Probasiya Şöbəsinin 11 may 2024-cü il tarixli, məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 20223-cü il tarixli, 1(007)-227/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş, məhkumun 18 noyabr 2023-cü il tarixə cəzasının çəkilmiş hissəsi 02 ay 24 gün,çəkilməmiş hissəsi isə 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün təşkil edir;

13. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam ödənildiyindən ona qarşı hər hansı şikayət və tələbi yoxdur, sonuncuya qarşı qaldırılmış mülkü iddiadan imtina edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yəni - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən dəyşiş zərərin tamamı ilə ödənilməsini, şikayətin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və əməldə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 20223-cü il tarixli, 1(007)-227/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 06 ay 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını, lakin onun əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 20223-cü il tarixli, 1(007)-227/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 14 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İstinad olunan Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona hökmlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 18 noyabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış “bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 blue” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 purple” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 pro space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 plus starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 promax space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 plus black” markalı, bir ədəd yaşıl rəngli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN, bir ədəd qara rəgli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN markalı mobil telefon və bir ədəd “Samsung SM- A346” markalı mobil telefonun maketinin “Elit Optimal” mağazasına qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 20223-cü il tarixli, 1(007)-227/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 blue” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 purple” markalı, bir ədəd 256 gb yaddaş tutumlu “İphone 14 pro space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 plus starlight” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 14 promax space black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 black” markalı, bir ədəd 128 gb yaddaş tutumlu “İphone 15 plus black” markalı, bir ədəd yaşıl rəngli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN, bir ədəd qara rəgli 128 gb yaddaş tutumlu “Samsung” markalı SM-A346E/DSN markalı mobil telefon və bir ədəd “Samsung SM-A346” markalı mobil telefonun maketinin “Elit Optimal” mağazasına qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar