Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1187/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xırdalan şəhəri, Mexkalon massivi, 23 saylı evin pəncərəsindən qanunsuz içəri daxil olaraq, yataq otağından dolabın içində olan 4200 manat pulu, digər yataq otağından 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində qızıl üzüyü, 470 (dördyüz yetimiş) manat dəyərində 1 ədəd qızıl üzüyü, bir cüt 600 (altı yüz) manat dəyərində qızıl sırğanı və 300 (üç yüz) manat dəyərində 1 ədəd sırğanı cəmi 6020 manat dəyərində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Fikrət Əhmədli küçəsi, 6/4 saylı evin həyət qapısının yaxınlığında yerləşən elektrik sayğacının üstündə olan açarı götürüb, həyət qapısını açarla açıb həmin evə qanunsuz daxil olaraq qonaq otağında stolun üstündə olan bir ədəd 900 (doqquz yüz) manat dəyərində notebooku, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Samsung A41” və 130 (yüz otuz) manat dəyərində “Samsung A23” markalı mobil telefonları, 1500 (min beş yüz) manat dəyərində samovarı, 20 (iyirmi) manat dəyərində adaptoru, cəmi 2700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xırdalan şəhəri, M.Əsədov küçəsi 51 saylı evə pəncərədən qanunsuz daxil olaraq, oradan 2 ədəd “HP” markalı hər birinin qiyməti 1000 (min) manat olan notebookları, 1 ədəd “Redmi” markalı 200 (iki yüz) manat dəyərində olan mobil telefonu, 150 (yüz əlli) manat dəyərində 01 ədəd “Samsung A5” markalı mobil telefonu, 3400 (üç min dörd yüz) azərbaycan manatı ekvivalentində 2000 (iki min) ABŞ dolları və 5000 (beş min) manat pulu, cəmi 10.750 manat dəyərində əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki,işsiz olduğu üçün maddi tələbatını ödəyə bilməmiş, buna görə məcbur olub oğurluq etmək qərarına gəlmişdir. Belə ki, ilk olaraq 17 iyul 2025-ci il tarixdə Xırdalan şəhəri Mexkalon ərazisində Zərərçəkmiş şəxs2 məxsus evinə daxil olmuş, mənzilin dolabından asılmış çantaya baxdıqda içərisində qədərin bilmədiyi pul olmasını müəyyən etmiş, həmin pulları götürərək oradan uzaqlaşmışdır. Bundan sonra ətrafda heç kəsin olmadığına əmin olmuş və pulları saydıqda həmin məbləğin təxminən 4000 manat olmasını müəyyən etmişdir. O, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan ittihamın Fuad Hüseynova aid epizodu üzrə bildirir ki, qızıl-zinyət əşyalarının oğurlanması faktı ona məxsus deyildir. Belə ki, hadisə zamanı götürdüyü çantanın içərisində yalnız pul vəsaitləri olmuş, hər hansı qızıl və ya digər qiymətli əşyalarla rastlaşmamışdır. O, yalnız həmin pul vəsaitlərini götürmüş və şəxsi ehtiyacları üçün istifadə etmişdir. Bundan başqa o, yenidən oğurluq etmək fikrinə düşmüş, 20 iyul 2025-ci il tarixdə Xırdalan şəhəri, Fikrət Əhmədli küçəsində Zərərçəkmiş şəxs1 məxsus evin yaxınlığından keçən zaman sonuncunun mənzilin açarının elektrik sayğacının üzərinə qoyduğunu görmüş, bundan sonra ev sahibinin uzaqlaşmasını gözləmişdir. O, açar vasitəsi ilə mənzilə daxil olmuş, ətrafa nəzər saldıqda stolun üzərindəki notebook və “Texno” markalı telefonu götürmüş, bundan sonra evi tərk edən zaman qapının qarşısındkı somavarı da oğurlamaq qərarın gəlmiş, həmin əşyalarla birlikdə oradan uzaqlaşmışdır. O, mənzildən bir qədər aralı məsafədə avtobusa minmiş, bu zaman əvvəllər tanımadığı şəxsin somavarı bəyınməsi nəticəsində həmin əşyanı 20 manat müqabilində ona satmışdır. Bundan sonra Köhnə Bazar deyilən ərazidə avtobusdan düşərək oğurladığı 01 ədəd notebook köhnə bazarda 50 manata satmış, digər əşyanın qırıq hissələri olduğu üçün bir neçə dəfə satmağa cəhdlər etməsinə baxmayaraq, alan olmamış, bu səbəbdən həmin mobil telefonu xatırlmadığı yerə atmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarıma xərcləmişdir. Qeyd olunan ittiham üzrə Zərərçəkmiş şəxs1 hissədə özünü tam olaraq təsirli hesab etmişdir. Daha sonra o, gündəlik təlabatlarını ödəməkdən ötrü sonuncu dəfə oğurluq törətmək qərarına gəlmiş, 25 iyul 2025-ci il tarixdə Xırdalan şəhərində tanışı Teymurdan aldığı 60 manat borcu ödəməkdən dolayı Zərərçəkmiş şəxs3 məxsus evinin qapısını döymüş, lakin açan olmamış, qapının üzərindən qalxaraq həyətə daxil olmuş, evin qapılarının bağlı olduğunu, lakin pəncərənin açıq olduğunu görmüş və bu fürsətdən istifadə edərək, mənzilə daxil olmuş, stolun üstündə olan 02 ədəd HP markalı Notebooku, otaqlardakı dolabdan bir ədəd telefon və giriş qapısının yanından isə bir ədəd Redmi markalı telefonları götürmüşdür. O, yenə mənzildə qiymətli əşya axtamağa başlamış, bu zaman dolabın üstündə qəhvəyi rəngli eynək qabını görmüş, içərisinə baxdıqda ABŞ dolları və qəpiklərlə olan pullar olduğunu aşkar etmişdir. Bundan sonra əşyaları və pulları götürərək, kirayə yaşadığı mənzil\ getmiş, orada eynək qabının içərisində olan pulları saydıqda içərisində 1360 ABŞ dolları və qəpiklərlə birlikdə 8 manat olduğunu müəyyən etmişdir. Bundan sonra o, pulları şəxsi ehtiyacları üçün sərf etsə də, lakin notebook və telefonları satmamış, yaşadığı evdə saxlamışdır. Bundan sonra digər mənzilə köç edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmiş, bu zaman həmin oğurladıqları əşyalar üzərində olmuşdur. Qeyd olunan ittiham yalnız 2000 ABŞ dolları və 1300 ABŞ dolları oğutlamışdır. Qeyd olunan ittihamın Zərərçəkmiş şəxs3 aid epizodu üzrə bildirir ki, ittihamda sonuncuya məxsus mənzildən 2000 ABŞ dolları və 5000 manat pulların onun tərəfindən oğurlanması göstərilsə də, lakin bu fakt doğru deyildir. Belə ki, o, yalnız 1360 ABŞ dolları və qəpiklərlə birlikdə 8 manat pul oğurlamış, digər məbləğlər isə ona məxsus olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, törətdiyi əməllərdən peşmadır, dəymiş zərərdən qaytarmağa imkanı olmasa da, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxslər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində qızı evdən çıxarkən həyət qapısını bağlayıb, açarı giriş qapısının yaxınlığında olan sayğacın üzərinə qoymuşdur. Həmin gün günorta saatlarında həyət qapısını açarla açıb mənzilə daxil olmuş, telefon üçün adapteri tapa bilmədiyindən və notebookun stol üzərində, qədim mis samovarın isə əvvəlki yerində olmadığını gördükdə mənzild\ oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermiş və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus mənzild\n 1 ədəd 900 manat dəyərində notebook, 1 ədəd 150 manat dəyərində “Samsung A41”, 1 ədəd 130 manat dəyərində “Samsung A23” markalı mobil telefon, 1 ədəd 1500 manat dəyərində samovar və 20 manat dəyərində adapter oğurlanmış, ümumilikdə ona 2700 manat məbləğində zərər dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Oğurluq nəticəsində ona 2700 manat məbləğində zərər dəymiş və həmin məbləğdən ona hər hansı məbləğ ödənilməmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, xx.xx.2025-ci il tarixdə evdə olmadığı saatlarda Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 yaşayış massivində, şəhid Rasim Abdullayev küçəsində yerləşən ona məxsus evdə oğurluq hadisəsi baş verməsini aşkar etmiş və bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra o, öyrənmişdir ki, naməlum şəxs evin hasarından keçməklə həyətə, oradanda pəncərə vasitəsi ilə mənzilə daxil olaraq evin yataq otağında olan çantadan 4200 manat pul, 1 ədəd 450 manat dəyərində qızıl üzük, 1 ədəd 470 manat dəyərində qızıl üzük, 600 manat dəyərində bir cüt qızıl sırğa və 1 ədəd 300 manat dəyərində sırğa oğurlamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Oğurluq nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona məxsus həm pul, həm də qızılzinyət əşyaları oğurlanmış, ümumilikdə ona 6020 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğdən ona hər hansı məbləğ ödənilməmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonuna qonaq getmiş, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində evə qayıdanda bəzi əşyaların qarışıq vəziyyətdə olmasını görmüş və evdə oğurluq hadisəsinin baş verdiyini müəyyən etmişdir. Evə bir qədər baxış keçirdikdən sonra mənzildən 2 ədəd HP markalı, hər birinin qiyməti 1000 manat olan kompyuter, 1 ədəd Redmi markalı 200 manatlıq mobil telefon, 1 ədəd “Samsung A5” markalı 150 manatlıq mobil telefon, 2000 ABŞ dolları və 5000 manat pul oğurlandığını aşkar etmişdir. Bundan sonra oğurluq hadisəsəi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və sonradan evdən oğurluq hadisəsini Fuad adlı şəxsin törətdiyini öyrənmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, baş vermiş hadisəyədək Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən 02 ədəd HP markalı, hər birinin qiyməti 1000 manat olan kompyuter, 1 ədəd Redmi markalı 200 manatlıq mobil telefon, 1 ədəd “Samsung A5” markalı 150 manatlıq mobil telefon, 2000 ABŞ dolları və 5000 manat pul oğurlamış, beləliklə, ümumilikdə ona 10 750 manat məbləğində ziyan dəymişdir. Onu da əlavə etdi ki digər otaqda kreditə götürülmüş 25000 manat olmuş, lakin həmin pul yerində qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir;
3. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;
6. Abşeron Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 4(012)-433/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
7. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;
8. “Cinayət işi üzrə maddi sübut kimi tanınma” haqqında 26 avqust 2025-ci il tarixli qərara əsasən iş üzrə 02 ədəd “HP” markalı notebook, 01 ədəd “Samsung” və 01 ədəd “Redmi” markalı telefonlar maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs3 ərizəsinə saxlanılması üçün özünə qaytarılmış, bundan başqa 01 ədəd “İnfinix” markalı mobil telefonun, 01 ədəd “Nokia” markalı mobil telefonun, 01 ədəd “telefon üçün adaptorun”, 02 ədəd “bank kartının”, 01 ədəd “Yellobank” kartının, 02 ədəd “Araz və Real market kartlarının”, 01 dəst “açarın”, 01 ədəd “flashcard” və “ev açarlarının Təqsirləndirilən şəxs qaytarılması müəyyən edilmişdir;
9. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda dəyişiklik olmadığından, həmin ittiham öz qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübut növü kimi qiymətləndirilmiş, iş üzrə iki ədəd HP markalı noutbookun, bir ədəd Redmi markalı mobil telefonun və bir ədəd Samsung A5 markalı mobil telefonların maddi sübut kimi tanınaraq sahibinə qaytarılması nəzarətə alınmaqla, təqsirləndirilən şəxsə məxsus açarlar, bir ədəd flash kart, bir ədəd Nokia və bir ədəd İnfinix markalı telefonlar, bir ədəd Yelo Bank kartı, bir ədəd Araz Market kartı, bir ədəd Real Market kartı və iki ədəd Bakı Bus kartı maddi sübut kimi tanınmamış, saxlanılması üçün Abşeron RPİ-nin sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs və X2 və Zərərçəkmiş şəxs3 Lütfü oğluna məxsus evdən oğurluq edərkən kamerada qeydə alınmış video görüntünün qeydə alındığı 02 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmiş, sonuncunun cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mövcud sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, həmin sübutlar kifayət etmiş hesab edilmişdir;
10. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 oktyabr 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası təyin edilmiş, bundan sonra o, Moskva şəhər Lyublinski rayon məhkəməsinin 21 iyun 2006-cı il tarixli hökmünə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin törədilməsində təqsirli bilinərək, 01 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyul 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən həmin cəzanı çəkməkdən 05 ay 18 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin törədilməsində təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, sonradan isə Qaradağ rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 10 iyul 2020-ci il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır, son olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin törədilməsində təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən dəyişdirilmədən qüvvədə saxlanılmış, sonradan isə Nizami rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə həmin cəzanı çəkməkdən 01 ay 20 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 19 aprel 2024-cü il tarixdə cəza müdddəti başa çatmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə istintaqında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Xırdalan şəhəri, Mexkalon massivi, 23 saylı evin pəncərəsindən qanunsuz daxil olaraq, yataq otaqlarından 4200 manat pul və müxtəlif qızıl-zinyət əşyalarını, ümumilikdə 6020 manat dəyərində əmlakı oğurluq etmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədli küçəsi, 6/4 saylı evin həyət qapısının yaxınlığında yerləşən açarı götürərək, evə qanunsuz daxil olmuş və qonaq otağında stolun üzərində olan notbuk, mobil telefonlar, samovar və adapter daxil olmaqla, ümumilikdə 2700 manat dəyərində əmlakı oğurluq etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Xırdalan şəhəri, M.Əsədov küçəsi 51 saylı evə pəncərədən qanunsuz daxil olaraq, 2 ədəd notbuk, 2 ədəd mobil telefon, həmçinin 2000 ABŞ dolları və 5000 manat pul daxil olmaqla, ümumilikdə 10.750 manat dəyərində əmlakı oğurluq etmişdir. Bütün qeyd olunan hallarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.” Təqsirləndirilən şəxs tərəfindən törədilmiş həmin oğurluq faktları qismən etiraf edilsə də, məhkəmə sonuncunun inkar etdiyi epizodlarla bağlı qeyd edir ki, həmin halları onun özünü müdafiə hüququ kimi qəbul edir və sonuncunun dəlillərini əsaslı hesab etmir, sonuncunun belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir. Belə ki, hər bir epizod üzrə zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə onların ibtidai istintaq zamanı göstərilən eyni məzmunlu ifadələri və iş materiallarına əlavə edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, təqsirləndirilənin verdiyi ifadələr faktlarla ziddiyyət təşkil etmiş, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən əvvəllər iki dəfə qəsdən törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən cinayət törədib və həmin əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, onun barəsində cinayətin təhlükəli residivi yaranmış hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunan Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, istinad olunan madddələrə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır və az ağır cinayətlər törətdiyinə görə əvvəlki iki hökm üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət əməlini törətmişdir ki, bu hal isə öz növbəsində onun əməlində cinayətin təhlükəli residivinin yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, həmçinin onun əvvəllər törətdiyi cinayət əməli üzrə cəzanı çəkib qurtardıqdan sonra yəni məhkumluq müddətində yenidən qəsdən cinayət törədərək, əməldə cinayətlərin residivinin yaranması halını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs azadlığının 05 avqust 2025-ci il tarixindən etibarən faktiki məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə onun cəzasının icrasına həmin tarixdən başlanılmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Beləliklə, cinayət işinin materiallarının araşdırılması nəticəsində məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs2 — 6020 manat, Zərərçəkmiş şəxs1 — 2700 manat, Zərərçəkmiş şəxs3 — 8400 manat məbləğində pul vəsaiti tutulmaqla zərərçəkmiş şəxslərin xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə maddi sübutlar ilə bağlı məsələni nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd HP markalı notebookun, 01 ədəd Redmi markalı və 01 ədəd “Samsung” markalı mobil telefonların - sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus evə daxil olmasını əks etdirən videogörüntülər olan 02 ədəd DVD formatlı disk - cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 xeyrinə - 6020 manat, Zərərçəkmiş şəxs1 xeyrinə - 2700 manat, Zərərçəkmiş şəxs3 xeyrinə - 8400 manat məbləğində pul vəsaiti tutularaq, zərərçəkmiş şəxslərin xeyrinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd HP markalı notebookun, 01 ədəd Redmi markalı və 01 ədəd “Samsung” markalı mobil telefonların - sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus evə daxil olmasını əks etdirən videogörüntülər olan 02 ədəd DVD formatlı disk - cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov