Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-119/2020 14.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdaş rayonu Aşağı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun oğlu Şahid «X3» QSC-nə işə düzəldəcəyinə köməklik edəcəyini inandırmaqla yalandan vəd verib aldadaraq, bu məqsədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı-Avtovağzalının yaxınlığında 1000 manat məbləğində pulunu və xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Masazır dairəsi” adlanan ərazidə 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etmədən Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2018-ci ilin may ayından tanımışdır. Belə ki, o, həmin vaxt Ağdaş rayonundan Bakı şəhərinə yol maşını ilə gələn zaman Bakı şəhərinə çatdıqda özünə məxsus olan mobil telefonu maşında qalmışdır. O, özünə məxsus nömrə ilə əlaqə yaratdıqda, bir nəfər əvvəllər tanımadığı şəxs telefonu götürərək, “sənin telefonun məndə qalıb, görüşək verim sənə” sözlərini ona demişdir. O, həmin şəxslə, yəni Zərərçəkmiş şəxsla Bakı şəhəri, Binəqədi rayonu, “Avtovağzal” dairəsində görüşmüş və telefonunu həmin şəxsdən götürmüşdür. Söhbət əsnasında həmin şəxs ona “oğlum Yusif hərbi xidmətdən təzə gəlib, ona iş axtarıram” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs tanışlarının vasitəsi ilə sonuncunun oğluna iş düzəldə biləcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə o, Qismət ilə Bakı şəhəri, Binəqədi rayonu, “Avtovağzal” dairəsində görüşmüş və 1000 manat pulu Qismətdən borc almışdır. Daha sonra isə xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Masazır dairəsində Qismətlə görüşüb yenidən 1000 manat pulu ondan borca almışdır. Lakin anası xəstə olduğu üçün 2000 manat pulu Qismətə qaytara bilməmişdir. O, Qismətin oğlu Yusifi Şamaxı rayonunda yerləşən dostunun işlədiyi istirahət mərkəzinə işə düzəltmək istəsə də, Yusif razılaşmamışdır. Yusifin ali təhsili olmadığı üçün sonuncunu başqa işə düzəldə bilməmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdə Kürdəmir rayonundan Bakı şəhərinə taksi ilə gələn zaman onun yanında bir nəfər əvvəllər tanımadığı şəxs əyləşmişdir. Onlar birlikdə Bakı şəhərinə gəlmişlər, Avtovağzalın yaxınlığında həmin şəxs maşından düşmüş, o isə bir qədər getdikdən sonra düşmüşdür. Avtomobildən düşən zaman o, oturacaqda bir ədəd qara rəngli modelini və markasını xatırlamadığı telefon olduğunu görmüşdür. O, həmin telefonun onunla birlikdə gələn sərnişinlərdən birinin olduğunu düşünüb, bu barədə sürücüyə məlumat vermişdir. Sürücü isə ona “mən Kürdəmir rayonuna qayıdıram, sən telefonu özünlə götür həmin adam yəqin zəng edəcək, onunla görüşüb verərsən” sözlərini demişdir. Buna görə də o, telefonu özü ilə götürmüşdür. Həmin günü təxminən 25-30 dəqiqə sonra həmin telefona telefonun sahibindən zəng gəlmişdir. Onlar vaxt təyib edib Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtovağzalın yanında görüşmüşlər və o, telefonu sahibi Təqsirləndirilən şəxs qaytarmışdır. Söhbət əsnasında Taryel ona Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon şöbəsində işlədiyini, əgər lazım olarsa əlaqələrinin geniş olduğunu, iş düzəldə bildiyini demişdir. O, söhbət əsnasında oğlu Yusifin hərbi xidmətdən təzə gəldiyini, işə düzəltmək istədiyini bildirmişdir. Taryel ona heç bir problemin olmadığını, dostunun vasitəsi ilə oğlu Yusifi “X3” QSC-nə işə düzəldə biləcəyini demişdir. xx.xx.2018-ci il tarixdə Taryel onun mobil telefonuna zəng edərək, ondan xəbər gözlədiyini və əgər oğlunu işə düzəltmək istəyirsə, 2000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin günü axşam Taryellə Bakı şəhəri, Binəqədi rayonu, Avtovağzalın yaxınlığında görüşmüş və oğlunu işə düzəltməsi üçün sonuncuya 1000 manat pul vermişdir. Əlavə olaraq isə 1000 manat pulu 2-3 günə verəcəyini demişdir. Taryel isə ona «gələn dəfə görüşəndə 1000 manat pulu və uşağın sənədlərini gətirərsən» sözlərini demişdir. O, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Masazır dairəsində Taryel ilə görüşmüş və sonuncuya 1000 manat pul və oğluna aid sənədlərin surətini vermişdir. Taryel ona yaxın zamanda oğlunu “X3” QSC-nə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, Taryellə mütəmadi olaraq danışmışdır. Sonuncu hər dəfə yaxın zamanlarda işin düzələcəyini, bir az səbr etməsinin lazım olduğunu bildirmişdir. Lakin təxminən 3-4 ay sonra Taryelin telefonuna zəng çatmamışdır. O, Taryellə bir dəfə görüşdüyü Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən idarəyə getmişdir. Orada ona “sən birinci adam deyilsən ki, buraya Taryeldən şikayətə gəlirsən, onun barəsində çox adam şikayət edib” sözlərini demişlər. Bundan sonra o, Taryelin qardaşı və anası ilə telefon əlaqəsi yaratmış, və sonuncular hər dəfə ona səbrli olmasını, pulunu qaytaracaqlarını bildirmişlər. Lakin, aradan uzun müddət keçməsini və pulunun qaytarılmamasını görüb bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki,təxminən 2018-ci ilin iyul ayında atası Qismət ona “bir nəfər tanıdığı şəxs var, o, səni “X3” QSC-nə işə düzəldəcək” sözlərini demişdir. xx.xx.2018-ci il tarixdə o, atasıiləbirlikdə sonradan tanıdığı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, “Avtovağzal” dairəsində görüşmüşlər və onu işə düzəltməsi üçün atasıTaryelə1000 manat pul vermişdir. Bundan sonra Taryel ilə yenidən xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Masazır dairəsində görüşmüşlər və əlavə olaraq atası 1000 manat da pulu Taryelə vermişdir. Taryelə ümumilikdə 2000 manat pul verilən vaxt o, orada olmuşdur. Taryel qısa müddət ərzində onu işə düzəldəcəyinə söz vermişdir. Lakin, aradan bir müddət keçməsinə baxmayaraq Taryel onu işə düzəltməmiş və atasının 2000 manat pulunu qaytarmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Ağdaş rayon İHB-nin Aşağı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin tələbləri baxımından dələduzluq əməli kimi qiymətləndirilməklə yanaşı, ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci hissəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Eyni zamanda həmin məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin imperativ şərti nəzərə alınaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəyərək onunla barışması, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair xahişi və işin digər halları nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdiril-mə-sindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstinad edilən maddələrin tələbləri baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə görə, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 175, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-119/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-119/2020
14.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver