Məhkəmə qərarları › İş №1(012)-12/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-12/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-12/2022 18.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ailəli, işləməyən, Siyəzən rayonu, H.Aslanov küçəsi ev 3-də qeydiyyatda olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Baxçalı evlər ev 221-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X3 2019-cu ilin fevral ayında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı barəsində Abşeron rayon məhkəməsində olan işinə köməklik göstərəcəyinə vəd verib aldadaraq bu məqsədlə 2019-cu ilin avqust ayının əvvəlində Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında görüşərək 1600 manat pulunu, 2019-cu ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 18-də görüşərək 1500 manat pulunu almaqla ümumilikdə 3100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, Baxçalı evlər ev 221-də ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus “Xəzər” markalı ** PK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun taksi fəaliyyətində olduğu zaman müştərisi kimi tanımış, Simuzər ilə münasibəti yaxşı olmuşdur. Oğlu Nihadın aldığı xəsarətlə bağlı onu oğlu ilə birlikdə Bakı şəhərində yerləşən “Medera Hospital” klinikasına fizioterapiyaya aparmışdır. Zərərçəkmiş şəxs “Medera Hospital” klinikasına gedən zaman söhbət əsnasında 2019-cu ilin fevral ayında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2012-ci il təvəllüdlü oğlu olan X1 ayağından xəsarət alması, bununla bağlı Abşeron rayon məhkəməsində işə baxılması barədə bildirmişdir. O, bir iki dəfə Zərərçəkmiş şəxs oğlunun məhkəməsinə gedib iştirak etmişdir. Onun oğlunun yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildikdən sonra araşdırmanın düzgün aparılmadığını bildirərək işi yenidən ibtidai istintaq qaytarılmasında ona köməklik edəcəyini deyib hadisədə olub günahkar sürücünün oğlunun bütün xəstəxan xərclərini ödətdirəcəyinə söz vermiş və bu işin həlli üçün ondan 3100 manat pul istəmişdir. Həmin vaxt özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, lakin boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona inanıb razılaşmış və 2019-cu ilin avqust ayında hissə-hissə olmaqla ona yaşadığı Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 18-də ümumilikdə 3100 manat pul vermişdir. Ondan 3100 manat pulu aldıqdan sonra bu işin bir ay müddətində həll olunacağını bildirmiş, lakin həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı ödəmişdir. Ona görədə onun barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı ödədiyini bilrirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyə teleqramma göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 18-də yaşayır. Təqsirləndirilən şəxs 26 iyun 2019-cu il tarixdən tanıyır. 2019-cu ilin fevral ayında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2012-ci il təvəllüdlü oğlu X2 ayağından xəsarət almışdı. Həmin faktla bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq Eldəniz Əsgərov tərəfindən araşdırma aparılmışdır. Oğlu Nihadın aldığı xəsarətlə bağlı onu Bakı şəhərində yerləşən “Medera Hospital” klinikasına fizioterapiyaya aparmışdır. Buna görə də 26 iyul 2019-cu il tarixdə “2111” taksi xidmətinə zəng edib taksi sifariş etmiş, Sonradan özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ***-***-**-** nömrəli telefonla ona zəng edərək “2111” taksi sifarişindən gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ağ rəngli “Xəzər” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu Bakı şəhərində yerləşən “Medera Hospital” klinikasından onu oğlu Nihadla götürüb Abşeron rayonu, Daş Güzdək qəsəbəsindəki evinə gətirmişdir. Onlar söhbət əsnasında taksi sürücüsü Təqsirləndirilən şəxslə hər dəfə “Medera Hospital” klinikasına gedib gəlməyə görə onunla 20 manata razılaşmışlar. Bundan sonra onlar hər gün oğlu ilə İlqara 20 manat pul ödəyib gedib gəlmişlər. Daha sonra İlqar onun oğlunun yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bilib araşdırmanın düzgün aparılmadığını bildirərək işi yenidən ibtidai istintaqa qaytarılmasında ona köməklik edəcəyini deyib hadisədə günahkar olan sürücünün oğlunun bütün xəstəxana xərclərini ödətdirəcəyinə söz vermiş və bu işin həlli üçün ondan 3100 manat pul istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, lakin boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, İlqara inanıb onunla razılaşmış və 2019-cu ilin avqust ayında hissə-hissə olmaqla İlqara yaşadığı Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 18-də ümumilikdə 3100 manat pul vermişdir. Həmin 3100 manat pulun 1500 manatını sonuncu dəfə İlqara Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən evində vermişdir. İlqar 3100 manat pulu ondan aldıqdan sonra bu işin bir ay müddətində həll olunacağını bildirmiş, lakin İlqarın dediyi vaxt keçməsinə baxmayaraq heç bir iş görməmiş və o, bundan sonra İlqarın onu aldatdığını başa düşüb ondan 3100 manat pulunu tələb etməyə başlamışdır. O, hər dəfə ona zəng vurduqda İlqar ona müxtəlif bəhanələr gətirərək pulunu verməmiş və axırıncı dəfə o, İlqara zəng vurduqda onu nalayiq sözlərlə təhqir etdikdən sonra o, 16.11.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə Təqsirləndirilən şəxs onu aldatması və ona qarşı dələduzluq edərək 3100 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, həmin puldan 1600 manatını Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında, qalan 1500 manatı isə yaşadığı Abşeron rayonu, Daş Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 18-də yerləşən evində vermişdir. Axırıncı dəfə o, 1500 manatı evində vermiş, 1500 manatı Təqsirləndirilən şəxs verərkən yanında anası Şahid olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon məhkəməsinin 14.04.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 ay 12 gün müddətinə aylıq əmək haqqının 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin olunmuşdur. Siyəzən rayon İcra və Probasiya şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 12 gün müddətinə aylıq əmək haqqının 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum olunması ilə bağlı Abşeron rayon məhkəməsinin 14.04.2018-ci il tarixli hökmü Siyəzən rayon İcra və Probasiya şöbəsinə daxil olmamışdır. Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 12 gün müddətinə aylıq əmək haqqının 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum olunması ilə bağlı Abşeron rayon məhkəməsinin 14.04.2018-ci il tarixli hökmü Sumqayıt şəhər Probasiya şöbəsinə daxil olmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2 maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar resediv yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar