Məhkəmə qərarları › İş №1(012)-120/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-120/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-120/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Xırdalan şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələriilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron raynou, Xırdalan şəhəri, Səməndər Rzayev küçəsi, nömrəsiz evə pəncərəni sındırmaq yolu ilə qanunsuz daxil olaraq qonaq otağından 400 manat dəyərində 1 ədəd LG markalı televizor, 500 manat dəyərində 1 ədəd Lenova markalı nootbuk, 100 manat dəyərində 1 ədəd Samsung markalı telefon, 50 manat dəyərində 1 ədəd Samsung 6272 markalı mobil telefon, dolabdan 1500 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 200 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, 250 manat dəyərində 1 ədəd qadın qızıl üzüyü talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş AzərbaycanRespublikasıCM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamdaözünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Rzayev küçəsində yaşamış, Zərərçəkmiş şəxs isəonunla qonşuluqda yaşayır. xx xxxxxx 2019-cu il tarixdə maddi vəziyyəti pis olduğundan qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etsin. Bu məqsədlə Zərərçəkmiş şəxs və ailəsinin evdə olmadığından istifadə edərək xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus evin pəncərəsini sındırmaqla evə qanunsuz daxil olmuş, həmin evdən 1 ədəd “LG” markalı televizor, 1 ədəd lenova markalı noutbuk, 2 ədəd Samsung markalı mobil telefon, bir ədəd qızıl boyunbağı, bir ədəd kişi qızıl üzüyü, bir ədəd 250 manat dəyərində qadın qızıl üzüyügötürmüşdür. Oğurladığıəşyaları yaşadığı evə gətirmiş, bundan sonra isə taksi ilə televizoru Xırdalan şəhərində yerləşən köhnə bazar yaxınlığında tanımadığışəxsə satmış, bundan sonra isə həmin günü axşam avtobusla Memar Əcəmi metrosu yaxınlığına gəlmiş və orada oğurladığı noutbuku, telefonları və qızl zinət əşyalarını tanımadığışəxsə satmış, oğurladığı əşyaların satışından təxminən 600 manat pul əldə etmiş və həmin pulu şəxsi tələbatlarını ödəmək üçün xəcləmişdir. Əlavə olaraq göstərmişdir ki, qeyd olunan cinayəti tək törətmiş, oğurladığıəşyaları satan zaman heç kimə oğurluq olması barədə məlumat verməmişdir. Məhkəmə istintaqında zərərçəkmişşəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Rzayev küçəsində fərdi evdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq evindən çıxmış, həmin günü axşam saat 19 radələrində evinə qayıtmışdır. Evə daxil olan zaman dəhlizdə olan pəncərənin sındırıldığını görmüş, dərhal evə daxil olmuş və evdəki 400 manat dəyərində «LG» markalı televizoru, 500 manat dəyərində «Lenovo» markalı notebokun yerində olmadığını görmüş, bundan sonra evindən oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra ətrafa baxdıqda evdən 100 manat dəyərində «Samsunq» markalı mobil telefonun, 50 manat dəyərində «Samsunq 6272» markalı telefonun, 1500 manat dəyərində qızıl boyunbağının, 200 manat dəyərində bir ədəd kişi qızıl üzüyünün, bir ədəd 250 manat dəyərində qızıl üzüyün oğurlandığını görmüş, baş vermiş oğurluq nəticəsində ona 3000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Şahid elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazar yaxınlığında 28-ci məhəllədə televizor təmiri məntəqəsində işləmiş, bundan əlavə işlənmiş və işləməyən televizorları da alıb satışını təşkil edir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində iş yerində olduğu zaman bir nəfər əvvəllər tanımadığışəxs iş yerinə gələrək televizor satmaq istədiyini bildirmiş, o ilk əvvəl televizor almaq istəmədiyni bildirmiş, lakin həmin şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona avtomobili qəzaya uğradığını və təcili pul lazım olduğunu bildirmişdir. O, həmin LG markalı televizora baxmış və televizorun yaxşı vəziyyətdə olduğunu görüb televizoru ala biləcəyini bildirmiş, o, Əlidən televizoru haradan əldə etdiyini soruşduqda Əli ona televizorun yaşadığı evə aid olduğunu, maddi vəziyyətlərinin pis olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu və bu səbəbdən təcili olaraq idarə etdiyi avtomobili düzəltdirmək üçün televizoru satdığını bildirmişdir. Əli həmin televizrou ona 100 manat pul müqabilində satmaq istəsədə ona 90 manat pul vermiş, həmin gündən bir neçə gün sonra Əlidən aldığı televizoru tanımadığışəxsə 120 manat pul müqabilində satmışdır. Əlavə olaraq göstərmişdir ki, Əli televizorun oğurluq olması barədəona heç bir məlumat verməmiş, həmin televizorun oğurluq olmasını bildiyi təqdirdə onualmaqfikrindəndaşınmışolardı. Aldığı televizoru tanımadığışəxsə satmış və həmin şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, maddi ziyan olan 3000 manatdan 800 manat ödəniş etmiş, qalan məbləği də hissə-hissə ödəməklə bağlı razılığa gəlmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(0120)-22/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli Abşeron rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələriylə təqsirli bilinməklə 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-833/2020-ci il, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və gələcək həyatına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını faktiki yaşadığı yer üzrə çəkməli, onun üzərinə yuxarıda göstərilən müvafiq vəzifələr qoyulmalı, hökmün icrası onun yaşayış yeri üzrə Lənkəran rayonu icra və probasiya şöbəsinə həvalə olunmalı və cəzasının əvvəli onun orada qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət işi üzrə istintaq aparılan ərəfədə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrlə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(0120)-22/2020-ci il tarixli xx.xx.2020-ci il tarixli Abşeron rayon məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələriylə təqsirli bilinməklə 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etməh hüququndan məhrum edilməklə 01 il 6 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-833/2020-ci il, xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, lakin 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə barədə əlavə cəzadan azad olunmamışdır Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 833/2020-ci il, xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş qalan 04 ay 08 gün müddət və 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzaları müstəqil icra olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 ay 04 gün şərti cəzasının çəkilməmiş qalan 04 ay 8 gün müddəti və 02 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzaları müstəqil icra olunsun. Hökmün icrası Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar