Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-120/2022 18.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, subay, orta təhsilli, məhkum olunmayan, Yevlax şəhəri, X6 küçəsi ev 2, mənzil 2-də qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Z. Bünyatov küçəsi ev 58, mənzil 87-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxs barəsində ağır cinayət törətməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Bolt” taksi sisteminə qoşularaq etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olarkən, 22 oktyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində müştəri qismində Şahid1 ilə onu Abşeron rayonu, Masazir qəsəbəsində «Araz» marketin yaxınlığına 10 manat müqabilində aparmaq barədə razılaşaraq onu təxminən 15 dəqiqəyə həmin ünvana çatdırmış, sonuncu ilə gediş haqqını ödəməyə pulu olmadığı üçün ünvana çatdıqdan sonra ödəniş edəcəyi barədə əvvəlcədən razılaşdıqlarından Şahid1 gediş haqqını gətirmək adı ilə darvazası bağlı olan yaşayış evinin hasarından aşaraq qaçıb getməsindən sonra aldadıldığını başa düşüb, onun bu hərəkətindən qəzəblənərək qeyri-qanuni üsulla olsa belə tapılıb cəzalandırılması qərarına gəlib bu məqsədlə dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən gecə saat 03:55-də dövlət orqanı olmaqla cinayət təqibini həyata keçirmək hüququ olan Daxili İşlər Nazirliyinin “102” zəng xətti ilə əlaqə saxlayıb guya sərnişin kimi apardığı şəxsin onu sılah qismində istifadə etdiyi bıçaqla hədələyərək 370 (üç yüz yetmiş) manat pulunu zorla əlindən alıb hadisə yerindən uzaqlaşması barədə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs bundan sonra da eyni əməllərini davam etdirib ona həmin tarixdə Abşeron Rayon Polis İdarəsində bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti daşıyacağı barədə hər dəfə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq Şahid1 cəzalandırılmasına nail olmaq üçün verdiyi yalan məlumatı 22 oktyabr 2021-ci il tarixli ərizəsində, habelə eyni tarixli izahatında təsdiq etmiş, bu yalan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində ağır cinayət kateqoriyasına aid edilməklə sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan silahdan istifadə etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayətinin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət işinin başlanılmasına, özünün isə həmin cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq zərərçəkmiş şəxs qismində tanınmasına nail olmaqla, habelə istintaq zamanı cinayət prosesinin iştirakçısı kimi qərəzli yalan məlumatlar verməyə davam etməklə bilə-bilə ağır cinayətin edilməsi ilə bağlı yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi heç bir yerdə işləməmiş və əsasən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, son bir il olar ki, “Bolt” taksi sisteminə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmuş, öz avtomobili olmasa da, günü 25 manata etibarnamə əsasında “Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 22 oktyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Baki şəhəri, Yasamal rayonu ərazisində yerləşən Statistika Komitəsi ilə üzbəüz adını bilmədiyi çin mətbəxi restoranı yerləşdiyi yolda hərəkətdə olan zaman bir müştəri əl edib onu saxlatdırmış, o, da avtomobili saxlayib onun sifarişini qəbul etmək üçün dinləmişdir. Həmin şəxs Abşeron rayonu Masazir qəsəbəsində yerləşən «Araz» marketin yaxınlığına gediş haqqi 10 manata sifariş vermiş və o, da onun sifarişini qəbul etmiş, bundan sonra həmin şəxs avtomobilin qabaq sərnişin tərəfində əyləşmiş, həmin şəxs tək olmuş, yəni onun yanında digər bir müştəri olmamışdır. Yolda olan zaman 20 yanvar dairəsinə çatanda həmin şəxs üstündə pulu olmadığını deyib ona qarşılayıb pul vermələri üçün zəng etmək məqsədilə telefonu verməsini xahiş etmiş, lakin telefonunu verməyib onun telefonu vasitəsi ilə tanımadığı şəxslərə zəng edilməsini istəmədiyini, ünvana çatanda qapıda saxlayacağını deyib gedib pulunu götürüb verməsini təklif etmiş, o, da onunla razılaşmışdır. Bundan təxminən 15 dəqiqə sonra həmin müştərinin qeyd etdiyi ünvana çatmış, bir neçə metr də irəliyə sürdürüb qarşıda saxlamağını demiş, lakin yola daşlar tökülüb yolu bağladığı üçün həmin müştəri avtomobildən düşüb daşları kənara atıb özü piyada gedərək ona bir qədər irəli gəlməsini demişdir. Həmin şəxs yaxınlıqda olan darvazaya yaxınlaşıb qapının dəstəyini dartıb ona qapının bağlı olduğunu, hasardan tullanıb qapını açıb pulu gətirəcəyini demiş, o, da buna etiraz etməmişdir. Sonra həmin şəxs avtomobilin qabaq hissəsinə keçəndə o, avtomobili geri çevirmiş, həmin şəxs də avtomobildən təxminən 10 metr aralandıqdan sonra çönüb geri baxanda onun hasardan atlanıb qaçıb getdiyini görmüşdür. Onun dalınca sürsə də, tapa bilməmiş, həmin şəxsin onu aldatdığını və pulu verməmək üçün belə bir hərəkət etdiyini başa düşmüşdür. Onun bu hərəkətindən qəzəblənib pulunu verməyərək qaçdığından dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən gecə saat 03:55-də DİN-nin “102” xidmətinə zəng edib sərnişin kimi apardığı şəxsin onu bıçaqla hədələyərək 370 manat pulunu və “Nokia” markalı telefonunu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat vermiş, həmin vaxt həqiqətən də telefonunu tapa bilməmiş, lakin sonradan tapıb yenidən həmin xidmətə zəng edib telefonu avtomobildən tapdığını bildirmişdir. Bundan sonra o, Abşeron Rayon Polis İdarəsinə dəvət edilmiş, orada ərizə yazıb həmin gün saat 03 radələrində bir nəfər müştərinin sifarişini götürüb istədiyi ünvana gətirəndən sonra onun evindən pul gətirmək adı ilə maşından düşüb sonra geri qayıdaraq yenidən avtomobilə əyləşib arxa nahiyəsindən təxminən 15-20 sm uzunluqda bıçağı çıxardaraq sağ böyür hissəsinə tutub vuracağı ilə hədələyərək ondan pul tələb etdiyini, onun da vurulacağından qorxaraq sağ cibində olan 370 manat pulunu ona verdiyini, onun da pulu alıb hadisə yerindən qaçdığını qeyd etmişdir. Ərizəni yazan zaman onu qəbul edən Abşeron Rayon Polis İdarəsinin növbətçi əməkdaşı ona bilə-bilə yalan xəbərçilik etmə barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət daşımağı barədə xəbərdarlıq edib mahiyyətini izah etmiş və o, da bu barədə həmin ərizədə müvafiq imza atmış, həmin vaxt yalan məlumat verdiyini və cinayət barədə yazılı müraciət etdiyini başa düşüb dərk etmişdir. Bundan sonra ərizədən başqa ayrıca izahat da verib izahatı verdiyi polis əməkdaşına da bir daha yalan hadisəni danışıb daha ətraflı məlumat vermiş, guya həmin müştərinin istədiyi ünvana gətirdikdən sonra onun avtomobili saxladib evə gedib pulu gətirəcəyini bildirib avtomobildən düşüb yaxınlıqda olan görmədiyi və xatirlamadiği həyətə getdiyini və bir neçə dəqiqədən sonra geri qayidib avtomobilə qabaq oturacağa əyləşib arxa nahiyəsindən bıçaq çixarib sağ böyrünə dirəyib vuracağı ilə hədələyib cibində və avtomobilində nə pul varsa ona verməyini tələb etdiyini, onu bıçaqla vuracağından qorxub sağ cibində saxladığı 2 ədəd 100 manatliq, 3 ədəd 50 manatliq, 1 ədəd 10 manatliq və 2 ədəd 5 manatliq cəmi 370 manat pulunu ona verdiyini, onun da pulları götürüb oradan uzaqlaşdığını bildirmişdir. İzahatını alan müstəntiq Qasım müəllim ona eyni şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan məsuliyyət daşımağı barədə xəbərdarlıq edib mahiyyətini izah etmiş və o, da bu barədə müvafiq imza atmışdır. İzahatında həmçinin ona qarşı guya cinayət edən şəxsin təxminən 30-32 yaşlarında, qarayanız, sifəti tüklü, saçi çox tüklü, əyində qara gödəkcəsi, qara koftası, göy rəngli cins şalvarı olması və həmin şəxsi görsə tanıyacağını göstərmiş, həmin gün tibbi ekspertiza müayinəsindən keçirilmiş və barəsində yalan məlumat verdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınaraq ona zərər çəkmiş şəxsin hüquq-vəzifələri izah edilmiş, zərər çəkmiş şəxs qismində ifadəsi həmin müstəntiq tərəfindən alınarkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-cı maddəsində nəzərdə tutulan məsuliyyət daşımağı barədə xəbərdarlıq edilmiş, həmin maddənin mənası və mahiyyəti ona izah edilmişdir. Bunlara baxmayaraq, o, həmin müştərinin etdiyi hərəkətdən qəzəblənib ona qarşı cinayət etdiyini qəsdən bildirdiyini tam dərk etsə də, onun polis vasitəsi ilə tapılıb cəzalandırılmasını istəmiş və buna görə əməlini davam etdirmişdir. Həmin gün polis əməkdaşları pulunu verməyib qaçan şəxsi tapmış, tanınma istintaq hərəkəti keçirilmiş və həmin vaxt təqdim edilən dörd nəfər şəxsdən onu tanıyıb göstərmiş, həmin vaxt tanıdığı şəxsin Şahid1 olduğunu bilmiş, həmin şəxs hadisəni olduğu kimi, yəni onu apardığı gün nələr olduğunu düzgün danışıb gediş haqqı verməmək üçün qaçdığını bildirmiş və bundan sonra elə həmin gün aralarında üzləşdirmə keçirilmişdir. Bu vaxt etiraf edib qarşısında oturan şəxsin əslində onu bıçaqla hədələmədiyini, 370 manat pulunu götürmədiyini demişdir. Həmin şəxs ondan üzləşməzdən əvvəl üzr istəyib pulunu verəcəyini demiş, o, da onun puluna artıq ehtiyacı olmadığını deyib üzləşdirmə zamanı həqiqəti onun üzünə qarşı danışmış və bu barədə müvafiq protokol tərtib edilmiş, bundan sonra da o, əlavə olaraq yenidən ərizə yazıb Şahid1 qarşı bilə-bilə yalan məlumat verdiyini göstərmiş, çünki onun gediş haqqını verməyib qaçdığı üçün bu formada onu cəzalandırmaq niyyətində olmuşdur. Hazırda da məsuliyyətini tam dərk edir və əməlindən peşmandır. Onun cavanlığını və yenicə ailə qurmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 oktyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Statistika”-nın qarşısında dayanıb taksi gözləyərkən üzərində taksi işarəsi olan “Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əl edib saxladıb sürücüyə Abşeron rayonu, Masazır qəsəbəsi, “Araz market”-in yaxınlığına 10 manata gediş üçün razılaşmışdır. Lakin cibində gediş haqqı üçün pulu olmamış, ünvana yaxınlaşanda sürücüdən pul gətirmək məqsədilə evə zəng etmək üçün mobil telefonunu istəsə də, o verməmişdir. Qarşıda yola daşların töküldüyünü görüb avtomobili saxladıb avtomobildən düşüb daşları kənara çəkmiş və sürücüyə bir az irəli getməsini, evə gedib pul gətirəcəyini demiş, əslində isə ona bu sözləri bəhanə üçün deyib oradan uzaqlaşmış və yaşadığı mənzilə gedib həmin yerə qayıtmamışdır. Sonra həmin tarixdə polis əməkdaşlarının onu axtardığını eşidib çağırışa gələndə ona məlum olmuşdur ki, axşam sərnişini olduğu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs guya ona bıçaq çəkib pul tələb edib 370 manat pulunu alması barədə şikayət etmişdir. Taksi sürücüsünün bu dedikləri yalan olmuş, ona gediş haqqını vermədiyi üçün o, qərəzli olaraq polisə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs qarşı heş bir şikayəti, tələbi və iddiası olmadığını bildirdi. Şahid1 istintaq orqanına ərizə ilə müraciət edərək ona iş üzrə hər hansı maddi, fiziki və mənəvi ziyan dəymədiyinə görə özünü zərərçəkmiş şəxs hesab etmədiyini və tanınmaq istəmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissənin məsul növbətçisi, polis mayoru rütbəsində xidmət edir. 22 oktyabr 2021-ci il tarixdə növbətçi olan zaman gecə saat 03:50 radələrində DİN-nin “102” məlumat mərkəzindən quldurluq haqqında məlumat daxil olmuş, həmin məlumat əsasında tələblərə uyğun qaydada raport tərtib etmiş və aidiyyəti üzrə növbətçi əməliyyat-istintaq qrupuna ötürülmüşdür. Bundan sonra şikayət vermiş şəxs Təqsirləndirilən şəxs ilə müraciətində qeyd olunan ***-***-**-** telefon nömrəli ilə əlaqə saxlanılanda o, artıq Abşeron Rayon Polis İdarəsinə gəldiyini demiş, təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs İdarəyə gəlib hadisə ilə bağlı yazılı şəkildə özü öz əli ilə ərizə yazıb “102” məlumat mərkəzinə verdiyi məlumatı təsdiqləmişdir. Təqsirləndirilən şəxs ərizəsini yazmağa başlamazdan əvvəl ona Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinin tələbləri izah edilərək məlumat verilmiş, sonradan istintaq zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bilə-bilə ona qarşı ağır cinayət törədildiyini bildirmiş, onun ərizəsi əsasında Abşeron PRİ-nin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanmasına səbəb olmuş və nəticədə məqsədi sadəcə onun həmin gecə taksi haqqını ödəməyən şəxsi cəzalandırmaq olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 dekabr 2021-ci il tarixli məhkumluq haqqında arayışdan və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkumluğu yoxdur. Yevlax şəhər 1 saylı MKİŞ-nın rəisi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, X6 küçəsi ev 2, mənzil 2-də qeydiyyatdadır, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Nərimanov rayon MTKTB-nin 35 saylı MKİS-nın rəisi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri, Z. Bünyatov küçəsi ev 58, mənzil 87-də yaşayır. İş materiallarında olan nigah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 nigahları 18.02.2022-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyata alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və təzə ailə həyatı qurmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 16.11.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə iş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Bundan əlavə iş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-120/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-120/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver