Məhkəmə qərarları › İş №1(012)-121/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-121/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-121/2020 10.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yaşamış, barəsində “həbs” qətimkantədbiriseçilmişvə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,217 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üstündə saxlamış, xx xxxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Abşeron Rayon Polis İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanda yerləşən inzibati binasına gətirilmiş və orada üzərindəşəxsi axtarış aparılarkən, əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,217 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019cu il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında olan zaman sonradan adını bildiyi Ömər adlı şəxs avtomobilini onun yanında saxlayaraq ondan siqaret yandırmaq üçün yandıran istəmişdir. Yandıranını Ömərə vermiş, Ömərdən başqa onun yanında sonradan adını bildiyi Ülvi adlı şəxsdə olmuşdur. Ömər siqaretini yandırdıqdan sonra ona səhərə kimi onunla dincəlməyi təklif etmişdir. Ömərin danışığından başa düşmüşdür ki, o geydir. Həmin vaxt onunla razılaşmış və onun yaşadığı evə getmişdir. Ondan başqa tanımadığı iki nəfər gənc oğlanlar da ondan qabaq Ömərlə Ülvinin oturduğu avtomobildə olmuşlar. Yolda gələndə Ömərlə Ülvi pivə almışlar. Onlar Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən bir mərtəbəli yaşayış evinə gəlmişlər. Həmin evdə oturub pivə içmişlər, damino oynamışlar. Həmin vaxt Ülvi ona içində marixuana olan kibrit qutusunu verərək demişdir ki, çək beynin açılsın. O da çəkməmiş, həmin kibrit qutusunu siqaret qutusunun içinə qoymuşdur. Ömər onunla dincələcəyini bildirmişdir. Bir qədər sonra Ömərə zəng gəlmiş, telefon zəngindən sonra Ömər onu işə çağırdıqlarını deyərək çıxıb getmişdir. Ömər gedəndə ona gözləməsini, gəlib dincələcəklərini demişdir. Bundan sonra Ömər evdən çıxanda qapını kilidlə bağlayıb getmişdir. Ülvi isə onlarla birlikdə gələn tanımadığı iki nəfər gənc oğlanlarla yataq otağına keçib orada cinsi əlaqədə olmuşdur. Onların necə olmalarını görməmiş, yalnız arabir səslərini eşitmişdir. Onlar cinsi əlaqədən sonra yatmışlar. O, tək evdə qalmış və yata bilməmişdir. Qapını Ömər bağlayıb getdiyinə görə gedə bilməmişdir. Səhər saat 08 radələrində Ömər gəlmiş, həmin vaxt o, sonuncuya evə getdiyini bildirmişdir. Çıxarkən Ömərin köynəyini və şalvarını geyinib çıxmışdır. Bundan sonra onlar onun dalınca gələrək Abşeron rayonu, Masazır kəndində Xırdalan şəhərinə gedən yolda saxlamışlar. Bu vaxt Ömərlə Ülvi onu döymüşlər. Onu avtomobilin baqaj hissəsinə salmaq istəmişlər. Daha sonra onlar onu döyən zaman yoldan keçən bir nəfər özünü polis əməkdaşı kimi təqdim edərək onlara yaxınlaşmış və onu avtomaşınına mindirib Abşeron Rayon Polis İdarəsinin qarşısına gətirmişlər və adını bilmədiyi həmin şəxs onu polis əməkdaşlarına təhvil verib getmişdir. Bu vaxt Ömərlə Ülvi polis idarəsinə gəlmişlər, onlar orada onun üzərində narkotik maddə olduğunu demişlər və onu polis idarəsinə təhvil vermişlər. İdarənin otaqlarının birində onun üzərində şəxsi axtarış aparmışdır. Həmin vaxt əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd içində marixuana olan kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt 01 kibrit qutusunda olan maddə marixuananın ona Ülvi adlı şəxsin verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi bir kibrit qutusu narkotik maddə olan marixuananı ekspertizaya təqdim edilməsi üçün qablaşdırmışlar. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjant Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Abşeron RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə xidmətdən çıxıb Abşeron Rayon Polis İdarəsinin 1 saylı postunun qarşısına gəlmişlər və sıra düzülüşünü gözləmişlər. Bir qədər sonra təxminən saat 10 radələrində iki nəfər şəxs sonradan adlarını bildiyi Şahid3 və X5 bir nəfər şəxsi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs təqdim edərək bildirmişlər ki, sonuncu oğurluq edib, onun barəsində qanuni tədbir görsünlər. Onlar Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə təqdim edərək onun oğurluq etdiyini bildirmişlər. Orada Mirməhəmməddən nə oğurladığını soruşmuşlar. Həmin vaxt Mirməhəmməd şalvarını açaraq ayağının arasında saxladığı 01 ədəd uzunqol köynəyi və 01 ədəd qara rəngli şalvarı təqdim etmiş və bildirmişdir ki, həmin paltarlar Ömər adlı şəxsə məxsusdur və onları Ömərin evindən oğurlamışdır. Mirməhəmmədin bu hərəkətlərini gördükdən sonra polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək həmin kibrit qutusunun içində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu açarkən içində ilk baxışdan narkotik vasitə marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunun içərisindəki kütlə, narikotik vasitə marixuananı ona həmin gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə gecə saatlarında Ülvi adlı şəxs vermişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş, 01 ədəd kibrit qutusunun içində olan kütlə ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmış, şöbənin 56 saylı möhürlü kağızı ilə möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra, həmin protokol iştirakçılar tərəfindən, o cümlədən də tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində təmir işlərini yekunlardırdıqdan sonra Ülvi ilə birlikdə özünə məxsus “Kia Optima” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsindən Bakı şəhəri istiqamətində işə getmişlər. Avtomobili özü idarə etmişdir. Həmin vaxt Ülvini yolüstü evinə düşürdəcək, Ülvi evində işlərini gördükdən sonra yenə onlara qayıdacaqdı. Masazır dairəsində işləməyən yanacaqdoldurma məntəqəsinin qarşında yol kənarında dayanmış, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun avtomobilinə əl etmiş və o, avtomobilini onun yanında saxlamışdır. Mirməhəmməd əvvəlcə adını Murad kimi təqdim etmişdir. Avtomobili saxladıqdan sonra Mirməhəmməd onlara yaxınlaşmış və onu 20 yanvar metro stansiyasına aparmalarını xahiş etmişdir. Onlar ona etiraz etməmişlər və Mirməhəmməd avtomobilə mindikdən sonra avtomobili şəhər istiqamətində idarə etmişdir. Yolda gedən zaman Mirməhəmməd onlara Lənkəran rayonundan gəldiyini, qalmağa yeri olmadığını demişdir. Mirməhəmməd onlardan xahiş etmişdir ki, ona heç olmasa bir günlük qalmağa ev tapsınlar. Ona yazığı gəldiyinə görə Masazırda hazırda təmirdə olan evi olduğunu, orda qala biləcəyini bildirmişdir. Mirməhəmməd ona minnədətdarlıq edərək həmin evdə qalmağa razı olduğunu bildirmişdir. 20 yanvar metro stansiyasında Mirməhəmmədi düşürərkən sonuncu onu evinə aparıb-aparmayacağını soruşmudur. O, Mirməhəmmədə əgər onu qalmaq üçün evinə aparmasa harada qala biləcəyini soruşmuşdur. Sonuncu ona demişdir ki, küçədə yataqcaqdır. Mirməhəmmədə narahat olmamasını, iki saatlıq işi olduğunu, işini görüb gələcəyini bildirmişdir. Mirməhəmməd ona öz mobil telefon nömrəsini vermişdir ki, qayıdanda onu evinə aparsın. Mirməhəmmədi düşürtdükdən sonra Ülvini evlərinə düşürtmüş, ordan Qaradağ rayonunda yerləşən “Meyvəli” ticarət mərkəzinə getmiş, orada işlədiyi kafeyə ərzaq tədarükü almış və işlədiyi kafeyə getmişdir. Etdiyi bazarlığı kafeyə qoyduqdan sonra Masazır qəsəbəsinə evinə qayıtmışdır. Kafedən çıxanda Ülviyə zəng vurmuşdur ki, onlara gəlsin. Ülvi öz avtomobili ilə onlara gəlmişdir. Yolda Mirməhəmmədə zəng vurub harada olmasını soruşmuşdur. Ona 20 yanvar metro stansiyasında onu gözlədiyini bildirmişdir. Mirməhəmmədi 20 yanvar metro stansiyasından götürmüş və Masazır qəsəbəsinə gəlmişdir. Evə çatanda Ülvi də öz avtomobili ilə gəlmişdir. Ülvi evlərində aparılan təmir işlərində ona köməklik edirdi. Ona görə də Ülvi müvəqqəti olaraq onun evində qalırdı. Həmin vaxt Mirməhəmmədi evə düşürtmüş və oradan yaxında olan digər öz evinə gedib yatmışdır. Səhər saat 08 radələrində evdən çıxıb Ülvinin yanına gəlmiş, evin qarşısında Mirməhəmmədin Ülvinin avtomobilində oturduğunu gördükdən sonra Ülvinin nə səbəbdən avtomobilinin açarını Mirməhəmmədə verməsi ondan maraq yaratmışdır. Evə daxil olub Ülviyə yaxınlaşmış, həmin vaxt Ülvi yuxudan oyanmamışdır. Ülvini yuxudan oyadıb avtomobilinin açarını Mirməhəmmədə verməsinin səbəbini soruşmuşdur. Ülvi ona Mirməhəmmədə avtomobilinin açarını vermədiyini, onun icazəsiz avtomobilin açarını götürdüyünü bildirmişdir. Ülvi tez əynini geyinib avtomobilinin açarını Mirməhəmməddən götürmək üçün çölə çıxan zaman mobil telefonunun olmadığını bildirmişdir. Həmin vaxt evə baxsalar da Ülvinin telefonunu tapa bilməmişlər. Artıq onlarda fikir yaranmışdır ki, Ülvinin mobil telefonunu Mirməhəmməd icazəsiz götürmüşdür. Dərhal avtomobilin yanına gəlmişlər, həmin vaxt Mirməhəmməd avtomobildən düşmüş və onlar olduqları yerdən xeyli aralıda olmuşdur. Mirməhəmmədi çağırıb mobil telefonun götürüb götürməməsini soruşmuşlar.Mirməhəmməd isə onlara cavab vermədən qaçmağa başlamışdır. Mirməhəmmədin bu hərəkətindən sonra onlara aydın olmuşdur ki, mobil telefonu elə Mirməhəmməd özü götürmüşdür. Onlar dərhal Ülvinin avtomobilinə minib Mirməhəmmədin ardı ilə getmişlər. Onu Masazır dairəsinin yaxınlığında görüb avtomobildən düşüb piyada qaçaraq onun ardı ilə düşmüşlər. Mirməhəmmədi saxlamaq üçün onu əli ilə itələyib yerə yıxmışdır. Sonra Ülvi ilə birlikdə mobil telefonun onda olubolmamasını müəyyən etmək üçün onun ciblərini axtarmışdır. Mirməhəmmədin şalvarının sağ yan cibindən Ülviyə məxsus “HTC U 11” markalı mobil telefonu aşkar etmişlər. Ülvi ilə qərara gəlmişlər ki, Mirməhəmmədi polisə təqdim etsinlər. Mirməhəmmədi avtomobilə qoyub Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsinin girişində iki nəfər polis əməkdaşına yaxınlaşıb onlara Mirməhəmməd barəsində qanuni tədbir görmələrini xahiş etmişlər. Həmin polis əməkdaşları Mirməhəmmədi idarənin inzibati binasına aparmışlar. İdarədən onlara bildirmişlər ki, bu məsələ ilə bağlı izahatları alınacaqdır. Bu səbəbdən də idarənin inzibati binasında Ülvi ilə birlikdə gözləmişlər. Polis əməkdaşları Mirməhəmmədin üzərində baxış keçirən zaman narkotik vasitə olan marixuanaya oxşar maddə və ona məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd şalvarını aşkar etmişlər. Baxış zamanı məlum olmuşdur ki, Mirməhəmməd geyindiyi şalvarın altından onun şalvarını geyinmiş, uzunqol köynəyini isə şalvarının içində ayağının arasında saxlamışdır. Ülvi ilə onun izahatları alındıqdan sonra oğurlanan paltarlarını götürüb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxxxx 2019cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22201 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,217 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan marixuananın xalis çəkisi 5,197 qramdır. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 2451 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs döyülməsi xüsusasatı ilə bağlı cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasınln rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Lənkəran şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(012)-251/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə tədqiqatı dövründə həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 5,197 qram narkotik vasitə olan marixuana Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 5,197 qram narkotik vasitə olan marixuanahökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apllyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar