Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-121/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi ev 103, mənzil 2-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsi “Mehli” yaşayış kompleksi ev-3, mənzil 25-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 iyul 2022-ci il saat 19:30 radələrində tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, “Xırdalan Centre” yaşayış kompleksinin 6-cı mərtəbəsində yerləşən 65 nömrəli mənzilinə qapının kilidini gizli olaraq əldə etdiyi açarla açmaqla qanunsuz daxil olaraq mənzilin mətbəxindəki dolabda saxlanılan 5000 manat nəğd pulu oğurlayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həyat yoldaşı və 2 azyaşlı övladı ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yeni inşa edilmiş apartman tipli binada mənzil 25-də yaşayır. Əvvəllər məhkum olunmamışdır, kombi istilik sistemlərinin quraşdırılması ilə məşğul olur. Zərərçəkmiş şəxs bir ildən çox olar ki, tanıyır, sonuncu ilə tanışlığı uşaqlarının eyni məktəbdə oxuması səbəbindən yaranmışdır. Bu səbəbdən əvvəl həyat yoldaşlarının, sonra isə onun Məhərrəmlə yaxın münasibəti yaranmış, biri-birilərinin evinə qonaq getməyə başlamışlar. Həmin ərəfədə Məhərrəmgil Abşeron rayonu Qobu qəsəbəsində yaşasalar da onların Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi, “Xırdalan Centre” yaşayış kompleksinin 6-cı mərtəbəsində 65 nömrəli mənzil alıb təmir etdirdiklərini bilmiş, çünki o, Məhərrəmlə birlikdə bir neçə dəfə həmin mənzildə olmuşdur. 2021-ci ilin dekabr ayında Məhərrəm ondan həmin mənzilində kombi quraşdırmağı xahiş etmiş və buna görə mənzilin giriş qapısının ehtiyat açarının birini ona vermişdir. O da 2-3 gün ərzində Məhərrəmin həmin mənzilinə kombi istilik aparatı quraşdırmışdır. Aralarındakı söhbətlər zamanı Məhərrəm avtomobillərin təmiri və ehtiyat hissələrinin alveri etdiyini dediyinə görə o da sonuncunun mənzilində həmişə nəğd pulunun olduğunu yəqin etmiş və gələcəkdə həmin mənzildən oğurluq etmək qərarına gəlib, kombini quraşdırdıqdan sonra mənzilin giriş qapısının açarının surətini çıxarıb əsas açarı Məhərrəmə qaytarmışdır. Bundan az sonra Məhərrəmgil həmin mənzilə köçmüş, bir neçə dəfə o da ailəlikcə Məhərrəmgilin mənzilinə qonaq getmiş, axırıncı dəfə o, Məhərrəmin həmin mənzilində qonaq olduğu vaxt sonuncunun pullarını harada saxlamasını öyrənmək üçün cibində olan 100 ABŞ dollarını manata dəyişməsini xahiş etmiş, Məhərrəm də həmin 100 ABŞ dollarını ondan alıb mənzilin mətbəxinə getmiş və oradakı dolabda saxladığı puldan 170 manat pul götürüb ona vermişdir. Həmin vaxtı o, Məhərrəmin pullarını harada saxladığını müəyyən edib oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan bir neçə gün sonra, yəni 19 iyul 2022-ci il tarixdə nahar vaxtı həyat yoldaşı Aytən ona axşam Məhərrəmin ailə üzvüləri ilə birlikdə Xırdalan şəhərindəki parka gəzməyə gedəcəklərini deyib, onları öz maşını ilə həmin parka aparmasını xahiş etmiş, o da Məhərrəmin evindən pul oğurlamaq üçün fürsət yaranacağını hiss edib, Aytənə onları maşını ilə parka aparmağa razılıq vermiş və həmin günü saat təxminən 19 radələrində həyat yoldaşı ilə iki azyaşlı uşağını Abşeron rayonu Masazır kəndində yaşadığı evdən maşınına mindirib Xırdalan şəhərinə Məhərrəmgilin yaşadığı ünvana getmiş, binanın həyətinə çatanda həyat yoldaşı Aytən Məhərrəmin həyat yoldaşına zəng edib gəldiklərini xəbər vermiş, sonuncu da uşaqları ilə birlikdə binanın yaxınlığındakı mağazada olduqlarını və oradan da çıxıb yaxınlıqdakı parka gedəcəklərini söyləmişdir. Bundan sonra o da idarə etdiyi avtomobillə həyat yoldaşını və uşaqlarını Məhərrəmin həyat yoldaşının dediyi parka düşürmüş, həmin vaxtı Məhərrəmin mənzilində heç kimin olmadığına əmin olub, yenidən sonuncunun yaşadığı binanın yaxınlığına qayıdıb, maşınını bir az kənarda saxlayıb tez Məhərrəmin mənzilinə gedib özündə olan açarla qapını açıb içəriyə daxil olmuş və mətbəxə gedib oradakı dolabın qapısını açıb pulların harada olduğunu axtarmağa başlamışdır. Həmin vaxtı dolabda qara rəngli pul qabını görüb içərisinə baxmış və pul qabının içindəki 50 ədəd 100 manatlıqdan ibarət olan 5000 manat pulu götürüb tez cibinə qoyub, mənzildən çıxıb qapını özündəki açarla bağlayıb dərhal oradan uzaqlaşıb maşınına minib Bakı şəhərinə getmişdir. Oğurladığı pulların bir qismini həmin günü şəxsi ehtiyaclarına xərcləmiş, bundan az sonra həyat yoldaşı Aytən ona zəng edib Salyan rayonunda yaşayan xəstə atasının səhhətinin daha da pisləşdiyini söyləmiş, bundan sonra o da idarə etdiyi avtomobili ilə Xırdalan şəhərindəki parka gedib azyaşlı uşaqları ilə birlikdə həyat yoldaşı Aytəni avtomobilinə mindirib Salyan rayonuna ata evinə aparmışdır. Oğurluqdan əldə etdiyi pulların qalanını 2-3 gün ərzində “poz qazan” latoreya oyununda xərcləmişdir. 3 gün sonra Abşeron RPİ-dən onun mobil telefonuna zəng edib, Məhərrəmin mənzilindən oğurluq olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o da ailə üzvüləri ilə birlikdə Abşeron rayonu Masazır kəndindəki evlərinə qayıdıb, oradan da Abşeron rayon polis idarəsinə getmişdir. Məhərrəmin mənzilinin giriş qapısının özündə olan açarını hadisədən 2-3 gün sonra xatırlamadığı yerdə zibilliyə tullamış, oğurluq etməsindən heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi birlikdə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsindəki, “Xırdalan Centre” yaşayış kompleksinin 6-cı mərtəbəsindəki 65 nömrəli 2 otaqlı mənzildə yaşayır. Həmin mənzili 1 il olar ki, alıb təmir etdirmişdir. Avtomobil təmiri ilə məşğul olur, buna görə avtomobil ehtiyat hissələri almaq üçün mənzilində həmişə pul saxlayır. 19 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, Bakı şəhərindəki iş yerindən çıxıb yaşadığı mənzilə getmiş, həmin vaxtı uşaqlarının evdə olmadığını və mətbəxdəki dolabda içərisində 5000 manat pul saxladığı qara rəngli pul qabının qaz sobasının üstündə olduğunu görüb tez həmin pul qabına baxmış, pulların yerində olmadığını görüb, həyat yoldaşına zəng edib bu barədə söyləmiş, sonuncu da saat 18:45-də qapını bağlayıb uşaqları ilə birlikdə mənzildən çıxıb yaşadığı yerin yaxınlığındakı marketə, sonra da uşaqlarının sinif yoldaşlarının anası Aytənlə yaxınlıqdakı parkda gəzdiklərini bildirmiş, bundan sonra o da həyat yoldaşına evə gəlməsini söyləmiş, bir neçə dəqiqədən sonra həyat yoldaşı da uşaqları ilə birlikdə mənzilə gəlmişdir. Bundan sonra o, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Mənzilinizdən oğurlanmış pullar 50 ədəd 100 manatlıq əskinaslardan ibarət 5000 manat məbləğində pul olmuş, ailə üzvülərindən başqa heç kim pulların saxladığı yeri bilməmiş, oğurluq edən şəxsin mənzilin giriş qapısını açmaqla içəriyə daxil olduğuna və mənzildəki əşyaların səliqəsinin pozulmadığına, həmçinin istilik sistemini quraşdırakən mənzilin açarı təxminən 1 ay müddətində Təqsirləndirilən şəxs olduğuna görə o, pullarının oğurlanmasında Asimdən şübhələnir. Əlavə olaraq o, Təqsirləndirilən şəxs 5000 manat məbləğində ziyanının ödədiyini, lakin sonuncu ilə barışmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı Şahid Məfdun qızı ifadəsində göstərmişdir ki, 2 azyaşlı övladı və həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yeni inşa edilmiş apartman tipli binada mənzil 25-də yaşayır. Evdar qadındır. Həyat yoldaşı Təqsirləndirilən şəxs kombi istilik sistemlərinin quraşdırılması ilə məşğul olur. Uşaqları ilə Zərərçəkmiş şəxs uşaqları eyni məktəbdə oxuduqlarına görə təxminən 1 il olar ki, sonuncunun həyat yoldaşı Nərminlə münasibəti yaranmış, sonradan dostluq etməyə başlamışlar. Bu səbəbdən həyat yoldaş Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs də yaxın münasibəti yaranmış, biri-birilərinin evinə qonaq getmişlər. Həmin ərəfədə Məhərrəmgil Abşeron rayonu Qobu qəsəbəsində yaşasalar da onların Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi, “Xırdalan Centre” yaşayış kompleksinin 6-cı mərtəbəsində 65 nömrəli mənzil alıb təmir etdirdiklərini bilmiş, çünki həyat yoldaşı Asim Məhərrəmlə birlikdə bir neçə dəfə həmin mənzildə olmuş və 2021-ci ilin dekabr ayında Məhərrəm Asimdən həmin mənzilində kombi quraşdırmasını xahiş etmiş və buna görə mənzilin giriş qapısının ehtiyat açarının birini Asimə vermiş, sonuncu da 2-3 gün ərzində Məhərrəmgilin həmin mənzilinə kombi istilik aparatı quraşdırmışdır. Bundan sonra Məhərrəmgil həmin mənzilə köçmüşlər. 19 iyul 2022-ci il tarixdə nahar vaxtı o, Məhərrəmin həyat yoldaşı Nərminlə telefonla danışarkən sonuncu ona axşam uşaqları ilə birlikdə Xırdalan şəhərində yaşadıqları yerin yaxınlığındakı parka gəzməyə gedəcəklərini söyləyib, ondan da uşaqları ilə həmin parka gəlməsini xahiş etmişdir. O da bu barədə həyat yoldaşı Asimə bildirmiş və sonuncudan öz maşını ilə onu axşam uşaqları ilə birlikdə Xırdalan şəhərinə Məhərrəmgilin yaşadığı ünvana aparmasını xahiş etmişdir. Asim də razılaşmış və həmin günü saat təxminən 19 radələrində onu iki azyaşlı uşağı ilə birlikdə Abşeron rayonu Masazır kəndində yaşadıqları evdən maşınına mindirib Xırdalan şəhərinə Məhərrəmgilin yaşadığı ünvana aparmış, binanın həyətinə çatanda o, Məhərrəmin həyat yoldaşı Nərminəyə zəng edib gəldiklərini xəbər vermiş, sonuncu da uşaqları ilə birlikdə binanın yaxınlığındakı mağazada olduqlarını və oradan da çıxıb yaxınlıqdakı parka gedəcəklərini söyləmişdir. Bundan sonra o da Asimin idarə etdiyi avtomobillə Nərminin dediyi parka getmiş, onları düşürdükdən sonra Asim avtomobilini sürüb harasa getmişdir. O da Nərminlə görüşüb uşaqları ilə birlikdə parkda gəzib istirahət etmiş, təxminən 1 saat sonra Salyan rayonunda yaşayan qohumları ona zəng edib xəstə atasının səhhətinin daha da pisləşdiyini söyləmiş, bundan sonra o da həyat yoldaşı Asimə zəng edib bu barədə məlumat vermiş, bundan bir neçə dəqiqə sonra sonuncu idarə etdiyi avtomobili ilə onun olduğu yerə gəlmiş və azyaşlı uşaqları ilə birlikdə onu Salyan rayonuna ata evinə aparmışdır. 3 gün sonra Abşeron RPİ-dən Asimin mobil telefonuna zəng edib Məhərrəmin mənzilindən oğurluq olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Asimlə birlikdə Abşeron rayonu Masazır kəndindəki evlərinə qayıtmış, sonuncunun Məhərrəmgilin evindən 5000 manat pul oğurlamasından xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir . Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, lakin Təqsirləndirilən şəxs ilə barışmamışdır. Doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 Asim Cəfər oğlunun himayəsindədirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki azyaşlı uşağının olması, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-121/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-121/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver