Məhkəmə qərarları › İş №1(012)-1210/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1210/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1210/2025 08.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 guya X2 vasitəsi ilə ona və X3 xx.xx.2024-cü ildə Yaşıl bazar ərazisində pulun verilməsinə yalançı şahidlik etməklə ona qarşı cinayət törətmişdir. Bu hala sübut kimi X1 X2 ilə xx.xx.2024-cü il tarixli ifadəsi və üzləşmə üzləşmə protokoludur. Xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarıb, işə mahiyyəti üzrə baxmaqla X4 Azərbaycan Respublikası CM-nin 147-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 şikayət ərizəsinin dəlillərinə etiraz edərək, X9 tərəfindən barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət ilə bağlı bildirir ki, ondan şikayət vermiş şəxsə qarşı heç bir ifadə verməmiş və bu şikayətə əlavə olunmuş protokollardan da aydın görünür. İfadələrinə münasibətdə isə bildirir ki, onun həmin ifadəni verməyi istintaq orqanının qanuni tələbi əsasında həyata keçirilmiş prosessual öhdəlik olmuşdur. İfadə yalnız cinayət işinin araşdırılması üçün bildiyi faktların təqdim edilməsindən ibarətdir və heç bir halda şəxsin şərəf və ləyaqətini alçaltmaq və böhtan məqsədi daşımamışdır. Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsinə görə istintaq çərçivəsində verilmiş ifadələr böhtan kimi qiymətləndirilə bilməz, çünki şəxs burada subyektiv niyyətlə fikir bildirmir, qanunun tələbi ilə məlumatları təqdim edir. Belə məlumatlar “böhtan” tərkibini formalaşdıran ictimai yayım və ya qəsd elementlərini özündə ehtiva etmir. Cinayət məsuliyyəti yalnız bilə-bilə yalan ifadə verildiyi hallarda mümkündür və bunun sübut edilməsi şikayətçinin üzərinə düşür. Onun ifadəm faktlara əsaslanmış, hər hansı qərəz və ya məqsəd daşımamışdır. Şikayətdə göstərilən iddialar əsassızdır və hüquqi əsası yoxdur. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığı, törədilmiş cinayət barədə məlumatların, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğinin əks olunmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Bu nəticə, şikayətdə göstərilən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan cinayətinin tərkibini formalaşdırmaması, şikayətin özünün isə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin imperativ normalarının kobud pozuntusu ilə tərtib edilməsi kimi bir-birini tamamlayan fundamental çatışmazlıqlara əsaslanır. Bundan başqa Xüsusi ittiham qaydasında təqibin uğurlu olması üçün, ilk növbədə, iddia olunan əməlin cinayət qanununun müvafiq normasının dispozisiyasında təsbit edilmiş bütün obyektiv və subyektiv əlamətləri özündə ehtiva etməsi zəruridir. Hazırkı işdə şikayətçi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi CM-nin 147-ci maddəsi ilə ittiham etsə də, bu ittihamın əsasını təşkil edən əməldə böhtan cinayətinin tərkibinin ən mühüm və həlledici elementlərindən biri, yəni məlumatın kütləvi şəkildə yayılması mövcud deyil. CM-nin 147-ci maddəsi böhtanı, yəni yalan məlumatların məhz kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma kimi təsbit edir. Qanunverici bu cinayət tərkibinin obyektiv cəhətini məhdudlaşdıraraq, onun yalnız ictimaiyyətə açıq olan, qeyri-müəyyən sayda şəxsin qavraya biləcəyi platformalarda baş verməsini şərtləndirmişdir. Bu yanaşmanın hüquqi məntiqi və məqsədi, bir tərəfdən şəxsin şərəf və ləyaqətini qorumaq, digər tərəfdən isə vətəndaşların öz pozulmuş hüquqlarının bərpası üçün dövlət orqanlarına müraciət etmək kimi fundamental konstitusiya hüququnun məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu kontekstdə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi imperativ xarakterli bir izah verərək məsələyə yekun aydınlıq gətirir. Həmin Qərarda birmənalı şəkildə göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması ... həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Məhkəmə müəyyən edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində istinad etdiyi bütün hallar – şikayətdə qeyd etdiyi şəxslərin istintaq zamanı verdiyi ifadələri göstərilən istisna halına tam şəkildə uyğun gəlir. Şəxs öz subyektiv hüquqlarının pozulduğunu iddia edərək, qanunla müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanlarına müraciət etmişdir. Bu cür müraciətlər və ifadələr, onların sonrakı taleyindən (cinayət təqibinə xitam verilməsi və ya mülki iddianın rədd edilməsi) asılı olmayaraq, CM-nin 147-ci maddəsinin məqsədləri üçün "kütləvi yayma" kimi tövsif edilə bilməz. Əks təqdirdə, istənilən vətəndaşın hüquq-mühafizə orqanlarına etdiyi və sonradan sübuta yetirilməyən hər bir şikayət, ona qarşı böhtan ittihamının irəli sürülməsi üçün əsas yaradardı ki, bu da hüquqi absurd olmaqla yanaşı, ədalət mühakiməsinin prinsiplərinə və dövlətə etimad prinsipinə kökündən ziddir. Məhkəmə həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin diqqətini ona cəlb etməyi zəruri bilir ki, onun şikayətinin faktiki məzmunu böhtandan daha çox, bilə-bilə yalan xəbərçilik etmə və ya biləbilə yalan ifadə vermə əməllərinin əlamətlərinə daha yaxındır. Bu əməllər isə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı və 297-ci maddələri ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.1-ci və 37.6-cı maddələrinə əsasən, bu cinayətlər üzrə təqib ictimai ittiham qaydasında, yəni müstəsna olaraq dövlət adından prokurorluq orqanları tərəfindən həyata keçirilir. Xüsusi ittiham qaydasında şikayət isə yalnız CM-nin 147, 148, 165.1 və 166.1-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə mümkündür (CPM, maddə 37.2). Beləliklə, şikayətçi mahiyyətcə prosessual səlahiyyəti olmayan bir təqibi həyata keçirməyə cəhd göstərmiş, yəni yanlış hüquqi müdafiə vasitəsi seçmişdir. Məhkəmə ittiham qaydasında şikayət vermiş şəxsin funksiyalarını öz üzərinə götürə və xüsusi ittiham qaydasında verilmiş şikayətə ictimai ittiham qaydasında təqib edilən bir əməl kimi baxa bilməz. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Nəticə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar