Məhkəmə qərarları › İş №1(012)-122/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-122/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-122/2021 09.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə İsmayıllı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 13-cü küçə, döngə 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs azyaşlı oğlu Şahid1 xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində qonşusu Zərərçəkmiş şəxs bacısı oğlu Qurbanın ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs azyaşlı Şahid1 əlindən tutaraq anası Təqsirləndirilən şəxs onu tənbeh etməsi məqsədilə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 13-cü küçə, döngə 2 ünvanının həyətinə gətirərərək Təqsirləndirilən şəxs oğlunun söyüş söydüyünü bildirdikdə sonuncu ilə aralarında bu zəmində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs kürək nahiyyəsindən qəsdən itələyərək həyətindən bayıra çıxarmaq istədikdə onu yerə yıxmış, nəticədə sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyun əzələlərinin əzilməsi, boyun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, boyun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, ağrı sindromu ilə kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində yaşadığı evdə olarkən qonşuluqda yaşayan Pakizə adlı şəxsin onu çağırdığını eşitmiş, o, evin pəncərəsindən həyətə baxanda qonşusu Pakizənin onların həyətdə olduğunu və 2010-cu il təvəllüdlü oğlu Sənanın qolundan tutduğunu görmüş, həmin vaxt Pakizə ona oğlu Sənanın onun ünvanına nalayiq sözlər dediyini, həmçinin buna görə Sənanı döymədiyini bildirmiş, Pakizənin bacısı Turanə öz oğlu Qurbanla onların həyətə daxil olmuşlar. Bu zaman oğlu Sənan ona Pakizənin də ona nalayiq sözlər dediyini bildirəndə sonuncu Sənanı yerə yıxmış və özü də uşağın üstünə yıxılmışdır. Həmin vaxt o, qaçaraq həyətə düşmüş və əsəbləşib Pakizənin bacısı oğlu Qurbanı tənbeh etmiş, bu zaman Pakizənin bacısı Turanə də oğlu Sənanın onların ünvanına nalayiq sözlər dediyini irad bildirərək onunla mübahisə etməyə başlamışlar. Həmin vaxt anası Şahid2 da evdən həyətə çıxıb onları sakitləşdirməyə çalışmış, bir qədər sonra Pakizənin anası Lamara da onların həyətinə gəlmiş və sonuncu da Sənanın onların ünvanına nalayiq sözlər deməsinə görə onunla mübahisə etmiş, sonra anası və o, Pakizə gilə həyətdən çıxıb getmələrini tələb etmiş və sonuncular onların həyətindən çıxıb getmişlər. Əlavə olaraq göstərmişdir ki, həmin vaxt Pakizəni itələməmiş və sonuncunu yerə yıxmamış, ola bilsin ki, Pakizə oğlu Sənanı yerə yıxan zaman özü də Sənanın üstünə yıxıldığı üçün xəsarət almışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində yaşadığı evdə olarkən qonşuluqda yaşayan, adını xatırlamadığı təxminən 10-12 yaşlı bir uşaq qapını döyərək bacısı oğlu Qurbanın həyətdə onların ünvanına nalayiq söyüşlər söydüyünü bildirmiş, həmin vaxt Qurbanın anası Turanə ilə birlikdə darvazadan bayıra çıxaraq Qurbanı yanlarına çağırıb həmin uşaqlara söyüş söyüb-söymədiyini soruşduqda Qurban onlara demişdir ki, ilk öncə həmin uşaqlar ona söyüş söydüklərinə görə o da cavablarını vermişdir. Bu zaman yaxınlıqda olan qonşu uşaq Sənan nalayiq söyüşlərlə Qurbanın bu sözlərinə müdaxilə etmiş, bundan sonra o, Sənanın əlindən tutub onu söyüş söydüyünə görə evlərinə tərəf aparmış ki, anasına bu barədə desin və anası da Sənanı tərbiyələndirsin. O, Sənanla birlikdə sonuncunun evinin həyətinə daxil olub Sənanın anasını həyətə çağırmış, ilk öncə Sənanın anası Səadət ona pəncərədən cavab verən zaman o, Sənanın küçədə ona və bacısı oğlu Qurbana nalayiq söyüşlər söydüyünü bildirmiş, sonra Səadət həyətə düşmüş və Sənana şər atdığını iddia edərək ona və ailəsinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmçinin həmin vaxt Səadət onun boyun nahiyyəsindən itələyərək həyətlərindən də bayıra çıxmasını tələb etmiş, Səadət onu əli ilə itələyərkən müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Ayağa qalxmaq istədikdə Səadət onu yenə də itələmiş və o, yenə də yerə yıxılmışdır. Əlavə olaraq göstərmişdir ki, Səadət onu 2-ci dəfə itələyib yerə yıxan zaman səs-küyə bacısı Turanə də gəlmiş, həmçinin o, yerə yıxılan zaman Sənan da üstünə yıxılmış, onu 2-ci dəfə yerdən bacısı Turanə ayağa qaldırmışdır. Həmçinin Səadət onun kürəyindən yenə də itələyə-itələyə həyətlərindən bayıra çıxarmağa çalışmış, həmin vaxt səs-küyə Səadətin anası və onun anası Şahid3 da gəlmiş, Səadətin anası öz qızına və nəvəsi Sənana söyüşlərini və mübahisəni dayandırmalarını tələb etsə də onlar öz hərəkətlərini davam etdirmiş, sonra o, anası və bacısı ilə birlikdə Səadətin həyətindən çıxaraq evlərinə gəlmiş, Səadət və oğlu Sənan küçəyə çıxıb arxalarında ona yenə də nalayiq küçə söyüşləri söymüş, onlar evə çatdıqdan sonra DİN-in 102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və X6 da müraciət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qızıdır və o, 2003-cü ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayır. xx.xx.2020-ci il tarixdə yaşadığı rayondan bir neçə günlük qızı Səadət gilə qonaq gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində Səadətlə birlikdə evdə oturub söhbət edərkən kiminsə Səadəti həyətə çağırdığını eşitmiş, bu zaman Səadət evin pəncərəsindən həyətə baxanda onu səsləyən şəxsin qonşusu Pakizə olduğunu və oğlu Sənanın əlindən tutduğunu bildirmiş, həmin vaxt Pakizənin Səadətə “gəl gör oğlun mənə nə dedi” sözlərini dediyini eşitmiş, Səadətlə tələsik evdən həyətə çıxanda isə Pakizənin nəvəsi Sənanı yerə yıxıb əli ilə vurduğunu görmüş, Sənan yerdən ayağa qalxanda Pakizəyə söydüyünə görə Sənanı tənbeh etmişdir. Həmin vaxt səs-küyə Pakizənin anası Lamara, bacısı Turanə və onun qızı, bacısı qızı Sənəmin də gəldiklərini görmüş, X3 yerə yıxıb vurduğuna iradını bildirəndə Pakizənin anası Lamaranın da Səadəti vurmaq istədiyini görüb onların arasında dava-dalaş düşməməsi üçün sakitləşdirməyə çalışmış, sonra isə Pakizənin anası Lamaraya Səadətin əri Nəsiminin bir qədər sonra işdən gələcəyini, bu məsələyə aydınlıq gətirəcəyini bildirib həyətlərindən çıxıb getmələrini xahiş etmiş, bundan sonra Lamara ailəsi ilə birlikdə həyətlərindən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində yaşadığı evdə olarkən həyətin qapısı döyüldüyünə görə qızları Zərərçəkmiş şəxs və Şahid4 küçə qapısına yaxınlaşmış, bu zaman tanımadığı bir uşaq nəvəsi Qurbanın həyətdə onların ünvanına nalayiq söyüşlər söydüyünü bildirdiyinə görə Qurbanın anası, yəni qızı Turanə kiçik qızı Pakizə ilə birlikdə darvazadan bayıra çıxmışlar. Bir neçə dəqiqədən sonra onlarla hasar qonşusu olan Təqsirləndirilən şəxs həyətində Pakizənin və Turanənin qışqırıq səslərini eşitmiş və dərhal Səadətin yaşadığı evin həyətinə getmişdir. Bu zaman qızı Pakizənin ağladığını, Səadətin isə əlləri ilə Pakizənin kürəyindən və boyun nahiyyəsindən itələyə-itələyə həyətindən çıxarmaq istədiyini, qızı Turanənin isə Pakizəni əli ilə itələyərək yerə yıxıb ona xəsarət yetirdiyinə görə Səadətə irad bildirdiyini görmüşdür. Həmin vaxt Səadətin anası Əzəmət qızı Səadətə və nəvəsi Sənana söyüşlərini və mübahisəni dayandırmalarını bildirsə də, onlar öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra o da Səadətə qonşu olduğunu xatırladaraq qızı Pakizəni itələyib yerə yıxdığına öz iradını bildirmiş və sonra isə qızları ilə birlikdə Səadətin həyətindən çıxaraq evə gəlmişlər, onlar küçəyə çıxan zaman Səadət və oğlu Sənan arxalarınca nalayiq küçə söyüşləri söymüşlər. Ona görə də evə qayıdıb DİN-in 102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, həmçinin qızı Pakizənin vəziyyəti pis olduğuna görə X6 da zəng edib həkim çağırmışlar. Əlavə olaraq göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs həyətinə daxil olarkən Səadətin qızı Pakizə ilə mübahisə edə-edə onun boyun və kürək nahiyyəsindən əli ilə itələyərək həyətindən çıxarmaq istədiyini görmüş, lakin bir qədər öncə Səadətin Pakizəni əli ilə itələyib yerə yıxdığı anı görməmiş, Pakizənin ağladığını və vəziyyətinin yaxşı olmadığını görüb ona nə olduğunu soruşduqda məlum olmuşdur ki, həmin həyətə gəlməmişdən əvvəl Səadət Pakizəni əli ilə itələyərək yerə yıxmış, bu səbəbdən də Pakizə boyun nahiyyəsindən xəsarət almışdır. Məhkəmə iclasındsa şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:15 radələrində yaşadığı evdə olarkən küçə qapısı döyülmüş və qonşuluqda yaşayan bir uşaq 10 yaşlı oğlu Qurbanın həyətdə onların ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Həmin vaxt bacısı Pakizə ilə birlikdə darvazadan bayıra çıxaraq oğlu Qurbanı yanına çağırıb həmin uşaqlara söyüş söyüb-söymədiyini soruşduqda Qurban onlara demişdir ki, ilk öncə həmin uşaqlar ona söyüş söydüklərinə görə o da cavablarını vermişdir. Bu zaman yaxınlıqda olan qonşu uşaq Sənan nalayiq söyüşlərlə Qurbanın bu sözlərinə müdaxilə etmiş, bundan sonra bacısı Pakizə Sənanın əlindən tutub onu söyüş söydüyünə görə evlərinə tərəf aparmış ki, anası Səadətə bu barədə məlumat versin. Pakizə Sənanla birlikdə onların həyətinə daxil olduqdan bir neçə dəqiqə sonra qışqırıq və mübahisə səsləri eşidib dərhal hasar qonşusu olan Səadətin həyətinə getmiş, bu zaman bacısı Pakizənin yerə yıxılmış vəziyyətdə olduğunu, Səadətin oğlu Sənanın da Pakizənin üstünə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin Pakizə ayağa qalxmaq istədikdə Səadət onun boyun nahiyyəsindən əli ilə itələdiyi üçün Pakizə yenidən yerə yıxılmış, həmin vaxt Səadətə Pakizəni itələyib yerə yıxdığına görə öz iradını bildirərək onları aralaşdırıb Pakizəni yerdən ayağa qaldırmışdır. Buna baxmayaraq Səadət əli ilə Pakizənin kürəyindən itələyəitələyə həyətlərindən bayıra çıxarmağa çalışmış, həmin vaxt səs-küyə Səadətin anası Əzəmət və onun anası Şahid3 da gəlmiş, Səadətin anası öz qızına və nəvəsi Sənana söyüşlərini və mübahisəni dayandırmalarını bildirsə də, sonuncular öz hərəkətlərini davam etmişdir. Bundan sonra anası Lamara da Səadətin bacısı Pakizəni itələyib yerə yıxaraq xəsarət yetirdiyini bildiyi üçün Səadətə düz hərəkət etmədiyini və iradını bildirmiş və sonra onlar Səadətin həyətindən çıxaraq evlərinə qayıtmışlar. Bundan sonra DİN-in 102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və bacısı Pakizənin vəziyyəti pis olduğuna görə X6 zəng edib həkim çağırmışlar. Məhkəmə baxışı zamanı şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində məhlədə yaşayan həmyaşıdları ilə həyətdə oynayan zaman məhlədə kirayədə yaşayan, 5-ci sinif şagirdi olan Əli adlı uşaq onlara demişdir ki, məhlədə yaşayan 4-cü sinif şagirdi Qurban adlı həmyaşlı ona söyüş söymüşdür. Ona görə də Əli onlara demişdir ki, Qurbanın ona söyüş söydüyünü gedib sonuncunun anasına desinlər. Ona görə də onlar təxminən 2-3 nəfər uşaqlarla birlikdə Qurbanın yaşadığı evin qarşısına gedib Qurbanın anası Turanəni çağırmış, həmin vaxt Turanə də öz bacısı Pakizə ilə bayıra çıxmışlar. X1 söyüş söydüyünü deyəndə Qurbanın xalası Pakizə Qurbanın yaxşı hərəkət etdiyini deyərək sonuncunun üzündən öpmüş, həmin vaxt o, həmyaşlısı Şəhriyara gedib yuxarı tərəfdə oynamaqlarını dedikdə Pakizə ona susmasını bildirmiş və «dimdik oğlu dimdik» demişdir. Bu zaman o, Pakizəyə «dimdik oğlu dimdiy»in özü və Qurban olduğunu demiş, həmin vaxt Pakizə onun əlindən tutaraq evlərinə aparmış, həyətə daxil olduqdan sonra Pakizə anasını həyətə çağırmış və ona söz qaytardığını anasına demiş və həmin vaxtı Qurban da anası Turanə ilə onların həyətinə gəlmişdir. X2 nə cavab qaytardığını soruşmuş, bu vaxt anasına Pakizənin ona «dimdik oğlu dimdik» dediyini bildirmişdir. Bu sözü deyən kimi Pakizə onun qollarından tutaraq yerə yıxmış və üstündə oturmuşdur. Bu anda anası qaçaraq evdən həyətə düşmüş və gəlib Qurbanı tənbeh etmişdir. Bu zaman Pakizə onun üstündən ayağa durmuş və o da yerdən ayağa qaxmışdır. Həmin an onların evində qonaq olan nənəsı Şahid2 da evdən bayıra çıxmış və orada olan hər kəsi sakitləşdirməyə çalışmış, bundan sonra sonuncular onların həyətindən çıxıb getmişlər. Əlavə olaraq göstərmişdir ki, anası Səadət həmin vaxt Pakizədən, Turanədən və anaları Lamaradan həyətlərindən çıxmaqlarını tələb etsə də, Pakizəni itələyərək yerə yıxdığını görməmişdir. Pakizə onu yerə yıxan zaman özü də üstünə yıxılmamışdır, lakin Pakizə onu yerə yıxdıqdan sonra bir neçə saniyə üstündə oturaraq onu ayağa qalxmağa qoymamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1480 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyun əzələlərinin əzilməsi, boyun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, boyun nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, ağrı sindromu ilə küt yaranma mexanizminə malik olub qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismində 1000(bir min) manat pul ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 (yetmiş iki) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar