Məhkəmə qərarları › İş №1(012)-122/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-122/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-122/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, işsiz, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və məhkəmə istintaqında barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri Abşeron Ryon Məhkəməsinin 03.03.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün 25 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüş kağızına bükülmüş Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxil olan ümumi 0,221 qram çəkidə ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan göy cins rəngli şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Məmmədli kəndinə daşıyaraq saxlamış, 24.09.2021-ci il tarixdə saat 18 radələrinə DİN-nin X5 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ” adlanan ərazidə saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirilib, bölmənin inzibati binasında xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd siqaretin gümüş kağızı bükümünün içərisində təmiz çəkisi 0,221 qram ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, o, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, yeni məhəllədə nömrəsiz fərdi yaşayış evində ailəsi ilə bir yerdə yaşayır, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. Bildirmişdir ki, bir müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir.24.09.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Yanardağ” adlanan ərazidə dostu Şahid3 ilə birlikdə Elşənə məxsus “VAZ- 21074” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanarkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq, özlərini təqdim etmişlər. Polis əməkdaşları onlardan burada nəyə götə dayandığını soruşmuşlar. Polis əməkdaşları onların üzərində narkotik vasitə olduğunu düşündükləri üçün onları Abşeron RPİ-nin Mehdiabad PB-yə gətirmişlər. Mehdiabad PB-də üzərində dövriyyəsi qadağana olunmuş hər hansı bir əşyanın olub olmadığı soruşulmuş, o da səmimi olaraq, üzərində dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetaminin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra xidməti otaqların birində vəkilin iştirakı ilə və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra, vəkilin iştirakı ilə video çəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Daha sonra aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş maddənin, çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş metamfetamini 23.09.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən 25 manata aldığını öz istifadəsi üçün aldığını demişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin X6 Alayının 12-ci patrul bölüyünün polis nəfəri, vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində iş yoldaşı X7 12-ci patrul bölüyünün polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində xidmət aparan zaman, Məmmədli kəndində yerləşən “Yanardağ” adlanan ərazidə dağın qarşısında albalı rəngli “VAZ-21074” markalı ** LL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını həmin avtomobildə 2 nəfər şəxsin oturduğunu görmüşlər. Həmin şəxslər onları görüb özlərini şübhəli apardıqları üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslərdən sənəd istəmişlər və özlərini şübhəli apardıqları üçün onları Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. Onlar bölmədə raportla bölmə rəisinə müraciət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslərdən biri xx.xx.1991-ci il təəvəllüdlü Şahid3, digəri isə xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm içərisində olan maddə psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “bir müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmin psixotrop maddə metamfetamini 23 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün bir bükümünü 25 manat müqabilində alıb özü ilə Abşeron rayonu, Məmmədli kəndinə daşıyaraq saxlamışdır”. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən götürülərək iki ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış aparılması başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərfə və protokola imza atmışdır. Bundan sonra həmin otaqda tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilmiş iki nəfər şəxsdən digər bir nəfər şəxs Şahid3 üzərində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Şahid3 vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif olunmuşdur ki, “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin”. Şahid3 bildirmişdir ki, “onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur”. Bundan sonra Şahid3 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Daha sonra təhqiqatçı tərəfindən Şahid3 məxsus albalı rəngli “VAZ-21070” markalı ** LL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Şahid3 məxsus albalı rəngli “VAZ-21070” markalı ** LL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Sonra bununla bağlı təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və protokolu imzalarla təsdiq etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 izahatları alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin X6 Alayının 12-ci patrul bölüyünün polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayunu, Maştağa qəsəbəsi təzə məhəllə, Konserv emalı zavodunda qeydiyyatda olmaqla həmin məhəllədə yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun dostudur, Raminllə münasibətləri hər zaman yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, 24.09.2021-cu il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsi, təzə məhəllədə “Yanardağ” adlanan ərazidə dostu Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi “VAZ- 21074” markalı 90-LL 347 dövlət qeydiyya nömrə nişanlı avtomobilə oturub söhbət edərkən 2 nəfər şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını onlara deyib özlərini təqdim etmişlər. Sonra dostu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına demişdir. Sonra polis əməkdaşları onlardan şübhələnib onu və dostu Ramini “VAZ 21074” markalı avtomobili ilə birlikdə Abşeron RPİnin Mehdiabad PB-nə getməli olduqlarını söyləmişlər. Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər, daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, üzərində dövriyyəsi qanunla qadağa edilmiş hər hansı bir əşya olmadığından onun üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra bölmənin inzibati binasının həyətində olan ona məxsus “VAZ -21074” markalı 90-LL 347 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Onun avtomobilindən də dövriyyəsi qanuni qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bildirmişdir ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Qeyd etmişdir ki, dostu Raminin üzərində narkotik vasitə olmasını və Raminin narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə istintaqında 24.09.2021-ci il tarixli şəxsi axtarış və götürmə axtarış keçirilməsi barədə Mehdiabad PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “Princo DVD-R 4,7 GB 120 min, upto 16 X speed” sözləri yazılmış DVD farmatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində göy rəngli cins şalvar, göy rəngli cins köynək, ayağında qəhvəyi rəngli başmaq, üzü saqqallı ağzında mavi rəngli tibbi maska ola orta boylu şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm çıxararaq təqdim etdi. Həmin bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli kristal formada maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, “həmin əynində göy rəngli cins şalvar, göy rəngli cins köynək, ayağında qəhvəyi rəngli başmaq, üzü saqqallı ağzında mavi rəngli tibbi maska ola orta boylu şəxs onun özüdür, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüş kağızına bükülmüş büküm içərisində olan maddə psixotrop maddə metamfetamindir”. Bildirmişdir ki, “bir müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, həmin psixotrop maddə metamfetamini 23 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün bir bükümünü 25 manat müqabilində alıb özü ilə Abşeron rayonu, Məmmədli kəndinə daşıyaraq saxlamışdır”. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə-kimyəvi ekspertizasının İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 25 sentyabr 2021-ci il tarixli 6/4256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı və imza olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.221 (qalıq 0,171) qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmlş psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 4333 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21.05.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,171 qram qalmış psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “Princo DVD-R 4,7 GB 120 min, upto 16 X speed” sözləri yazılmış DVD farmatlı disk üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26.09.2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 02.03.2022-ci il tarixli qərarından görünür ki, qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.09.2019-cu il təvəllüdlü Əli İbazadə, 26.08.2015-ci il təvəllüdlü Amin İbazadə və 04.11.2017-ci il təvəllüdlü Əsma İbazadə adlı 3 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı övladının olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növünü və çəkisini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 26.09.2021-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qətimkan tədbirinin şərtlərini pozduğu üçün məhkəmə baxışında 02.03.2022ci il tarixdə məhkəmə məcburi gətirilmə qərarı əsasında gəirilmiş barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24.09.2021-ci il tarixdən 26.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 02.03.2022-ci il tarixdən 26.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,171 qram narkotik maddə olan metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut “Princo DVD-R 4,7 GB 120 min, upto 16 X speed” sözləri yazılmış DVD farmatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında və 24.09.2021-ci il tarixdən 26.09.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, həmçinin 02.03.2022-ci il tarixdən 26.04.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla hazırki hökmdə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,171 qram narkotik maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübur “Princo DVD-R 4,7 GB 120 min, upto 16 X speed” sözləri yazılmış DVD farmatlı disk iş materiallarında saxlanılsın. Hökmün icrası Bakı Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar