Məhkəmə qərarları › İş №1(012)-122/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-122/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-122/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində yerdən tapdığı Zərərçəkmiş şəxs məxsus dəri pul qabının içərisində 03 ədəd bank kartı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” şəhərciyində yerləşən “Qarabağ” və “Şok” marketlə alış-veriş edərək Zərərçəkmiş şəxs məxsus “Bank of Baku”-ya aid **********203371 saylı hesab kartından 49,05 manat, Azərbaycan Beynəlxalq bankına aid **********210996 saylı hesab kartından 50,95 manat, “Kapitalbanka”-a aid **********376447 saylı hesab kartından 95 manat ödəməklə, 3 kartdan vahid niyyətlə cəmi 195 manat gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mehdiabad qəsəbəsində yaşadıqları şəhərciklə qonşuluqda yerləşən “Gənclər” şəhərciyində gəzən zaman şəhərciyin həyətində yerdə dəri pul qabı olduğunu görmüş və marağını çəkdiyi üçün pul qabını yerdən götürüb içinə baxmış və pul qabının içində 01 ədəd kapital bank, 01 ədəd Bank-of baku, 01 ədəd Beynəlxalq bank kartı, 01 ədəd alış-veriş mərkəzi kartı və 10 manat pul olmuşdur. O, pul qabını cibinə qoyub yaşadığı “Qarant” şəhərciyində yerləşən “Qarabağ” marketə gəlmiş və kapitalbanka aid kartı kassada əyləşən satıcıya verib pul olub-olmamasını yoxlamasını xahiş etmişdir. Satıcı yoxlaya bilməyəcəyini bildirmiş və o, satıcıya alış-veriş etmək üçün 15 manat kartdan məxaric etməsini bildirmişdir. Satıcı qız kartdan 15 manat məxaric etdikdən sonra həmin məbləğdə ərzaq almışdır. Bundan sonra, həmin “Qarabağ” marketdə və onun yanında yerləşən “Şok” marketdə hər üç bank kartı ilə alış-veriş edib, kartlarda olan təxminən 195 manat pulun hamısını ələ keçirmiş,10 manat pulu da digər şəxsi ehtiyacı üçün xərcləmişdir. Kartlarda pul qurtardıqdan sonra həmin kartları pul qabına qoyub Mehdiabad qəsəbəsinə “Gənclər” şəhərciyinə aparıb orada tapdığı yerə atmışdır. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2014-cü ildən 2023-cü ilin fevral ayına qədər Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” şəhərciyində yerləşən “Qarabağ” marketdə müdir müavini işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində bir nəfər adını sonradan bildiyi Həsən adlı şəxs marketə gəlib bank kartlarının oğurlandığını və bank kartlarından marketdə alış- veriş edildiyini bildirmiş və marketin müşahidə kamerasına baxmaq istədiyini bildirmişdir. O, həmin Həsən adlı şəxslə birlikdə kartından pul çıxarılması barədə mobil telefonuna gələn məktubların vaxtı ilə marketin video müşahidə kamerasına baxmışlar və həmin vaxtı “Qarant” şəhərcikdə yaşayan Təqsirləndirilən şəxs eyni vaxtda marketin kassasında alış-veriş etdiyi görünmüşdür. O, həmin alış-veriş edən şəxsin "Qarant” şəhərciyində yaşayan Təqsirləndirilən şəxs olması barədə Həsən adlı şəxsə bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 yaşlı oğlu X2 rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində yerləşən 5 nömrəli orta məktəbdə oxuyur. Vüsalın evə alış-veriş etməsi üçün o, özünə məxsus balansında 95 manat olan Kapitalbankdan aldığı **********376447 saylı hesab kartını, balansında 50 manat pul olan Beynəlxalq bankdan aldığı **********210996 saylı hesab kartını və balansında 50 manat pul olan “Bank of Baku”-dan aldığı **********203371 saylı hesab kartını və 10 manat pulu “Luois vitton” markalı dəri pul qabının içərisində Vüsala vermişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğlu Vüsal ona zəng edib Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər” şəhərciyində içərisində 10 manat pul və 03 ədəd hesab kartı olan pul qabını itirdiyini ona bildirmişdir. O, da Vüsala 102 xidmətinə məlumat verməsini bildirmişdir. Bundan sonra, mobil telefonunun mesaj yerinə baxdıqda ona məxsus olan və oğlu Vüsalın itirdiyi 03 ədəd hesab kartından xx.xx.2023-cü il tarixdə Abşeron rayuoııu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivində yerləşən “Şok və Qarabağ” marketlərdə alış-veriş olması barədə mesaj gəldiyi məlum olmuşdur. O, bundan sonra Mehdiabad qəsəbəsinə “Şok və Qarabağ” marketlərə getmişdir. “Qarabağ” marketdə müşahidə kamerasına baxmış və görüntüdə olan bir nəfər gənc oğlanın mesajda olan tarix və saatla eyni tarixdə alış-veriş etdiyi görünmüşdür. Marketdə işləyən şəxslər həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və həmin Samil adlı şəxsin Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində yaşadığını bildirmişlər. Bundan sonra o, Mehdiabad polis bölməsinə yollanmış və bu barədə polis bölməsində bildirib ərizə və izahat yazmışdır. Ona məxsus olan 03 ədəd hesab kartından 195 manat pulun çıxarılması, təxmini 100 manat dəyərində olan “Luois vitton” markalı dəri pul qabının və 10 manat pulun X7 tərəfindən oğurlanması nəticəsində ona 305 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənilməsinin,ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş,Təqsirləndirilən şəxs barəsində yüngül cəza yəyin edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayon 1 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 64 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2014-cü ildən ünvan 1 ünvanında yaşayır və yaşadığı müddət ərzində barəsində MKİS-nə nüfuzdan salanhər hansı bir məlumat daxil olmamış, qonşular və sakinlər tərəfindən mənfi xarakterizə edilməmişdir və heç bir qanun pozuntusuna yol verməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı tamamilə ödəməsi, himayəsində bir azyaşlı övladını olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmiş və “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron RPİ Mehdiabad PB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının qarşısında saxlanılaraq Abşeror RPİ MSY-nə təhvil verilmişdir. Göründüyü kimi, X4 tutulduğu xx.xx.2024-cü il tarixdən hal-hazıradək 1 (bir) ay 11 (on bir) gün müddətində barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abaszadə Rəhim İsaq oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən həbsdə saxlanıldığı 01 (bir) ay, 11 (on bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 22 (iyirmi iki) gün çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il, 03 (üç) ay, 08 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar