Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1222/2025 03.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 1\42, mənzil 8-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu Renault markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt şəhərindən sərnişin mindirib Bakı-Sumqayıt şosse yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Abşeron rayonu, Xırdalan şəhərində Masazır dairəsi istiqamətində köməkçi yolla hərəkət etdiyinə görə avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs buna etirazını bildirib kobud davranması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı avtomobili Masazır dairəsinə yaxın ərazidə saxlayaraq sonuncunu avtomobildən düşürüb yumruqla sifətindən, ayaqla vurub yerə yıxmaqla Zərərçəkmiş şəxs burun nahiyəsinin və sağ əlin 5-ci barmağının sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin və sağ əlin qançırları, alt dodağın əzilmiş yarası və xaya nahiyəsinin hematoması kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2025-ci il tarixdə idarə etdiyi Renault markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin günü saat 13 radələrində Sumqayıt şəhəri, Sülh Plazanın qarşısından 6 müştəri götürüb Bakı şəhəri 20 yanvar metrostansiyası istiqamətdə hərəkətdə olmuşdur. Əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilində qabaq sağ oturacaqda əyləşmiş, avtomobilini Bakı- Sumqayıt şosse ilə hərəkət etdikdə Xırdalan şəhəri ərazisinə çatdıqda oradan köməkçi yola daxil olmuş, belə ki, Masazır dairəsində bir nəfər şəxsə yük verməli olmuşdur. Masazır dairəsinə yaxınlaşan anda avtomobillərin nisbətən sıxlığı olmuş, həmin vaxtı avtomobilində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ondan nə səbəbə həmin yola girdiyini soruşdu və ürəyinin xəstə olduğu üçün tıxacda qala bilmədiyini bildirmişdir. O isə sonuncuya belə olan halda özünə ayrıca taksi sifariş etməli olduğunu demiş, bildirmişdir ki, taksi kimi hərəkət etdikdə sərnişinləri dayanacaqda düşüb mindirməsi ilə məşğul olurlar. Lakin Baxşəli ona heç bir səbəb olmadan irad bildirməyə və mübahisə yaratmağa çalışmış, bildirmişdir ki, «sən mənə yol göstərirsən», o isə sonuncunun sözlərinə əhəmiyyət vermədən yoluna davam etmişdir. Sonuncunun sözünə irad bilidirməsinə görə Baxşəli əsəbiləşmiş və ona cavab verməsini səbəb gətirərək gözləmədiyi anda avtomobildə oturmuş vəziyyətdə onun sağ çənə nahiyəsinə 2 dəfə yumruq atmış və onu söyüb təhqir etmişdir. Onun hərəkətlərinə əhəmiyyət vermək istəməsə də, Baxşəlinin onun ünvanına və şəhid valideyninin ünvanına nəlayiq sözlər işlətməsi onda əsəb yaratmış və avtomobilini Masazır dairəsinə çatmamış 150 metr arxada saxlamışdır. Maşından düşüb Baxşəlinin oturduğu oturacağın qapısını açmış və maşından düşməsini tələb etmişdir. Lakin Baxşəli çox rahat halda onu söyməkdə davam etdiyi üçün və eyni ilə ona yumruq atmaqda davam etdiyi üçün qollarından tutub maşından düşürmüşdür. Həmin vaxtı avtomobilində əyləşmiş sərnişinlər araya girib mübahisəni sakitləşdirməyə çalışmış, buna baxmayaraq Baxşəli ona yumruq atmaqda və onun yaxasından tutmağa cəhd etdiyini görüb onu itələmiş və nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmış, eynəyi yerə düşmüşdür. Bundan sonra sonuncunun hərəkətlərinə əhəmiyyət verməyib maşına əyləşdikdə Baxşəlinin onun maşınının şəklini çəkdiyini görmüşdür. Göstərmişdir ki, maşından düşüb onun qapısını açmış və maşından düşməsini tələb etmiş, lakin Baxşəli çox rahat halda onu söyməkdə davam etdiyi üçün və eyni ilə ona yumruq atmaqda davam etdiyi üçün qollarından tutub maşından düşürmüş, həmin vaxtı avtomobilinndə əyləşmiş sərnişinlər araya girib mübahisəni sakitləşdirməyə çalışmış, buna baxmayaraq Baxşəli ona yumruq atmaqda və yaxasından tutmağa cəhd etdiyini görüb onu itələmiş və nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Avtomobilinə götürdüyü şəxslər sərnişin olduğundan onları ilk dəfə idi ki, görmüş, bu səbəbdən də onların anket məlumatları barədə heç bir məlumatı yoxdur. Hadisə Abşeron rayonu, Masazır dairəsindən təxminən 150 metr arxada baş vermiş, hadisə vaxtı avtomobillərin hərəkətinə maneçilik törədilməmiş, hadisə yerində kənar şəxslərin olduğunu görməmişdir. Hazırda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhərində Avtovağzal ərazisi yaxınlığından 20 yanvar ərazisinə getmək üçün Renault markalı, ** GY *** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti ilə məşğul olan manatlıq taksiyə minmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Taksiyə əyləşdikdə sürücüdən xahiş edib demişdir ki, «xəstəyəm, bir az tez sür». Sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs isə ona kobudluq etmiş və demişdir ki, otur gedirik. Taksi ilə Masazır dairəsinə yaxınlaşdıqda sürücü yolun alt hissəsinə dönmüş, həmin vaxtı sürücüyə irad bildirmişdir ki, tez sür şəhərə, bu yol tıxacdır. Lakin sürücü ona qarşı kobudluq və etmiş həmin vaxtı aralarında bu zəmində mübahisə yarandığı üçün sürücü Təqsirləndirilən şəxs Masazır dairəsinə az qalmış avtomobili yolun kənarında saxlamış və gəlib onun əyləşdiyi oturacağın qapısını açaraq avtomaşından düşməsini tələb etmişdir. O, maşından düşmək istəməmiş, həmin vaxtı Təqsirləndirilən şəxs onun qolundan tutub maşından düşürmüş və əvvəlcə onun sağ yan tərəfindən, burun nahiyəsindən əl zərbələri ilə, təpiklə xayasından vurmuşdur. Aldığı zərbənin təsirindən yerə yıxılmış, həmin vaxtı sağ əlindən, sağ dirsəyindən xəsarətlər almışdır. Belə olduqda DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, sürücü isə avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, yol maşınına əyləşib yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü üçün üst geyim paltarı səliqəsiz olmuş, həmçinin sifətindən aldığı xəsarətlərlə bağlı sifətində qan izləri olmuş, həmçinin sağ əlindən, sağ dirsəyindən, dodağından və xayasından müxtəlif zədələr almışdır. Evdə yoldaşı Şahid onu döyülmüş və xəsarət almış vəziyyətdə gördüyü üçün ondan nə baş verdiyini soruşmuş, o da yoldaşına hadisəni olduğu kimi danışmış və taksi sürücüsü tərəfindən Masazır dairəsinin yaxınlığında döyüldüyünü bildirmiş, bundan sonra aldığı xəsarətlərlə bağlı yoldaşı evdə ona ilkin tibbi yardım göstərmişdir. Məhkəmə iclasına dəvət edilmiş,lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə yoldaşı Baxşəli Sumqayıt şəhərinə getmiş, həmin günü günorta radələrində yoldaşı evə gəlmişdir. Yoldaşı Baxşəlinin geyimində səliqəsizlik olduğunu və sifətində zədə və qan izləri, sağ əlində və sağ dirsəyində zədələrin olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, yoldaşı ona Sumqayıt şəhərindən taksi ilə Bakı şəhərinə gələrkən taksi sürücüsü tərəfindən döyüldüyünü bildirmişdir. Belə ki, yoldaşı bildirmişdir ki, həmin tarixdə saat 13 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmək üçün manatlıq taksiyə minmiş və qabaq sağ oturacaqda əyləşmiş, xəstə olduğu üçün taksi sürücüsündən bir az tez sürməyi xahiş etmişdir. Taksi sürücüsü Masazır dairəsinə yaxınlaşanda istiqamətini dəyişib alt yola, Masazır dairəsinə döndüyü üçün yoldaşı sürücüyə həmin yolun tıxac olduğunu deyib, xəstə olduğundan şəhərə tez çatmaq istədiyini bildirmiş, lakin taksi sürücüsüu yoldaşının sözlərinə əhəmiyyət vermədiyi üçün aralarında bu zəmində mübahisə baş vermiş, mübahisə zamanı sürücü yoldaşını Masazır dairəsinin yaxınlığında maşından düşürmüş, əvvəlcə sifət nahiyəsindən əl zərbələri ilə və təpiklə xayasından vurmuş və yoldaşı yerə yıxılaraq müxtəlif bədən xəarətləri almışdır. Belə olduqda yoldaşı Baxşəlinin bədən səthində müxtəlif zədələrin olduğunu görüb ona evdə ilk tibbi yardım göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş • “Cinayət işinin başlanması aidiyyəti üzrə göndərilməsi haqqında” 28 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. • Azərbaycan Respublikası Səhiyyə Naziliyinin MTE və PA birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1225 №-li tibbi ekspertiza rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin və sağ əlin 5-ci barmağının sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin və sağ əlin 5-ci barmağının sıyrıqları, sağ əlin dirsək oynağı nahiyəsinin və sağ əlin qançırları, alt dodağın əzilmiş yarası və xaya nahiyəsinin hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. • “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. • Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən barəsində olan cinayət işinə xitam verilmısini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını dinləyərək və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (saat) üçün nəzərdə tutulan 220 (bir iki yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-1222/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1222/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver