Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-123/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşavir Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, B.Mirzəyev küçəsi, ev 1-də qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində, anasının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni massivdəki evində olarkən həmin evlə üzbəüz yerləşən xalası oğlu X2 evinin qarşısına sonuncunun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bacısı Xəyalə Məmmədova, iş yoldaşı Şahid3 və X1 ilə birlikdə gəldiyini və evin qapısının zərblə döyməsinə Zərərçəkmiş şəxs iradını bildirərkən aralarında yaranmış mübahisə zamanı sonuncunun sağ qolunu burmuş və Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxıldıqda bir dəfə sağ bud nahiyyəsindən təpiklə vuraraq, ona sağ bud nahiyyəsinə təpik vurması nəticəsində sağ budun yuxarı-orta 1/3-nin ön-bayır səthlərini əhatə edən geniş həcimli dərialtı hematoması, sağ mil-bilək oynağı nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, hərəkət məhdudluğu ilə, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları, bel nahiyəsinin sağ yarısının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində anasının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni massivdəki evində olarkən həmin evlə üzbəüz yerləşən xalası oğlu X2 evinin qarşısına Familin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bacısı Xəyalə Məmmədova, iş yoldaşı Şahid3 və X1 ilə birlikdə gəldiyini görmüşdür. Evin qapısının zərblə döydüyünə görə Zərərçəkmiş şəxs iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəmilənin onunla kobud danışmasından əsəbiləşərək, sonuncunun sağ qolunu burmuş və Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt bir dəfə sağ bud nahiyyəsindən təpiklə vurmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən X6 ilə ailə həyatı qurmuş, birgə nigahdan 3 övladı doğulmuşdur. 2018-ci il tarixdən Famil ilə aralarındakı olan narazılığa görə boşanmış, məhkəmənin qərarı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən Famillə birgə mülkiyyətlərində olan 2 sot torpaq sahəsinin hissəsi ona verilmiş və hazirda həmin torpaq sahəsinə dair çıxarışı da vardır. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində torpaq sahəsinə baxmağa getdikdə həmin yolun daş ilə örtüldüyünü görmüş, buna görə də Familin qapısını döysə də, qapını açan olmamışdır. Bundan sonra Familin evinin arxasındakı oturacaqda əyləşmiş, həmin vaxtı bacısı Xəyalə və tanışları Cavid və Aygün də onun yanında olmuş, həmin vaxtı Familin evi ilə üzbə-üz evdə yaşayan sonuncunun xalası oğlu Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq təhqir etmiş və onların oradan uzaqlaşmalarını bildirdikdə, Raufa öz torpağına baxmağa gəldiyini və yanındakıların onun tanışı olduğunu demişdir. Həmin vaxtı Rauf orada Cavidlə mübahisə etdiyi üçün sonuncu oradan uzaqlaşıb getmiş, sonra Rauf ona yaxınlaşaraq, onu söyüb təhqir etmiş və sağ bilək nahiyyəsini burmuşdur. Müvazinətini saxlaya bilməyib yerə yıxıldıqda Rauf onun sağ bud nahiyyəsinə bir dəfə təpik ilə vurmuşdur. Həmin vaxtı bacısı Xəyalə və Aygün Raufu sakitləşdirmiş, Rauf isə onun yerə yıxıldığını görüb oradan uzaqlaşmışdır. Yerdən qalxaraq üst başını təmizləyib evinə getmiş, hadisdən 2 gün sonra isə özünü pis hiss etdiyi üçün döyülməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2018ci ildə Famil bacısı Cəmilədən rəsmi olaraq boşanmış, məhkəmənin hökmü ilə Mehdiabad qəsəbəsində yerləşən Famillə Cəmilənin birgə mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Cəmiləyə verilmişdir. Ara-sıra Cəmilə gedib öz torpaq sahəsinə baş çəkmiş, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində bacısı Cəmilə və yoldaşları Aygın, Cavidlə birlikdə yolüstü Cəmilənin Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə baxmaq istəmiş və oraya getmişlər. Familin evinin arxasından Cəmilənin torpaq sahəsinə gedən yolun hörüldüyünü görmüş, Cəmilənin Familin yaşadığı evin qapısını döysə də, qapını açan olmadığı üçün küçədə qoyulmuş skamyada əyləşmiş, Cəmilə Familin bayıra çıxmasını gözləmişdir. Bu zaman üzbəüz həyət evindən sonradan tanıdığı Familin xalası oğlu Rauf adlı şəxs onlara yaxınlaşmış və söyüb təhqirlə oradan çıxıb getmələrini tələb etmiş, sonra isə Cavidlə mübahisə etməyə başlamışdır. Həmin vaxtı Cəmilə ayağa qalxaraq Raufa Cavidin onunla gəldiyini demiş və söhbətini onunla etməsini xahiş etmiş, Cavid Raufun onunla mübahisə etdiyini görüb sakitcə oradan uzaqlaşmışdır. Bu zaman Rauf Cəmiləni təhqir edərək onun sağ biləyindən tutub burmuş və kənara itələmiş, nəticədə Cəmilə yerə yıxılmışdır. Rauf Cəmiləni bir dəfə təpiklə vurmuş, həmin vaxtı Raufun Cəmilənin qolundan tutaraq vurması və mübahisə etməsinin fotoşəkillərini mobil telefonla çəkmiş, Rauf Cəmilənin yerə yıxıldığını görüb özü aralaşaraq evlərinə tərəf getmiş, onlarda da oradan yaşadıqları evlərinə getmişlər. Sonradan ona məlum olmuşdur ki, Cəmilə Rauf tərəfindən döyülməsi ilə bağlı polisə ərizə ilə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1546 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ budun yuxarı-orta 1/3-nin ön-bayır səthlərini əhatə edən geniş həcimli dərialtı hematoması; sağ mil-bilək oynağı nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, hərəkət məhdudluğu ilə; sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları; bel nahiyəsinin sağ yarısının qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5 tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X7 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdlan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdlan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğdə pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-123/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-123/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver