Məhkəmə qərarları › İş №1(012)-123/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-123/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-123/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: X1 iştirakı ilə xx xxxxx 2000-ci il tarixdə Təbriz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Xələc kəndində qeydiyyatda olan və Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyi, məcburi köçkünlərin binasında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayının ortalarında saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, St.Sumqayıt şəhərciyi, bina 25, 10 nömrəli mənzilin eyvanına qaz borusundan dırmaşmaq yolu ilə qanunsuz daxil olub orada olan 1000 manat dəyərində “Demir Döküm” markalı kombi cihazını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, 2022-ci ilin təqribən noyabr ayının ortalarında gecə saatlarında Abşeron rayonu, St.Sumqayıt şəhərciyində yerləşən 25-ci binanın ikinci mərtəbəsinə qaz borusu ilə dırmaşaraq, mənzilin eyvanına daxil olmuş, oradan “Demir Döküm” markalı kombi cihazını eyvandan kəndir ipi ilə sallayaraq aşağı düşürtmüş, daha sonra özü də qaz borusu ilə aşağı düşərək, oğurluq cinayətini törətmişdir. Həmin kombi cihazını gecə köşkdə gizlətmiş, sübh tezdən isə köşkdən götürüb, “Bolt” taksi şirkətindən sifariş etdiyi taksi ilə Hökməli qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsində əvvəllər tanımadığı Teymur adlı şəxsə 250 manat nağd pula satmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməlini törədən zaman tək olduğunu, kombi cihazını oğurluq yolu ilə əldə etməsi barədə heçkəsə deməməyini, həmçinin zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini bildirməklə, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar keçirilən müharibədə iştirak etmiş və aldığı xəsarətlər nəticəsində dövlət tərəfindən ona 3-cü qrup əlillik statusu verilmişdir. Bundan sonra dövlət tərəfindən ona Abşeron rayonu, St.Sumqayıt şəhərciyində mənzil verilmiş, lakin onun maddi imkanı yaxşı olmadığından həmin mənzilə köçə bilməmişdir. 23 noyabr 2022-ci il tarixdə ona məxsus mənzilə gedən zaman eyvanda olan “Demir Döküm” markalı kombi cihazının oğurlandığını aşkar etmiş, bununla bağlı olaraq polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Qeyd edilən kombi cihazından başqa ona məxsus mənzildən heç nə oğurlanmamışdır. Sonda ona dəymiş zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Altı ay bundan öncəyə kimi Abşeron rayonu, Hökməli qəsəbəsi, Vaqif küçəsində Bakı-Şamaxı yolunun kənarında metal qəbulu məntəqəsində əlvan metalların qəbulu ilə məşğul olmuş, 2022-ci ilin noyabr ayının ortalarında bir nəfər şəxs metal qəbulu məntəqəsinə yaxınlaşaraq kombi cihazını satmaq istədiyini bildirmiş, ondan kombi cihazını haradan əldə etdiyini soruşduqda həmin şəxs kombi cihazının ona məxsus olduğunu, yaşadığı mənzildə təmir işlərinin aparılması ilə əlaqədar olaraq kombi cihazının lazım olmadığından satdığını bildirmişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Həmin şəxsin ona satmaq istədiyi kombi cihazının oğurluq olmadığına əmin olduqdan sonra həmin kombi cihazını ondan 250 manata almağa razılaşmış, Əliyə 250 manat pul ödəmiş və o, çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona satdığı kombi cihazının markası “Demir Döküm” olmuş, Əli kombi cihazını metal qəbulu məntəqəsinə markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı taksi ilə gətirmişdir. Əli kombi cihazını metal qəbulu məntəqəsinə gətirən zaman onun yanında başqa adam olmamışdır. Əlinin ona satdığı “Demir Döküm” markalı kombio cihazını digər bir şəxsə satmış, həmin şəxsin anket məlumatları və əlamətləri yadından çıxmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” 24 dekabr 2022-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə fakta görə həmin maddə ilə cinayət işi başlanılmaqla istintaqı aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi üçün o zərərçəkmiş şəxs qismində tanınmışdır;

2. “Şahidin ifadəsinin yerinə yoxlanılması” haqqında 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zehtab X3 rayonu, St.Sumqayıt şəhərciyi, bina 25, mənzil 10 ünvanının qarşısına gələrək bildirmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarında saat 02 radələrində binanın ikinci mərtəbəsinə qaz borusundan dırmaşmaq yolu ilə qalxıb orada mənzilin eyvanına daxil olmuş, eyvanda olan bir ədəd “Demir Döküm” markalı kombi cihazını oğurlamışdır;

3. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla təqdim edilmişdir;

4. “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

5. Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə basərində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilməklə, iş üzrə dindirmə, baxış və digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir;

6. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır;

7. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 noyabr 2024-cü il tarixli, ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyindən sonuncuya qarşı heç bir şikayət və tələbinin yoxdur;

8. Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(012)-882/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaəsn Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 08 (səkkiz) ay 12 (on iki) gün həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq, cəmir 01 (bir) il 04 (dörd) ay 24 (iyirni dörd) gün ona hazrki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) 01 (bir) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır;

9. Sumqayıt şəhər Probasiya Şöbəsinin 10 fevral 2025-ci il tarixli, 21-213-26311 saylı məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(012)-882/2024 saylı hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 03 il 01 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə qeydiyyata alınmış və qeyd edilən cəzanın 05 (beş) gün hissəsini çəkmiş, çəkilməmiş hissəsi isə 03 il 01 ay 01 gün təşkil edir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir (20-ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, X1 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus mənzilə qanunsuz daxil olaraq, həmin evdən sonuncuya məxsus kombi aparatını talamaqla oğurluq etmişdir. Onun tərəfindən həmin cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə olan halda X4 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında X1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini yüngülləşdirici hal olaraq qeyd etməsini, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsini ədalətli hesab edir. Buna görə məhkəmə X2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən X4 hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 2022-ci ilin noyabr ayında törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi X1 əməli residiv kimi qiymətlənirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyi, məcburi köçkünlərin binasında yerləşən mənzili tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(012)-882/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı 05 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, X1 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 08 (səkkiz) ay 12 (on iki) gün həbsdə saxlama müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq, cəmir 01 (bir) il 04 (dörd) ay 24 (iyirni dörd) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X2 məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci, üzərinə həbs qoyulmuş əmlak və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(012)-882/2024 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. X1 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə saxlanıldığı 08 (səkkiz) ay 12 (on iki) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt şəhərciyi, məcburi köçkünlərin binasında yerləşən mənzili tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddətinin əvvəli onun Abşeron rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 1(012)-882/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın icrası ilə əlaqədar probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı 05 fevral 2025-ci il tarixdən hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. X2 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar