Məhkəmə qərarları › İş №1(012)-1231/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-1231/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-1231/2025 12.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı - xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs mobil telefonunda olan “Xena" proqramı vasitəsi ilə tanımadığı insanlarla ünsiyyət saxladığını bildikdən sonra, qısqanclıq zəminində arvadını “cəzalandırmaq” qərarına gələrək, bu məqsədlə istifadə etmək üçün mağazadan bir ədəd zəncir və iki ədəd qıfıl almış, elə həmin gün, yəni 28 oktyabr 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı evə gəlib arvadını döyərək sağ bazu nahiyəsinin qançır və sıyrıqları kimi həyat və sağlamlıq üçün təhlükə yaratmayan sağlamlığa zərərvurmayan xəsarətlər yetirib, mübahisə zamanı Zərərçəkmiş şəxs sosial şəbəkədə digər şəxslərlə ünsiyyət saxladığını etiraf etməsindən dərhal sonra, niyyətini qətiləşdirərək aldığı uzunluğu 186 sm olan qızılı rəngli dəmir materialdan zəncir və iki ədəd qıfıldan istifadə edərək Zərərçəkmiş şəxs sol ayağını yataq otağında olan çarpayının dəmir hissəsinə bağlayıb, bunun nəticəsində sonuncuya sol baldır nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirib, arvadının sərbəst hərəkət etmə imkanını tam məhdudlaşdırmaqla, Zərərçəkmiş şəxsm saat 16 radələrindən saat 21 radələrinədək, yəni təxminən 5 saat müddətində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 2005-ci ildə həmkəndlisi Zərərçəkmiş şəxs qız ilə ailə həyatı qurmuş, bu nikahdan 2 qızı (2007- ci il təvəllüdlü Zilan və 2011 -ci il təvəllüdlü Fatimə) dünyaya gəlmişdir. Onlar təxminən 1 il əvvələdək Tovuz rayonunun Əlibəyli kəndində yaşamışdırlar. Böyük qızı X10 Universitetinə qəbul olduğundan ailəvi olaraq Abşeron rayonu, Qobu qəsəbəsinə köçmüşdürlər. Həmin evi atası təxminən 10 il əvvəl tikdirmişdir. Onların ailədaxili münasibətləri normal olmuşdur. Lakin çox qısqanc bir adam olduğundan arvadına ciddi nəzarət etmişdir. Arvadı çox çöl bayıra çıxan bir qadın olmamışdır, özü mikroavtobus (7 nəfərlik VİTA) sürücüsü kimi fəaliyyət göstərərək ailəsini dolandırmışdır. Evlərinə kamera da qoymuşdur. Kamera onun telefonununa bağlı olmuşdur. xx.xx.2025-ci il tarixdə yolda olarkən telefonuna kamera proqramından arvadının qrup şəklində kiminləsə danışdığını bilmişdir. Həmin vaxt Tovuz rayonundan qayıtmışdır. Saat 15 radələrində Qobu qəsəbəsinə gəlmiş və Qobu qəsəbəsində olan mağazalardan birindən 5 manata zəncir və 2 ədəd qıfıl alaraq yaşadığı evə getmişdir. Saat 16 radələrində evə çatdıqda Zilan və Gülcahan evdə olmuşlar. Gülcahana telefonda kiminlə danışdığını soruşduqda sonuncu “qrupdur, bir birimizlə danışaraq vaxtımızı keçiririk” demişdir. Gülcahana əsəbiləşib aldığı zəncirdən və qıfıldan istifadə edərək sonuncunu yataq otağındakı çarpayının dəmirinə bağlamışdır. Zəncirin bir tərəfini isə Gülcahanın sol ayağına bağlamışdır. Bundan sonra Gülcahanı təkrar sorğu sual etdikdə Gülcahan ona bunun bir qrup olduğunu və danışaraq vaxt keçirdiklərini bildirmişdir. Gülcahanın bu sözlərindən sonra yenidən əsəbiləşərək əli ilə sonuncunun qoluna iki dəfə vuraraq xəsarət yetirmişdir. Qıfılın birini çarpayının dəmirinə, digərini isə Gülcahanın ayağına bağlamışdır. Gülcahanı yalnız iki dəfə açaraq ayaqyoluna göndərmişdir. Saat 21 radələrində kameradan darvazalarının qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Gülcahanın azadlığını qanunsuz məhdudlaşdırdığına görə kiminsə polisə şikayət etdiyini bilmişdir. Bundan sonra Gülcahanı açaraq zəncirdən xilas etmiş və zəncir və qıfılları yataq otağında olan tumbuçkanın yanına qoymuşdur. Gülcahana “şikayət eləmə, problem yaranmasın” demişdir. Daha sonra isə gedərək darvazanı açmışdır. Polis əməkdaşları içəri girdikdən sonra Gülcahanı dindirmişlər və sonuncu aralarında olanları polis əməkdaşlarına demişdir. Daha sonra isə onu polis əməkdaşları Qobu PB-nə aparmışdırlar. Arvadı Zərərçəkmiş şəxs zəncir və qıfılla çarpayıya bağlayaraq sonuncunun azadlığını qanunsuz məhrum etməkdə məqsədi qısqanc olduğu üçün arvadının telefon proqramında olan qrupda danışması səbəbindən arvadına dərs vermək olmuşdur. Arvadı 28 oktyabr 2025-ci il tarixdə saat 16 radələrindən saat 21 radələrinədək zəncirə bağlı vəziyyətdə qalmış, sədəcə iki dəfə ayaqyoluna getmişdir. Hadisə zamanı özü xəsarət almamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Himyəsində azyaşlı uşaqları vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2006-cı ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, bu nikahdan onların 2 qızı (2007-ci il təvəllüdlü Zilan və 2011-ci il təvəllüdlü Fatimə) dünyaya gəlmişdir. Onlar Abşeron rayonu Qobu qəsəbəsinə yaşadıqları evə təxminən 2 il əvvəl köçmüşlər. Belə ki, qızları Zilan 11-ci sinifdə olarkən Bakı şəhərində kursa getdiyindən onlar da əri tərəfindən əvvəlcədən tikilmiş həmin evə köçmüşlər. Kiçik qızı Fatimə isə hazırda Tovuz rayonunda baba-nənəsinin yanındadır. Əri miniavtobus sürərək pul qazanıb ailəsini dolandırmışdır. Onların əvvəllər ailədaxili münasibətləri normal olmuşdur. Lakin sonralar Faiq onu həddindən artıq qısqanmağa başlamışdır. Qısqanclığı səbəbindən 6 ay əvvəl onu döymüşdür və Abşeron RPİ-nin Qobu PB-də araşdırma aparılmışdır. Faiq onu heç kəslə danışmağa və çölə çıxmağa qoymadığından “Redmi” markalı mobil telefonuna “Xena” adlı proqram yükləmişdir. Həmin proqramda bir birini tanımayan şəxslər bir birini görmədən söhbət etmişlər. Evdə bütün gün tək olduğundan və sıxıldığından həmin proqramdan istifadə edərək tanımadığı şəxslərlə danışmışdır. Faiq evə kameralar quraşdırmış və həmin kameranı da öz mobil telefonuna yönləndirmişdir. 28 oktyabr 2025ci il tarixdə saat 16 radələrində Faiq işdən evə gəlmişdir. Faiq gələndə əlində zəncir və qıfıl olmuşdur. Zəncir qızılı rəngli olmuşdur. Faiq ona “sən telefonda kimlə danışırsan?" demiş və sağ qolundan bir neçə dəfə vurmuşdur. Faiqə olanları düzgün formada demiş və azadlıqlarını əlindən aldığı üçün, heç kimlə danışa bilmədiyi üçün həmin proqramdan istifadə etdiyini bildirmişdir. Faiq ona “bu dəfə səni döyməyəcəm, amma səni zəncirlə bağlayacam” demişdir. Bundan sonra Faiq aldığı qızılı rəngli zəncirlə onu yataq otağında olan çarpayının dəmir hissəsinə bağlamışdır. Faiq aldığı iki qıfıldan istifadə edərək onu sol ayağından çarpayıya bağlamışdır. Həmin vaxt qızı Zilan da evdə olmuşdur. Onu çarpayıya bağladıqdan sonra Faiq ona heç bir xəsarət yetirməmişdir. Faiq onu döyməsə də acıqla danışmışdır. Faiq onu yalnız iki dəfə açaraq tualetə aparmışdır. Bu müddət ərzində Faiq Zilanın da mobil telefonunu sonuncudan almışdır. Saat 20 radələrində Zilana zəng gəlmişdir. Həmin vaxt Faiq onun yanında olmuşdur. Faiq Zilana “tez telefonu söndür” demişdir. Zilan da öz telefonunu götürmüş, lakin heç kəsə cavab verməmişdir. Saat 21 radələrində evin darvazası döyülmüşdür. Faiq kameradan baxdıqdan sonra darvazanın qabağında polis əməkdaşlarının olduğunu gördükdə “ayaqlarını açıram, heç kəsə şikayət eləmə” deyərək zəncirdən azad etmiş və zəncir və qıfılları çarpayının yanındakı tumbuçkanın siyirməsinə qoymuşdur. Polis əməkdaşlarının gəldiyini bildikdən sonra Faiq təşvişə düşmüşdür və ona bir daha heç bir şey etməyəcəyini, anasının yanına göndərəcəyini demişdir. Faiq gedib evin qapısını açmış və polis əməkdaşları Faiqi həyətdə saxlamışlar. Bundan sonra polis əməkdaşları o və qızı ilə söhbət etmişlər. Olanları bildirmiş və ərindən şikayətinin olmadığını demişdir. Daha sonra onlar Abşeron RPİ-nin Qobu PB-nə gedərək izahat vermişdirlər. Orda olarkən qızının Adilə adlı rəfiqəsinə mobil telefonla hadisəni bildirdiyini və sonuncunun hadisə ilə bağlı AR DİN-nin 102 xidmətinə zəng edərək olanları bildirdiyini bilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hazırda Odlar Yurdu Universitetinin psixologiya fakültəsinin birinci kurs tələbəsidir. Təqsirləndirilən şəxs atası, Zərərçəkmiş şəxs isə anasıdır. Atası, anası və o təxminən bir il əvvəl təhsili ilə bağlı Abşeron rayonu, Qobu qəsəbəsində yaşamağa başlamışlar. Atası və anası arasında əvvəllər elə də ciddi ailə problemi olmamışdır. Atası çox qısqanc birisi olduğundan anasını çox qısqanmış və çölə bayıra buraxmamışdır. Atası anasının mobil telefonuna da nəzarət etmişdir. Təxminən 5-6 ay əvvəl bu məsələlərə görə atası anasını döymüş və polisə düşmüşdür. Bununla bağlı Qobu PB-də araşdırma da getmişdir. Atası anasını çox sıxdığı üçün anasının ünsiyyət qurmağa ehtiyacı yaranmışdır. Bu səbəbdən anası təxminən 15 gün əvvəl öz mobil telefonuna “Xena” adlı proqram yükləmişdir. Anası həmin proqram vasitəsi ilə tanımadığı insanlarla sürücüsü olduğundan bəzi vaxtlar yolda olmuşdur. 28 oktyabr 2025-ci il tarixdə saat 15 radələrində dərsdən evə gəlmişdir. Saat 16 radələrində atası evə gəlmiş və qapını o açmışdır. Atası evə gəldikdən sonra kameranı anasına göstərərək “sizin hər hərəkətinizi izləmək üçün evə kamera qoşdurmuşam” demişdir. Anasının səsələrinə qulaq asdıraraq “sən kimləsə danışırsan” demişdir. Anası da "Xena” proqramında danışdığını etiraf etmişdir. Bundan sonra atası otaqdan çıxmış və əlində paket içəri girmişdir. Paketdən bir ədəd zəncir və iki ədəd qıfıl çıxarmışdır. Atası anasına “səni zəncirləyəcəm, ağlın başına gələr” demiş və zəncir və qıfıllardan istifadə edərək zəncirin bir tərəfini anasının sol ayağına, digər tərəfini isə yataq otağındakı çarpayının dəmir hissəsinə bağlamışdır. Anası atası ilə danışan zaman atası anasının qol və ayaqlarına vurmuşdur. Atası anası ilə qısqanclıqlarına görə əsəbi şəkildə danışmışdır. Anasını atası yalnız tualetə getmək üçün iki dəfə açmışdır. Saat 20 radələrində rəfiqəsi Adilə zəng etdikdə cavab vermiş və alçaqdan danışmışaraq daha sonra zəng edəcəyini bildirmişdir. Bu zaman atası qışqıra-qışqıra nəsə dedikdə Adilə eşitmişdir. Adilə ona “yaxşı yaxşı” demişdir. Adilənin əvvəlcədən onların ailəsi haqqında məlumatı olmuş və atasının xasiyyətini bilmişdir. Saat 21 radələrində polis əməkdaşları yaşadıqları evin qarşısına gəlmişlər. Atası kameradan gələnlərin polis əməkdaşı olduğunu bildikdə anasının ayağını zəncirdən açmış və zəncir və qıfılları otaqdakı siyirməyə qoymuşdur. Polis əməkdaşları yaşadıqları evə gələrək anasını sorğu-sual etdikdə anası olanları bildirmişdir. Polis əməkdaşları atasını polis bölməsinə aparmışlar. Həmçinin qıfılları və zənciri də götürdmüşlər. Daha sonra anası ilə Qobu PB-nə gedərək orada izahat vermişdirlər. Atası anasını həddindən artıq qısqanmış, bu səbəbdən də anasının proqram vasitəsi ilə tanımadığı şəxslərlə ünsiyyət saxlamasından əsbiləşərək anasının ayağını zəncirlə bağlamışdır. Atası 28 oktyabr 2025-ci il tarixdə saat 16 radələrindən polis əməkdaşlarının gəldiyi saat 21 radələrinədək, yəni təxminən 5 saat müddətində anasının azadlığını qanunsuz məhdudlaşdırmışdır. Bütün olanlara özü şahid olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -“Cinayət işinin başlanması haqqında” 29.10..2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 16:00-da şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs 30 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və eyni tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 01 dekabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 145.1 -ci maddəsində nəzərdə tutulmuş ittihama əlavələr edilərək, ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 2633 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazu nahiyəsinin qançırları və sıyrıqları, sol baldır nahiyəsinin sıyrıqları bər küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən sağ bazu nahiyəsinin qançır və sıyrıqları qərarın təsviri hissəsində göstərilən şəraitdə başqa şəxsin əl barmaqlarının və barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilərdi. Sol baldır nahiyəsindəki sıyrıqların həmin nahiyənin zəncir ilə bağlanması nəticəsində zəncirin təsirindən əmələ gəlmələri inkar edilmir. X2 Sistemindən çıxarılmış məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi,şahidin ifadələri, MTE-nin rəyi, istintaq hərəkəti protokolları və digər rəsmi sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi uzunluğu 186 sm olan qızılı rəngli zəncir, 2 ədəd qıfıl və 6 ədəd açar iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. -AZE №12303011 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladı vardır. -Zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, özünü təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 145.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Onun əməli ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 145.1-ci maddəsinə əsasən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə tövsif olunan cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 1.16 və 5.1-cı bəndlərinin tətbiq dairəsinə daxildir və həmin Qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər sonuncunun əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1 -ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16 və 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübit qismində Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi uzunluğu 186 sm olan qızılı rəngli zəncir, 2 ədəd qıfıl və 6 ədəd açar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübit qismində Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi uzunluğu 186 sm olan qızılı rəngli zəncir, 2 ədəd qıfıl və 6 ədəd açar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 15 saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar