Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-125/2020 17.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ kağıza bükülü bükümdə təmiz çəkisi 0.255 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron Rayon Polis İdarəsinə gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümdə qəhvəyi rəngdə, toz şəkilli təmiz çəkisi 0.255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə Bazar deyilən yerin qarşısında olarkən Pərviz kimi tanıdığı şəxsi görmüş və ondan 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni aldıqdan sonra imkan olanda istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində olarkən polis əməkdaşlarını görmüş və üzərində narkotik vasitə olduğu üçün qorxaraq qaçmağa başlamışdır. Polis əməkdaşları onu saxlamış və nə üçün qaçdığını soruşduqda üzərində narkotik vasitə olduğu üçün qaçdığını bildirmişdir. Sonra polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə onun üzərinə baxış keçirilmiş və bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxarıb stolun üstünə qoymuş və həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, onu Xırdalan şəhərində Pərviz adlı şəxsdən 10 manat verib aldığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd ağ kağıza bükülmüş bükülüdə olan narkotik vasitə olan heroin xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və Abşeron Rayon Polis İdarəsinin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, o da zərfə və protokola imza etmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, X7 alayının 12-ci patrul bölüyünün polis nəfəridir və xidməti ərazisi Abşeron rayonu Xırdalan şəhəridir. xx.xx.2019-cu il tarixdə saat 18:40 radələrində polis serjantı Şahid2 ilə birlikdə Xırdalan şəhəri Heydər Əliyev prospekti 120 deyilən ərazidə xidmət apararkən bir nəfər şəxsin onları gördükdən sonra özünü şübhəli apararaq qaçdığını görmüş və Şahid2 ilə birlikdə həmin şəxsi saxlamış və nə üçün polis əməkdaşlarını gördükdən sonra qaçdığını soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğu üçün qaçdığını bildirmişdir. Bundan sonra həmin şəxs Abşeron RPİ-nə dəvət edilmiş və orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. İdarədə raportla idarə rəisinə müraciət edilmişdir. Rəisin göstərişi ilə həmin raport əsasında Abşeron Rayon Polis İdarəsində otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bülükmüş bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroindir və ona məxsusdur, ağrılardan əziyyət çəkdiyi üçün narkotik vasitə olan heroindən şpris vasitəsi ilə əzələ daxilinə qəbul edir. Üzərindən aşkar olunmuş bir bükümdə olan heroini isə bir neçə saat əvvəl xx.xx.2019-cu il tarixdə Xırdalan şəhəri, Köhnə bazarın qarşısında Pərviz adlı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitəni özü istifadəsi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.255 qram çəkidə olan narkotik vasitə zərfə qoyulub zərfin üzəri 56 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və onun üzərindən aşkar edilərək götürülmüş ağ kağıza bülükmüş bir büküm narkotik vasitəyə oxşar maddə qablaşdırılmış, bu barədə protokol tərtib edilib iştirakçılar və hal şahidləri tərəfindən imzalanmışdır. Sonra isə təhqiqatçı tərəfindən onun izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 alayının 12-ci patrul bölüyünün polis nəfəri Şahid2 digər şahid X4 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, sonuncu üzərindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin maddənin heroin olduğunu, xx.xx.2019-cu il tarixdə Pərviz adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-ci il tarixli, 21814 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində bir bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, təmiz çəkisi 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin xalis çəkisi 0,205 qramdır. Ekspertiza tədqiqatının dəyəri 93,40 (doxsan üç manat, qırx qəpik) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.10 2019-cı il tarixli 2610 saylı ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,205 qram qalan narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanması üçün Abşern Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş 03 sentyabr 2019-cu il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənhökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(012)-246/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,205 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 93,40 (doxsan üç manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Həsən-Ağa Heybət oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Həsən-Ağa Heybət oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həsən-Ağa Heybət oğluna narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 93,40 (doxsan üç manat, qırx qəpik) manat məbləğində pul vəsaiti, Həsən-Ağa Heybət oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,205 qram olan narkotik vasitə olan heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-125/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-125/2020
17.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver