Məhkəmə qərarları › İş №1(012)-125/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-125/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-125/2023 16.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində komendant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən 5C saylı binada yaşayan Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə mübahisə etmiş, daha sonra sonuncunun həmin yaşayış kompleksində yerləşən 5A saylı binanın qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədərək törətdiyi xuliqanlıq əməllərinin qarşısını almaq istəyərkən aralarında baş vermiş münaqişə zamanı qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona burun sümüyünün sınığı, burun çəpərinin travmatik əyriliyi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin şişkinli qançırı və səthi əzilmiş yarası, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol diz oynağı və baldır nahiyələrinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən 5C saylı binada yaşayan Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə mübahisə etmiş, daha sonra sonuncunun həmin yaşayış kompleksində yerləşən 5A saylı binanın qarşısında aralarında baş vermiş münaqişə zamanı qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq onu döymüşdür. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildə Qafqaz universitetini bitirib, hərbi xidmətə getmiş, müddətli hərbi xidməti bitirdikdən sonra leytenant rütbəsi ilə Qazax rayonu “n” saylı hərbi hissədə iki il xidmət etdikdən sonra ehtiyata buraxılmışdır. 2020-ci ilin sentyabr ayı ikinci Qarabağ müharibəsi başlayan zaman müharibədə iştirak etmişdir. ünvan 3 ünvanında yerləşən mənzili 2015-ci il tarixdə alsa da orada 2016-cı ildən yaşayır. Yaşadığı binanın komendantı işləyən İsrafil adlı şəxs 2021 -ci ildən bu vaxta qədər mütəmadi olaraq ondan həmin mənzildə yaşamadığı müddət ərzində olan kommunal borcunu istəmişdir. O isə hər ay əsassız olaraq yığıldığını bildiyi halda 36 manat kommunal xərcləri ödəsə də, yaşamadığı dövrə görə pul ödəməkdən imtina etmişdir. Ona görə də İsrafil mütəmadi olaraq binanın girişindən onun yaşadığı mənzilə gələn elektrik xətlərini kəsmişdir. Bu səbəbdən aralarında bir neçə dəfə mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı məhəllədə özünə məxsus avtomobili yudurdarkən İsrafil yenə də onun isttifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək kommunal xərcləri ödəməyini tələb etmişdir. O da Təqsirləndirilən şəxs xx.xx.2022-ci ci il tarixdə kommunal xərclərini ödədiyini bildirsə də, Təqsirləndirilən şəxs köhnə borclarını nəzərdə tutduğunu demişdir. Bundan sonra onlar bir neçə dəqiqə telefonda mübahisə etdikdən sonra o, telefonu söndürmüşdür. Təxminən beş dəqiqədən sonra İsrafil onun yanına yaxınlaşmış, binanın həyətində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında mübahisə edən zaman İsrafil onun əynində olan paltarın yaxasından yapışmış, o da İsrafilin yaxasından tutmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qəflətən sağ əli ilə onun burnunun üstündən yumruqla zərbə vurmuş, həmin zərbənin təsirindən o müvazinətini itirib arxa tərəfə sol çiyin üstə yıxılmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs yaxasından yapışdığı üçün İsrafil də onun üstünə yıxılmışdır. O yerdən qalxdıqdan sonra burnunun üstündən qan gəldiyini hiss etmiş, İsrafil də bunu gördükdə qorxub sakitləşmişdir. Daha sonra o, baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı binanın yaxınlığında piyada gəzişərkən möhkəm səslər eşitməyə başlamışdır. Həmin vaxt aralıqda bina olduğu üçün heç nə görməmiş, lakin səsin binanın komendantı İsrafilə məxsus olduğunu başa düşdükdə səs gələn tərəfə yaxınlaşmağa başlamışdır. Daha sonra İsrafilin bir nəfər şəxslə münaqişə etdiyini görmüşdür. Bu zaman o, münaqişə edən şəxslərdən təxminən 40-50 metr uzaqda olmuşdur. Həmin vaxt o, həmin şəxslərin quclaşaraq hər ikisinin yerə yıxıldığını görmüşdür. Daha sonra həmin şəxslər yerdən qalxaraq hər ikisi oradan uzaqlaşmışlar. Bundan sonra o da oradan uzaqlaşmışdır. Həmin gün qonşulardan İsrafil adlı komendantın həmin şəxslə aralarında olan pul haqq-hesabına görə münaqişə etdiyini eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 01,07.2022-ci il tarixli, 1229 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər: burun sümüyünün sınığı, burun çəpərinin travmatik əyriliyi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı və səthi əzilmiş yarası, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol diz oynağı və baldır nahiyələrinin qançırı küt əşyanın (əşyaların) təsirindən ilkin müayinədən bir neçə saat əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən burun sümüyünün sınığı,burun çəpərinin travmatik əyriliyi və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı və səthi əzilmiş yarası, sol diz oynağı və baldır nahiyələrinin qançırı qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbənin təsirindən əmələ gələ bilərdilər. Sol dirsək oynağı nahiyəsinin sıyrığının isə Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində yetirilməsi inkar edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1249 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ çiyin qurşağının üst səthinin, sağ əlin İ barmağının orta falqasının üst səthinin sıyrıqları, döş qəfəsinin sağ yarısının yuxarı hissəsinin ön səthinin qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, buna görə də barəsində olan cinayət işinə xitam verilməsinə xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərardan şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar