Məhkəmə qərarları › İş №1(012)-125/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-125/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-125/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, X5 Küçəsi, ev 43 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd 9x18 mm kalibrli zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yaralı döyüş sursatı olan darağı və patronu əldə edib İdarə etdiyi «Honda İnsight» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:30 dəqiqədə Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmədə şübhəli bilinərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Kontak Home» mağazasının filialının qarşısında saxlanılıb onun idarə etdiyi «Honda İnsight» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin salonunda sürücü oturacağının, yəni qabaq sol oturacağın altında 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı yivli texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş odlu döyüş silahı, tapança, 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı, istifadəyə və atəş üçün yararlı patron və komplekt hissəsi daraq aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, 07 dekabr 2023-cü il tarixdə, təxminən saat 17:30 radələrində idarə etdiyi "Honda İnsight" markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Kontakt Home" mağazasının filialının qarşısında sərnişin düşürən zaman iki nəfər yaxınlaşıb gedəcəkləri ünvana 15 manat müqabilində onları aparmasını təklif etmişdirlər, həmin məbləğ onların gedəcəkləri məsafə üçün çox olmuşdur, adətən belə məsafələr üçün 5-6 manat ödəniş edilirmiş. Həmin şəxslər maşında özlərini şübhəli aparmış, müəyyən suallar vermişlər. Onları düşürdükdən bir az sonra iki nəfər qadın sərnişin götürüb yola çıxmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və qadın şərnişinlərdən də düşüb başqa maşınla getmələrini xahiş etmişdir. Bundan sonra özü də avtomobildən düşüb qapılarını pultla bağladıqdan sonra polis əməkdaşlarına yaxınlaşmışdır. Bir qədər sonra ona vəkil təqdim olunmaqla avtomobilə baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, avtomobilə baxış keçirilməsinə könüllü olaraq razılıq vermiş və avtomobilin qapılarını pultla açmış, bu zaman oraya əvvəllər tanımadığı iki nəfər hal şahidləri də dəvət olunmuşdur. İlkin olaraq avtomobilin yük yerinə baxış keçirilmiş və qanunsuz hər hansı qanunsuz əşya və ya maddə aşkar etmədikdən sonra avtomobilin salonuna baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilin salonunda daxildə, qoltuqaltında, qapıların içəri tərəfdən içliyində hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmasa da lakin bir neçə dəqiqə sonra avtomobilinin sürücü oturacağının, yəni o oturduğu qabaq sol oturacağının aşağı hissəsindən bir ədəd tapança, bir ədəd tapança darağı və bir ədəd patron, yəni güllə aşkar olunmuşdur. O, həmin tapança, daraq və patronun ona məxsus olmamasını, haradan və necə əldə olunmasından məlumatı olmadığını bildirdikdən sonra onun, vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə istifadə etdiyi "Honda İnsight" markalı **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş bir ədəd tapança, bir ədəd daraq və bir ədəd patron götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, dəvət olunmuş vəkilinin iştirakı ilə də tərtib edilmiş həmin protokolda avtomobilindən aşkar olunmuş bir ədəd tapançanın, daraq və patronun ona məxsus olmadığını qeyd etmişdir. İdarədə ona narkotik vasitəni üzərinə götürməyi təklif edilmiş, narkotikə görə cəzanın daha yüngül olduğu bildirilmişdir. O, bundan imtina etmiş, təqsirsiz olduğunu bildirmişdir. Hətta ona çay içib düşünməsi təklif olunmuş, o, çayın tərkibində qanunsuz maddə olmasından çəkinərək bundan imtina etmişdir. O, üzərinə keçirilən şəxsi axtarış zamanı da bir daha avtomobilindən aşkar olunmuş əşyaların ona məxsus olmadığını bildirmiş və bu barədə tərtib edilmiş protokolun doğruluğuna o, vəkil, hal şahidləri və iştirakçılar imzalayaraq təsdiqləmişdirlər. Avtomobilə baxışda olduğu kimi şəxsi axtarış zamanı da fotoşəkillər çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında əlavə olaraq bildirdi ki, onun başına gələn hadisə ailə münasibətləri ilə bağlıdır. Arvadı 2016-cı ildə çıxıb getmiş, 2021ci ildə boşanmaq üçün geri qayıtmış və uşağı tələb etsə də lakin verməmişdir. Abşeronr rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən birgə nikahdan olan övladları atanın himayəsində saxlanılmışdır. Baş verən hadisələr hamısı keçmiş arvadının qohumu hazırda polis işləyən Ruslan Əsgərovun oyunudur, belə ki, o, silaha ümumiyyətlə toxunmamışdır və bununla bağlı verilmiş ekspert rəyi yalandır. Əlavə olaraq qeyd edir ki, video çəkiliş zamanı şəkil çəkmək üçün həmin silahı əlinə götürməyini bildirsələr də məqsədini anlamamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi aşağıdakı sübutlarla təkzib edilir, bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakterli olmaqla işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 07 dekabr 2023cü il tarixdə xx.xx.1987-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qəbul edilmiş həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O və Abşeron rayon Polis İdarəsinin CAŞ-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə 07 dıekabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və onun idarə etdiyi “Honda İnsight” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə onun razılığı ilə, vəkilin hal şahidlərinin onun və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının aşağı hissəsində üzərində nömrəsi silinmiş “Makarov” tipli odlu silah olan tapançaya bənzər əşya, həmin əşyaya keçirilmiş bir ədəd daraq və həmin darağın içərisində bir ədəd patron aşkar edilmiş və təhiqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, bundan sonra həmin şəxsi Abşeron rayon Polis İdarəsinin inzibatı binasına dəvət etmiş və şəxsin üzərin baxış keçirilmiş və hər hamsı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 07 dekabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospketində yerləşən “Kontakt Home” mağazasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq cinayət törətməkdə şübhəli olan bir nəfər kişi cinsinə məxsus şəxsin avtomobilinə və üzərinə baxış keçiriləcəyini və onun həmin baxışda hal şahidi qismində iştirak etməyini təklif etdikdə o, razılaşmış və qeyd etdiyi ünvanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun polis əməkdaşlarının, adının sonradan Şahid4 olduğunu bildiyi digər hal şahidinin, və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının aşağı hissəsində üzərində nömrəsi silinmiş “Makarov” tipli odlu silah olan tapançaya bənzər əşya, həmin əşyaya keçirilmiş bir ədəd daraq və həmin darağın içərisində bir ədəd patron aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinin inzibati binasına dəvət etmiş və inzibati binada digər şəxslərin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid4 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 07 dekabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablanmışdır;

3. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 07 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi,saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 17:30-da Xırdalan şəhəri, H.Əliyev prospektində müəyyən olunaraq, saxlanılmış polis əməkdaşlarının dəvət olunmuş vəkilin və hal şahidlərinin iştirakı ilə onun idarə etdiyi “Honda İnsight” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtonilənə baş keçirilən zaman avtomobilin qabaq sol oturacağının aşağı hissəsində üzərində nömrəsi silinmiş “Makarov” tipli odlu silah olan tapançaya bənzər əşya, həmin əşyaya keçirilmiş bir ədəd daraq və həmin darağın içərisində bir ədəd patron aşkar edilmiş və təhiqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür.Daha sonra polis əməkdaşları onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmiş və inzibati binada onun polis əməkdaşlarının hal şahidlərinin və vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir;

4. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 23/996R saylı rəyinə əsasən:  Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 MM kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir;  Tədqiqata təqdim olunmuş 01 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş açmaq yararlıdır;  Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur; Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir.

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli, 4(012)-962/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-dastioskopik ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 23/1041R saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı **-OU-*** d.n.n-li a/mda 01 ədəd “Makarov” yipli tapanşaya bənzər silahın,həmin silaha kerilmiş 01 ədəd sandıqçanın və sandıqçanın içərisində olan 01 ədəd patronun tapılması faktı ilə əlaqədar tədqiqata təqdim edilmiş “Makarov” tipli silaha bənzər silahın üzərindən götürülmüş və daktiloploynkaya körülmüş 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır 01 ədəd sandıqçanın və sandıqçanın içərisində olan 01 ədəd patronun üzərində əl barmaq izləri aşkar edilməmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi (DİN KTİ-nin ADİS-in məlumat bankında Sumqayıt ŞPİ-dən daxil) xx.xx.1987-cü ild Sumqayıt şəhərində anandan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (Silahın çaxmağının üzərindən götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir;

9. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törədilən əməlin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinərək, bəraət verilmiş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır;

10. “Maddi sübut kimi tanınma haqqında” 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır, 01 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur. Makarov konstruktiyalı silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir;

11. “Sübutların qiymətləndirilməsi” haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə protokolla götürülmüş, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş silahın, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş odlu döyüş silahının, tapançanın və 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatının, istifadəyə və atəş üçün yararlı patron iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilməsi, şəxsin üzərində şəxsi axtarış aparılması istintaq hərəkətini əks etdirən 01 ədəd DVD diskin 10 mart 2023-cü il tarixli qərara əsasən maddi sübut hesab edilməsi, cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin 08 dekabr 2023-cü il tarixli, 23/996R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyi, 09 dekabr 2023-cü il tarixli 23/1041R nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyi, şahid ifadələri, baxış və götürmə haqqında 07 dekabr 2023-cü il tarixli protokol və digər istintaq sənədləri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir;

12. Abşeron Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 1(012)-613/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır;

13. "xxxx" Telecom MMC-nin 22 oktyabr 2024-cü il tarixli, 22825 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin 07 dekabr 2023-cü il tarixdə, saat 12:00-dan saat 21:00-a dək olan müddətdə mövcud olan zənglər, SMS-lər siyahısına və əhatə dairəsinə dair məlumatlar təqdim edilmiş, ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin 07 dekabr 2023-cü il tarixədək olan müddətində istifadəsi aşkar edilməmiş, ***-***-**-** mobil telefon nömrəsi daşınma xidmətindən istifadə edərək, "xxxx" Telecom MMC-nin şəbəkəsinə daşınmışdır;

14. "xxxx" MMC-nin 29 oktyabr 2024-cü il tarixli, AZF/LGL-737/24 saylı məktubuna əsasən ***-***-**-** saylı mobil telefon nömrəsi sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilməmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi 06 iyul 2023-cü il tarixdə "xxxx" şəbəkəsindən "xxxx" Telecom MMC-nin şəbəkəsinə daşınmışdır;Bakcell” MMC-nin 22 oktyabr 2024-cü il tarixli, BKC/LGL-16752/24 saylı məktubuna əsasən ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***- **-** və ***-***-**-** saylı mobil telefon nömrələri sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilməmiş, ***-***-**-** saylı mobil telefon nömrələri sorğulanan müddətdə "xxxx" Telecom MMC-nin şəbəkəsində istifadə edilməmişdir;

15. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 mart 2010-cu il təvəllüdlü X2 adlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və yabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli ilə bağlı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, avtomobilinin sürücü oturacağının, yəni o oturduğu qabaq sol oturacağının aşağı hissəsindən aşkar olunmuş bir ədəd tapançanın, bir ədəd tapança darağının və bir ədəd patronun, yəni güllənin ona məxsus olmamasını, haradan və necə əldə olunmasından məlumatı olmadığını bildirməsini, əks halda narkotik vasitə istifadəçisi olaraq qeydiyyata alacaqlarını və silahın ona məxsus olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş silahın, 9 mm kalibrli, Makarov konstruksiyalı yivli texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş odlu döyüş silahının, tapançanın və 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatının, istifadəyə və atəş üçün yararlı patronların saxlanılması üçün 01 ədəd əşyanı avtomobilində saxlaması, daşıması və gəzdirməsi sonuncunun özü tərəfindən inkar edilsə də, lakin şəxsi axtarış və götürmə protokolu, maddi sübut, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 09 dekabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır/ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiriəmlakın məhkəmənin yekun qərarı iləməcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsincinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X3 saxlanılan 01 ədəd nömrəsi silinmiş silah - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança - yivli odlu döyüş silahı, 01 ədəd patron - zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş - döyüş sursatı və 01 ədəd Makarov konstruktiyalı silahların komplekt hissəsi olmaqla, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün 01 ədəd əşya hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X3 saxlanılan 01 ədəd nömrəsi silinmiş silah - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança - yivli odlu döyüş silahı, 01 ədəd patron - zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş - döyüş sursatı və 01 ədəd Makarov konstruktiyalı silahların komplekt hissəsi olmaqla, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün 01 ədəd əşya hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar