Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1257/2025 07.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının təklifi ilə sonuncunun kart hesabına elektron ödəmə sistemi vasitəsilə 120 manat pul göndərdikdən sonra həmin şəxsin Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yol kənarına qoyduğu bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 0,768 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,971 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış və daşımış, 18 sentyabr 2025-ci il tarixdə saat 05:55-də DİN-in Əlahiddə çevik polis alayının əməkdaşları Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində xidmətdə olduqları zaman özünü şübhəli apardığına görə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə saxlanılaraq Abşeron rayon polis idarəsinin X5 gətirilib həmin gün saat 08:02-dən saat 08:10-a kimi orada xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibində, həmin bir ədəd bükümdə 0,768 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 0,971 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik maddənin müxtəlif növlərindən istifadə edir. 17 sentyabr 2025-ci il tarixdə sosial şəbəkədə adını bilmədiyi, lakin özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş və tərəfindən onun mobil telefonuna göndərdiyi kart hesabına 120 manat pul köçürmüşdür. Həmin şəxsin 18 sentyabr 2025-ci il tarixdə mobil telefona göndərdiyi məkan məlumatına əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yol kənarından birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olan iki ədəd sellofan bükümü götürərək şəxsi istifadəsi üçün üzərimdə saxlamış, bundan bir neçə saat keçdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin X5 gətirilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarışdan əvvəl üzərində olan iki ədəd sellofan bükümü könüllü şəkildə təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra ona verilmiş sualların cavablnda o, üzərindən aşkar olunmuş qanunla qadağan edilmiş əşyaların yalnız şəxsi istifadəsi üçün sosial şəbəkədən İran İslam Respublikasının vətəndaşından 120 manat dəyərində əldə etməsini bildirərək, satışla məşğul olmadıöını qeyd etmişdir. Bundan sonra ona verilmiş suallara cavabında, üzərindən aşkar olunmuş qanunla qadağan edilmiş əşyaları yalnız şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən 120 manat məbləğində əldə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Bundan sonra iş üçün əhəmiyyət kəsb etdiyinə görə ona məxsus “Samsunq” markalı mobil telefon istintaqa təqdim olunması üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun üzərindən aşkar olunmuş əşyaların götürülməsi barədə protokol tərtib edilmiş və doğruluğu onun və digərlərinin imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab o, törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olduğunu bildirib, saxlanıldığı və idarəyə gətirildiyi müddətdə ona qarşı hər hansı fiziki və ya psixoloji təsir göstərilmədiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,18 sentyabr 2025-ci il tarixdə DİN-in Əlahiddə çevik polis alayının 12-ci Patrul bölüyündə xidmətdə olarkən, saat 05:55 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə piyada hərəkət edən bir şəxsi müşahidə etmiş və onun davranışını şübhəli hesab edərək ona yaxınlaşmış, lakin sonuncu onlara qeyri-səmimi cavablar vermiş, onlardan yayınmağa çalışmışdır. Həmin şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə ola biləcəyindən şübhələndikləri üçün sonuncunu saxlayaraq Abşeron RPİ-nin X5 gətirmişlər. Bundan sonra Abşeron RPİ-nin X3 müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilmiş və həmin görüntülər vidoeçəkiliş vasitəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək geyindiyi şalvarının yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Videoçəkiliş zamanı həmin bükümlərin birində heroin, digərində metamfetaminə bənzər psixotrop maddə olduğu müəyyən edilmiş, şəxsi axtarış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı həmin narkotik vasitələri haradan əldə etməsi ilə bağlı şübhəli şəxslə sorğu-sual olunan zaman sonuncu həmin qanunsuz vasitələri sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını bilmədiyi şəxsdən kart hesabına göndərdiyi 120 manat məbləğində əldə etməsini və həmin şəxsin göndərdiyi məkan məlumatına əsasən götürərək şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra aşkar olunmuş maddələr ekspertizaya göndərilmək üçün kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanmış və müvafiq protokol tərtib olunmuşdur. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və ya polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamış, həmçinin sonuncu tərəfindən onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Şübhəli şəxsin tutulması haqqında” 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 18 sentyabr 2025-ci il tarixli tarixdən, saat 05:55-dən hesablanmışdır;
2. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmıış ********* nömrəli cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2025-ci il tarixli, 20/849 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki; 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,768 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,971 qram qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi 0,768 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,718 qram, metamfetaminin təmiz çəkisi 0,971 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 0,921 qram. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir;
4. Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində “həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi” haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
6. “Maddi sübut kimi tanınma” haqqında 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,768 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,971 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,718 qram narkotik vasitə heroin və 0,921 qram psixotrop maddə metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin Maddi Sübutların saxlanıldığı anbara təhvil verilmişdir;
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksoertiza və Pataloji Anatomiya Birliyinin X4 20 sentyabr 2025-ci il tarixli, 5880 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 oktyabr 2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(060)-414/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 iyul 2025-ci il tarixdə cəza müddəti bitmişdir;
9. “Sübutların qiymətləndirilməsi” haqqında 04 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət təqibinin bağlanması rədd edilmiş, istintaq zamanı alınmış təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə olunmuş videoçəkilişlər olan 01 ədəd DVD diski, diskə baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan kisiyi bükümündə təmiz çəkisi 0,768 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan kisiyi bükümündə təmiz çəkisi 0,971 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 29 sentyabr 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 0,718 qram narkotik vasitə heroin, 0,921 qram psixotrop maddə metamfetamin məhkəməyə baxış üçün saxlanılması məqsədilə Abşeron RPİ-nin maddi sübutlar anbarına təhvili nəzərə alınmış, istintaq zamanı Abşeron RPİ əməkdaşları tərəfindən istintaqa təqdim edilmiş sonuncuya məxsus 1 ədəd "Samsung A10" markalı mobil telefon iş üçün əhəmiyyət daşımadığına görə sahibinə qaytarılması müəyyən edilmişdir;
Şəxsi axtarış və götürmə aparılması barədə 18 sentyabr 2025-ci il protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı maddə olubolmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildikdə, sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə çıxartdığı 2 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdən birinin içərisində kristal maddəyə bənzər, digərinin içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik kütlə olduğunu bildirmiş, həmin kütlələrin narkotik vasitə və psixotrop maddə olduğunu, bu maddəni uzun müddətdir tanıdığı, adını bilmədiyi bir şəxsdən xx.xx.2025-ci il tarixdə 120 manat pul ödəməsi qarşılığında həmin şəxsin Abşeron qəsəbəsində yerləşdirdiyi məkandan götürdüyünü bildirmişdir. Aşkar edilmiş maddələrə baxış keçirilən zaman bükümlərdən birinin içərisində kristal maddəyə bənzər, digərinin içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı etirazının olub-olmaması soruşulmuş, sonuncu buna heç bir etirazının olmadığını bildirmiş və beləliklə şəxsin üzərində yoxlanma başlanılmış, üzərində dövriyyəsi, daşınması və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı aşkar olunan şəffaf sellofana bükülmüş, içərisində kristal maddəyə bənzər və qəhvəyi rəngli, spesifik iyə malik kütlələr zərfə qoyulmuş, möhürlənərək imzalanmış və müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış aparılarkən “Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Protokol ucadan oxunmuş, protokola heç bir əlavə və qeyd daxil edilməmiş, düzgün tərtib edildiyi təsdiq olunmuşdur.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müxtəlif növ narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin miqdarını, əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından yayınmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu ümumilikdə 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 07 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 Ekspert komissiyasının 20 sentyabr 2025-ci il tarixli, 5880 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2023-cü il tarixdə Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,718 qram narkotik vasitə - heroin və 0,921 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə - 01 ədəd DVD formatlı kompak disk - cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onun xx.xx.2023-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri 0,718 qram narkotik vasitə - heroin və 0,921 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov