Məhkəmə qərarları › İş №1(012)-1259/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1259/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1259/2025 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Lənkəran rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində vətəndaşların gur toplaşdığı yerdə həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs ona idarə etdiyi “İsuzu” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yaşadığı evin yaxınlığında yerləşən sonuncu dayanacaqda mütəmadi olaraq səbəbsiz yerə siqnal verməklə ailə üzvlərinə narahatlıq yaratdığını irad tutduğuna görə heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşaiyət olunan hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai yerdə insanların gözü qarşısında ucadan sonuncunun ünvanına söyüş söyərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verərək əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərib Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən iki dəfə yumruqla vuraraq ona sağ gözün küt travması - sağ göz almasının əzilməsi, sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırları, sağ gözün ağlı qişasına qansızma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq bu hərəkətlərini 4-5 dəqiqə davam etdirməklə dayanacaqda xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozaraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə Zərərçəkmiş şəxs dediyi kimi baş verməmişdir. Belə ki, o, 119 saylı marşrut xəttində **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü kimi işlədiyi vaxt dayanacaqda avtomobillətin yolu kəsməsinə görə yol istəmək məqsədi ilə siqnal vermiş, bu zaman əvvəllər tanımadığı şəxs ondan nə üçün tez-tez siqnal verməsinin səbəbini soruşuaraq, onunla mübahisə edərək, ona qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi avtobusdan yerə salaraq sakitləşdirmək üçün bir dəfə üzündən sillə ilə onu vurmuşdur. Aralarında olan dava dalaş ətrafdakı insanlar tərəfindən sakitlşdirildikdən sonra o, həmin şəxsin özünə xəsarət yetirdiyini görmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onun siqnal verməsinə səbəb dar küçədə avtobusla manevar edərkən normal və ehtiyatlı olmaq məqsədilə edilmişdir. O, Zərərçəkmiş şəxs adlı şəxsin davranışlarını dayandırmaq məqsədilə onu pilləkənlərdən aşağı endirmişdir. Hadisə yerinə dispetçer gəldikdə həmin şəxs təhqirlərinə yenə də davam etmişdir. “O, Zərərçəkmiş şəxs adlı şəxsi sakitləşdirmək məqsədilə bir dəfə şillə vurmuş, lakin yumruq və ya digər zorakı hərəkətlər etməmiş, sonuncu ona qarşı hər hansı fiziki hərəkətlərlə qarşılıq verməmişdir.” Hadisədən sonra Zərərçəkmiş şəxs ani şəkildə özünə xəsarət yetirmiş və beləcə onun məqsədinin əslində problem yaratmaq olması məlum olmuşdur. Onun Zərərçəkmiş şəxs qarşı davranışları yalnız sonuncunun təhqirini dayandırmaq məqsədi daşımışdır. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki,o, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev marşrutun sonuncu dayanacağının yaxınlığında yerləşir. Sürücülər sonuncu dayanacaqda olarkən mütəmadi olaraq səbəbsiz yerə siqnal verdikləri üçün ərazidə yaşayan şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Hadisə ggünü də haqlı iradını bildirərək, evdə körpə uşaq olduğunu demiş və yersiz siqnal verməməsini xahiş etmişdir. Sürücü ona bu barədə irad tutmağına və xahiş etdiyinə baxmayaraq ona heç bir əhəmiyyət verməyib həmin hərəkətlərini davam etdirmiş, gözləmədiyi halda ona qarşı kobud davranaraq söyüş söymüş və üzərinə gəlib yumruqla 2 dəfə sifətinə, yəni sağ göz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin anda oğlu Şahid1 və qonşusu Mirzə adlı şəxslər də orada olduqlarına görə həmin sürücünü ondan aralaşdırmışlar ki, ona əlavə xəsarətlər yetirməsin. Həmçinin 119 saylı marşrut avtobusunun dispeçeri Novruz adlı şəxs də həmin sürücüyə yaxınlaşıb öz iradını bildirdikdən sonra o, idarə etdiyi avtobusa minib getmişdir. Ona görə də o, həmin vaxt DİNin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Abşeron RPİ-yə də ərizə ilə müraciət edərək həmin sürücü barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Bir daha göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində, 119 saylı marşrut avtobusunun sonuncu dayanacağında, yəni yaşadığı evin yaxınlığında yumruqla 2 dəfə sağ göz nahiyəsinə vuraraq ona xəsarət yetirmiş, orda olan şəxslərin yanında onu söyərək təhqir etmiş, onun hərəkətlərinin qarşısını ətrafda olan şəxslər almışdır. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs əl qaldırmamışdır və ona heç bir xəsarət yetirməmişdir. Sonda təqsirləndirilən şəxsin peşman olmadığını, barışıq üçün üzürxaqlıq etmədiyini, əksinə olaraq öz hərəkətlərinə haqq qazandırdığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində qonşusu İsmət yenidən yaşadıqları evin yaxınlığında, sonuncu dayanacaqda sürücüyə yaxınlaşıb ona bu barədə öz iradını bildirdikdə sürücü gözlənilmədən İsmətə qarşı kobud davranaraq söyüş söymüş və üzərinə gəlib yumruqla sifətinə vuraraq ona xəsarət yetirmişdir. Həmin anda o, və ətrafdakılar həmin sürücünü aralaşdırmışlar ki, İsmətə əlavə xəsarətlər yetirməsin. Həmçinin 119 saylı marşrut avtobusunun dispeçeri Novruz adlı şəxs də həmin sürücüyə yaxınlaşıb öz iradını bildirdikdən sonra o, idarə etdiyi avtobusa minib getmişdir. Ona görə də qonşusu İsmət həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Abşeron RPİ-yə də ərizə ilə müraciət edərək həmin sürücü barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Hadisə baş verən anda o, eləcə də tanımadıqları bir neçə nəfər şəxslər də orada olduqlarına görə hamısı hadisənin şahidi olmuşlar. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı İsmət avtobusun sürücüsünə, yəni Təqsirləndirilən şəxs əl qaldırmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, o, təxminən 5 il olar ki, Abşeron rayonu, Xırdalan şəhərindən Bakı şəhərinə sərnişin aparıb gətirən 119 saylı marşrutda dispetçer işləyir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyun ayının sonlarında təxminən 3-4 gün işlədiyi həmin marşrutda “İsuzu” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü işləmişdir. xx.xx.2025-ci il tarixdə o, Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində, yəni həmin marşrutun sonuncu dayanacağında olduğu zaman **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs ilə həmin dayanacağın yaxınlığında yaşayan İsmət adlı şəxsin arasında mübahisə düşdüyünü eşidib həmin şəxslərə tərəf getmişdir. Bu zaman sürücü Təqsirləndirilən şəxs avtobusda öz oturacağında İsmətin sifət nahiyəsindən şillə ilə vurduğunu görmüşdür. Ona gorə də o, dərhal həmin şəxslərə yaxınlaşıb onları aralaşdırmış və sakitləşdirmişdir. Bundan sonra isə Ələskər idarə etdiyi həmin avtobusu sürərək oradan çıxıb getmişdir. Hadisə vaxtı həmin yerdə kənar şəxslər də olmuşdur. Həmin mübahisə və dava-dalaş təxminən 5-6 dəqiqə davam etmişdir. Sonradan ona məlum olmuşdur ki. sürücü Təqsirləndirilən şəxs avtobusa siqnal verməsi və Zərərçəkmiş şəxs da yaşadığı evdə azyaşlı uşaqlarının həmin siqnal səslərinə görə narahat olması səbəbindən sürücüyə səbəbsiz yerə siqnal verməməsi barədə irad tutarkən aralarında mübahisə baş vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhərindən Bakı şəhərinə sərnişin aparıb gətirən 119 saylı marşrutda **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtobus ilə yaşadıqları evin yaxınlığında, yəni sonuncu dayanacaqda olarkən mütəmadi olaraq səbəbsiz yerə siqnal verdiyinə görə ailə üzvləri, azyaşlı uşaqları narahat olurdu. Ona görə də atası Zərərçəkmiş şəxs bir neçə dəfə həmin sürücüyə yaxınlaşıb evdə körpə uşaqların olduğunu və siqnal səslərinə görə narahat olduqlarını bildirib sonuncu dayanacaqda, yəni yaşadıqları evin yaxınlığında mütəmadi olaraq səbəbsiz yerə siqnal verməməyi xahiş etmişdir. Lakin həmin sürücü atasının bu barədə ondan xahiş etdiyinə baxmayaraq heç bir əhəmiyyət verməyib həmin hərəkətlərini davam etdirdiyi üçün atası İsmət xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yenidən yaşadıqları evin yaxınlığında, sonuncu dayanacaqda həmin sürücüyə yaxınlaşıb ona bu barədə öz iradını bildirmişdir. Bu zaman həmin sürücü gözləmədikləri halda atasına qarşı kobud davranaraq söyüş söymüş və üzərinə gəlib yumruqla 2 dəfə atasının sifətinə, yəni sağ göz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin anda o, və qonşuları Mirzə adlı şəxs də orada olduqlarına görə həmin sürücünü atasından aralaşdırmışlar ki, atasına əlavə xəsarətlər yetirməsin. Həmçinin 119 saylı marşrut avtobusunun dispeçeri Novruz adlı şəxs də həmin sürücüyə yaxınlaşıb öz iradını bildirdikdən sonra o, idarə etdiyi avtobusa minib getmişdir. Ona görə də atası həmin vaxt DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin Abşeron RPİ-yə də ərizə ilə müraciət edərək həmin sürücü barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Bir daha bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsində, 119 saylı marşrut avtobusunun sonuncu dayanacağında, yəni yaşadıqları evin yaxınlığında yumruqla 2 dəfə atası Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin 119 saylı marşrut avtobusunun dispeçeri Novruz adlı şəxs də həmin sürücüyə yaxınlaşıb öz iradını bildirdikdən sonra o, idarə etdiyi avtobusa minib getmişdir. Hadisə baş verən anda o, və qonşuları Mirzə adlı şəxs, eləcə də tanımadıqları bır neçə nəfər şəxslər də orada olduqlarına görə hamısı hadisənin şahidi olmuşlar. Həmin hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı atası İsmət avtobusun sürücüsünə, yəni Təqsirləndirilən şəxs əl qaldırmamış və ona heç bir xəsarət yetirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsi tərəfindən 17 aprel 2025-ci il tarixli, 1519 saylı rəyinə əsasən 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün küt travması - sağ göz almasının əzilməsi, sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırları, sağ gözün ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir;

2. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 sentyabr 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başanılmışdır;

3. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;

5. “Cinayət işi üzrə şəxsin tutulması və axtarış elan edilməsi” haqqında 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, sonuncunun olduğu yer müəyyən ediləcəyi təqdirdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi müəyyən edilmişdir;

6. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 01 dekabr 2025-ci il tariixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulub, istintaqa təqdim olunanadək dayandırılmışdır;

7. “Axtarışda olan şəxsin tutulmasına” dair 06 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2025-ci il tarixdə saxlanılaraq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;

8. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 07 dekabr 2025-ci il tariixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyindən işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir;

9. “Cinayət işi üzrə əməlin tövsif olunması” haqqında 07 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1ci maddəsinə tövsif edilmişdir;

10. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında 07 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

11. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi” haqqında 07 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİnin MSY-dən azad edilməsi müəyyən edilmiş və barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir;

12. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 09 dekabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmş, Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməməsi iş üzrə nəzərə alınmalı, təqsirləndirilən şəxsə 07 dekabr 2025-ci il tarixdə həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilən zaman ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olduğundan vəsatət kimi qəbul edilərək tərəfimdən rədd edilməsi iş üzrə nəzərə alınmış, əməlində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə məhkəmə-tibb ekspertizasının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir.

13. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 mart 2020-ci il təvəllüdlü X2 və 18 aprel 2022-ci il təvəllüdlü X3 adlı uşaqları vardır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, O. Sarıvəlli küçəsində yerləşən, vətəndaşların gur toplaşdığı ictimai yerdə, sürücü kimi çalışdığı avtobusun dayanacağında səbəbsiz siqnal verilməsi ilə bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs dəfələrlə etdiyi irad və xahişlərə baxmayaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiqi ilə müşayiət olunan nəlayiq hərəkətlər etmiş, zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən iki dəfə yumruqla zərbə endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş və bununla da ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermiş, tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdıraraq qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs törətməkdə inkar etdiyi əməllər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəy və digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Törədilən əməlin cinayət olmasımı aradan qaldıran və cəzadan azad etməyə əsas verən heç bir hal müəyyən edilmədiyindən, ona təqsirli bilinən maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsini müzakirə edərək, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, əməlin ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmişlə barışığa nail olunmamasını, eləcə də cəzanın islahedici təsirini, ailə həyatına təsirini və məqsədəuyğunluğunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur; 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilən, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan olmaqla yanaşı onun himayəsində azyaşlı övladlarının olması nəzərə alınmaqla, amnistiya aktının 1.16 və 5.1-ci bəndlərinin tələblərinə uyğun olaraq barəsində cinayət təqibinə xitam verilməsi üçün hüquqi əsaslar mövcuddur.”Göstərilən amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş istisna hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ şamil edilmir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır; 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, müdafiə tərəfinin bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığı olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin edilməli və eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq olunmaqla cəzadan azad edildiyinə görə o, məhkumluğu olmayan şəxs hesab edilməli və barəsində seçilmiş ‘başqa yerə getməmək haqqında iltizam’ qətimkan tədbiri ləğv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə məcəllədə sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar