Məhkəmə qərarları › İş №1(012)-127/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-127/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-127/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, cinayəti törədən zaman məhkum olunmuş, məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ziya Bünyadov küçəsi, dalan 3, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, “120” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxsdən, satış məqsədi olmadan 10 manat müqabilində, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, təmiz çəkisi 0,885 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb, Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsinə gələrək həmin psixotrop maddəni daşımış, xx.xx.2023-cü tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, “At heykəli”nin yaxınlığında olarkən Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, polis idarəsinin inzibati binasında xidməti otaqda üzərində aparılan şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 0,885 qram psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ziya Bünyadov küçəsi, dalan 3, ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir, iş düşəndə usta kimi fəaliyyət göstərir. Bir müddət olar ki, bədənində ağrılar olduğu üçün psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddəni əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. Psixotrop maddəni müxtəlif ərazilərdə adətən tanımadığı şəxslərdən əldə edir. 16 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “120” adlanan ərazidə olan zaman orada Ceyhun adlı üzdən tanıdığı, lakin ünvanını və mobil nömrələrini bilmədiyi şəxsdən ona bir büküm psixotrop maddə metamfetamin təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm psixotrop maddə metamfetamini 10 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs da həmin şəxslə razılaşmışdır. Həmin şəxs gedib təxminən 20-25 dəqiqə sonra onun yanına qayıdaraq 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin gətirərək ona vermişdir. Sonuncu da həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 10 manat verərək həmin bükümü almış və əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuşdur ki, onu istifadə etsin. xx.xx.2023-cü tarixdə saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, “At heykəli”nin yaxınlığında olarkən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Bu zaman onun cibində xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində Ceyhun adlı tanımadığı şəxsdən aldığı bir büküm psixotrop maddə metamfetamin olduğundan özünü itirərək ona verilən suallara düzgün cavab verməmişdir. Polis əməkdaşları ondan şübhələnib nə üçün burada dayandığını soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddə istifadə etməkdə və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə getmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunmuşdur, o da təqdim olunan müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər o, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə “patı2 adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin psixotrop maddə metaamfetamini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “120” adlanan ərazidə Ceyhun tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayorudur. 16 mart 2023-cü il tarixdə narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsuzladə küçəsində “at heykəli” nin yaxınlığında olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını və hərəkət etməkdə çətinlik çəkdiyini görərək ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu və narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı Nurlan Məmmədov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini 16.03 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “120” adlanan ərazidə özünü Ceyhun kimi təqdim edən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsü üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması istiqamətində də müvafiq əməliyyat tədbirləri keçirilmiş, lakin onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması tərəfindən müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün “120” adlanan ərazidə özünü Ceyhun kimi təqdim edən tanımadığı şəxsdən 10 manat müqabilində əldə etmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçini iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 17 mart 2023-cü il tarixli, 6/1623 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,885 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi – 0,885 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq –0,835 qram. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3657 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş üzrə şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bülkülmüş içərisində ağ rəngli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2015-ci il hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cm-nin 126.1 maddəsi ilə ona təqsirli bilinib ona 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsində azad edilmişdir. İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmış,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə xx.xx.2023-cü il tarixdə barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verildiyi üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmaqla onunla kifayətlənilmiş və həmin tarixdə MSY-dən azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,835 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işinə münasibətdə məhkumluğu ödənilməmiş və onun əməlində cinayətin resedivi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun öz ifadəSi, şahid ifadələri, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və iş üzrə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırılan hal cinayətin residividir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən onun barəsində Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmü ilə CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu cinayət işi üzrə tutulduğu 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 01 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3.maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğundan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,835 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etdiyindən ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, barəsində olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmü ilə CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 03 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından cıxılsın, üzərində qəti olaraq 02 (iki) 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,835 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar