Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-127/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Kəngərli və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Leqal Servis vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1961-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Atatürk mərkəzində Beynəlxalq Əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub (VOEN **********) işəgötürən kimi istehsalat prosesinə şəxsən rəhbərlik edərək 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ona məxsus elektrik naqillərinin komponentlərinin hazırlanması üzrə ixtisaslaşmış sexdə “İstehsal avadanlığı” 12.2.003-91 DÜST-nın 1.4-cü bəndinin və ’’İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartlarınınnın 1.2, 4.4-cü bəndlərinin tələbini pozaraq pres dəzgahının quraşdırılmasına, istitsmara buraxılmasına, onun istismarı zamanı təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirmədən həmin dəzgahın istismarına, həmçinin nəzəri bilikləri yoxlanılmamış, əməyin mühafizəsi və təhükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmamış və işçinin dəzgahın təhlükəli yerlərinə toxunmasını istisna edən qoruyucu vasitələrlə təmin etmədən sexdə yerləşən küstar üsulla hazırlanmış pres dəzgahında işçi Zərərçəkmiş şəxs işlərin görülməsinə cəlb etmiş, bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq bu qaydaları kobud surətdə pozaraq sonuncunun sağ biləyinin pres dəzgahının hərəkətdə olan hissəsində qalaraq ehtiyyatsızlıqdan sağlamlığa Ağır zərərvurmaya aid sağ orta, dirsək və mil sinirlərinin ağır dərəcəli neyropatiyası, sağ mil-bilək oynağı və sağ əl barmaqlarının kontrakturası (hərəkət məhdudluğu) ilə nəticələnən sağ əlin ovuc-bilək hissəsindən total amputasiyası xəsarətini almasına səbəb olmuşdur. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin şəxslər müvafiq olaraq mülki iddiaçı və mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət isinin materiallarına əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində iddiaçının əmək qabiliyyətini itirməsini nəzərə alaraq hər ay 550 manat sabit pul məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsi, DTX-nın hərbi hospitalına qalıq 9000 (doqquz min) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq DTX-nin hərbi hospitalının hesabına ödənilməsi, DTX-nin hərbi hospitalında həyata keçiriləcək növbəti cərrahi əməliyyatın xərci olaraq 5000 (beş min) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq DTX-nin hərbi hospitalının hesabına ödənilməsi, iddiaçının "Kapital Bank” ASC-yə, "Uni Bank” ASC-yə və "Kontakt home” MMC-yə kredit borclarının əvəzi olaraq 13.340 (on üç min üç yüz qırx) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi, iddiaçı aldığı xəsarət əmək fəaliyyəti ilə məşğul ola bilməməsini nəzərə alaraq 09 avqust 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay ortalama 550 manatda hesablanmaqla ümumilikdə 4400 manat məbləğində əldə çıxmış faydanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi, zərərçəkmişə vurulmuş maddi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun barədə qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay ortalama 370 manat hesablamaqla ümumilikdə məbləğində 6660 manat əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul və mənəvi zərərə görə 5000 manat pul təşkil etdiyini, həmin həcimdə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olur. Müxtəlif ünvanlarda icarə əsasında təxminən 10 ildir Kabel sexini işlədir. 01 avqust 2023-cü il tarixdən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Binəqədi-Novxanı yolunun “Lukoil” YM-nin yaxınlığında olan ərazisində Kabel sexi işlətməyə başlamışdır. VÖEN **********- dir. Həmin vaxtdan Zərərçəkmiş şəxs da orada fəhlə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs fəhlə olaraq sexdə müxtəlif işləri görmüşdür. Oğlu Hikmət sexdə işlərində ona kömək edir. Hadisə baş verən gün, yəni 09 avqust 2023-cü il tarixdə sexdə olmamışdır. Sonradan oğlu Hikmət Zərərçəkmiş şəxs sexdə xəsarət alması barədə ona məlumat vermişdir. 09 avqust 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs Travmatologiya İnstitununa, oradan da DTX-nin Hospitalına aparmışlar. Kabel sexi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Təhlükəsiz işlərin görülməsi ilə bağlı agentlikdə qeydiyyatdan keçməmişdir. Kabel sexində işçilərin vəzifə təlimatları olmamışdır. O cümlədən işçilərə təlimatlandırma keçirilməsi ilə bağlı jurnallar da tərtib olunmamış və keçirilməmişdir. İşçilərlə şifahi olaraq avadanlıqlardan təhlükəsiz istifadəsi barədə söhbətlər aparmışdır. İş vaxtı hər gün ancaq təzə əlcək vermişdir. Əlcəkdən başqa hər hansı bir xüsusi bir geyim və əşyalar verməmişdir. Kabel sexində təxminən 10-a yaxın avadanlıq işləyir. Onlara ekstruder, toplayıcı, bükücü, presləyici, metrləyici, incəldici, əridici funksiyaları icra edən qurğular aiddir. Qeyd etdiyi avadanlıqların bir hissəsini Bakı şəhərindən, bir hissəsini İran İslam Respublikasından, bir hissəsini isə Çin Respublikasından almışdır. Zərərçəkmiş şəxs ifadəsində 09 avqust 2023cü il tarixdə sexdə ona misləri presləməsi barədə tapşırığı onun verməyi, avadanlığın nasaz olması barədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini qeyd etmişdir. Ona tapşırıq verməyə ehtiyacın olmadığını və ümumi olaraq hansı işləri görməli olduğunu bilir. Zərərçəkmiş şəxs öz diqqətsizliyi nəticəsində sağ qolundan xəsarət almışdır. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs xəsarət alarkən orada fəhlələr Şahid1, Şahid2 və oğlu Hikmət olmuşdur. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayından Mehdiabad qəsəbəsində yerləşən Kabel sexində fəhlə işləməyə başlamışdır. Hər gün saat 09:00-dan 19:00- dək işləmişdir. Qablaşdırma işləri ona həvalə olunmuşdur. Zavod sahibi Təqsirləndirilən şəxsdur. Sexdə mis avadanlıq vasitəsilə preslənməsini Pərvin adlı şəxs görmüşdür. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində sexdə olarkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq misin preslənməsini ona tapşırmışdır. Həmin avadanlıqdan istifadə qaydalarını tam olaraq bilməmişdir. Həmin gün avadanlıq nasaz işləmişdir. Belə ki, avadanlığı işə salmadığı halda öz-özünə işə düşüb dayanır. Buna görə də avadanlığın nasaz olmasını başa düşmüşdür. Avadanlığa mis atarkən avadanlıq nasaz olduğundan dəmir sağ qolunun üzərinə düşərək xəsarət almışdır. Daha sonra iş yoldaşları və Təqsirləndirilən şəxs ora gəlmişlər. X3 aparmışlar. Oradan da onu DTX-nin Hospitalına aparmışlar. Onunla əmək müqaviləsi bağlanmışdır. Gündəlik 20 manat hesablanmaqla aylıq təxmini 500-600 manat maaş alır.Təhlükəsizlik qaydaları ilə bağlı hər hansı bir təlimat keçirilməmişdir. İş vaxtı onlara təhlükəsizlik üçün heç bir geyim və ya digər şey verilməmişdir. Sexdə misləri presləyən avadanlıqdan istifadə qaydaları ilə bağlı təlimat ona izah olunmamışdır. Şifahi olaraq Pərvin adlı şəxsin yanında əvvəllər iş prosesində dayanarkən avadanlığı hansı qaydada işlətməsini görmüşdür.Sexdə misləri presləyən avadanlıqdan istifadə üçün təhlükəsizliklə bağlı hər hansı bir geyim və digər şeylə təmin olunmamışdır. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində mis presləyən avadanlığın nasazlığı nəticəsində dəmir sağ qolunun üzərinə düşərək xəsarət almışdır. Xəsarət almağının səbəbi avadanlığın nasazlığı olmuşdur. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində xəsarət alarkən yanında kimsə olmamışdır. Hadisə baş verdikdən sonra oraya Təqsirləndirilən şəxs və onun oğlu Hikmət ora gəlmişlər. Onlardan əlavə ora hansı şəxslərin toplaşmasını xatırlamamışdır. Mülki iddiasının xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay ortalama 370 manat hesablamaqla ümumilikdə məbləğində 6660 manat əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul və mənəvi zərərə görə 5000 manat pul hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Binəqədi-Novxanı yolunun “Lukoil” YM-nin yaxınlığında olan ərazisində Kabel sexində fəhlə işləməyə başlamışdır. Hər gün saat 09:00-dan 19:00- dək işləyirmiş. Presləmə işləri ona həvalə olunmuşdur. Zavod sahibi Təqsirləndirilən şəxsdur. 09 avqust 2023-cü il tarixdə saat 09:00 dan işdə olmuşdur. Saat 16 radələrində Zərərçəkmiş şəxs qışqırıq səsinə ona yaxınlaşdıqda sağ qol nahiyyəsindən xəsarət aldığını görmüşdür. Nazirin oğlu Hikmət Zərərçəkmiş şəxs Travmatologiya İnstitununa, oradan da DTX-nin Hospitalına aparmışdır. Onunla əmək müqaviləsi bağlanmışdır. Gündəlik 20 manat hesablanmaqla aylıq təxmini 500-600 manat maaş alır. Təhlükəsizlik qaydaları ilə bağlı hər hansı bir təlimat şifahi olaraq keçirilmiş, lakin bunla bağlı jurnal tərtib olunaraq imza etməmişlər. Avadanlıqların istifadə edilməsi qaydaları isə şifahi deyildiyinə görə ümumi məlumatları vardır. İş vaxtı onlara təhlükəsizlik üçün daimi olaraq əlcəklər verilmişdir. Bundan başqa heç bir geyim və ya digər şey verilməmişdir. Sexdə misləri presləyən avadanlıqdan istifadə qaydalarını şifahi olaraq bilir. Həmin avadanlıqdan daimi olaraq istifadə edir. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs xəsarət alarkən yanında olmamışdır. O, xəsarət aldıqdan sonra yanına getmişdir. Buna görə də onun hansı səbəbdən xəsarət almasını dəqiq bilmir. İş bölgüsü şifahi olaraq aparılmışdır. O presləməni, Sərxan kəsimi, Fərid qablamanı icra etmişdir. Zəruri olduqda hər biri bölgüdən kənar olaraq işləri icra edirmişlər. Fəridin işi qablama olsa da, 09 avqust 2023-cü il tarixdə Emil işdə olmadığına görə onun yerinə isitmə işini o etmişdir. Fərid isə presləməni eləməyi üzərinə götürmüşdür. Fəridə Nazir tərəfindən tapşırıq verilməsini bilməmişdir. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində xəsarət alarkən Fəridin yanında kimsə olmamışdır. Hadisə baş verdikdən sonra oraya O, Sərxan və Hikmət yaxınlaşmışdır. Kabel sexində işlərə atası Təqsirləndirilən şəxs rəhbərlik edir.Şahid3 orada daimi olaraq işləmir. Sex təzə fəaliyyətə başladığından orada konkret olaraq iş bölgüsü də olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası Nazir fərdi sahibkarlıqla məşğul olur. Atası müxtəlif ünvanlarda icarə əsasında təxminən 10 ildir Kabel sexini işlədir. 01 avqust 2023-cü il tarixdən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Binəqədi-Novxanı yolunun “Lukoil” YM-nin yaxınlığında olan ərazisində Kabel sexi işlətməyə başlamışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxs da orada fəhlə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs fəhlə olaraq sexdə müxtəlif işləri görmüşdür. Hadisə baş verən gün, yəni 09 avqust 2023-cü il tarixdə sexdə olmuşdur. Saat 16 radələrində Zərərçəkmiş şəxs qışqırıq səsinə ona yaxınlaşdıqda sağ qol nahiyyəsindən xəsarət aldığını görmüşdür. Zərərçəkmiş şəxs Travmatologiya İnstitununa, oradan da DTX-nin Hospitalına aparmışdır. DTX-nın Hospitalında Zərərçəkmiş şəxs cərrahi əməliyyat olunmuşdur. 09 avqust 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs xəsarət alarkən orada o, fəhlələr Şahid1 və Şahid2 olmuşdur. Orada işləyən fəhlələr ümumi sexdə olan avadanlıqların hansı qaydada işləməsini və hansı işləri görməli olduqlarını özlərinin bildiyini demişdir. Onun ümumi olaraq hansı işləri görməli olduğunu bildiyini qeyd etmişdir. Sexdə işçilər arasında konkretləşdirilmiş vəzifə bölgüsü olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində 09 avqust 2023-cü il tarixdə sexdə ona misləri presləməsi barədə tapşırığın verilməsi, avadanlığın nasaz olması barədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini qeyd etmişdir. Ona tapşırıq verilməsinə ehtiyac olmadığını demişdir. Kabel sexində işçilər yalnız fəhlələr olmuşdur. Onlara ayrıca vəzifə təlimatları tərtib olunmamışdır. O cümlədən işçilərə təhlükəsizlik ilə bağlı təlimatlandırma keçirilməsi ilə bağlı jurnallar da tərtib olunmamış və keçirilməmişdir. Lakin işçilərlə daimi olaraq təhlükəsizlik ilə bağlı şifahi söhbətlər aparılmışdır. Kabel sexində işlərə atası Təqsirləndirilən şəxs rəhbərlik edir. Kabel sexində arabir olaraq atasının işlərinə kömək edir. Orada daimi olaraq işləmir. Sex təzə fəaliyyətə başladığından orada konkret olaraq iş bölgüsü də olmamışdır. Təhlükəsizlik qaydaları ilə bağlı hər hansı bir təlimat keçirilməmişdir. İş vaxtı işçilərə geyim, əlcək və digər əşyalar verilsə də, təhlükəsizlik üçün zəruri olan digər əşyalar verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Mehdiabad qəsəbəsində Təqsirləndirilən şəxs məxsus kabel sexidir. Hadisə baş vermiş sahə darvazadan daxil olduqda üzbəüz yerləşən sexin daxilində,sexin girişdən sol tərəfdə yerləşir. Burada əsas hissələri əldə qayırma üsulla hazırlanmış hidravlik pres dəzgahıdır. Pres dəzgahı qeyd edildiyi kimi hidravlik, yəni yağın təzyiqlə ötürülməsi nəticəsində presləyici hissələr hərəkətə gətirilir.Həmin dəzgah tədarük edilmiş mis metal qalıqlarının həmin pres aparatının presləyici hissəsinə yığılaraq fəhlə tərəfindən presləyici hissəsi hərəkətə gətirilərək presləyici və əldə olunmuş preslənmiş mis məhsulu ərimə sobasına göndərilir.Presləyici dəzgah 2 ədəd qol ilə .onlardan biri presləyicini üfuqi hissədən,digəri isə şaquli istiqamətindən 90 dərəcə bucaq altında hərəkət edərək üst presləyicini üfuqi istiqamətə gətirmək üçündür.Üst qapaq şaquli istiqamətdən üfuqi istiqamətə 16 saniyə ərzində hərəkət edir. Şaquli istiqamətdə (presin açıq vəziyyətində) yuxarı sonluğundan üfuqi istiqamətdə bağlanan hissəyədək 90 sm təşkil edir. Presləyici dəzgahın ümumi uzunluğu 2,20 m.preslənən hissənin uzunluğu 80 sm,eni 30 sm,üst qapağın uzunluğu 83 sm, eni 29 sm ,içəri tərəfdən presləyici hissənin uzunluğu 80 sm,qapağın açıq hissəsindən bağlanan hissəyə qədər ölçüsü 90 sm-dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X5” X8 31,08.2023-cü il tarixli 1874 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində tibbi yardım üçün müraciət etdiyi Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında qoyulmuş diaqnoz “sağ əlin ovuc-bilək hissəsindən total amputasiyası” iti kənarlı əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə,yəni xx.xx.2023-cü il tarixdə kəsici alətin təsirindən əmələ gələ bilməsi mümkündür,ağırlıq dərəcəsi zərərçəkən şəxsin müalicəsi başa çatdıqdan və təkrarı müayinəsi aparıldıqdan sonra əlavə olaraq təyin ediləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X5” X8 xx.xx.2023-cü il tarixli 39 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ orta,dirsək və mil sinirlərinin ağır dərəcəli neyropatiyası.sağ mil-bilək oynağı və sağ əl barmaqlarının kontrakturası (hərəkət məhdudluğu) ilə nəticələnən sağ əlin ovuc- bilək hissəsindən total amputasiyası-iti kənarlı əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə,yəni xx.xx.2023-cü il tarixdə kəsici alətin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə əmək qabiliyyətinin üçdə-bir hissəsindən (33 %) az olmamaqla uzun müddətə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.01,2024-cü il tarixli 3-16-16/2-10/7869 nömrəli rəyində göstərilmişdir ki, hadisənin baş verdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kabel sexində quraşdırılmış pres dəzgahının təhlükə mənbəyi olan hərəkətli hissələrinə işçinin zədələnməsinin qarşısını alan, yəni işçinin dəzgahın təhlükəli yerlərinə toxunmasını istisna edən qoruyucu vasitələrlə təchiz olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 1.2-ci bəndinin 5-ci,8-ci abzaslarının,1.4, 2.1.5-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili.Ümumi tələblər 12.0.004-90 Dövlət standartı”nın 1.2, 4.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Hadisənin baş verdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kabel sexində istifadə olunan pres dəzgahının quraşdırılmasına, istismara buraxılmasına, onun istismarı zamanı təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirmədən həmin dəzgahın istismarına yol verdiyinə, həmçinin nəzəri bilikləri yoxlanılmamış, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmamış işçi Zərərçəkmiş şəxs işlərin görülməsinə cəlb etdiyinə görə, “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 1.4-cü bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartr’nın 1.2, 4.4-cü bəndlərinin tələbi həmin sexin sahibi tərəfindən pozulmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən kabel sexində təhlükə mənbəyi olan hərəkətli hissələri qoruyucu vasitələrlə təchiz edilməmiş və işçilərin onlara toxunmasını istisna edən,yaxud zədələnmələrin qarşısını alan digər vasitələrlə təmin edilməmiş pres dəzgahının istismarına yol verildiyinə görə “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 1.2-ci bəndinin 5-ci,8-ci abzaslarının,2.1.5-ci bəndlərinin tələbləri sexdə işlərin görülməsinə rəhbərlik edən şəxs(lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda,işçi(zərərçəkmiş) Zərərçəkmiş şəxs özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Atatürk Mərkəzinin 11 mart 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Ağdam RİHB-nın Ağdam şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 02.11,2023-cü il tarixli, 3-17-5/2-M- 44128/5/2023 nömrəli məktubundan görünür ki, 02 noyabr 2023- cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqında qərar ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsi ilə 5000 manat inzibati cərimə edilmişdir. EPİS (X2 Sistemindən) məhkumluğa dair çıxarışdan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində iddiaçının əmək qabiliyyətini itirməsini nəzərə alaraq hər ay 550 manat sabit pul məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsi, DTX-nın hərbi hospitalına qalıq 9000 (doqquz min) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq DTX-nin hərbi hospitalının hesabına ödənilməsi, DTX-nin hərbi hospitalında həyata keçiriləcək növbəti cərrahi əməliyyatın xərci olaraq 5000 (beş min) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq DTX-nin hərbi hospitalının hesabına ödənilməsi, iddiaçının "Kapital Bank” ASC-yə, "Uni Bank” ASC-yə və "Kontakt home” MMC-yə kredit borclarının əvəzi olaraq 13.340 (on üç min üç yüz qırx) manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi, iddiaçı aldığı xəsarət əmək fəaliyyəti ilə məşğul ola bilməməsini nəzərə alaraq 09 avqust 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay ortalama 550 manatda hesablanmaqla ümumilikdə 4400 manat məbləğində əldə çıxmış faydanın təqsirləndirilən şəxsdən alınıb ona verilməsinə dair mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin azldılmasına dair ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay ortalama 370 manat hesablamaqla ümumilikdə məbləğində 6660 manat əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pulun və mənəvi zərərə görə 5000 manat pulun alınıb ona verilməsinə dair mülki iddiasının təmin edilməsini xahiş etmişdir. 0643 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür. 389 nömrəli nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1-224 nömrəli nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezdentinin xx.xx.2024-cü il tarixli sərancamı ilə “Heydər Əliyevin 100 iliyi yubleyi medalı ilə tərtif olunmuşdur. “ƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs orqaniziminin funksiyalarının 60 faizi həcmində pozulduğuna görə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsif törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi – texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda yaranır. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin subyekti yalnız texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs çıxış edə bilər və həmin tərkib maddi tərkib olduğundan onun yaradılması üçün üç zəruri şərt olmalıdır: texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır; ehtiyatsızlıqdan insanın sağlamlığına ağır zərər vurulmalıdır; texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə baş vermiş insanın sağlamlığına ağır zərər vurulmasının arasında səbəbli əlaqə olmalıdır. Həmin maddədə nəzərdə tutulmuş cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ və əməyin mühafizəsi, o cümlədən texniki təhlükəsizlik qaydalarıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə görə, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsəd ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Adı çəkilən Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitarepidemioloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin şərh edilən maddədə sözün geniş mənasında deyil, əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə standartlar, normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində (33-36-cı fəsillər), “Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli Qanununda, digər normativ hüquqi aktlarda və texniki-normativ sənədlərdə təsbit olunmuşdur. Şərh edilən cinayət obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasında ifadə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törətməsini, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhəri İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs iddia tələbinin dəqiqləşdiriləməsinə dair ərizə verərək, iddia tələbinin azaldılması zərurəti yarandığını göstərmiş, mülki cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay ortalama 370 manat hesablamaqla ümumilikdə məbləğində 6660 manat əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul mənəvi zərərə görə 5000 manat pul təşkil etdiyini, həmin həcimdə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul edərək, 3960 manat məbləğində əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul, mənəvi zərərə görə isə 1000 manat pul vəsaitin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə baddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmaqla bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməyə səbəb olmuş, yəni “ƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs orqaniziminin funksiyalarının 60 faizi həcmində pozulduğuna görə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ona görə də mülki iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək, 18 ay üzrə hər ay 370 manat olmaqla cəmi 6660 manatın 60 faizi hesablamaqla ümumilikdə 3960 manat məbləğində əldən çıxmış faydanın, maddi zərərin əvəzi 4160 manat pul, mənəvi zərərə görə 2000 manat pul vəsaitin alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs əldən çıxmış fayda 3960 manat pul, maddi zərərin əvəzi 4160 manat pul və mənəvi zərərə görə 2000 manat pul vəsait olmaqla, cəmi 10120 (on min yüz iyirmi) manat pul vəsaiti alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş üzrə ekspertiza xərci olan 102 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı şəhəri İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-127/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-127/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver