Məhkəmə qərarları › İş №1(012)-1272/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-1272/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-1272/2025 21.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2004-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2025-ci il tarixdə saat 20:00da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(012)-999/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək üçün hüququ xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müddətinə məhdudlaşdırılmasına baxmayaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Corolla markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24,7-ci kilometrliyində yolun orta hərəkət zolağı ilə təxminən 50-60 km/saat sürətlə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunmuş tələblərə riayət etməyərək hərəkəti istiqamətində solda ayırıcı zolağın üstündə dayandığı yerdən yolun sağma doğru asta yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tin hissəsi ilə yolun sağ hərəkət hissəsində vurmuş, ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs burun nahiyəsinin sıyrıqları, alt çənə və çənəaltı nahiyələrin şişkinlikli qançırı, sağ bazu oynağı nahiyəsinin qançırı, sağ bazu sümüyünün cərrahi boyunun qapalı yerdəyişən sınığı, sağ ayaq pəncəsinin şişkinlikli qançırı, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurma ilə nəticələnən yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı-Şamaxı yolu ilə orta zolaqda avtomobillə təxminən 50-60 km/sürətlə hərəkət etdiyi zaman orta beton zolağın üstündə duran bir kişi yolu soldan sağa keçərkən həmin piyadanı vurmamaq üçün sükanı sağa burmuş, buna baxmayaraq avtomobilinin sağ qabaq qanad tin hissəsi ilə ona toxunmuş, piyada fırlanaraq səkiyə dəyib yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb piyadanı avtomobilə mindirib xəstəxanaya aparmışdır. Orada ona yardım göstərmişlər. Hadisədən sonra o, piyadaya maddi köməklik də göstərmiş, lakin piyada çox pul istəmiş, onun isə piyadanın tələbini qarşılamağa gücü çatmamışdır. Hadisəni törətdiyi avtomobili etibarnamə olmadan idarə etmiş, həmin avtomobili tanışı Təyyar adlı şəxsdən günlük 25 manata icarəyə götürmüş, yol-nəqliyyat hadisəsi törətdiyi üçün səmimi peşmandır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, yol-nəqliyyat hadisəsi törədərkən onun sürücülük hüququ olmamış, bir müddət əvvəl törətdiyi başqa bir avtomobil qəzasına görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə maddi və mənəvi köməklik edərək, sonuncu ilə barışıq əldə etməsini bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən aralarında barışığın əldə olunmasını və sonuncuya qarşı şikayət və tələbnin olmamasını bildirmiş, həmçinin istintaqda verdiyi ifadəni təstiq etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 oktyabr 2025-ci il tarixdə saat 20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 24,7-ci klometrliyində yolu Şamaxı istiqamətli hərəkət hissəsinin kənarına doğru keçmək üçün ayırıcı zolağın kənarından hərəkət hissəyə daxil olub sağdan Bakı istiqamətindən avtomobillərin uzaqda olduqlarını görüb asta yerişlə yolu keçib qurtarmağa bir-iki addım qalmış, sağdan gələn minik avtomobili onun üstünə istiqamətlənib onu vurmuş, zərbədən o, asfalt üzərinə yıxılaraq sağ qolundan xəsarət almış, sonradan şəxsiyyəti ona məlum olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Corolla» markalı avtomobili saxlayıb onu avtomobilinə qabaq sağ oturacağa mindirmiş, sürücü Elcan xəstəxanaya aparmasını ona təklif edib şikayət etməməsini müalicə xərclərinin ödəyəcəyini bildirmiş, o, istifadəsində olan telefon vasitəsilə yeznəsi Elxana zəng edib hadisə barədə ona məlumat vermiş, sonuncu ilə yolda görüşüb Elcanm idarə etdiyi avtomobillə hər üçü Travmatologiya xəstəxanasına getmiş, o, xəstəxanada həkimlərə yıxıldığını bildirmiş, sağ qolundan xəsarət aldığı üçün qoluna gips qoyulmuş və həmin gün evinə getmişdir. Səhəri günü qolunda ağrılar olduğu üçün yenidən Travmatologiya xəstəxanasına getmiş və qolundan əməliyyat olunmuşdur. Müalicə olduğu müddət ərzində sürücü Elcan tərəfindən ona 400 manat pul verilmiş, sonuncu qalan xərcləri ödəyəcəyini bildirsədə sonradan imtina etmişdir. Bu səbəbdən də o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü Elcan barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. O, bildirmişdir ki, hazırki vaxta kimi tam sağalmamışam və sürücü Elcanm cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ifadəsində göstərmişdir ki, qaynı Əliyev X2 rayonu, Aşağı Güzdək qəsəbəsində Cənnət park yaşayış kompleksində kirayədə yaşayır. xx.xx.2025-ci il tarixdə qaynı Elşən onun yaşadığı evə gəlib Bakı-Şamaxı yolunun sağ kənarında yaşayan xalası gilə getmək üçün həmin günü saat 19:40 radələrində onun evindən çıxıb getmiş, təxminən 30-35 dəqiqədən sonra Elşən onun telefonuna zəng vuraraq Şamaxı istiqamətinə tərəf yolu keçmək istərkən Bakı istiqamətindən gələn avtomobillə vurulduğunu və hazırda sürücünün onu xəstəxanaya apardığını bildirmiş və ona birlikdə xəstəxanaya getmək üçün yola çıxmasını xahiş etmiş, o, yola çıxmış, gümüşü rəngli «Toyota Corolla» markalı minik maşını onun yanında saxlamış, sürücü cavan oğlan olmuş, həmin avtomobildə qaynı Elşən qabaq sağ oturacaqda oturmuş, o, avtomobilin salonunda arxa oturacaqda əyləşdikdən sonra xəstəxanaya yola düşmüşlər. Xəstəxanada sürücünün adının Elcan olduğu ona məlum olmuş, xəstəxanada müayinə zamanı qaynı Elşənin sağ çiynində sınıq xəsarəti olduğu müəyyən edilmiş və gips qoyulmuşdur. Sürücü cavan olduğu üçün xəstəxanada Elşən yıxılaraq xəsarət aldığını bildirmiş, o, isə həkimlərə Elşənin avtomobillə vurulduğunu bildirmiş, Elşən xəstəxanada qalmayıb evinə getmişdir. Səhəri günü şiddətli ağırları olduğu üçün Elşənlə birlikdə yenidən Travmatologiya xəstəxanasına getmiş, həkim Elşənə «mütləq əməliyyat olunmalısan»-demiş və Elşən stasionar müalicə üçün xəstəxanada qalmışdır. Elşənin müalicə xərcinin ödənilməsi məqsədilə telefon vasitəsilə sürücü Elcanm istifadəsində (055 740-94-24, 070 206-26-21) olan telefonla əlaqə saxlamış, sürücü valideynləri ilə gələrək pulunun olmadığını bildirmiş, müalicə müddətində Elcan cəmi 400 manat pul ödəmiş, sonra pul ödəməkdən imtina etmişdir. Bu səbəbdən də o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Elcanm cinayət məsuliyyətinə cəlb edilməsi üçün polisə müraciət etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. xx.xx.2024-cü il tarixli, BD seriyalı, 122394 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B, C1, C,” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 13 oktyabr 2025-ci il tarixli 2497 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun nahiyəsinin sıyrıqları, alt çənə və çənəaltı nahiyələrin şişkinlikli qançırı, sağ bazu oynağı nahiyəsinin qançırı, sağ bazu sümüyünün cərrahi boyunun qapalı yerdəyişən sınığı, sağ ayaq pəncəsinin şişkinlikli qançırı, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər. xx.xx.2025-ci il tarixdə piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər;

3. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 24,7-ci kilometrliyində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət üçtərəfli olmaqla hərəkət hissəsinin ümumi eni 11,1 metrdir, həmin yerdə işlək hissəsinin eni 11,1 metr, ehtiyat hissəsinin eni 0,7 metr, ehtiyat hissəsinin /səki/eni 1 metr, ayrıcı zolağın eni 1 metr təşkil edir. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və şinlərin izləri piyada vurulanadək aşkar edilməmişdir;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 21 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır;

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 14 noyabr 2025-ci il tarixli 8/2380 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Toyota Corolla markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır;

6. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir;

7. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 27 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 10 dekabr 2025-ci il tarixli məlumatına əsasən DİN-nin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.2004-cü il rəvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cti il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD seriyalı 122394 nömrəli «Bİ B C1 C» dərəcəli sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək üçün hüququ xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müddətinə məhdudlaşdırılmışdır;

9. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, iş üzrə Toyota Corolla markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin videogörüntisünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış, avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, bir ədəd disk cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 2497 nömrəli və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 noyabr 2025-ci il tarixli, 8/2380 nömrəli rəylətri sübut növü kimi qiymətləndirilmişdir; 10.“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 dekabr 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

11. “Qətimkan tədbirinin seçilməsi” haqqında 15 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir; 12.Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslə barışıq əldə etməsini və istintaq zamanı verdiyi ifadəni təstiq etməsini qeyd etmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılan Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunmuş tələblərə riayət etməyərək hərəkəti istiqamətində solda ayırıcı zolağın üstündə dayandığı yerdən yolun sağma doğru asta yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tin hissəsi ilə yolun sağ hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyadanın sağlamlığına az ağır zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin bu əməllərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal olaraq zərərin ödənilməsi və barışığın əldə edilməsi müəyyən edilmiş, cəzanı ağırlaşdıran hallar aşkaredilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halları ilə yanaşı zərərçəkmiş şəxsin sonuncuya qarşı şikayət və tələbinin olmamasını, həmçinin təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlıqdan məhrumetmə növündə təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən baş vermiş cinayət əməlinin yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış «Toyota Corolla» markalı, **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDI:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Toyota Corolla» markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsində saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar